Məhkəmə qərarları › İş №2(001)-1753/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1753/2021

02.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1753/2021 02.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov küçəsi, ev 3, mənzil 17-ə aid istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh uzun müddətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov küçəsi, ev 3, mənzil 17-də formal olaraq qeydiyyatda olmasına baxmayaraq artıq uzun müddətdir ki, Rusiyada yaşayır və Azərbaycana qayıtmaq fikri yoxdur. Ona görə də, iddiaçının konstitusion hüquqlarından olan mülkiyyət hüququndan sərbəst istifadəsini məhdudlaşdırır. AR-nın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxx 2007-ci il qeydiyyat vəsiqəsindən aşkar olaraq, görünür ki, şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov küçəsi, ev 3, mənzil 17 mülkiyyət hüququ ilə onun tam mülkiyyətindədir. Əslində cavabdehin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır. Eyni zamanda onun hüquqlarını pozur. Əvvəla, onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi cavabdehlə çox yaxın əlaqəsi yoxdur. Üçüncüsü cavabdehin onun mənzilində formal olaraq qeydiyyatda qalması iddiaçının həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Həmçinin şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq başqa yerdə qalması, amma onun mənzilində qeydiyyatda olması onun vəzifələriin icrasına ciddi maneələr yaradır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh 2008-ci ildən evdən çııxb getmişdir. Özü 1972-ci ildə ailə qurmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan MH seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 9 mərtəbəli binanın1-ci girişində, 7-ci mərtəbəsində, 45,63 kv.m ümumi, 29,63 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 17 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 443 nömrəli reyestr kitabının 41101 nömrəli vərəqində xx.xx.2007-ci il tarixində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov küçəsi, ev 3, 17 saylı mənzildə X7, X10, X8, İddiaçı, Cavabdeh və X3 qeydiyyatdadırlar. Bakı şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 3 nömrəli evin 7 saylı mənzilində yaşayan X5, 16 saylı mənzilində yaşayan X2 və 20 saylı mənzildə yaşayan X6 tərəfindən tərtib edilən aktdan görünür ki, Cavabdeh 1982-ci ildən həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq 2008-ci ildən bu ünvanda yaşamır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi Azad Qasımov tərəfindən məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(001)-1753/2021 saylı sorğusuna cavab olaraq məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli 33/696 saylı məktubdan görünür ki, Cavabdeh sonuncu dəfə xx.xx.2008-ci il tarixində Azərbaycan Respublikasından İran Respublikası istiqamətində çıxış etmişdir. Həmçinin “Giriş çıxış və qeydiyyat” X1 Axtarış Sistemindən (İAMAS) olan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixində saat 14:52-də Azərbaycan Respublikasından çıxış etmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş və işin halları ilə təsdiq olunan sübutlarla müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov küçəsi, ev 3, 17 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh Cavabdeh onun oğludur və həmin mənzildə qeydiyyatdadır. Cavabdeh Cavabdeh 2008-ci il tarixində Azərbaycan Respublikasının ərazisini tərk etmiş həmin tarixdən uzun müddətdir ki, geri qayıtmamışdır. Hazırki vaxtda həmin mənzildə yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyinəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, mənzil daşınmaz əmlakın dövlət reyestrində 2007-ci ildən qeydiyyata alınmışdır. Cavabdeh 2007-ci ildə həmin mənzildə yaşasa da, 2008-ci ildən evini və yaşadığı ölkəni tərk etmişdir. İstifadə hüququnun yaranması əsasından asılı olmayaraq Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarının hazırki mübahisəyə tətbiq edilməsi mümkündür. İşin hallarından göründüyü kimi cavabdeh iddiaçının oğlu olmaqla uzun müddət həmin mənzildə yaşamış və istifadə hüququ olmuşdur. Daha sonra cavabdeh 2008-ci ildən həmin evdən və ölkədən çıxıb getmişdir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə istifadə hüququnun və formal qeydiyyatının qalması sonuncunun mülkiyyət hüquqlarını pozur. Cavabdeh uzun müddət ərzində və davamlı olaraq mübahisəli mənzilə olan istifadə hüququndan könüllü istifadə etməmişdir. Belə olduğu təqdirdə onun Bakı şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov küçəsi, ev 3, 17 saylı mənzilindən istifadə hüququna sahibinin həmin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov küçəsi, ev 3, 17 saylı dair istifadə hüququnun sahibinin həmin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün istifadə hüququna xitam verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır.Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov küçəsi, ev 3, 17 saylı mənzildən istifadə hüququna xitam verilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, İ.Cümşüdov küçəsi, ev 3, 17 saylı mənzildən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar