Məhkəmə qərarları › İş №2(001)-1748/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1748/2025

03.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1748/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayədəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 5CUQXGÜ000200 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinə əsasən onun "xxxx" MMC-də xadimə vəzifəsində işləməsi barədə məlumatı olmamışdur. O, cavabdeh ilə heç bir əmək müqaviləsi bağlamamış, həmin şirkətdə əmək fəaliyyəti ilə məşqul olmamışdır. Sözügedən əmək müqaviləsinə xitam verilməsi məsələsinin məhkəmədən kənar həlli üçün cavabdeh quruma mediasiya təklifi göndərməyinə və daha sonra Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etməyinə baxmayaraq cavabdeh qurumun nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayədəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

5. Çıxarışdan görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə xxxxxxx000200 nömrəli əmək müqaviləsi bağlanılmışdır. İddiaçı xadimə vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqının məbləği 300 manat təşkil edir və hazırda əmək müqaviləsi bildirişinin statusu aktivdir.

6. Bakı 3 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00370 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışından görünür ki, əmək müqaviləsinə xitam verilməsinə dair mübahisə predmeti barədə xx.xx.2024-cü il tarixində mediasiya sessiyası keçirilmiş, lakin "xxxx" MMC mediasiya sessiyasında iştirak etməmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

8. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

9. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

10. 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

11. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 49-cu maddənin 5-ci hissəsinə əsasən Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

12. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

13. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

14. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

16. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 91.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 8-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

19. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edir ki, AR Konstitusiyasında və əmək qanunvericiliyində əməyin azadlığı prinsip təsbit olunmuşdur. Əməyin azadlığı prinsipi hər kəsə özünün əmək qabiliyyəti barəsində sərbəst surətdə sərəncam vermək, sərbəst surətdə özünə fəaliyyət növü və iş yeri seçmək imkanının verilməsindən ibarətdir. Əməyin azadlığı həmçinin əmək müqaviləsinin azadlığını da ehtiva edir. Belə ki, əmək münasibətləri yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə, habelə şəxsin iradəsi olmadan onunla əmək müqaviləsi bağlanıla bilməz.

20. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və həmin müqavilə elektron informasiya sisteminə daxil edilmişdir. İddiaçı orada işləmədiyi halda cavabdeh tərəfindən iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilməmişdir. Bu halda da iddiaçının başqa işlə təmin olunması hüququ cavabdeh tərəfindən pozulmaqdadır.

21. İddiaçının tələb etməyinə baxmayaraq onunla cavabdeh "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməmiş və bu səbəbdən iddiaçının yeni əmək müqaviləsi bağlamaq hüququ məhdudlaşdırılmışdır.

22. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 288-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi məsələləri fərdi əmək mübahisələrinin predmetini təşkil edir və bu fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

23. Hazırki işin müəyyən edilən hallarından aydın olur ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilməsini tələb edir. İddiaçının (işçinin) bu tələbi işəgötürən tərəfindən yerinə yetirilməli olduğu halda yerinə yetirilməmişdir. Ona görə də iddiaçı haqlı olaraq əmək müqaviləsinə xitam verilməsi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.

24. Məhkəmə həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 49.5-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin və “Dövlət rüsumu haqqında” Qanununun 91.1.1-ci maddəsinin tələbinə uyğun olaraq hazırki iddia tələbi əmək fəaliyyəti ilə bağlı tələblərə aid olduğundan və iddiaçı həmin iddia tələbi üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

26. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş elektron informasiya sisteminə daxil edilməli, qətnamənin icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməli, 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş elektron informasiya sisteminə daxil edilsin. Qətnamənin icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Cavabdeh "xxxx" MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar