Məhkəmə qərarları › İş №2(001)-176/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-176/2022

06.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-176/2022 06.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı ona məxsus torpaq sahəsindən qanunsuz istifadənin dayandırılmasına və torpaq sahəsindən çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı ona məxsus torpaq sahəsindən qanunsuz istifadənin dayandırılmasına və torpaq sahəsindən çıxarılmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayır. 2006-cı ildə Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2006-cı il tarixli 2158 saylı sərəncamı ilə bələdiyyənin istifadəsində olan 100 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmiş, faktili isə onun istifadəsində 170 m2 torpaq sahəsi vardır. Son 2-3 ildə o, torpaq sahəsi ilə bağlı vergiləri ödəmir. Maddi imkanı zəif olduğundan, daimi olaraq İmişli rayonunda yaşadığından, orada təsərrüfatla məşğul olduğundan həmin sahədə tikinti işləri apara bilməmişdir. Cavabdeh isə ona məxsus torpaq sahəsini zəbt edərək onu həmin sahəyə buraxmır. O, dəfələrlə cavabdehdən qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, cavabdeh buna məhəl qoymur. Bununla bağlı, o, Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, ona mülki qaydada məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Müraciət etsə də, X3 də bu barədə heç bir tədbir görməmişdir. Cavabdehin yaşadığı evə getsə də cavabdeh qapını açmamışdır. Cavabdehin qanunsuz hərəkətləri onun mülkiyyət hüquqlarını pozur. Ona görə də Cavabdeh ona məxsus torpaq sahəsindən qanunsuz istifadənin dayandırılmasına və torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2006-cı il tarixli 2158 saylı sərəncamının surətindən müəyyən olunur ki, Bakı şəhər sakini vətəndaş İddiaçı ərizə ilə X2 müraciət edərək istifadəsində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmiş və Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 100 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı F.Alıyevin xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə araşdırmanın davam etdrilməsi üçün Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı F.Alıyevin xx.xx.2020-ci il tarixli qərarından daha sonra müəyyən olunur ki, araşdırma zamanı izahatı alınan Cavabdeh izahatında 2011-ci ildə ev alqı-satqısı ilə məşğul olan bir nəfər şəxsdən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən korpus 15 ünvanında içərisində birmərtəbəli ev olan 305,25 m2 torpaq almasını, vasitəçi tərəfindən ona Mülkiyyətçi MMCnin sənədlərinin verməsini, o vaxtdan ailəsi ilə birlikdə həmin ünvanda yaşadığını, təxminən bir-iki il əvvəl bir nəfər tanımadığı şəxsin hasardan aşaraq onun yaşadığı həyətə daxil olaraq orada olan meyvə ağacını yandırmağa başladığını, bayıra çıxıb həmin şəxsdən nə etməsini soruşduqda həmin şəxs torpaq sahəsinin ona məxsus olmasını bildirdiyini, bu zaman o, polis çaxırdığını, polis əməkdaşları gələrək həmin şəxsi oradan uzaqlaşdırdıqlarını, təxminən iki həftə əvvəl həmin şəxsin sahə inspektoru ilə gələrək həmin torpaq sahəsinin ona məxsus olmasını bildirdiyini, o isə 10 il əvvəl torpaq sahəsini alaraq orada yaşadığını, bütün kommunal və torpaq ödənişlərini etdiyini deməsini göstərmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 059-48202 saylı məktubundan müəyyən olunur ki, İddiaçı müraciəti əsasında cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və ona Cavabdeh qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı iddia ərizəsində və izahatında istinad etdiyi ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsinə dair halı təsdiq edəcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının iddia tələbində istinad etdiyi halın araşdırlması üçün iş üzrə məhkəmə mühəndis-texniki ekspetizası təyin edilmiş, lakin iddiaçı təyin olunmuş ekspertizanın keçirilməsində iştirak etməmiş, mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsini təmin etməmiş, bununla da öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsini icra etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları təsdiq edən sübutlarını, yəni ona ayrılan torpaq sahəsindən cavabdehin istifadə etməsini sübuta yetirə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı ona məxsus torpaq sahəsindən qanunsuz istifadənin dayandırılmasına və torpaq sahəsindən çıxarılmaya dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar