Məhkəmə qərarları › İş №2(001)-1906/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1906/2025

14.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1906/2025 14.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsini və Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon MKTB mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 02 mart 1998-ci il tarixli 040127 nömrəli orderə əsasən ev 31, 7 mkr, mənzil 5, 12,17 kv.metr 1 otaqlı ev verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinin 14 mart 2001-ci il 21 nömrəli arayışına əsasən o, həqiqətən qızı ev 31, 7 mkr, mənzil 5, 12,17 m2 olan 5 nömrəli mənzildə yaşayır. Mənzilin icarədarı X7r. X6 ailəsi 3 nəfərdən ibarət olmaqla, onlardan daimi qeydiyyatda olanlar o, X14 və X3r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı şəhər Ərazi idarəsinə və ASAN xidmət mərkəzlərinə ünvanlanmış 13 oktyabr 2022-ci il tarixli müraciətində ünvan 3 ünvanda yerləşən mənzil mərhum X6 adına olmuş, lakin həmin mənzilə dair mülkiyyət hüququ onun ölümünə qədər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və göstərilənlərlə əlaqədar olaraq ev 31, 7 mkr, mənzil 5 ünvanında yerləşən mənzilə dair mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının 1 noyabr 2022-ci il tarixli çıxarışında Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının 13 fevral 1998-ci il 1 nömrəli protokolu təsdiq edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınım Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 31 saylı evin, 5 saylı mənzil üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bildirmək istəyir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Ağdam rayonunun Gülablı kəndindən məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, 7- Mkr, ərazisində yerləşən 31 saylı evin 5 nömrəli mənzildə müvəqqəti məskunlaşmışlar. X1 2015-ci ildə, X8 isə 2011-ci ildə ailə həyatı qurublar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının hüquqları pozulub, mənzilə dair çıxarış əldə edə bilmir. Cavabdehlər qərəzli olaraq şərait yaratmırlar ki, dövlət qurumun əməkdaşları tərəfindən ölçü işləri aparılaraq, mənzilin sxemi çəkilsin. Cavabdehlər məcburi köçkündürlər, onlar mənzillə təmin olunana qədər yaşamaqlarına etiraz etmir, lakin iddiaçı çıxarış əldə edə bilmədiyi üçün hazırkı iddia ilə müraciət etmişlər. İddiaçının həyat yoldaşının adına order olmuş, o, da rəhmətə gedib. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsinin (vəkil) göstərdiyi xüsusatları təsdiq edərək, izahatında göstərmişdir ki, mübahisəli ev onun həyat yoldaşına verilən evdir. Sonra həyat yoldaşı vəfat etdi. O, evə çıxarış almaq istəyir, lakin cavabdehlər ölçü işlərinin aparılmasına imkan vermirlər. O, özü şəkər xəstəsidir. Hazırda qızının evində yaşayır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onun övladlarıdır və onlar yekinlik yaşına çatıblar. Onlar 1992-ci ildə həmin evə köçəndə boş idi, heç qapı pəncərəsi yox idi. Onlar mərhumun özü ilə yox, onun yeznəsi ilə əlaqə saxlayıb evi götürmüşlər. O, həmçinin göstərmişdir ki, onlar, evi zəbt etməmişlər, həmin evə onlar 1992-ci ildə qaçqın kimi yerləşdirilmişlər. İddiaçı isə 1998-ci ildə sözü gedən mənzilə order almışdır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil2 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, hazırda həmin mənzildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 yaşayır, digər cavabdehlər ailə qurub həmin mənzildən köçmüşlər. İddia tələbində iddiaçı cavabdehlərin mənzildən çıxarılması tələbi qoymuş, bu səbəblərdən şərait yaradılmır. Maneələrin aradan qaldırılması və cavabdehlərə öhdəlik kimi qoyula bilərdi. İddiaçının hazırkı iddia ilə müraciət etmək subyektiv hüququ yoxdur. İddiaçı həmin mənzildə yaşamır. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi və Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon MKTB nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: 02 mart 1998-ci il tarixli, 040127 nömrəli orderdən görünür ki, X9 və ailə üzvlərinə ünvan 1 ünvanında ümumi sahəsi 12,17 kv/metr olan, 1 otaqlı ev verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin 14 mart 2001-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında ümumi sahəsi 12,17 kv/metr olan, 1 otaqlı mənzildə yaşayır və mənzilin bütün şəraiti var. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 18 yanvar 2011-ci ildə ölmüşdür. Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 11 yanvar 2011-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi, Bakı şəhəri, 7-ci Mkr/n, ev 31, mənzil 5-də yaşayan arvadı İddiaçıdır və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə ilə verilən miras əmlak AB 142152 nömrəli, xx.xx.2008-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, mühərrik: 0198502, ban: 0197654, 1971-ci il buraxılışlı, **-DF-*** dövlət nömrə nişanlı Vaz-2101 markalı minik avtomobilindən ibarətir. Bakı şəhər 11 saylı notariusunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə və ASAN xidmət mərkəzlərinə ünvanlandığı 13 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanda yerləşən mənzil mərhum X6 adına olmuş, lakin həmin mənzilə dair mülkiyyət hüququ onun ölümünə qədər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göstərilənlərlə əlaqədar olaraq ünvan 6 ünvanında yerləşən mənzilə dair mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməsi xahiş edilmişdir. İddiaçı müraciətinə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli məktubdan (arxiv arayışı) görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.1998-ci il tarixli, 1 №-li protokolu təsdiq edilmiş və həmin protokola əsasən 62,B.Ş.İ.H-nə daxil olmuş Binəqədi RİH-nin xx.xx.1998-ci il tarixli, 01-7/64№-li məktubu-“Xəzri” Texniki Quraşdırma İdarəsinin 7-ci mikrorayonda yerləşən 31 №-li ailəvi yataqxanasında yaşayan 45 ailəyə order verilməsinə razılıq verilmişdir. İddiaçı müraciətinə müvəqqəti məskunlaşma komissiyasının sədri Fuad Hüseynov tərəfindən verilmiş cavab məktubunda qeyd edilmişdir ki, Ağdam rayonu, Gülablı kəndindən məcburi köçkün Cavabdeh1 həyat yoldaşı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mkr/n, ərazisində yerləşən 31 saylı evin 5 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. X4 2015-ci ildə, X8 isə 2019-cu ildə ailə həyatı qurmuşlar. Nəzərinə çatdırılmışdır ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Bpöyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq Ağdam rayonunun Gülablı kəndindən olan məcburi köçkün ailələri qeydiyyatda olduqları öz doğma yurdlarına köçürülməsi başlananda, sözügedən ailənin də doğma yurduna köçürülməsi nəzərə alınacaqdır. Köçürülmə zamanı mənzil boşaldılaraq özünüzə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaqdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 106 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli, 25 nömrəli arayışdan görünür ki, 1965-ci il təvəllüdlü Cavabdeh1 məcburi köçkün kimi 1992-ci ildən ailəsi X12 və Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mkr/n, ərazisində yerləşən 31 saylı evin 5 nömrəli mənzilində müvəqqəti məskunlaşmışlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.2 qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin müəyyən edilən hallarından belə görünür ki, 02 mart 1998-ci il tarixli, 040127 nömrəli orderə əsasən X9 və ailə üzvlərinə ünvan 1 ünvanında ümumi sahəsi 12,17 kv/metr olan, 1 otaqlı ev verilmişdir. X14 18 yanvar 2011-ci ildə ölmüş və bununla bağlı Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən isə 11 yanvar 2011-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi, Bakı şəhəri, 7-ci Mkr/n, ev 31, mənzil 5-də yaşayan arvadı İddiaçıdır və o, miras əmlakdan irs almalıdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər 11 saylı notariusunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə və ASAN xidmət mərkəzlərinə ünvanlandığı 13 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanda yerləşən mənzil mərhum X6 adına olmuş, lakin həmin mənzilə dair mülkiyyət hüququ onun ölümünə qədər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göstərilənlərlə əlaqədar olaraq ünvan 6 ünvanında yerləşən mənzilə dair mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməsi xahiş edilmişdir. Hazırda isə iddiaçının tələbinin əsası odur ki, ünvan 1 ünvanına dair çıxarışın alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına ölçü işlərinin aparılması üçün cavabdehlər tərəfindən maneələrin yaradılmasıdır. Bununla bağlı qeyd edilməlidir ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub-pozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, məcburi köçkün statusuna malik olan cavabdehlərin iddiaçıya məxsus olan əmlakı uzun illər ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı hazırda ərindən ona miras qalmış əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuş, eləcə də qeyd edilən mənzilə dair sənədlərin rəsmiləşdirilməsində çətinliklər çəkir. Qeyd edilməlidir ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətində olmasa da, onun həmin əmlaka dair mülkiyyət hüquqları ilə bağlı gözləntisi mövcuddur, və məhz cavabdehlərin həmin mənzildə yaşamaları bu hüquqarın qeydə alınmasında maneələr yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Cavabdehlərin mübahisə predmeti olan əmlak üzərində hər hansı hüquqları yoxdur və onların iddiaçıya məxsus olan əmlakda mülkiyyətçinin iradəsinin əleyhinə qalması, hüquqi əsaslar olmadan oradan istifadə və çıxmaqdan imtina etmələri, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Mülkiyyət hüququ Konstitusiyada təsbit edilmiş təməl hüquqlardan biri olmaqla Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanından çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanından çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar