Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1875/2023 10.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 10 fevral 2023-cü il tarixdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin Baki şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 7-ci döngə, ev 360 unvanında yerləşən 600 m2 və onun üzərində yerləşən evdən əşyaları ilə birlikdə çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, təqdim olunmuş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən belə müəyyən olunur ki, iddiaçının cavabdehlərin qeyri-qanuni sahibliyində olduğunu iddia etdiyi və mübahisənin predmetini təşkil edən daşınmaz əmlak Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan).” Həmin Qərarda belə nəticəyə gəlinmişdir ki, “- ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir; - daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir.” Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, hazırkı tələb daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlı olduğundan iddia ərizəsi cavabdehin olduğu yer üzrə Binəqədi Rayon Məhkəməsinə deyil daşınmaz əşyanın olduğu yer üzrə verilməlidir. Belə olan halda iş ərazi aidiyyəti üzrə baxılmalı olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149,152,263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış və torpaq sahəsindən çıxarılama” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1875/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1875/2023
10.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver