Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1901/2020 26.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mübahisəli mənzilə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzili Cavabdeh (o, İran İslam Respublikasının vətəndaşıdır) mülkiyyətində olmuş və onunla iddiaçı arasında bağlanaraq 1 saylı “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-332 reyestr nömrəli qeyd-şərtsiz bağışlama müqaviləsi əsasında iddiaçının adına özgəninkiləşdirilmiş və bu barədə iddiaçıya hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, həmin daşınmaz əmlak üzərində cavabdehin mülkiyyət hüququna xitam verilmişdir. Lakin buna baxmayaraq cavabdeh həmin mənzili bu günədək tərk etməmiş və həmin mənzildə qeydiyyatda qalmaqla orada yaşamaqda davam edir ki, bununla da həmin mənzil üzərində iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mübahisəli mənzilə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzili əvvəl Cavabdeh mülkiyyətində olmuş və ərizədə göstərilmiş bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlanmışdır. Cavabdeh İran İslam Respublikası vətəndaşı olmaqla 1996-cı ildə Azərbaycan Respublikasına gəlmiş və həmin vaxtdan Azərbaycanda yaşayır, idman hazırlıqları və biznes fəaliyyəti ilə məşğul olur. İddiaçı ilə 1990-cı illərin sonlarında tanış olmuş, münasibətləri ciddiləşmiş, nişanlanmaq qərarına gəlmişlər. Bununla bağlı 2000-ci ilin birinci yarısında tərəfindən İddiaçı ailə üzvlərinə nişanlanmaqlarına razılıq verilməsi üçün müvafiq xahişlə müraciət olunmuşdur. İddiaçı Cavabdeh xarici ölkə vətəndaşı olmağı kimi bir halla bağlı qarşısına iddiaçının adına mənzil alınması kimi bir tələb qoymuşdurla. Cavabdeh bu təkliflə də razılaşmış və hazırda da birgə yaşadıqları, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 7 saylı evdə yerləşən 32 saylı mənzili 2001-ci ilin iyun ayında alqı-satqı yolu ilə alıb İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata aldırmış və həmin andan həmin mənzildə yaşamağa başlamışdır. İddiaçı ilə nikahları xx.xx.2002-ci il tarixdə qeydə alındı və İddiaçı həmin xx.xx.2002-ci ildə mübahisəli mənzilə köçüb orada yaşamağa başlamışdır. Sonradan mübahisəli mənzil Cavabdeh Azərbaycan Respublikasında xarici ölkə vətəndaşı kimi daimi yaşamaq hüququnun təmini üçün zəruri şərtlə bağlı Pərvanı Mirzəyeva ilə qarşılıqlı razılığı əsasında xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına təkrar qeydə alınmışdır. Bundan sonra 2017-ci ildə İddiaçı nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və hazırkı mənzilin yenidən onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınacağı təqdirdə nikahın pozulmasına dair iddia tələbindən imtina edəcəyini bildirmiş və mübahisəli mənzil yenidən bağışlama müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh eyni zamanda məhkəməyə ilkin iddia ərizəsinə qarşı yazılı etirazını da təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzili 2001-ci ilin iyun ayında Cavabdeh şəxsi vəsaiti hesabına əldə olunmuş, həmin dövrdə nişanlılıq vəziyyətində olduğu İddiaçı və ailə üzvlərinin tələbinə əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Həmin vaxtdan Cavabdeh həmin mənzildə yaşamağa başlamış və hazırda da həmin mənzildə yaşamaqdadır. İddiaçı ilə Cavabdeh nikahları qeydə alınıb evləndikləri xx.xx.2002-ci il tarixdən isə İddiaçı həmin mənzilə köçüb orada yaşamağa başlamışdır. Göründüyü kimi, Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 7 saylı evin 32 saylı mənzilinə Cavabdeh istifadə hüququ 2001-ci ilin iyun ayından yaranmışdır. Cavabdeh mənzilin alındığı 2001-ci ilin iyun ayından hal-hazıradək mübahisəli mənzildə ardıcıl, davamlı surətdə yaşadığı üçün İddiaçı hazırkı iddia tələbi təmin oluna bilməz. Bundan əlavə, mübahisəli mənzilinin Cavabdeh tərəfindən İddiaçı bağışlanılması ilə həmin mənzilə Cavabdeh mülkiyyət hüququnun itirilməsinin eyni zamanada onun həmin mənzilə istifadə hüququnun da itirlməsinə dair dəlili heç bir halda əsaslı hesab oluna bilməz. Belə ki, əvvəla tərəllər arasında bağlanmış bağışlama müqaviləsində Cavabdeh bağışlanan mənzildən istifadə hüququna xitam verilməsi və ya mənzili tərk edəcəyi barədə öhdəlik götürməmişdir. Digər tərəfdən isə, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4-cü maddəsində göstərilir ki, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Vəkil2 məhkəməyə bildirdi ki, tərəflər arasında bağlanmış sonuncu bağışlama müqaviləsi 2009cu ildən sonra bağlandığından, hazırkı mübahisəli hüquq münasibətinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tərbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. Vəkil1 eyni zamanda məhkəməyə bildirdi ki, mübahisəli hüquq münasibətinə 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60 və 123-cü maddələrinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında göstərdi ki, o, İran İslam Respublikasının vətəndaşıdır. 1996-cı ildə Azərbaycan Respublikasına gəlmiş və burda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 1999-cu ildə İddiaçı ilə tanış olmuş və iki il sonra onlar nişanlanmışlar. Nişanladığı zaman İddiaçı valideynləri onun qarşısında şərt qoymuşdurlar ki, o, Pərvanə xanımın adına ev alsın. O, xarici vətəndaş olduğuna görə onsuzda həmin evi öz adına ala bilmirdi. 2001-ci ilin iyun ayında o, mübahisəli mənzili 15000 ABŞ dolları qiymətinə almış və İddiaçı adına rəsmiləşdirmişdir. Mənzili aldıqdan sonra o, mənzilin təmirinə 14000 ABŞ dolları xərcləyib, mənzili təmir etdirib, özü həmin evə köçüb yaşamağa başlamışdır. xx.xx.2002-ci il tarixdə onlar rəsmi nikaha daxil olmuş və həmin tarixdən İddiaçı da mübahisəli mənzilə köçüb orada yaşamağa başlamışdır. Bu günə qədər də hər ikisi uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşayır. 2016-cı ildə onun Azərbaycan Respublikasında daimi yaşaması üçün müəyyən maneələr yaranmış və bu səbəbdən İddiaçı mübahisəli evi ona bağışlamış və ev onun adına rəsmiləşdirilmişdir. 2017-ci ildə aralarındakı münasibətlər gərginləşmiş, Pərvanə xanım məhkəməyə nikahın pozulması üçün müraciət etmiş və o, İddiaçı həmin fikirdən daşındırmaq üçün yenidən mübahisəli mənzili ona bağışlamışdır. Buna baxmayaraq aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, lakin onlar yenə də birlikdə yaşamağa davam etmişlər. Hal-hazırda münasibətləri yaxşıdır, barışmağa və ailənin tam olaraq bərpa olunmasına doğru müəyyən addımlar atılır. Məhkəmə tərəflərin izahatlarını dinyəlib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli mənzil 2001-ci ildə Cavabdeh tərəfindən alınmış, həmin vaxtdan Cavabdeh həmin mənzilə köçərək orada yaşamış, xx.xx.2002-ci il tarixdə tərəflər rəsmi nikaha daxil olduqdan sonra İddiaçı da mübahisəli mənzilə köçmüş və hal-hazıradək, nikahları sonuncu bağışlama müqaviləsi bağlandıqdan sonra pozulsa belə, hər ikisi mübahisəli mənzildə yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Mənzil münasibətlərinin tərkib hissəsi olan yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsi qaydaları Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmişdir. Belə ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (MM-in 228.1 və 228.2-ci maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, 2000ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin hallarından göründüyü kimi tərəflər arasında hüquq münasibətləri xx.xx.2000-ci il tarixdən sonra yaranmışdır. Ona görə də mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bununla bağlı nəzərə alınmalıdır ki, «mülkiyyətçinin razılığı» müddəasına verilmiş şərh Mülki Məcəllənin 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız «digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir» müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Bu mənada nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, Mülki Məcəlləsinin 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri Mülki Məcəllənin 228.5-ci maddəsinin təsir dairəsinə düşmür Hazırkı iş üzrə cavabdeh – Cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı ailə üzvü kimi mülkiyyətçinin razılığı ilə mübahisəli mənzildə uzun illər ərzində yaşadığından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən onun həmin mənzilə mülkiyyətçi ilə bərabər istifadə hüquqları yaranmış və onun mənzilə olan hüquqlarının itirilməsi və mənzildən çıxarılmasına yanız mülkiyyətçinin təklif etdiyi bazar qiyməti ilə kompensasiya ödənilməsi şərti ilə yol verilir. Məhkəmə İddiaçı mənzil ona Cavabdeh tərəfindən sonuncu dəfə bağışlanarkən onun həmin mənzilə dair bütün hüquqlarından mülkiyyətçinin xeyrinə imtina etməsi barədə dəlili ilə də razılaşmır. Belə ki, Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Cavabdeh mübahisəli mənzili sonuncu dəfə İddiaçı bağışlayarkən üzərinə hər hansı öhdəlik götürməmiş, bu da işin mübahisəsiz hallarındandır. Məhkəmə Cavabdeh İddiaçı qarşı mübahisəli mənzilə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbinin hər hansı hüquqi əsası yoxdur. Belə ki, mübahisəli mənzil Cavabdeh tərəfindən alınmış olsa da, o, iradəsini ifadə edərək həmin mənzili İddiaçı bağışlamış və həmin bağışlama müqaviləsi bu gün də qüvvədədir. Belə olan halda mübahisəli mənzilə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi üçün hal-hazırda qanuni bir əsas mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri rədd edilməli, ilk və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün tərəflərin ödəmiş olduqları dövlət rüsumlarının məbləğləri onların özlərinə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. İlk və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün tərəflərin ödəmiş olduqları dövlət rüsumlarının məbləğləri onların özlərinə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1901/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1901/2020
26.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver