Məhkəmə qərarları › İş №2(001)-1847/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1847/2023

25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1847/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu, Şorca kəndində doğum faktının, ata qrafasında X8 milliyyəti azərbaycanlı, ana qrafasında X4 miliyyəti azərbaycanlı olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu, Şorca kəndində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsi naməlum vəziyyətdə itmişdir. O, hal-hazırda ünvan 1 ünvanında yaşayır. Hal-hazırda sənədləşmə işlərinin aparılmasına görə ona doğum haqqında şəhadətnamə lazım olduğundan Maraqlı şəxsnə yazılı müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, ərizəçi onun Ermənistanın Krasnoselo rayonu, Şorca kəndində qonşusu olubdur. Hal-hazırda da çox yaxın ailəvi dostdurlar. Ərizəçinin atası X8, anası X3r. Ərizəçi təxmini 10 yaş ondan böyükdür. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun Ermənistanın Krasnoselo rayonunda qonşusu olubdur. Hal-hazırda da çox yaxın ailəvi dostdurlar. Ərizəçi xx.xx.1970-ci il tarixdə andan olmuş, atası X8, anası X3r. Ərizəçinin valideynlərinin hər ikisi 2017-ci ildə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə, Krasnoselsk rayonunda anadan olmuşdur. İ-ЗЖ 097133 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X6 30 yanvar 1962-ci il tarixdə nikaha daxil olmuşlar. AZ-İ 858234 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə ölmüşdür; AZ-İ 878261 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə ölmüşdür; xx.xx.2023-cü il tarixli Çərşənbə axşamı №56 (8192) saylı Yeni Musavat qəzetinin 14-cü səhvəsindəki elandan görünür ki, Ərizəçi adına olan doğum haqqında şəhadətnamə itdiyi üçün etibarsız sayılmışdır. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim etmədiyinə görə müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğum qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistanın Krasnoselsk rayonu, Şorca kəndində doğulması, atasının X8, anasının X4, milliyətlərinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistanın Krasnoselsk rayonu, Şorca kəndində doğulması, atasının X8, anasının X4, milliyətlərinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar