Məhkəmə qərarları › İş №2(001)-1804/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1804/2025

29.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1804/2025 29.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, yəni İddiaçı 05 oktyabr 2022-ci il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 2, 66 saylı mənzili satıcı Cavabdeh1 satın almışdır. Alqı-satqı və ipoteka müqaviləsi əsasında sözügedən mənzili 10 oktyabr 2022-ci il tarixdə öz adına dövlət qeydiyyatına aldırmış və ona bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Mənzili alarkən cavabdehlər və onların yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X6 həmin mənzildə qeydiyyatda olmuşlar, alqısatqı və ipoteka müqaviləsinin 2.2.4-cü bəndinə əsasən bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətinə mənzildən qeydiyyatdan çıxacaqlarına dair öhdəlik götürmüşlər. Alqı-satqı və ipoteka müqaviləsi Bakı şəhəri 53 saylı notariat ofisində 06 oktyabr 2022-ci il tarixdə təsdiq edilsə də, xeyli vaxt keçməsinə baxmayaraq cavabdehlər indiyədək satdıqları mənzildən qeydiyyatdan çıxmamışlar. Halbuki, onlar sözügedən mənzildə yaşamırlar, qeydiyyatları isə formal xarakter daşıyır. Cavabdehlərin 2022-ci ilin oktyabr ayında sözügedən mənzili satıb oradan köçdükləri halda, bu vaxta kimi qeydiyyatdan çıxmamaları onun xüsusi mülkiyyət hüququna maneə yaradır, əmlaka sərbəst surətdə sahib ola bilmək imkanını məhdudlaşdırır. Buna görə də, o, hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, habelə onların yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 2, 66 saylı mənzildən istifadə hüquqlarına xitam verilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, habelə onların yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 2, 66 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı məhkəməyə poçt xidməti vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı tərəfin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisində bağlanılmış 05 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1, ipoteka saxlayan "xxxx" ASC və alıcı İddiaçı arasında alqısatqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Satıcı, ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 29 noyabr 2011-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********17-05101-093023 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı Alıcı-İpoteka qoyanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin daşınmaz əmlakın satış qiyməti 145000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 75000 manat məbləğində olan hissəsinin Alıcı-ipoteka qoyanın özü tərəfindən, 70000 manat məbləğində olan hissəsinin isə Kreditor-ipoteka saxlayan tərəfindən 05 oktyabr 2022-ci il tarixli ASİ/484 kredit müqaviləsinə əsasən Alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 2, 66 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 1 ünvanında xx.xx.2008ci il təvəllüdlü X4, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh3 və qeyriləri qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları formal xarakter daşıdığından, cavabdehlər artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadıqlarından və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehlərə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia tələbi təmin olunmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, eyni zamanda onların yetkinlik yaşlarına çatmamış övladları X1, X2 və X3 İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 2 saylı evin 66 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, eyni zamanda onların yetkinlik yaşlarına çatmamış övladları X1, X2 və X3 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 2 saylı evin 66 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar