Məhkəmə qərarları › İş №2(001)-1894/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1894/2023

30.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1894/2023 30.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Fərda Design MMC-yə qarşı xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Fərda Design MMC-yə qarşı xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Forda Design MMC tərəfindən menecer vəzifəsinə işə qəbul edilmiş və bu barədə tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmiş, bu barədə xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilmişdir. Lakin iddiaçı əmək müqaviləsinin müddəti bitdikdən sonra işləməmiş, bu yaxınlarda ona məlum olmuşdur ki, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməmiş və əmək müqaviləsi aktivdir. Nəticədə iddiaçı başqa işəgötürənlə əsas iş yeri olaraq əmək müqaviləsi bağlaya bilmir. Bunun səbəbi isə onun əmək müqaviləsi bildirişinin sistemdə aktiv olmasıdır. Elektron informasiya sistemi işəgötürənin məlumatları əsasında prosesləri tənzimləyən proqram təminatıdır. İddiaçı işəgötürəni tapa bilmədiyindən işəgötürən tərəfindən ləğvetmə prosesinin elektron informasiya sistemində hayata keçirilməsinə nail ola bilməmişdir. İddiaçının işdən çıxarılması sənədləşdirilməmiş və bu barədə bildiriş sistemǝ yerləşdirilməmiş, nəticədə iddiaçı ilə bağlanmış əmək müqaviləsi aktiv qalmışdır. Bu səbəbdən də iddiaçı işə qəbul edilə bilmir, əmək müqaviləsinin aktiv olması iddiaçının işsiz qalmasına səbəb olur. Göründüyü kimi bağlanmış əmək müqaviləsinə başqa qaydada xitam verilməsi mümkün deyildir və həmin əmək müqaviləsinə xitam verilməsi iddiaçının hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Ona görə də İddiaçı ilə cavabdeh Forda Design MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Forda Design MMC ilə bağladığı müddətli əmək müqaviləsinə əsasən menecer vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin surəti ona təqdim edilməmiş, bir neçə ay işlədikdən sonra iş olmadığından o, işdən ayrılmış, daha sonra onunla əmək müqaviləsi bağlayan şəxsləri tapmadığından onunla bağlanmış əmək müqaviləsinə müddəti bitsə də müqaviləyə xitam verilməmişdir. Hazırda o, yeni əmək müqaviləsi bağlamaq istəsə də adına aktiv əmək müqaviləsi olduğundan yeni əmək müqaviləsi bağlaya bilmir. Ona görə də iddia ərizəsinin təmin edilərək cavabdeh Forda Design MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Fərda Design MMC-yə və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh Fərda Design MMC və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Fərda Design MMC-nin və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12. İ.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ.Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 4.

1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; Maddə 45. 1.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 68. 1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 73.

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2.İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 83. 1.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işəgötürən Fərda Design MMC ilə işçi İddiaçı arasında xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, İddiaçı əmək haqqı aylıq 300 manat olmaqla Fərda Design MMC-yə menecer vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, işəgötürən Fərda Design MMC ilə işçi İddiaçı arasında xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, İddiaçı əmək haqqı aylıq 300 manat olmaqla Fərda Design MMC-yə menecer vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Fərda Design MMC arasında xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqdan sonra tərəflər arasında əmək münasibətləri davam etdirilmədiyi halda cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsini ləğv etməmiş, iddiaçı isə cavabdehin əmək müqaviləsini ləğv etmək səlahiyyəti olan şəxslərinin yerini müəyyən edə bilmədiyindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə nail ola bilməmiş, nəticədə yeni əmək münasibətlərinə daxil ola bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, müddəti qurtardıqda müddətli əmək müqaviləsinə xitam verildiyindən, istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri rəsmiləşdirilməli olduğundan, əmək müqavilələri sərbəst bağlanıldığından, işçinin pozulmuş əmək hüquqlarının müdafiəsinə məhkəmə təminatı verildiyindən iddia ərizəsi təmin edilərək işçi İddiaçı ilə işəgötürən Fərda Design MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməli, iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Fərda Design MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilsin. Fərda Design MMC-dən dövlət rüsumuna görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar