Məhkəmə qərarları › İş №2(001)-1842/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1842/2024

26.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1842/2024 26.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxslər qismində 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbayca Respublikası ƏMDX Daşınmaz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi cəlb edilməklə) “mirasın qəbulu faktının müəyyən edilməsi”nə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Aqrar İslahat Komissiyasının 08 sentyabr 2000-ci il tarixli 42 saylı qərarına əsasən “torpağın mülkiyyətə verilməsinə dair” N-0023 seriya, kod 50905018 saylı şəhadətnamə ilə mərhum anasına və mərhum bacısına verilmiş torpaq sahəsinə, Goranboy rayonu, Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 14 saylı qərarına əsasən “torpağın mülkiyyətə verilməsinə dair” JN-008A seriya, kod 50905018 saylı şəhadətnamə ilə mərhum anasına verilmiş torpaq sahəsinə və Goranboy rayonu, Əzizbəyov kəndindəki olan evə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli Təlimatın mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, vərəsələr vərəsəlik hüquqlarını təmin etmək üçün qanunla müəyyən olunmuş zəruri hüquqi hərəkətləri etməyə borcludurlar. Həmin hərəkətlərdən biri miras açıldıqdan sonra mirasın qəbulu barədə ərizə ilə notariusa müraciət etmələridir. Hazırki ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən isə müəyyən olunur ki, ərizəçi notariat orqanına 02 may 2023-cü il tarixdə müraciət etmiş və 1 saylı Gəncə Regiomal “ASAN xidmət”Mərkəzində Notariat Ofisinin 02 may 2023-cü il tarixli 1203 № -li məktubu ilə ona cavab verilmişdir ki, Ərizəçi anası-X1 ölüm haqqında şəhadətnaməsində soyadı “Ələsgərova”, onun doğum haqqında sənədində isə anasının soyadı “Bayramova” kimi qeyd edilmişdir. Ona görə də onun anasına vərəsə kimi tanınmağına çətinlik yaradır. Bu uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həmçinin, mirasın qəbulu müddətini buraxdıqlarına görə aidiyyəti üzrə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq, mirasın qəbulu faktının müəyyən edilməsini təsdiq etdirməlidir. Daha sonra ərizəçinin müraciəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(001)-4855/2023 saylı qətnaməsi ilə AZ-İ seriyalı 935813 nömrəli ölüm haqqında şəhadətnamənin xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Ona görə də, hesab edirəm ki, notariusun 02 may 2023-cü il tarixli imtina məkubunda qeyd etdiyi əsaslar aradan qalxdığı üçün, ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl müvafiq notariusa müraciət etməli halda, müraciət etmədən birbaşa məhkəməyə müraciət etmiş, bununla da mülki prosessual qanunvericiliyin məhkəməyə qədər (pretenziya) nizama salınma tələbinə riayət etməmişdir. Ona görə də, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, ərizəsinə hazırki xahişi ilə əlaqədar notariat orqanına müraciət edilməsi və həmin müraciətin hansı səbəblərdən təmin edilməməsi barədə sübutları əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin ərizə geri qaytarıldığından, ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Ərizəçi (maraqlı şəxslər qismində 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbayca Respublikası ƏMDX Daşınmaz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi cəlb edilməklə) “mirasın qəbulu faktının müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, ərizəsinə hazırki xahişi ilə əlaqədar notariat orqanına müraciət edilməsi və həmin müraciətin hansı səbəblərdən təmin edilməməsi barədə sübutları əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat (xx.xx.2024-cü il tarixli ********** №-li qəbz) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar