Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1783/2024 29.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə qarşı əmrin etibarsız hesab edilməsinə, işə bərpa olunmaqla məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə qarşı əmrin etibarsız hesab edilməsinə, işə bərpa olunmaqla məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı tam qanunsuz və əsassız olaraq işdən çıxarıldığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin tələbinə əsasən əvvəlki işinə bərpa olunmalı, qanunsuz və əsassız olaraq işdən çxaıldığı üçün ona məcburi proqula görə əmək haqqı ödənilməlidir. Belə ki, iddiaçı xx.xx.2003-cü il tarixdən mina axtaran vəzifəsində işləmiş, 20 ildən artıq müddətdə qüsursuz işləməsinə baxmayaraq iddiaçı razılığı və xəbəri olmadan işəgötürənin təşəbbüsü ilə qərəzli şəkildə işdən çıxarılmışdır. İşəgötürən öz təşəbbüsünü gizlətmək məqsədi ilə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndi ilə işdən çıxarmışdır. Belə ki, müdriyyət əvvəlcədən planlaşdırılmış şəkildə məqsədli olaraq işçilərin bir hissəsini işdən çıxarmağı planlaşdırılmış, bu əməliyyatın gedişi zamanı işdə bir çox nöqsanlara yol verənlər işini itirmiş, iddiaçı kimi əsassız və qanunsuz olaraq işdən çıxarılanlar da olmuşdur. Bunun üçün guya müdriyyət cavabdeh təşkilatın Günay adlı həkiminin vasitəsi ilə işçilərin narkotik vasitələrin istifadəçisi olub-olmadığını müəyyən etmək məqsədi ilə hər bir şəxsdən qan analizi götürmüş, analizinin nəticəsi bilinər-bilinməz bu barədə sənədlər hazırlanmışdır. Həmin sənədi Günay həkim vətəndaşın qarşısına qoyaraq imza etməsini tələb etmiş, istifadəçilərin bir qismi bu sənədi imzalamışdır. Həmin sənədi imzalamaq istəməyənlərin bəzilərinə həkim müxtəlif yollarla təsir edərək bu sənədin imzalanmasına nail ola bilmişdir. Bəzi işçilərə isə saxta sənədi imzalatdıra bilməyən Günay həkim qeyri-adi üsuldan istifadə edərək hər kəsə ikilikdə heç kim bilməsin səninlə oteldə qalaram deyərək onunla psixoloji kantakta girərək guya narkotik istifadəçisidir deyilən sənədi həmin şəxsə imzalatdıra bilmişdir. İşçi isə fikirləşmişdir ki, idarənin həkimi ilə dediyi münasibətdə olmaqla o nəyə istəsə nail ola bilər deyə fikirləşib sənədi imzalamışdır. Nəticədə isə işçinin 60-70 nəfərin bu sənədlə şantaj edərək işdən kənarlaşdırılmış və təəssüf ki, işdən çıxma əmrini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işəgötürənin təşəbbüsü ilə deyil, bu Məcəllənin 68-ci maddəsi ilə işdən çıxarmağa nail ola bilmişlər. Cavabdeh ona görə işçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi, 72-ci maddəsinin d bəndinin tələbini tətbiq etməklə işdən çıxarmamışdır ki, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən həmkarlar təşkilatının razılığının alınmasına ehtiyac olardı, təşkilat isə kütləvi işdən çıxarılmağa razılıq verməzdi, bu halda isə cavabdeh təşkilat məqsədinə çata bilməzdi. 20 il qüsursuz işləməsinə baxmayaraq iddiaçı da eyni üsulla işdən çıxarılmışdır. Belə ki, müdriyyət bir qayda olaraq işçini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsini tətbiq etməklə işdən çıxarmaq üçün əvvəlcə onu 10 günlüyə öz hesabına ödənişsiz məzuniyyətə buraxır və daha sonra işçini həmin maddə ilə işdən çıxarır. Bu məqsədlə də Günay həkim onu işdən çıxarmağa hazırlamalı idi. Həkim onda narkotik vasitə çıxmasını deyib sənədə imza etməsini təklif etmiş, razılaşmadığı üçün otel variantına keçmiş, imtina etdiyi üçün onu 10 günlük məzuniyyətə buraxmışlar. İddiaçı şikayət edəcəyini bildirəndə güya qanında narkotik vasitə çıxmasını deyib ona töhmət verilmişdir. İddiaçı isə bunun əksini sübut etmək üçün həmin vaxt iki tibbi klinikadan, Mərkəzi Klinikadan və X8 narkotik vasitələrin istifadəçisi olmaması barədə aldığı test cavablarını iddia ərizəsinə əlavə etmişdir. İddiaçı narkotik vasitələrdən istifadə etmiş olsaydı onu töhmətlə işə qaytarmazdılar. İddiaçı izahatında əsəb dərmanı qəbul etdiyini bildirsə də, o, təkrar analizə göndərilməmiş, özü analizə vermiş, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli analiz cavablarını cavabdeh iddiaçıdan qəbul etmək əvəzinə 13 gün sonra xx.xx.2023-cü il tarixdə onu işdən əsassız olaraq çıxarmışdır. İddiaçı işdən çıxarılarkən Bakı şəhərində 14 saylı Mediasiya Təşklatı ondan bəzi sənədləri tələb etmiş, buna görə də iddiaçı əvvəlcə cavabdeh təşkilata müraciət edərək ərizəyə əlavə etdiyi Agentliyin xx.xx.2023-cü il tarixli 11-72-784/2023 saylı cavabını, Mediasiya Təşkilatına təqdim etmək üçün Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-2-16640/2/2023 saylı məktubunu almışdır. Həmin məktubda cavabdeh təşkilat həmin idarəyə müvafiq sənədləri təqdim etməməsi, iddiaçının ərizəsinə yenidən baxılaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanaraq işə qəbul olunması, əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xx.xx.2022-ci il tarixdə dəyişiklik edilərək, qeyd olunan əmək müqaviləsinin müddətinin 6 ay müəyyən edilməsi, xx.xx.2023cü il tarixdə onun əmək müqaviləsinə xitam verilməsi qeyd olunmuşdur. Əgər xx.xx.2022-ci il tarixdə 3 aya bağlanan əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə 6 ay müddətinə uzadılmışdırsa, onda onun müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış olmalı idi. Lakin iddiaçını işdən çıxararkən hansı müqaviləyə xitam verilidiyi qeyd olunmamışdır. Belə görünür ki, müddət xx.xx.2022-ci il tarixdə başa çatmış olsa da, iddiaçı işini davam etdirməli olmuşdur. Onun əmək müqaviləsinin vaxtının xx.xx.2022-ci il tarixdə bitməsinə, əlavə olaraq 6 ay işini davam etdirməsinə diqqət yetirilməsini xahiş edir. İddiaçı 20 il fasiləsiz həmin müəssisədə işlədiyindən, onun əmək müqaviləsi ƏM-nin 73.1 və 45.5 maddələrinin tələbinə əsasən, müddətsiz müqavilə hesab olunur və buna görə də işəgötürənin müddətin bitməsinə görə iddiaçını ƏM-nin 68-ci maddəsinin b bəndi ilə işdən çıxarması yolverilməzdir. İddiaçı qeyd etdiyi sənədləri aiddiyatı təşkilatlardan alaraq 14 saylı Mediasiya Təşkilatına təqdim etməli idi. Nəhayət, sonuncu sənədi Ombudsman Aparatının xx.xx.2023-cü il tarixli, 2-5/2-24993/2023 saylı sənədini aldıqdan sonra 14 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bu təşkilat 1 ay müddətinə fəaliyyətsizlik etdiyindən iddiaçı yenidən ANAMA-nın Füzuli bölməsinin ərazisində fəaliyyət dairəsi olan 1 saylı X1 müraciət edərək xx.xx.2023-cü il tarixli, MSC/1/01873 saylı arayışı aldıqdan sonra məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən, müddət ötürülmüş hesab olunarsa ƏM-nin 296.5-ci maddəsinin tələbinə əsasən, bu müddət bərpa olunmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 və 73-cü maddələrinin tələblərini pozduğu üçün həmin əmri etibarsız hesab edərək ƏM-nin 300-cü maddəsinin 1-ci hisəssinin tələbinə əsasən, iddiaçının əvvəlki işinə bərpa olunmaqla məcburi proqula görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı müddətin bərpa edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2023-cü il tarixdə işdən çıxarılmış, bundan sonra 14 saylı Mediasiya Təşkliatına müraciət etmiş, ondan tələb olunan sənədləri toplayaraq Mediasiya təşkilatına təqdim etmişdir. Bu təşkilat 1 aydan çox vaxt ərzində işi ləngitdiyindən o, Agentliyin Füzuli rayon şöbəsinə yaxın olan 1 saylı X1 müraciət edərək oradan xx.xx.2023-cü il tarixli arayış almışdır. Ona görə də, ƏM-nin 296.5-ci maddəsinin tələblərinə əsasən, ötmüş iddia müddətinin bərpa edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, buraxılmış iddia müddətinin bərpa edilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyinin (ANAMA) əsasında, Azərbaycan Respublikası Prezidnetinin 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılmışdır. Ölkə başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilən ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin beynəlxalq humanitar minatəmizləmə standartları əsasında mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, təmizləmə işlərinin təşkil eşidlməsi, monitorinq fəaliyyətinin həyata keçirilməsi, əhalinin zərərçəkmə riskinin minimuma endirilməsi istiqamətində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. İşğaldan azad edilən rayonlarda yenidəqurma və bərpa işlərinin görülməsi, həyata keçirilməsi nəzərdə tutulan infrastruktur layihələrinin daha tez müddətdə reallaşdırılması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafının təmin edilməsi, məcburi köçkünlərin öz daimi məskunlaşma torpaqlarına qaytarılması üçün ilk növbədə həmin ərazilərin təmizlənməsi işləri sürətləndirilir. İddiaçının iddia ərizəsində Agentliyin əməkdaşı Tibbi məsələlər sektorunun aparıcı mütəxəssisi X7 ilə bağlı xoşagəlməz, təhqir və böhtan xarakterli ifadələr işlədilmişdir. Agentlik olaraq, həmin ifadələrin yenidən səsləndirilməsini həya edilir. Sözsüz ki, bu cür nalayiq sözlərin işlədilməsi və xüsusilə iddia ərizəsində qeyd edilməsi, əməkdaşları olaraq Agentliyin nüfuzuna xərər gətirən amildir. Buda öz növbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən cinayət tərkibi yaradır. Bu səbəbdən ilk olaraq, məhkəmədən iddiaçı barəsində xüsusi qərardad çıxarılması xahiş olunur. İddiaçı xx.xx.2022-ci il tarixdə, Agentliyin 1 saylı Təmizləmə qrupunun mina axtaran vəzifəsinə qəbul olunmuşdur. Onunla işəgötürən arasında ilk olaraq xx.xx.2023-cü il tarixli 109/K əmrlə, ƏM-nin 47-ci maddəsinin f bəndinə əsasən, müddəli əmək müqaviləsi (3 ay müddətinə) bağlanılmışdır. Sonraki tarixlərdə müddətli əmək müqaviləsi xx.xx.2022-ci il tarixli 830/K əmrlə 6 ay, daha sonra Məcəllənin 73.1-ci maddəsinə əsasən novbəti 6 ay uzadılmışdır. İddiaçılə bağlanılmış müddətli əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarılması ilə bağlı xitam verilmişdir. Agentlik tərəfindən bölgələrdə əməkdaşların təhlükəsizliyini qorumaq məqsədilə narkoloji testdən keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 PHŞ-i ilə, Azərbaycan Respublikası Nazirlət Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş, Mallar üzrə satınalma müqaviləsi (2023/BMS-02) bağlanılmışdır. Müqaviləyə uyğun olaraq, Məhkəmə Tibbi Ekspertiza və X2 6 nəfər ixtisaslaşmış tibbi heyəti tərəfindən, Tibbi məsələlərlə iş sektorunun aparıcı mütəxəssisi Günay Sadıqovanın iştirakı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək Ağdam, Füzuli və Göygöl rayonlarında çalışan əməkdaşlar arasında sidik nümanəsində narkotik və psixotrop maddələrin müayinəsi ekspress tesi həyata keçirilmişdir. Müvafiq testlərdən keçən əməkdaşların saylı 594 nəfər təşkil etmiş, onlardan 15 nəfərin testi pozitiv nəticə vermiş, Ağdam regional mərkəzində 42 nəfərdən test götürülmüş, 2 nəfərdən pozitiv nəticə aşkar edilmişdir. Göygöl regional mərkəzində 99 nəfərdən test götürülmüş, 1 nəfərdə pozitiv nəticə aşkar edilmiş, Füzuli regionlar mərkəzində 408 nəfərdən test götürülmüş, 12 nəfərdə pozitiv nəticə aşkar edilmişdir. Məhkəmə Tibbi Ekspertiza və X9 tərəfindən ekspress test metodu ilə pzoitiv nəticələrin aktları Agentliyə təqdim edilmişdir. İddiaçı götürülmüş sidik nümunəsidən, Məhkəmə Tibbi Ekspertiza və X2 təqdim etdiyi 927/K nömrəli akta əsasən THC aşkar edilmişdir. Qeyd olunanlarla bağlı iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin b bəndinin, Agentliyin xx.xx.2022-ci il tarixi 2608/Ü nömrəli əmri ilə təsdiq edilmiş X6 4.10 və 6.2-ci yarımbəndlərinin tələblərini pozduğundan, həmin Məcəllənin 186.2-ci maddəsinin bəndinə əsasən xx.xx.2023-cü il tarixli, 11-7/3-1-689Ü/2023 nömrəli əmrlə töhmət intizam tənbeh tədbiri həyata keçirilmişdir. Agentliyin iş prinsipi spesfik xarakter daşıdığından, bununla bağlı əməyin təhlükəsizliyini təmin etmək məqsədi ilə mütəmadi olaraq işəgötürən əməkdaşların narkoloji testdən keçirilməsini həyata keçirir. Sözsüz ki, bu yoxlamaların məqsədi həm işçinin, həm də minaaxtaran iş yoldaşlarının təhlükəsizliyini təmin etməkdir. Ona görə də, iddia ərizəsinin rədd edilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin vəsatətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə qarşı işə bərpa və sair tələbinə iddia müddətinin tətbiq edilməsi xahiş olunur. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyib, etirazın məzmununa uyğun izahat verib, iddia müddətini də tətbiq etməklə iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: Maddə 11.
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə 42.
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 45. 1.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 4.Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 68. 1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73.
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 83.
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84.
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 186.
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; Maddə 296.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2024-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilməlidir. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Füzuli rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 041268 nömrəli vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentiliyinin xx.xx.2022-ci il tarixli, № 109/K saylı əmrindən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 1 saylı təmizləmə qrupuna minaaxtaran vəzifəsinə müvəqqəti, 3 ay müddətinə təyin edilmişdir. İşəgötürən Azərbaycan Respublikasının Minatəmizləmə Agentiliyi ilə işçi İddiaçı arasında qarşılıqlı razılıq əsasında bağlanmış xx.xx.2022-ci il tarixli 963 nömrəli müddətli əmək müqaviləsindən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək (6 ay müddətinə) 1 saylı təmizləmə qrupunda minaaxtaran vəzifəsinə işə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Minatəmizləmə Agentiliyinin xx.xx.2022-ci il tarixli 830/K nömrəli əmrindən müəyyən olunur ki, İddiaçı ilə bağlamış müddətli əmək müqaviləsi 6 ay müddətinə uzadılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli № 927/FK nömrəli aktından müəyyən olunur ki, məhkəmə-kimyəvi tədqiqatının nəticələrinə əsasən, İddiaçı götürülmüş sidik nümunəsində ekspress metodal müayinə zamanı THC (Tetrahidrokannabinol) aşkar edilmişdir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentiliyinin xx.xx.2023-cü il tarixli № 11-7/3-1-689Ü/2023 saylı əmrindən müəyyən olunur ki, aparılan xidməti araşdırma zamanı məlum olmuşdur ki, Məhkəmə Tibbi Ekspertiza və X3 6 nəfər ixtisaslaşmış tibbi heyəti tərəfindən Əməliyyat İdarəsinin Təmizləmə şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə aparıcı mütəxəssisi Günay Sadıqovanın iştirakı ilə xx.xx.2023-cü il tarrixdən xx.xx.2023-cü il tarixədək Ağdam, Füzuli və Göygöl rayonlarında çalışan əməkdaşlar arasında sidik nümunəsində narkotik və psixotrop maddələrin müayinəsi ekspress testi həyata keçirilmiş, müvafiq testlərdən keçən əməkdaşların sayı 594 nəfər təşkil etmiş, onlardan 15 nəfərdə pozitiv nəticə aşkar edilmişdir. ... Agentliyin struktur bölmələrində əmək intizamının möhkəmləndirilməsi, neqativ hallara bir daha yol verilməməsi və əməkdaşların məsuliyyətinin artırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 1276 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsinin 4.10.5-ci yarımbəndini rəhbər tutub, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3-cü maddəsinə uyğun olaraq Agentliyin 1 saylı Təmizləmə qrupunun minaaxtaranları İddiaçı və digərlərinə həmin Məcəllənin 186.2-ci maddəsinin a bəndinə əsasən, töhmət verilmişdir. Əmrin verilməsinə əsas Agentliyin Əməliyyat İdarəsinin Təmizləmə şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə aparıcı mütəxəssisi G.Sadıqovanın, Hüquq şöbəsinin baş mütəxəssisi Nümayəndə xidməti məruzələri və Məhkəmə Tibbi Ekspertiza və X2 müayinə aktları olmuşdur. Azərbaycan Respublikasının Minatəmizləmə Agentiliyinin xx.xx.2023-cü il tarixli № 11-7/3-1-822K/2023 saylı əmrindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdən 1 saylı təmizləmə qrupunun minaaxtaranı İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə uyğun olaraq (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmiş, əmrin verilməsinə əsas Əməliyyat idarəsinin rəisi İdris İsmayılovun xidməti məruzəsi olmuşdur. İddiaçı məxsus xx.xx.1996-cı il tarixli № ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2003-cü il tarixdə 52 saylı əmrə əsasən, X4 X14 Aksiyası komandasına işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli 04/22 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. maddəsinin a bəndinə əsasən işdən azad olunmuşdur. Əmək kitabçasından daha sonra müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə № 109/k saylı əmrə əsasən, Azərbaycan Respublikasının Minatəmizləmə Agentiliyinin 1 saylı Təmizləmə qrupunun minaaxtaranı vəzifəsinə müvəqqəti olaraq təyin edilmiş, ƏM-nin 68.2.-ci maddəsinin b bəndinə ilə xx.xx.2023-cü il tarixdə № 822/k saylı əmrə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xx.xx.2023-cü il tarixli, 11- 7/2-784/2023 nömrəli məktubundan müəyyən olunur ki, 1 saylı Təmizləmə qrupunun minaaxtaran vəzifəsində işləyən qardaşı İddiaçı Agentliyin 2023-cü il 06 mart tarixli 1-1- 23/2-Ə-3564-062/2023 nömrəli əmri ilə öz ərizəsinə əsasən ödənişsiz məzuniyyət verilməsi, İsamyıl Əliyevin çalışdığı müddətdə əmək intizamına əməl etməmədiyi üçün Agentliyin 2023-cü il 16 mart tarixli 11-7/3-1-689Ü/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin a bəndinə uyğun olaraq töhmət verilməsi, bununla əlaqədar onunla bağlanılmış əmək müqaviləsinin müddətinin uzadılmasının məqsədəmüvafiq hesab edilmədiyi S.Ə.Əliyevaya bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, № 3-17-5/2-Ə-16640/2/2023 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi tərəfindən müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən müraciətinin araşdırılmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, № 3-17-5/2-7-29908/2/2023 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Rspublikasının Minatəmizləmə Agentliyi tərəfindən ona aid olan sənədlərin X12 Xidmətinin Bakı şəhəri İdarəsinə təqdim edildiyindən ərizəsinə yenidən baxılarkən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək üç ay müddətinə onunla əmək müqaviləsinin bağlanaraq işə qəbul olunması, həmin əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xx.xx.2022-ci il tarixdə dəyişiklik edilərək, qeyd olunan əmək müqavilənin müddətinin altı ay müəyyən edilməsi, onunla müəssisə arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə ƏMnin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilməsi, ƏM-nin 11-ci maddəsinin 1-ci hissəsinin a bəndinin tələblərinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişmək işəgötürənin əsas hüquqlarına aid olduğundan Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyinə yenidən işə qəbul olunmaq üçün Agentliyə müraciət etməsinin məqsədə uyğun olması, müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah olunmuşdur. Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞC/1/01873 nömrəli arayışından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı işə bərpa, buraxılmış iş vaxtlarına görə müavinət və pul tələbinə dair mübahisə predmeti ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiya sesiyasında, yalnız İddiaçı iştirak etmişdir. Mərkəzi Klinikanın xx.xx.2023-cü il tarixli Laboratoriya nəticələrindən müəyyən olunur ki, İddiaçı psixoaktiv maddələrin təyini neqativ nəticə vermişdir. AzMed Clinic Klinikasının xx.xx.2023-cü il tarixli Toksikoloji testindən müəyyən olunur ki, İddiaçı psixoaktiv maddələrin təyini neqativ nəticə vermişdir. Azərbaycan Respublikasının İnsan Hüququları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının xx.xx.2023-cü il tarixli 2-5/2-24993/2023 nömrəli məktubundan müəyyən olunur ki, minatəmizləmə əməliyyatlarının keçirilməsinin xüsusi təhlükə xarakterli olması, X10 qərarı ilə bu kateqoriyadan olan işçilərin narkoloji testdən keçirilməsi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi ilə müqavilə bağlanılması və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq sturktur bölmələrdə müvafiq ixtisaslı həkim birqadaları və bu sahədə ixtisaslaşmış tibb işçiləri tərəfindən narkotestlərin kemirilməsinin təmin edilməsi, xx.xx.2023-cü il tarixdə keçirilən narkotest zamanı Agentliyin 1 saylı təmizləmə qrupunun minaxtaranı vəzifəsində işləmiş, qardaşı İddiaçı götürülmüş sidik nümunəsinin müayinəsinin pozitiv çıxdığı üçün daxili araşdırmanın aparılması, eyni zamanda İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək ailə vəziyyəti ilə əlaqədar öz hesabına məzuniyyət götürməsi, məzuniyyətin müddətinin xx.xx.2023-cü il tarixdə qurtarsa da, onun işə gəlməməsi, heç bir üzürlü səbəbi təsdiq edən sənədi təqdim etməməsi, İddiaçı hərəkətinin X5 xx.xx.2022-ci il tarixli 2608/Ü saylı əmri ilə təsdiq edilmiş X6 4.10 və 6.2-ci yarımbəndlərinin, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin b, 62-ci maddəsinin a, 72-ci maddəsinin a bəndlərinə uyğun olaraq əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilərək onunla müddətli əmək müqaviləsinin uzadılmayaraq Agentliyin xx.xx.2023-cü il tarixli 11-7/3-1-822K/2023 nömrəli əmri ilə xitam verilməsi S.Ə.Əliyevaya bildirilmişdir. Sifarişçi Azərbaycan Respublikasının Minatəmizləmə Agentiliyi ilə icraçı X4 Fondu arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ANAMA/BAMF/2024-01 saylı müqavilədən müəyyən olunur ki, sifarişçi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi xidmətlərini icraçıya sifariş verməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanaraq iddiaçı 1 saylı Təmizləmə qrupunun minaaxtaranı vəzifəsinə işə qəbul edilmiş, daha sonra həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, işəgötürənin təşəbbüsü ilə aparılan xidməti araşdırma zamanı Məhkəmə Tibbi Ekspertiza və X3 6 nəfər ixtisaslaşmış tibbi heyəti tərəfindən Əməliyyat İdarəsinin Təmizləmə şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə aparıcı mütəxəssisi Günay Sadıqovanın iştirakı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Agentliyin Ağdam, Füzuli və Göygöl rayonlarında çalışan əməkdaşları arasında sidik nümunəsində narkotik və psixotrop maddələrin müayinəsi ekspress testi həyata keçirilərkən iddiaçı da daxil olmaqla 15 nəfər əməkdaşda pozitiv nəticə aşkar edilmiş, İddiaçı və digərlərinə ƏM-nin 186.2-ci maddəsinin a bəndinə əsasən, töhmət verilmiş, iddiaçı cavabdehin bu əmrini mübahisələndirməmişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyindən işəgötürən Azərbaycan Respublikasının Minatəmizləmə Agentiliyi xx.xx.2023-cü il tarixli № 11-7/3-1-822K/2023 saylı əmri ilə xx.xx.2023-cü il tarixdən 1 saylı Təmizləmə qrupunun minaaxtaranı İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam vermişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, onunla bağlanan əmək müqaviləsinə xitam verilməsini bilən iddiaçı bacısı ilə birlikdə hələ 2023-cü ilin aprel-may aylarından müxtəlif orqanlara müraciət etsə də, iddia ərizəsi ilə məhkəməyə, yalnız xx.xx.2024-cü il tarixdə müraciət etməklə iddia müddətini ötürmüş, müddətin bərpa edilməsinə dair vəsatətini məhkəməyə təqdim etsə də, müddətin üzürlü səbəblərdən ötürülməsinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli № 11-7/3-1-822K/2023 saylı əmri verərkən cavabdeh əmək qanunvericiliyinin tələblərinə əməl etdiyindən, bu əmrin etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmadığından, işəgötürən iddiaçı ilə yanaşı digər əməkdaşları ilə də müvəqqəti xarakter daşıyan (minaların təmizlənməsi və s.) işlərin görülməsi məqsədi ilə müddətli əmək müqavilələri bağladığından, müddətli əmək müqaviləsinin müddətini uzadıb-uzatmamaq işəgötürənin vəzifəsi deyil, hüququ olduğundan, iddiaçı cavabdeh təşkilatda özünün dediyi kimi 20 il deyil, xx.xx.2022-ci il tarixdən işlədiyindən, cavabdeh iddia müddətinin ötürülməsi səbəbindən iddia ərizəsinin rədd edilməsini xahiş etdiyindən iddia ərizəsi təmin edilə bilməz. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirildiyindən (CPM-nin 37.2-ci mad.) məhkəmə cavabdehin iddiaçı barəsində xüsusi qərardad qəbul edilməsi barədə vəsatətini əsassız hesab edib təmin etmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə qarşı əmrin etibarsız hesab edilməsinə, işə bərpa olunmaqla məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova