Məhkəmə qərarları › İş №2(001)-1888/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1888/2025

21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1888/2025 21.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi məhkəməyə müraciət edərək, Maraqlı şəxs uşaqlığının anadangəlmə olmaması(aplazit) və uşaqlıq yolunun anadangəlmə irəli dərəcədə çox qısa olması (hipoplazit vagina) hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bildirirəm ki, mən, xx.xx.2023-cü il tarixində 1 saylı Baki "Asan xidmət" mərkəzi qeydiyyat şöbəsində Maraqlı şəxs ilə nikaha daxil olmuşam. Lakin, Maraqlı şəxs ilə aramızda hər hansı ər-arvad münasibətləri olmamışdır. Belə ki, Maraqlı şəxs ailə qurmaq, ər-arvad münasibətində olmaq iqtidarında deyil. Bütün bu halların isə Maraqlı şəxs əvvəlcədən məlum olmağına baxmayaraq, mənə heç bir məlumat verməmişdir, toy gününə qədər gizli saxlamışdır. Belə ki, Maraqlı şəxs 10 il bundan əvvəl "Ömür" Klinikasında müayindən keçmiş və bütün bu faktlardan məlumatlı olmuşdur ("Ömür" Klinikasının müayinə aktı ərizəyə əlavə olunur). Maraqlı şəxs sağlamlıq vəziyyəti, qadın orqanlarının (uşaqlıq yolunun) funksiyalarının düzgün fəaliyyət göstərməməsi onun ər-arvad münasibətdinə olmasına imkan vermir. Bütün bu faktlar həkim sənədlərində öz əksini tapmışdır. Onu da qeyd edim ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2787/2024 saylı qətnaməsinə əsasən, onlar arasında olan nikah pozulmuşdur. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyət daşımır. Belə ki, məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə müəyyən edilir və belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olmalıdır. Lakin ərizəçinin müəyyən edilməsini xahiş etdiyi “uşaqlığın anadangəlmə olmaması(aplazit) və uşaqlıq yolunun anadangəlmə irəli dərəcədə çox qısa olması” faktı hər hansı hüquqi nəticə doğurmur və hər hansı maddi hüquq normasına əsasən fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olmur. Odur ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə edilən sənədlər və ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunu Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar