Məhkəmə qərarları › İş №2(001)-1748/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1748/2022

06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1748/2022 06.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Vəkil ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ərizəçinin mərhum atası X9 14 may 1964-cü il tarixdə vəfat etmişdir. Ərizəçinin müraciəti əsasında 4 saylı Bakı Maraqlı şəxs notariat ofisində X5 adına vərəsəlik işi açılmışdır. Miras əmlak ½ hissədən ibarət olmaqla ünvan 2 ünvanında yerləşir. Notarius mirasın qəbulu müddətinin buraxılması əsası ilə müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi göstərilən ünvanda 1968-ci ilədək yaşamışdır. Ailə qurduqdan sonra Biləcəri qəsəbəsinə köçməsinə baxmayaraq, ərizədə göstərilən evdə yaşayan qardaşının həyat yoldaşı yanında olmadığından, anası ilə bərabər qardaşına və uşaqlarına baxmaq məcburiyyətində olmuşdur. Ərizəçinin anası 1985-ci ildə, qardaşı isə 1987-ci ildə vəfat etdikdən sonra ərizəçi qardaşı uşaqlarını tək böyütmüşdür. Miras əmlak tərəfindən faktiki qəbul edilsə də, alğı-satqı müqaviləsi itirildiyi üçün adına əmlak onun adına rəmiləşdirilməmişdir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun bibisidir. Bibisi ilk gündən onlarla birlikdə Yasamal rayonunda yaşamışdır. Sonradan onlar Buzovna qəsəbəsinə köçdükdə, bibisi də onlarla bilrikdə oraya köçmüş, 1986-cı ildən hal-hazıra kimi Buzovna qəsəbəsində yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində babası X5 yeganə vərəsəsi bibisi Ərizəçi olduğunu, X7 isə xalasının baldızı olan Ərizəçi 40 ildir ki, Buzovnada yaşadığını bildirmişlər. Mülki iş materiallarında olan: - 4 saylı Bakı Maraqlı şəxsndə notariat ofisi tərəfindən Ərizəçi ünvanlandırılmış 21 sentyabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, “14 may 1964-cü il tarixdə vəfat etmiş atanız X5 adına V-553/2021 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Yuxarıda qeyd edilənlərə əsasən mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməlisiniz.” - X2 ilə X9 arasında bağlanmış 26 fevral 1964-cü il tarixli müqavilənin surətindən görünür ki, K.Rəsulova özünə məxsus, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsini X1. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Ərizəçi qanun üzrə vərəsə kimi miras əmlak olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini qəbul etmişdir. Hal – hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sayılırlar. - 1243.1 və 1243.2-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qüvvədə olan qanunvericiliyə əsasən miras açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığına görə işin faktiki halları ilə müəyyən olunur ki, Ərizəçi 1-ci növbəli vərəsə kimi atasının mülkiyyətində olan və ondan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini orada yaşayaraq əmlakı faktiki idarə etməklə qəbul etsə də, onun tərəfindən vərəsəliyin qəbul edilməsi başqa yolla mümkün olmamış və hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Miras əmlak olan ünvan 1 ünvanında yerləşən ½ hissədə fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar