Məhkəmə qərarları › İş №2(3-7)-491/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-491/2026

10.08.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-491/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Isgəndərova Aygül Vulqar qızı və X1 ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Cavabdeh Cavabdeh vəkili Vəkil iştirakı ilə, Işin halları

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ###### 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətlərindən görünür ki, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən, ümumi sahəsi 86,6 kvm., yaşayış sahəsi 69,8 kvm ev-mənzil İddiaçı xüsusi mülkiyyətindədir.

3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2016-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsindən görünür ki, Cavabdeh azyaşlı övladları ilə birlikdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən X2, X7 və X3 yaşadıqları fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

4. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabdeh X2 qarşı evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 2(062)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli (hakim S.Hacıyev) qətnaməsi ilə iddianın rədd edilməsi, eləcədə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyası 13, 29, 60-cı maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2, 255.8, 262.2-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 106.1, 107, 119.1, 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya icraatı zamanı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(*-*)-***/**** saylı qərardadı ilə Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddia tələbinin “cavabdehə məxsus əşyaların mənzildən çıxarılması” hissədə ləğv edilmiş və həmin hissədə iddia baxılmamış saxlanılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, ev əvvəllər qaynatasının dostu Nürəddin Mustafayevin mülkiyyətində olmuş, cavabdehdə həmin evə gəlin gəlmişdir. Cavabdeh ərinin əvvəlki arvadı olmuş və 10 il bundan əvvəl məhkəmə qətnaməsi əsasında mənzilə köçürülsədə, lakin sonuncu onlarla birlikdə mənzildə yaşamaq istəməmiş və özü evdən getmişdir. Hazırda da Tovuz rayonunda yaşayır. ## ###### 2023-cü ildən ev onun mülkiyyətinə keçmişdir. Cavabdeh mənzildə yaşamadığı halda məqsədi onlardan kompensasiya almaqdır, hətda bu barədə məhkəməyə müraciət etmiş, lakin iddiası rədd olunmuşdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, cavabdeh Cavabdeh məhkəmə qətnaməsi əsasında mənzilə köçürüldüyündən istifadə hüququna kompensasiya verilməklə xitam verilməlidir.

16. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cabvabdeh məhkəmə iclasına gəlməmişlər. Iddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak edərək izahat vermiş, cavabdeh Cavabdeh isə vəkili vasitəsilə təmsil olunmuşdur. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

19. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

22. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

23. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

26. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

27. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri; 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

33. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasslar 385.1. 1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2016-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə Cavabdeh azyaşlı övladları ilə birlikdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən X2, X7 və X3 yaşadıqları fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qeyd olunan mənzil ## ###### 2023-cü ildən İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdeh mübahisəli mənzilə köçürülməsi qət olunsada, lakin sonuncunun 2016-cı ildən həmin mənzildə yaşamamasını əsas gətirərək iddiaçı Lamiyyə Musayeva hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

40. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir.

41. Kollegiya bununla bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir.

42. Yuxarıda da qeyd olunduğu kimi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2016-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən mənzilə köçürülməsi qət olunmuş və qətnamə icra olunması üçün Tovuz rayon Icra şöbəsinə göndərilmişdir.

43. Hazırkı apellyasiya icraatı zamanı sorğu əsasında Tovuz rayon Icra və Probasiya şöbəsindən alınmış ## #### 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan müəyyən olunmuşdur ki, qətnamə ## #### 2017-ci il tarixdə tam icra olunmuşdur.

44. Hazırkı iddia tələbinin əsaslılığına münasibətdə isə qeyd olunmalıdır ki, “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 1992-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir.

45. Yuxarıda da qeyd olunduğu kimi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2016-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icra olunmasına baxmayaraq həmin iş üzrə tələbkar (hazırkı iş üzrə cavabdeh) Cavabdeh mübahisəli mənzildə yaşamamışdır. Işin qeyd olunan bu halı hazırkı iş üzrə iddiaçının deməsindən əlavə, Cavabdeh cavabdeh X4 qarşı “evdən istifadə hüququnun kompensasiya ilə əvəz edilməsi” tələbinə dair iş üzrə də öz təsdiqini tapır. Belə ki, Cavabdeh həmin iş üzrə iddia ərizəsində qeyd etmişdir ki, “Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən, ümumi sahəsi 86,6 kv metr, yaşayış sahəsi 69,8 kv metr fərdi yaşayış evinə köçürülsədə, lakin sonradan keçmiş həyat yoldaşı başqa qadınla (hazırkı iş üzrə iddiaçıdır) evləndiyinə görə, bir yerdə yaşamaları mümkün olmamış, ona görə də evdən çıxmışdır. Hazırda isə uşaqları ilə birlikdə Tovuz şəhərində kirayədə yaşayırlar”. Həmin iş üzrə apellyasiya icraatı zamanı verdiyi izahatında isə bildirmişdir ki, “mübahisəli evdə yaşaması mümkün deyil, ona görədə istifadə hüququnun əvəzində cavabdeh ona 15000 manat kompensasiya verməlidir ki, özünə ev alsın”. Göründüyü kimi Cavabdeh mübahisəli mənzilə köçürülməsinə baxmayaraq sonuncu həmin mənzildə yaşamaq istəmədiyindən könüllü olaraq mənzildən çıxmışdır.

46. Bu qətnamənin 26-cı bəndində qeyd olunduğu kimi mülki qanunvericilik yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsini nəzərdə tutsada, lakin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

47. Kollegiya hazırkı mübahisənin həllinə yuxarıda şərh olunan könteksdə hüququ qiymət verərək qeyd edir ki, hazırkı iş üzrə cavabdeh Cavabdeh 2016-cı ildə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən mənzilə köçürülməsini zəruri edən, yəni yaşayış sahəsinə ehtiyacının olması əsasıyla köçürülsədə, lakin sonuncu həmin mənzildə yaşamaqdan könüllü imtina etmiş və özünün deməsinə görə də həmin vaxtdan uşaqları ilə birlikdə mənzildən çıxaraq başqa yerdə yaşamışdır.

48. Ona görə də kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, cavabdeh Cavabdeh Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsinə dair iddia təmin edilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv olunsun. Iş üzrə yeni qətnamə qəbul edilsin. Mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbinə dair iddia təmin edilsin. Cavabdeh Cavabdeh Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən, ümumi sahəsi 86,6 kv metr, yaşayış sahəsi 69,8 kvm. olan mənzildən istifadə hüququna kompehsasiya ödənilmədən xitam verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar