Məhkəmə qərarları › İş №2(001)-1839/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1839/2021

12.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1839/2021 12.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Ərizəçi (cavabdeh qismində Binəqədi rayon Polis İdarəsini göstərməklə) yaşayış sahəsindən istifadə hüquqi faktının müəyyən edilməsi barədə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən e t d i m: İddiaçı Ərizəçi (cavabdeh qismində Binəqədi rayon Polis İdarəsini göstərməklə) yaşayış sahəsindən istifadə hüquqi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Z.Qəmbərov küçəsi, 9 saylı evin 5-ci mərtəbəsindəki 504 saylı otaqdan istifadə hüququnun tanınmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. İlk novbədə qeyd etməyi zəruri hesab edirəm ki, ərizə “iddia ərizəsi” formasında tərtib edilsə də, ərizə hüquqi faktın müəyyən edilməsi barədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Qərarın 1.6-cı bəndində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Göründüyü kimi, Ərizəçi daşınmaz əmlakdan istifadə etmə hüquqi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etsə də, həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcud olmuş olduğunu, lakin həmin sənədlərin itirildiyini və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpasının mümkün olmadığını ərizəsində qeyd etməmiş, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli olduğu halda göstərməmiş və həmin sübutları ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, yuxarıda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə ərizə ilə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı Ərizəçi (cavabdeh qismində Binəqədi rayon Polis İdarəsini göstərməklə) yaşayış sahəsindən istifadə hüquqi faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə ərizə ilə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar