Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1909/2021 08.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının etibarnamə əsasında nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 187 saylı evin 101 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməklə həmin mənzildən məcburi qaydada çıxarılması və 2018-ci ilin yanvar ayından hazırki məhkəmə araşdırması üzrə qəbul ediləcək qətnamənin icra olunduğu günədək olan dövrdə hər ay üçün 250 manat hesablanmaqla maddi zərərin (əldən çıxmış faydanın) cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini və iddia tələbinin həcminin artırılması barədə ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehi 28 yanvar 2002-ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 187 saylı evin 101 saylı mənzilinə yaşayış üzrə qeydiyyat aldırmışdır. O, cavabdehlə 13 dekabr 2002-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Leyla nikah evində nikaha daxil olmuşdur. Bir neçə il birgə təsərrüfat aparsalar da xasiyyətlərinin uyğun gəlməməsindən 09 yanvar 2018-ci il tarixdə nikahları pozulmuş və ona 17 yanvar 2018-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh nikahlarının pozulmasına baxmayaraq bu günə kimi mülkiyyətində olan mənzildə qeydiyyatdadır və orada yaşayır. Cavabdeh onun əmlakına sahiblik, ondan istifadə etmək və hüquqi müqəddəratına dair sərəncam vermə hüququnu kobud şəkildə pozur. O, cavabdehə mülkiyyətindən qeydiyyatdan çıxmağına və mənzilini ona təhvil verməsinə dair dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh buna məhəl qoymur. Belə ki, cavabdeh onun mülkiyyətində qeydiyyatda oduğuna görə müvafiq icra orqanından arayışlar alarkən və digər məsələlərlə bağlı çətinliklərlə üzləşir. Göründüyü kimi, cavabdeh onun evindən çıxmayaraq həmin mənzilin birgə nikah dövründə alınması ilə əlaqədar bölünməsi barədə 08 oktyabr 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, işə baxan məhkəmələr tərəfindən iddiası təmin edilməmişdir. Cavabdehin qeyd olunan mənzildən çıxmaması nəticəsində onun mülkiyyət hüquqları pozulmuş, eləcə də həmin mənzili kirayə verməklə gəlir əldə etməkdən məhrum edilmişdir. Belə ki, qeyd olunan ünvanda bir otaqlı mənzilin kirayə haqqı 200 manatdan başlayır ki, cavabdehin öz qanunsuz hərəkətlərini davam etdirərək, mənzili tərk etməməsi nəticəsində o, həmin mənzili kirayə verib qazanc əldə etməkdən məhrum olunmuşdur. Bu barədə həmin ərazidə fəaliyyət göstərən fiziki şəxs İsmayıl Rəsulov tərəfindən də 26 fevral 2021-ci ildə müvafiq arayış verilmiş, eləcə də "tap.az" və digər saytlarda da həmin ərazidə yerləşən mənzillərin ən azı 200 manatdan olmaqla kirayə verilməsi ətraflı qeyd edilmişdir. Hesab edir ki, cavabdeh nikah pozulandan sonrakı müddətdə mənzili könüllü tərk etmədiyinə görə, nikahın pozulması haqqında qətnamənin qanuni qüvvəsini aldığı 2018-ci ilin yanvar ayından hazırki məhkəmə araşdırması üzrə qəbul ediləcək qətnamənin icra olunduğu günədək onun xüsusi mülkiyyətində olan mənzildə yaşamaqda davam etdiyinə görə aylıq 250 manat olmaqla dəymiş zərərin əvəzini ona ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi (vəkili) iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmiş, bildirmişdir ki, qeyd edilən mənzil əslində onun vəsaiti hesabına alınmış, iddiaçının adına rəsmiləşdirilmişdir. Ev alınan zaman onun maddi durumu yaxşı olmuş, hazırda isə maddi imkanı zəifdir, yaşamağa başqa yeri yoxdur. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh iddiaçı ilə 13 dekabr 2002-ci ildə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan övladları olmamışdır. Aralarında olan nikah Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il qətnaməsi ilə pozulmuşdur. İlk öncə qeyd edilməlidir ki, iddiaçı cavabdehlə 13 dekabr 2002-ci ildə rəsmi nikaha girənə qədər faktiki nikahda yaşamışlar və həmin vaxt iddiaçı 21 yaşında olmuş, gənc, heç bir yerdən gəliri olmayan bir xanım olmuşdur. Cavabdeh isə həmin dövrdə böyük imkanlara malik olmuş, mülkiyyətində və istifadəsində qeyri-yaşayış obyektləri olmuşdur. Həmin qeyri-yaşayış obyektləri Kürdəmir rayonunda “rayon bazarı” deyilən ərazidə olmuşdur. Bakı şəhərində isə cavabdeh özünə məxsus olan bir neçə avtobusu icarəyə vermişdir. Cavabdeh yuxarıda göstərilən mənzili öz vəsaiti hesabına əldə etmiş, konstruksiyasında dəyişiklik etmiş, əsaslı təmir işləri aparmışdır. Mənzil cavabdehin vəsaiti hesabına alınsa da lakin iddiaçının adına rəsmiləşdirilmişdir. Bu da iddiaçının cavabdehi mənzildən çıxarması üçün şərait yaradır. Cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. Cavabdeh 2002-ci ildən iddiaçı ilə birlikdə mübahisəli mənzildə yaşadığından və iddiaçı ilə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən və mübahisəli ev cavabdehin yeganə yaşayış yeri olduğundan mənzildən çıxarıla bilməz. Mübahisəli ev cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunduğundan, cavabdehin həmin evdə normal şərtlər daxilində yaşamaq hüququ vardır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 087900 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 187 nömrəli evin 101 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. Bu barədə reyestr kitabında 05 oktyabr 2001-ci il tarixdə qeydiyyat aparılmışdır. AZ-İ seriyalı, 283967 nömrəli nikahın pozulması haqqında şahadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah 17 yanvar 2018-ci il tarixdə pozulmuş, nikah pozulduqdan sonra qadına Ağarzayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 22 dekabr 2020-ci il tarixli arayışından görünür ki, X5 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 187 saylı evin 101 saylı mənzilində qeydiyyatdadır. Fiziki şəxs Rəsulov İsmayıl tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq m/s ətrafında o cümlədən Azadlıq prospekti 187, 189, 191-də yerləşən binalarda 1 otaqlı mənzilin kirayə haqqı 200 manatdan başlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(102)- 4330/2021 saylı qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 187 nömrəli evin 101 saylı mənzilində olan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6395/2020 saylı, 09 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2911/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər 13 dekabr 2002-ci il tarixdə nikaha daxil olaraq mübahisəli evdə yaşamış və birgə təsərrüfatlarını idarə etmişlər. Daha sonra aralarındakı münasibətlər korlanmış və 17 yanvar 2018-ci il tarixdə (iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən) nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 187 nömrəli evin 101 saylı mənzilində olan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6395/2020 saylı, 09 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Hazırda iddiaçı cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 187 saylı evin 101 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməklə həmin mənzildən məcburi qaydada çıxarılması və 2018-ci ilin yanvar ayından hazırki məhkəmə araşdırması üzrə qəbul ediləcək qətnamənin icra olunduğu günədək olan dövrdə hər ay üçün 250 manat hesablanmaqla maddi zərərin (əldən çıxmış faydanın) cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir, cavabdeh tərəf isə iddianı qəbul etməyərək mübahisəli mənzildən istifadə hüququnun olduğunu bildirir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olub-olmaması məsələsi araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər 2002-ci ildə yarandığından hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan normaların məzmunundan müəyyən olunur ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmış və tərəflər arasında ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququ saxlanılmışdır. Belə olan halda keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi onun istifadə hüququna xitam verilməsini tələb edirsə bu zaman cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarına mülkiyyətçi tərəfindən ona Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən mənzilin bazar qiymətinə müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının “cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və onun məcburi qaydada mübahisəli mənzildən çıxarılması” barədə iddia tələbi təmin edilə bilməz. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə, həmçinin iddia tələbinin “2018-ci ilin yanvar ayından hazırki məhkəmə araşdırması üzrə qəbul ediləcək qətnamənin icra olunduğu günədək olan dövrdə hər ay üçün 250 manat hesablanmaqla maddi zərərin (əldən çıxmış faydanın) cavabdehdən alınaraq ona ödənilməsi” hissəsi ilə əlaqdar qeyd edir ki, iddia tələbinin bu hissəsi törəmə tələbdir və bu tələbin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “istifadə hüququna xitam verilməsi” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Göründüyü kimi, cavabdehin də mübahisəli mənzildən qanuni əsaslarla istifadə hüququnun mövcudluğu artıq iddianın bu hissədə də təmin edilməməsini şərtləndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1909/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1909/2021
08.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver