Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-941/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində - qeydiyyat tarixi ##.##.2023 olan, qeydiyyat nömrəsi 2223007154, reyestr nömrəsi 802013072107- 10301 olan, daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində dövlət qeydiyyatına alınmış Çıxarış və Texniki Paspoıt əsasında, Lənkəran şəhəri, Azad Mirzəyev küçəsi, ev 64 (Yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən 0,04 ha. torpaq sahəsinin üzərində yerləşən 104,8 kv.m. yaşayış sahəsindən cavabdeh cavabdeh2 yaşayış-istifadə hüququna xitam verilməsi və çıxarılması, cavabdeh1 çıxarılması və iddiaçının qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə (hakim Anar Pənahov) iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun tərəfindən torpaq sahəsi üzərindəki evdən cavabdehlərin yaşayış istifadə hüququna xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılıb sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi 2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhz iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra, cavabdehlər tərəfindən ona qarşı “miras əmlakda məcburi payın pozulmasına görə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və məcburi payın vərəsələrə verilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişlər. Lənkəran Rayon Məhkəməsinin qənaətinə görə həmin iddia və mübahisə hazırkı işin nəticəsi ilə birbaşa əlaqəli olduğundan müvafiq qərardad əsasında iş üzrə icraat dayandırılmışdır. Hazırkı iş üzrə cavabdehlər tərəfindən “Miras əmlakda məcburi payın pozulmasına görə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və məcburi payın vərəsələrə verilməsinə dair” iddia ərizəsi üzrə uzun sürən məhkəmə çəkişmələrindən sonra hər üç instansiya, Lənkəran Rayon Məhkəməsinin, Şirvan Apellyasiya Məhkəməsinin və eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən təmin edilməmişdir. Qətnamə və Qərar öz hüquqi qüvvəsini aldıqdan sonra hazırkı iş üzrə icraat yenidən baxışa verilməklə təzələnmişdir. Göründüyü kimi bu məhkəmə çəkişmələrinin müddəti və vaxtı bir neçə ay davam etmişdir. Hətta bir ilə qədər vaxt aparmışdır. Bu müddət ərzində də o dolanışığını təmin etmək məqsədi ilə işləmək üçün məcburi olaraq Rusiya Federasiyasına getməli olmuşdur. Bununla əlaqədar, iş üzrə icraat təzələnməklə ##.##.2026-cı il saat 09.40-a təyin edilmiş məhkəmə baxış iclası zamanı o, Rusiya Federasiyasında olduğu üçün məhkəmə iclasından məlumatlı olmamışdır. Üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Eyni zamanda, keçirilən məhkəmə proseslərində onun tərəfindən iddia ərizəsinə dair izahat verdiyi zaman da bildirmişdir ki, öz əmlakından sərbəst istifadə edə bilmir. Cavabdehlər onu öz əmlakına daxil olmağa imkan vermir. Əmlakını məhv etməyə davam edirlər. Lənkəranda mülkü və evi ola ola kirayələrdə və otellərdə yaşayır. Bununla əlaqədar qeydiyyat ünvanına gələn məktublardan da vaxtında məlumatlı olmur. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki iş materialları ilə birlikdə baxılması üçün, Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə Şirvan Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlayarkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxış iclasının vaxtı və yeri barədə tərəflər qanunamüvafiq qaydada məlumatlandırılmışlar. Lakin iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər, onlar məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər (elektron kabinet vasitəsi ilə də). Cavabdeh cavabdeh2 məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. İddiaçı İddiaçı məhkəmə iclasına gəlmədiyindən və iddia tələbini müdafiə etmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işin bu hallarını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab etmişdir ki, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi qeyd edilən maddəyə istinad edərək mülki işin baxılmamış saxlanılması nəticəsinə gəlsə də, bu maddənin tətbiqi üçün zəruri olan heç bir hal mövcud olmamışdır. Belə ki, iddiaçı İddiaçı hazırkı iddia ərizəsi ilə ## ###### 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İş məhkəmənin icraatına daxil olduqdan sonra hazırlıq iclası ## ###### 2025-ci il tarixə təyin edilmiş, həmin məhkəmə iclasında iddiaçı İddiaçı, cavabdehlərin nümayəndəsi və vəkili iştirak etmişlər. Həmin iclasda tərəflərin iştirakı ilə iş üzrə prosessual məsələlər müzakirə edilmişdir. Daha sonra məhkəmə baxışı ## ###### 2025-ci il tarixə təyin edilmiş və həmin məhkəmə iclasında da iddiaçı iştirak etmiş, iddia tələblərini müdafiə etmişdir. Sonrakı məhkəmə baxışı ## #### 2025-ci il tarixə təyin edilmiş, həmin iclasda da iddiaçı iştirak etmişdir. İş materiallarından görünür ki, daha sonra iş ## ##### 2025-ci il tarixə məhkəmə baxışına təyin edilmiş, həmin tarixdə cavabdehlər tərəfindən iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim edilmişdir. Cavabdehlərin vəsatəti onunla əsaslandırılmışdır ki, hazırkı işin həlli digər mülki iş üzrə qəbul ediləcək məhkəmə aktından asılıdır. Belə ki, cavabdehlər tərəfindən iddiaçıya qarşı “miras əmlakda məcburi payın pozulmasına görə ## ###### 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və məcburi payın vərəsələrə verilməsi” tələbinə dair iddia qaldırılmışdır. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli qərardadı ilə həmin mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. Sonradan icraatın dayandırılmasına səbəb olan həmin mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin qətnaməsi, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə iddia təmin edilməmiş, qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəyə minmişdir. Bundan sonra hazırkı iş üzrə icraat təzələnmiş və iş üzrə məhkəmə baxışı ## #### 2026-cı il tarixə təyin edilmişdir. Lakin həmin tarixdə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Göründüyü kimi, iddiaçı əvvəlki məhkəmə iclaslarında dəfələrlə iştirak etmiş, iddia tələblərini müdafiə etmiş və işin mahiyyəti üzrə baxılmasında maraqlı olduğunu nümayiş etdirmişdir. İş üzrə icraatın uzun müddət davam etməsi və dayandırılması isə iddiaçının hərəkətsizliyi ilə deyil, digər mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməsinin gözlənilməsi ilə əlaqədar olmuşdur. Odur ki, yalnız icraat təzələndikdən sonra təyin edilmiş ## #### 2026-cı il tarixli məhkəmə iclasında iddiaçının iştirak etməməsi MPM-in 259.0.7-ci maddəsində nəzərdə tutulan “məhkəmənin birinci çağırışında gəlməmə” halı kimi qəbul edilə bilməz. Bundan əlavə, uzun müddət məhkəmənin icraatında olmuş, tərəflərin prosessual hüquqlarını həyata keçirdiyi və artıq məhkəmə araşdırması mərhələsinə keçmiş iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması tərəfin məhkəməyə müraciət etmək və hüquqlarını məhkəmə qaydasında müdafiə etmək hüququna qeyri-mütənasib məhdudiyyət yaradır. Məhkəmə tərkibi qeyd edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması prosessual qənaət məqsədi daşısa da, bu institut tərəfin məhkəmə müdafiəsi hüququnun mahiyyətini aradan qaldıracaq şəkildə tətbiq edilə bilməz. Hazırkı halda isə iddiaçının əvvəlki davranışı onun iddiadan imtina etmədiyini və işin mahiyyəti üzrə həllində maraqlı olduğunu göstərmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iddiaçının uzun müddət davam edən məhkəmə araşdırması çərçivəsində öz hüquqlarını həyata keçirməsi, iş üzrə əvvəlki məhkəmə iclaslarında iştirak edərək mövqeyini bildirməsi və iddia tələblərini müdafiə etməsi nəzərə alınmadan, yalnız sonradan keçirilmiş bir məhkəmə iclasında iştirak etməməsinə görə iddia ərizəsinin baxılmamış saxlanılması onun məhkəmə müdafiəsi hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə tərkibi yuxarıda qeyd edilən halları ümumiləşdirərək qeyd etməyi lazım bilir ki, MPM-in 259-cu maddəsi iddia ərizəsinin baxılmamış saxlanılmasının konkret dairəsini müəyyən edir. Yəni məhkəmə ancaq bu maddələrdə göstərilən konkret hallar olduqda işi baxılmamış saxlaya bilər. Lakin hazırkı mülki iş üzrə 259-cu maddəsində sadalanan halların heç biri mövcud olmamışdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə tərkibi QƏRARA ALDI: İddiaçı İddiaçı şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-941/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-941/2026
27.07.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver