Məhkəmə qərarları › İş №2(001)-1949/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1949/2020

28.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1949/2020 28.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı mülkiyyətin qanunsuz sahiblikdən götürülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən qanunsuz zəbt olunmuş Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü mədənə gedən asfalt yolun üzərində yerləşən torpaq sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi, həmçinin həmin torpaq sahəsində inşa edilən tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazinin ilkin vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 2005-ci ildə yaşayış təminatını yaxşılaşdırmaq üçün faktiki istifadəsində olan 600 kv.metr torpaq sahəsini mülkiyyətinə keçirmək və bu sahədə fərdi yaşayış evi tikdirmək qərarına gəlmiş, müvafiq ərizə ilə Xocəsən Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin xx xxxx 2005-ci il tarixli, 13/39 saylı qərarı ilə həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə onun mülkiyyətinə keçirilməsi qərara alınmışdır. O, torpaq sahəsinin hər kvadrat metri üçün 4000 manat (köhnə məzənnə) olmaqla ümumilikdə ******* manat pul ödəmişdir. Torpaq sahəsinin cizgizi bələdiyyə əməkdaşları tərəfindən çəkilmiş, möhürlə təsdiq edilərək ona təqdim edilmişdir. Lakin, həmin ərəfədə maddi imkanı kifayət etmədiyindən o, ərazini nə hasara ala,nə də orada tikinti işləri apara bilməmiş, buna baxmayaraq, mütəmadi olaraq ora getməklə əraziyə nəzarət etmişdir. 2019-cu ilin aprel ayında yenidən torpaq sahəsinə baxmağa getmiş, orada fərdi yaşayış evi tikildiyinin, evin dam örtüyünün də bağlandığının, lakin təmir olunmamış vəziyyətdə olduğunun şahidi olmuşdur. Bu zaman, yaxınlıqdakı evlərdən 1 nəfər qadın ona yaxınlaşaraq nəyə baxdığını soruşmuş, o, özünə məxsus torpaq sahəsindəki evin kim tərəfindən tikildiyini maraqlandıqda həmin qadın torpaq sahəsinin onun mərhum qardaşına məxsus olduğunu, onun tərəfindən başqa şəxsə satıldığını demişdir. O, həmin qadına torpağa dair onda sənədlər olduğunu dedikdə, həmin qadın onun da sənədləri olduğunu demişdir. Beləliklə, onlar məsələyə aydınlıq gətirilməsindən ötrü Xocəsən Bələdiyyəsinə getmiş, orada əvvəllər tanımadığı, sonradan adının Zeynəddin olduğunu bildiyi şəxs ona yaxınlaşıb torpaq sahəsindəki evin onun tərəfindən tikdirildiyini bildirib evin tikilməsinə çox pul xərclədiyini, buna görə də, torpaq sahəsinin dəyərini ödəməyə hazır olduğunu, bu məzmunda razılşamağı təklif etmişdir. Həmçinin, Zeynəddin torpaq sahəsini onunla birlikdə bələdiyyə binasına gəlmiş, adının sonradan Səlvi olduğunu bildiyi qadından 3000 manata aldığını bildirmişdir. Bu zaman bələdiyyədə işləyən əməkdaşlardan biri Səlviyə “biz məsələnin belə bitəcəyini sənə demişdik” ifadəsini işlətmiş, o, özünə məxsus torpaq sahəsinin qanunsuz zəbt olunmasından bələdiyyənin xəbərdar olduğu nəticəsinə gəlmişdir. Buna baxmayaraq, Zeynəddinin təklifini qəbul etmiş, lakin həmin andan bir neçə ay müddətində Zeynəddin ona heç bir ödəniş etmədiyindən o, hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi səlahiyyətli nümayəndəsi vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmasından bələdiyyənin məlumatsız olduğunu, iddiaçının dediyinə görə bələdiyyənin inzibati binasında hansısa əməkdaşın “biz məsələnin belə bitəcəyini sənə demişdik” ifadəsini işlətməsinə görə hazırki tələbdə bələdiyyənin cavabdeh kimi göstərilməsinin əsassız olduğunu göstərmişdir. Digər Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 13/39 saylı qərarından görünür ki, bələdiyyənin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(001)-1949/2020 saylı qərardadına əsasən, İddiaçı ayrılmış torpaq sahəsinin sərhədlərinin və Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin İddiaçı məxsus torpaq sahəsinə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 10/819 nömrəli müvafiq rəyində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 13/39 saylı qərarı ilə İddiaçı ayrılmış, iş materiallarında olan “ərazinin cizgisi”ndə göstərilən 600 kv.metr ölçülü torpaq sahəsinin sərhədləri iş üzrə mübahisələndirilən ərazidən keçir. Cavabdeh1 tərəfindən inşa edilmiş tikili İddiaçı ayrılmış, iş materiallarında olan “ərazinin cizgisi”ndə göstərilən 600 kv.metr torpaq sahəsinə düşür. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının qanuni sahibliyində olan torpaq sahəsi Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt tedilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir in-san tək-ba-şı-na və ya baş-qa-la-rı ilə bir-lik-də əm-la-ka sa-hib ol-maq hü-qu-qu-na ma-lik-dir. Heç kim öz əm-la-kın-dan öz-ba-şı-na-lıq-la məh-rum edil-mə-mə-lidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, sadalanan hüquq normalarına istinadən hesab edir ki, İddiaçı iddiası Cavabdeh1 tərəfindən qanunsuz zəbt olunmuş Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü mədənə gedən asfalt yolun üzərində yerləşən torpaq sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi, həmçinin həmin torpaq sahəsində inşa edilən tikilinin Cavabdeh1 hesabına sökülməsi, ərazinin ilkin vəziyyətə qaytarılmasına hissəsində təmin edilməlidir. İddia tələbinin Xocəsən Bələdiyyəsinə qarşı yönələn hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, işin halları ilə sübut olunur ki, iddiaçıya məxsus torpaq sahəsi Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edilmiş, Cavabdeh1 həmin torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi mövcud deyildir. Belə olan halda iddianın tikilinin sökülməsi hissəsində Xocəsən Bələdiyyəsinə yönəlməsinə heç bir əsas yoxdur və ya buna dair iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut əlavə edilməmişdir. Buna görə də, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 10 manat məbləğində pul vəsaitinin 7 manat hissəsi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 13/39 saylı qərarı ilə İddiaçı ayrılmış, Cavabdeh1 tərəfindən qanunsuz zəbt olunmuş Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü mədənə gedən asfalt yolun üzərində yerləşən torpaq sahəsi İddiaçı sahibliyinə və istifadəsinə verilsin, həmçinin həmin torpaq sahəsində inşa edilən tikili Cavabdeh1 hesabına sökülsün, ərazi ilkin vəziyyətə qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun əvəzi qismində 7 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı verilsin. Məhkəmə tikinti–texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar