Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1747/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı işə bərpa və s. tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən barəsində verilmiş 08 sentyabr 2021-ci il tarixli, 218/Ü nömrəli əmrin ləğv edilməsini, məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 27 mart 2019-cu il tarixdən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində meşə uçotu və kadastr üzrə baş mühəndis vəzifəsində işləmişdir. İşlədiyi müddətdə hər hansı əmək qanunvericiliyi üzrə pozuntuya yol verməmişdir. 29 iyul 2021-ci il tarixdə səhər saatlarında idarənin müavini Faiq Əmişov ona bildirmişdir ki, Nazirlikdən tapşırıq var, 2-3 saat müddətində payız əkin kompaniyası olacaq hər meşə bəylikdən 1,9 hektar əkin yerinin koordinatını və sxemini hazırlamalıdır və onlar da sxemi nazirliyə göndərməlidirlər. Lakin, bunları ərazidə deyil, idarədə oturub etməlidir. O isə, 2 saat müddətin az olmasını, həm də əkin yerlərinə getməklə bu işin görülməli olduğunu bildirdikdə, cavab olaraq buna vaxtın, əraziyə getməyə nəqliyyat vasitəsinin olmaması deyilmişdir. O da dərhal nazirliyin 168 qaynar xəttinə zəng edərək, bu barədə məlumat vermiş, işlədiyi mərkəzdə özbaşınalıq olduğunu demişdir. Onun şikayətindən xəbər tutan rəhbərlik günorta saatlarında nahar fasiləsi zamanı onun məlumatı olmadan həmkarlar ittifaqının iclasını keçirmiş, güyə onun nizam-intizamı pozması, ona verilən tapşırığı yerinə yetirməməsi əsası ilə ona töhmət verilməsi müzakirə olunmuşdur. O, nahar fasiləsindən qayıdan zaman bu məsələdən xəbərdar olmuşdur. Qaynar xəttə etdiyi şikayətlə bağlı nazirliyin əməkdaşları tərəfindən ondan izahat alınsa da, məsələ bugünədən araşdırılmamışdır. Ona 31 avqust 2021-ci il tarixdə töhmət verilmiş, lakin o, bundan 03 sentyabr 2021-ci il tarixdə xəbər tutmuşdur. Həmin əmrin surəti ona təqdim edilməmişdir. O, dərhal Əmək Müfəttişliyinə və digər aidiyyəti orqanlara bu barədə müraciət etmiş, habelə, iş yerinə ərizə ilə müraciət edərək səhhətinin ağır olması, İİ qrup əlil olması ilə əlaqədar 06 sentyabr 2021-ci il tarixdən əmək məzuniyyətinə buraxılmasını xahiş etmişdir. Belə ki, o, sonuncu dəfə məzuniyyətini 03 noyabr 2020-ci il tarixdə istifadə etmişdir. Məzuniyyətə buraxılmasına dair ərizənin bir nüsxəsini iş yerinə əlbəəl, bir nüsxəsini isə poçtla təqdim etmişdir. Məktubla göndərdiyi ərizə 06 sentyabr 2022-ci il tarixdə poçt vasitəsi ilə iş yerinə çatdırılmış, 07 sentyabr 2021-ci il tarixdə həmkarlar təşkilatı iclas keçirərək onun işdən azad edilməsini qərara almışlar. O, buna etiraz etdikdə bildirmişlər ki, şikayət etdiyinə görə, işdən azad olunmasını nazirlikdən tapşırıblar. Əmrə isə onun işə getməməsi səbəbindən işdən azad edildiyini qeyd etmişlər. Halbuki, o, hər gün iş tabelinə imza etmiş, ona son haqq hesab verilmiş, işdən azad edilməsinə dair ona hər-hansı xəbərdarlıq edilməmiş, izahatı alınmamışdır. O, işdən azad edildiyini 09 sentyabr 2021-ci il tarixdə bilmiş, bu barədə əmri tələb etsə də, yalnız 21 sentyabr 2021-ci il tarixdə töhmət verilməsi və işdən çıxarılma ilə bağlı əmrin surətini ala bilmişdir. Əmək kitabçası isə 15 sentyabr 2021-ci il tarixdə poçt vasitəsi ilə yaşadığı ünvana göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə güyə onun işə səbəbsiz getmədiyi görstərilmişdir. Halbuki, işə getmədiyi halda onun əmək haqqından tutmalar aparıla bilərdi, habelə, tabeldə göstərilən məlumatlarla sübut olunur ki, o, səbəbsiz iş buraxmamışdır. O, ikinci qrup əlildir, himayəsində 1 azyaşlı uşağı var, ailəsində ondan başqa işləyən, gəlir əldə edən şəxs yoxdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddiaya yazılı etirazını təqdim edərək etirazda göstərilənləri müdafiə etdiyini bildirib iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “iddia ərizəsinə etiraz”da göstərilmişdir ki, İddiaçı Mərkəzin payız mövsümündə 15 ha. meşə əkini salınması üçün ərazilərin koordinatlarının vurularaq təqdim edilməsi barədə tapşırığı yerinə yetirməyərək icazəsiz olaraq iş vaxtı iş yerini tərk etmişdir. X10 Təsərrüfatı Mərkəzinin 04 avqust 2021-ci il tarixli, 397 nömrəli təqdimatında meşə uçotu və kadastrı üzrə baş mühəndis İddiaçı Mərkəz tərəfindən verilən tapşırıqların qəsdən yerinə yetirilməməsi, öhdəsinə düşən vəzifələri icra etməməsi və əmək kollektivində qeyri-etik davranışlar göstərməsi barədə məlumatlar öz əksini tapmışdır. Eyni zamanda, İddiaçı əvvəllər də ona verilən tapşırıqları vaxtında yerinə yetirməmiş və bu barədə ona dəfələrlə şifahi xəbərdarlıq olunmuşdur. Qeyd olunanlarla bağlı İddiaçı münasibət bildirməsi və izahat verməsi üçün Masallı RMTM-in Həmkarlar İttifaqı Komitəsinin 29 iyul 2021-ci il tarixdə keçiriləcək iclasına dəvət olunmasına baxmayaraq, gəlməkdən imtina etmişdir. Həmin tarixdə keçirilən Həmkarlar İttifaqı Komitəsinin 10 saylı iclas protokoluna əsasən, İddiaçı barəsində əmək funksiyası üzrə öhdəliyi icra etmədiyinə görə intizam tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə 31 avqust 2021-ci il tarixli, 200/ü nömrəli əmr ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Eyni zamanda, X10 Təsərrüfatı Mərkəzi 07 sentyabr 2021-ci il tarixli, 452 nömrəli təqdimatla müraciət edərək İddiaçı üzərinə düşən vəzifələrin icrası ilə bağlı rəhbərlik tərəfindən verilmiş tapşırıqları icra etməməsi, özbaşına heç kimə xəbər vermədən iş yerini tərk etməsi, üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və bununla bağlı dəfələrlə ona edilmiş xəbərdarlıqlara məhəl qoymaması, eyni zamanda, 31 avqust 2021-ci il tarixli, 200/2 saylı əmrlə əmək funksiyalarını və öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi səbəbi ilə töhmət verildiyini və bundan nəticə çıxarmadığını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etimşdir. Qeyd edilən sənədlər Həmkarlar İttifaqı Komitəsinin iclas gündəliyinə salınaraq özünün iştirakı ilə müzakirə edilmiş və müzakirə zamanı hərəkətlərinə heç bir əsas gətirmədən haqlı olduğunu bildirərək kollektivə qarşı açıq hörmətsizlik nümayiş etdirmişdir. 03 sentyabr 2021-ci il, 06 sentyabr 2021-ci il, 07 sentyabr 2021-ci il tarixli aktlardan göründüyü kimi İddiaçı iş vaxtının müəyyən saatlarında iş yerini icazəsiz heç çir səbəb göstərmədən tərk etmişdir. Sənədlərin təhlili göstərir ki, əməkdaşa həvalə olunmuş vəzifələr lazımi şəkildə və məsuliyyətlə icra edilməmiş və bununla da bu sahədə olan müvafiq qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə X10 Təsərrüfatı Mərkəzinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Meşələrin İnkişafı Xidmətinin 08 sentyabr 2021-ci il tarixli, 218/Ü nömrəli əmri ilə xitam verilmişdir. İş materiallarında olan: - 27 mart 2019-cu il, 068/k saylı əmrin və həmin tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı həmin tarixdə X10 Təsərrüfatı Mərkəzinə meşə uçotu və kadastrı üzrə baş mühəndis vəzifəsinə işə qəbul edilmişdir. - əmək kitabçasının surətindən görnüür ki, İddiaçı 27 mart 2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X10 Təsərrüfatı Mərkəzinə meşə uçotu və kadastrı üzrə baş mehəndis vəzifəsinə təyin edilmiş, 08 sentyabr 2021-ci il tarixdə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. - X10 Təsərrüfatı Mərkəzinin həmin X5 Komirəsinin sədrinə ünvanlandırdığı 29 iyul 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı həmin tarixdə ona verilmiş tapşırığı icra etməməsi, mübahisə, qeyri-etik hərəkətlər edərək idarəni icazəsiz tərk etməsi ilə bağlı intizam tənbehi tədbiri görülməsi məsələsinin müzakirə olunması xahiş edilmişdir. - X10 X1 İttifaqı Komitəsinin 29 iyul 2021-ci il tarixli iclasının 10 nömrəli protokolundan görünür ki, iclasın gündəliyi İddiaçı rəhbərlik tərəfindən verilən tapşırıqların qəsdən yerinə yetirilməməsi, özbaşınalıq edərək öhdəsinə düşən vəzifəsini icra etməməsi və kollektivdə özünün qeyri-etik davranışlarının müzakirəsi olmuşdur. İclasın nəticəsi olaraq qərara alınmışdır ki, İddiaçı vəzifə borclarını yerinə yetirmədiyinə, idarənin işini qəsdən pozaraq verilən tapşırıqlara əməl etmədiyinə və kollektivdə qeyri-etik davrandığına görə barəsində intizam tənbehi tədbiri görülməsi üçün Meşələrin İnkişafı Xidmətinə müraciət olunsun. - X10 Təsərrüfatı Mərkəzinin direktoru tərəfindən Meşələrin İnkişafı Xidmətinin rəisinə ünvanlandırılmış 04 avqust 2021-ci il tarixli təqdimatda göstərilmişdir ki, 29 iyul 2021-ci il tarixdə Ximdət tərəfindən tapşırılan payız mövsümündə plandan əlavə olaraq 15 ha. meşə əkini salınması üçün ərazilərin koordinatlarını Xidmətə göndərmək üçün İddiaçı ərazilərin koordinatlarını vurub Xidmətə göndərilməsi tapşırığı verilmişdir. İddiaçı koordinatları vurması üçün ona Xidmət tərəfindən əmr verilməsini tələb edərək mübahisə etməyə başlamış və idarəni icazəsiz tərk etmişdir. İddiaçı əvvəllər də ona verilmən tapşırıqları vaxtında yerinə yetirməmişdir, bu barədə ona dəfələrlə şifahi xəbərdarlıq olunmuşdur. Qeyd olunanlarla bağlı Masallı RMTM-in Həmkarlar İttifaqı Komitəsinin 29 iyul 2021-ci il tarixdə iclası keçirilmiş, Komitənin 10 saylı iclas protokol qərarına əsasən İddiaçı vəzifə borclarını yerinə yetirmədiyinə görə intizam tənbehi tədbiri görülməsi üçün Meşələrin İnkişafı Xidmətinə müraciət olunması qərarı qəbul edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli, 200/ü saylı əmrdə göstərilmişdir ki, X11 Təsərrüfatı Mərkəzinin 04 avqust 2021-ci il tarixli, 397 nömrəli, meşə uçotu və kadastrı üzrə baş mühəndisi İddiaçı Mərkəz tərəfindən verilən tapşırıqların qəsdən yerinə yetirilməməsi, öhdəsinə düşən vəzifələri icra etməməsi və əmək kollektivində qeyri-etik davranışlar göstərməsi barədə təqdimat məktubuna Meşələrin İnkişafı Xidmətində baxılmışdır. Təqdimat məktubundan göründüyü kimi, İddiaçı 29 iyul 2021-ci il tarixdə X6 Xidməti tərəfindən tapşırılan payız mövsümündə plandan əlavə olaraq 15 ha. meşə əkini salınması üçün ərazilərin koordinatlarının vurularaq Xidmətə təqdim edilməsi barədə tapşırığı yerinə yetirməyərək icazəsiz olaraq iş vaxtı iş yerini tərk etmişdir. Eyni zamanda, bildirilir ki, İddiaçı əvvəllər də ona verilən tapşırıqları vaxtında yerinə yetirməmiş və bu barədə ona dəfələrlə şifahi xəbərdarlıq olunmuşdur. Qeyd olunanlarla bağlı İddiaçı münasibət bildirməsi və izahat verməsi üçün Masallı RMTM-in Həmkarlar İttifaqı Komitəsinin 29 iyul 2021-ci il tarixdə keçiriləcək iclasına dəvət olunmasına baxmayaraq, gəlməkdən imtina etmişdir. Həmin tarixdə keçirilən Həmkarlar İttifaqı Komitəsinin 10 saylı iclas protokoluna əsasən İddiaçı barəsində əmək funksiyası üzrə öhdəliyini icra etmədiyinə görə intizam tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İntizam tənbeh tədbirinin tətbiqi zamanı İddiaçı işə qəbul edildiyi vaxtdan etibarən hazırki vaxtadək intizam məsuliyyətinə cəlb edilməməsi nəzərə alınmalıdır. Beləliklə, əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. - Masallı RMTM-də Mərkəzin işçiləri tərəfindən tərtib edilmiş 03 sentyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı 03 sentyabr 2021-ci il tarixdə saat 12:00-dan 17:00-dək icazəsiz heç bir səbəb göstərmədən işdə olmamışdır. - Masallı RMTM-də Mərkəzin işçiləri tərəfindən tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, “həmin tarixdə Mərkəzin inzibati binasında növbəti iş planı müzakirə edilərkən İddiaçı yersiz olaraq özbaşınalıq edib direktorun çıxışına müdaxilə edib hədə-qorxu ilə bildirdi ki, sizin tapşırıqlarınızı mən icra etməyəcəm və özüm istədiyim kimi hərəkət edəcəm. Direktor onu sakitləşdirməyə çalışsa da, İddiaçı yenə də xoşagəlməz hərəkətlər etməyə başladı. Müzakirənin aparılmasına maneçilik törətməklə direktora hədə-qorxu gəlirdi ki ,səni işləməyə qoymayacam və bildirdi ki, səndən yuxarı təşkilatlara teleqramlar və məktublar ünvanlamışam. Və ardından davam edəcəm. Direktor ona bildirdi ki, səndən işinin icrası tələb olunur, sən isə işi icra etmək əvəzinə müxtəlif bəhanələr gətirib dedi-qodu yaradırsan və sənin bu hərəkətlərin ümumi işimizə xələl gətirir...” - Masallı RMTM-də Mərkəzin işçiləri tərəfindən tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı 06 sentyabr 2021-ci il tarixdə saat 14:00-dan 17:00-dək icazəsiz heç bir səbəb göstərmədən işdə olmamışdır. - Masallı RMTM-də Mərkəzin işçiləri tərəfindən tərtib edilmiş 07 sentyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı 07 sentyabr 2021-ci il tarixdə saat 12:00-dan 17:00-dək icazəsiz heç bir səbəb göstərmədən işdə olmamışdır. - X10 X1 İttifaqı Komitəsinin 07 sentyabr 2021-ci il tarixli iclasının 12 nömrəli protokolundan görünür ki, iclasın gündəliyi İddiaçı vəzifəsinin öhdəsindən bilərəkdən qəsdən gəlməməsinin kollektivdə, idarə daxilində aqressiv hərəkətləri, idarədən kənar yerlərdə mərkəzə və ximdətə aid olan bəzi sənəd və sərəncamların məxfiçiliyinin qorunmamasının müzakirəsi olmuşdur. İclasın nəticəsi olaraq qərara alınmışdır ki, İddiaçı vəzifə borclarını yerinə yetirmədiyinə, idarənin işini qəsdən pozaraq heç bir səbəb göstərmədən özbaşınalıq edərək istədiyi vaxt işə gəlib, istədiyi vaxt işdən çıxıb gedərək verilən tapşırıqlara əmək etmədiyinə və kollektivdə qeyri-etik davranışlarına, idarənin, Meşələrin İnkişafı Xidmətinin tapşırıq və sərəncamlarının məxfiçiliyini pozaraq saytlara və mətbuat orqanlarına yalandan, qərəzli məlumat verdiyinə görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsindən ötrü xidmətə təqdimat göndərilsin. - X10 X2 İnkişafı Xidmətinin rəisinə ünvanlandırdığı 07 sentyabr 2021-ci il tarixli təqdimatda göstərilmişdir ki, 06 sentyabr 2021-ci il tarixdə Mərkəzdə keçirilən iclas zamanı İddiaçı özbaşınalıq edərək rəhbərlik tərəfindən ona verilən tapşırıqları icra etməyəcəyini və öz istədiyi kimi hərəkət edəcəyini bildirməklə hədə-qorxu gələrək müxtəlif Dövlət orqanlarına teleqramlar və şikayətlər edəcəyini bildirmişdir. Bundan əlavə, İddiaçı belə hərəkətlərinə görə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, 31 avqust 2021-ci il tarixdə töhmət verilmişdir. İddiaçı Mərkəzə məxsus məxfi sənədləri mətbuatda yayaraq məxfiçiliyi pozaraq saytlara yalandan və qərəzli məlumatlar verir, vaxtında işə gəlmir, istədiyi vaxt idarəni tərk edir. Qeyd olunanlarla bağlı Masallı RMTM-nin Həmkarlar İttifaqı Komitəsinin 07 sentyabr 2021-ci il tarixli iclası keçirilmişdir. Komitənin qərarına əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün Xidmətə müraciət olunması qərarı qəbul edilmişdir. - X10 X3 direktor müavini və digər əməkdaşları tərəfindən tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı baş verənlərlə bağlı izahat verməsi üçün 08 sentyabr 2021-ci il tarixdə, saat 14:50-də heç bir səbəb göstərmədən işdə olmadığı üçün Mərkəzin işçisi Mehti İsayev və sürücü X12 Ağayevin yaşadığı evə getmişlər. İddiaçı öz evində yatmış və telefonu söndürmüşdür. Ona Mərkəzə gələrək izahat verməsi bildirilmişdir, o evdən çıxaraq çayxanaya getmiş, ona niyə töhmət verilməsini bildirərək izahat verməkdən imtina etmişdir. Bir müddət sonra İddiaçı idarəyə gəlmiş, işçilər tərəfindən yenidən ondan izahat istənilmiş, lakin o, izahat verməkdən imtina etmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli, 218/ü saylı əmrdə göstərilmişdir ki, X11 Təsərrüfatı Mərkəzi təqdimatla müraciət edərək İddiaçı üzərinə düşən vəzifələrin icrası ilə bağlı rəhbərlik tərəfindən verilmiş tapşırıqları icra etməməsi, özbaşına heç kimə xəbər vermədən iş yerini tərk etməsi, üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və bununla bağlı dəfələrlə ona edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymaması, eyni zamanda, 31 avqust 2021-ci il tarixli, 200/ü saylı Əmrlə əmək funksiyalarını və öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi səbəbi ilə töhmət verildiyini və bundan nəticə çıxarmadığını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Beləliklə, əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə X10 Təsərrüfatı Mərkəzinin meşə uçotu və kadastrı üzrə baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 08 sentyabr 2021-ci il tarixdən ləğv edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Masallı regional ərazi şöbəsi tərəfindən İddiaçı ünvanlandırılmış 29 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı növbəti əmək məzuniyyətinə buraxılması ilə bağlı ərizəsi 07 sentyabr 2021-ci il tarixdə, yəni barəsində işdən azad edilmə ilə bağlı əmr verildiyi gün iş yerinə daxil olmuşdur. - 2021-ci ilin iyul-avqust-sentyabr ayları üzrə idarə heyəti işçilərinin tabelindən görünür ki, İddiaçı 07 sentyabr 2021-ci il tarixədək, həmin tarix də daxil olmaqla işdə olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi müəyyən edilmişdir. - 19.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir. - 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəsinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 83-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 84.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. - 186.1-ci maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. - 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. - 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. - 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 218/Ü saylı, 08 sentyabr 2021-ci il tarixli əmrin əsaslandırma hissəsində göstərilmişdir ki, X11 Təsərrüfatı Mərkəzi təqdimatla müraciət edərək İddiaçı üzərinə düşən vəzifələrin icrası ilə bağlı rəhbərlik tərəfindən verilmiş tapşırıqları icra etməməsi, özbaşına heç kimə xəbər vermədən iş yerini tərk etməsi, üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və bununla bağlı dəfələrlə ona edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymaması, eyni zamanda, 31 avqust 2021-ci il tarixli, 200/ü saylı Əmrlə əmək funksiyalarını və öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi səbəbi ilə töhmət verildiyini və bundan nəticə çıxarmadığını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı özbaşına iş yerini tərk etməsi, 03 sentyabr, 06 sentyabr və 07 sentyabr 2021-ci il tarixlərdə müəyyən saatlarda işdə olmaması iş materiallarında olan aktlarda qeyd olunsada , 2021-ci ilin iyul-avqust-sentyabr ayları üzrə idarə heyəti işçilərinin tabelindən görünür ki, İddiaçı 07 sentyabr 2021-ci il tarixədək, həmin tarix də daxil olmaqla işdə olmuşdur. Digər tərəfdən, X10 X3 direktor müavini və digər əməkdaşları tərəfindən tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı baş verənlərlə bağlı izahat verməsi üçün 08 sentyabr 2021-ci il tarixdə, saat 14:50-də heç bir səbəb göstərmədən işdə olmadığı üçün Mərkəzin işçisi Mehti İsayev və sürücü X12 Ağayevin yaşadığı evə getmişlər. İddiaçı öz evində yatmış və telefonu söndürmüşdür. Ona Mərkəzə gələrək izahat verməsi bildirilmişdir, o evdən çıxaraq çayxanaya getmiş, ona niyə töhmət verilməsini bildirərək izahat verməkdən imtina etmişdir. Bir müddət sonra İddiaçı idarəyə gəlmiş, işçilər tərəfindən yenidən ondan izahat istənilmiş, lakin o, izahat verməkdən imtina etmişdir. Halbuki, Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Hazırki iş materiallarından görünür ki, İddiaçı baş verənlərlə bağlı izahat verməsi üçün 08 sentyabr 2021-ci il tarixdə işə çağırılmış, lakin bundan bir gün əvvəl, yəni 07 sentyabr 2021-ci il tarixdə artıq X10 X1 İttifaqı Komitəsinin iclas keçirmiş, onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsindən ötrü xidmətə təqdimat göndərilməsi qərara alınmış, elə həmin tarixdə Meşələrin İnkişafı Xidmətinin rəisinə təqdimatla müraciət olunmuş və 08 sentyabr 2021-ci il tarixli əmrlə İddiaçı işdən azad edilmişdir. Digər tərəfdən, 07 sentyabr 2021-ci il tarixdə İddiaçı məzuniyyətə buraxılmasına dair ərizə iş yerinə daxil olmuş, həmin ərizəyə münasibət bildirilmədən, 08 sentyabr 2021ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 03 sentyabr, 06 sentyabr və 07 sentyabr 2021-ci il tarixlərdə iş yerində olmaması ilə bağlı aktlar tərtib edilməsinə baxmayaraq, tabel cədvəlində onun həmin tarixlərdə iş yerində olmasına dair qeydlərin olması, habelə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həmkarlar ittifaqı komitəsinin 07 sentyabr 2021-ci il tarixdə keçiriləcək iclasına çağırılmalı olduğu halda, 08 sentyabr 2021-ci il tarixdə baş verənlərlə bağlı izahat verməsi üçün işə çağırılması tərtib olunmuş həmin aktların etibarlılığını şübhə altına alır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, İddiaçı iş yerinə gəlməməsi ilə bağlı tərtib edilmiş aktlar əsaslı olsalar belə, İddiaçı bunun səbəbləri barədə izahat verməsi təklifi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə həmkarlar ittifaqı komitəsinin iclası keçirilməzdən əvvəl olunmalı idi. Çünki, 218/Ü saylı əmr X10 Təsərrüfatı Mərkəzinin təqdimatına, həmin təqdimat isə X10 X1 İttifaqı Komitəsinin 07 sentyabr 2021-ci il tarixli iclasının 12 nömrəli protokolunda göstərilənlərlə əsaslandırılmışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müaviləsinə xitam verilməsinə dair verilmiş 08 sentyabr 2021-ci il tarixli, 218/Ü saylı əmr ləğv edilməli, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X10 Təsərrüfatı Mərkəzinə meşə uçotu və kadastrı üzrə baş mehəndis vəzifəsinə işə bərpa edilməli, 08 sentyabr 2021-ci ildən bu qətnamə qanuni qüvvəyə minənədək olan müddət ərzində məcburi işburaxmaya görə əmək haqqının məbləği hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə əmək münasibətlərinə xitam verilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli, 218/Ü saylı əmri ləğv edilsin, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X10 Təsərrüfatı Mərkəzinə meşə uçotu və kadastrı üzrə baş mehəndis vəzifəsinə işə bərpa edilsin. 08 sentyabr 2021-ci il tarixdən hazırki qətnamə qanuni qüvvəyə minənədək olan dövr ərzində məcburi işburaxmaya görə əmək haqqının məbləği hesablanmaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1747/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1747/2022
05.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver