Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1972/2025 30.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “yaşayış sahəsindən əsassız istifadəyə son verilməsi, mənzildən çıxarılma və mülkiyyətçinin mənzilə köçürülməsi” barədə ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əsassız varlanma və maddi zərər” barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən əsassız istifadəyə son verilməsi, mənzildən çıxarılma və mülkiyyətçinin mənzilə köçürülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 56 kv.m olan 1 otaqlı, 78 saylı mənzildən çıxarılması və onun mülkiyyəti olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 56 kv.m olan 1 otaqlı, 78 saylı mənzilə köçürülməsi və həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 56 kv.m olan 1 otaqlı, 78 saylı mənzil xx.xx.2013-cü il tarixdən etibarən mülkiyyət hüququ əsasında ona məxsusdur. Tək oğlu İlkin Qaffarov cavabdehlə xx.xx.2014-cü il tarixində ailə həyatı qurduqdan sonra evi onların istifadəsinə vermişdir ki, rahat yaşasınlar. O da öz həyat yoldaşı ilə hərdən qonaq gəlib, nəvələri ilə oynasın. Lakin cavabdeh lütfünün qarşılığında ərini, yəni onun oğlunu evə buraxmır, həyat yoldaşını, onu öz evinə buraxmır. Cavabdeh ona məxsus mənzilin kilidini dəyişməklə, onu öz mənzilindən məhrum qoyub. Cavabdeh oğluna qarşı Binəqədi məhkəməsində nikahın pozulmasına dair iddia qaldırıb. Yaxşı ərindən boşanır onu anlayır, onun evini niyə boşaltmır və illərlə əziyyət çəkib aldığı 1 otaqlı mənzilinə onu niyə buraxmır. O, həmin mənzili özü narahat yaşasa da olar, oğlunun ailəsi rahat yaşasın deyə onlara vermişdir. Oğlu evdən qovulsun, qapının kilidi dəyişsin, o, öz mənzilinə girə bilməsin deyə verməmişdir. Cavabdeh oğlunu evdən qovubsa, qapının kilidini dəyişibsə, onu və həyat yoldaşını mənzilinə buraxmırsa, nikahı pozmaqla ailə münasibətlərinə xitam verirsə, mənzilini də versin də. O, həyat yoldaşı ilə yaşlı vaxtlarında xəstə vaxtlarında öz mənzillərinə girə bilməməsi ədalətli ola bilərmi. Qapının kilidini dəyişməklə mənzilin mülkiyyətçilərini mənzilə buraxmamaq nə deməkdi. Cavabdehə münasibətdə ondan özünün saxlanmasını tələb etmək hüququ yoxdur. Cavabdehin ona məxsus mənzildə yaşaması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndirilib. O, mənzilini oğlunun ailəsinə yaşamaları üçün vermişdir, oğlunu, onu, həyat yoldaşını evə buraxmayan, nikahı pozub oğlundan boşanan qadına verməmişdir. Cavabdeh qarşlıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciə edərək, əsassız varlanmaya görə 22000 manat, maddi zərərə görə 7929 manat olmaqla, ümumilikdə 29929 (iyirmi doqquz min doqquz yüz iyirmi doqquz) manat məbləğində pulun, ödənilmiş 180 manat məhkəmə rüsumunun, 120 manat vəkil xərcinin İddiaçı tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, o, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu X8 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı iki övladları dünyaya gəlmişdir. Nikahları Binəqədi Rayon Məhkəməsinin e-2(001)-381/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Ailə həyatı qurduqdan sonra hazırda övladları ilə birlikdə yaşadıqları ünvan 1 ünvanında yerləşən 78 saylı mənzilə gəlin köçmüşdür. Qaynatası İddiaçı həmin mənzilin 2013-cü ildə oğlu İlkin Qaffarov üçün aldığını, dolayısı ilə onun ailəsi üçün, onlar üçün alındığını dəfələrlə bildirmişdir. Həmçininn o, mənzilin ipoteka yolu ilə o dövrdə təxminən 55000 manata alındığını və hər ay Nikoyl Banka kredit ödədiyini bildirdi. Belə oldu ki, 2018-ci ilin yay aylarında qaynatasının işlədiyi yerdə vəzifəsi aşağı salındı və onun aldığı aylıq əmək haqqı da təbii olaraq azaldı. Bundan sonra, o, mənzilin kredit ödənişlərini etməkdə çətinlik çəkirdi. Həmin dövrdə o, işlədiyi üçün əmək haqqı alırdı və mənzilin aylıq ödənişlərinin bir qismini o, edirdi. Belə ki, hər ay müxtəlif məbləğdə olmaqla mənzilin ödənişləri üçün təxminən 2000 manat ödəmişdir. Artıq 2019-cu ilin oktyabr ayı idi və mənzilə görə Banka 20000 manat borc qalmışdı. O da qaynatasının ödənişlər etməkdə çətinlik çəkdiyini, mənzilin də onların olduğunu nəzərə alaraq qərara gəlmişdir ki, əmək haqqı aldığı Azərbaycan Beynəlxalq Bankından 20000 manat kredit götürüb və mənzilə görə banka olan krediti tam bağlasın. Beləliklə, xx.xx.2019-cu ildə ABB-dən 20000 manat kredit götürmüş və evin kreditini xx.xx.2019-cu ildə tam bağlamışlar. Həmin 20000 manat kreditə görə hər ay 498,75 manat olmaqla, ümumilikdə 27929 manat onun əmək haqqı kartından vəsait tutulmuşdur. O, mənzilin kredit borcunu ödədikdən sonra qaynatası mənzilin onlara məxsus olduğunu bildirmiş və evin sənədlərini, banka edilmiş ödənişin qəbzini ona vermişdir. Onlar o evdə 2013-cü ildən keçmiş həyat yoldaşı və 2 övladı ilə birlikdə yaşayırdılar. Onun keçmiş həyat yoldaşı ilə nikahları xx.xx.2025-ci il tarixində məhkəmə qaydasında pozulduqdan sonra hazırkı iş üzrə qarşılıqlı cavabdeh (qaynatası) onun mənzildən çıxarılmasını tələb edir. Belə olan halda cavabdeh İddiaçı Cavabdeh xeyrinə 22000 manat məbləğində əsassız varlanmış olur. Odur ki, cavabdeh həmin məbləği geri qaytarmalıdır. Eyni zamanda Cavabdeh həmin 22000 manatın 20000 manat hissəsini başqa Bankdan kredit götürmüş və buna görə ümumilikdə 7929 manat faiz ödəmişdir. Beləliklə həmin məbləğdə əlavə maddi ziyan dəymişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddiaya etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə ilkin cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbində qeyd etdikləri ilə razı deyildir, iddia tələbi əsassızdır. Qarşılıqlı iddia ərizəsində ilkin İddiaçı, ilkin Cavabdeh ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 56 kv.m olan 1 otaqlı 78 saylı mənzili 2013-cü ildə oğlu İlkin Qaffarov üçün alındığını dəfələrlə bildirdiyi qeyd edilir. Bildirirlər ki, ilkin cavabdeh məhkəməyə səhv məlumat verir. İddiaçı belə bir şey deməyib. Bunu deməyə də ehtiyac yox idi. Aldığı mənzili oğlu üçün alan ata, həmin mənzili oğlunun adına rəsmiləşdirərdi. Daşınmaz əmlaklara sərəncam forması qanunvericilikdə yazılıb. İlkin cavabdeh bilməlidir ki, sözügedən mənzil İddiaçı illərlə işləyib aldığı mənzildir. Öz adına rəsmiləşdirdiyi mənzili, nə dolayısı ilə, nə də birbaşa heç kim bizimdir deyə bilməz. İlkin Cavabdeh, İddiaçı həmin mənzilin ipoteka yolu ilə 55000 manata aldığını, Nikoil Banka kredit ödədiyini qeyd edir. Bildirirlər ki, ilkin cavabdeh məhkəməyə səhv məlumat verir. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 56 kv.m olan 1 otaqlı 78 saylı mənzil ipoteka ilə yüklü edilməyib. İlkin Cavabdeh, İddiaçı mənzilin kredit ödənişlərini etməkdə çətinlik çəkdiyini, mənzilini aylıq ödənişlərinin bir qisminin özünün etdiyini, mənzilin ödənişləri üçün təxminən 2000 manat ödədiyini, 2019-cu ilin oktyabr ayında mənzilə görə Banka 20.000 manat borc qaldığını, qaynatasının ödənişləri etməkdə çətinlik çəkdiyini, mənzilin də onların olduğunu nəzərə alaraq, xx.xx.2019-cu il tarixdə ABB-dan 20000 manat kredit götürüb və evin kreditini xx.xx.2019-cu il tarixdə tam bağladığını, 55000 manata alınan evin 22000 manatının özünün ödədiyini qeyd edir. İlkin cavabdeh məhkəməyə səhv məlumat verir. Həmin mənzil ipotekada olmayıb. İddiaçı banka olan kredit borcu, mübahisə predmeti mənzil ilə yüklü olmayıb. Məhkəməyə təqdim olunmuş qəbzdən də görünür ki, kredit borcunu Banka İddiaçı özü ödəyib. Anlaşılan deyil ki, ilkin cavabdeh ABB-dən götürmüş olduğu və özünün maaşından ödədiyi kredit borcu ilə, qaynatanın ipoteka predmeti olmayan, bankda yüklü olmamış mənzili arasında səbəbli əlaqə qurmaqla mənzilə necə mülkiyyət hüququ əldə etmək istəyir?.. Hanı bu iddianın hüquqi əsası?... İlkin cavabdehin keçmiş qaynatasına qarşı əsassız iddiasının əsaslandırması ilə nəticəvi tələbi arasında da hüquqi bağlantı yoxdur. İlkin cavabdeh bu cür nəticəvi tələbi ərlə arvadın ümumi mülkiyyətinə dair mübahisəsində, ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıq təchizetmə və i.a.) müəyyənləşdiyi zaman ər-arvad bir-birinə qarşı irəli sürə bilər. Beləliklə qeyd edilənlərə əsasən ilkin Cavabdeh qarşılıqlı iddiasının heç bir əsası yoxdur, iddia başqasının mülkiyyətinə zorakı şəkildə sahiblənmək xarakteri daşıyır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilk iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin və etiraz ərizəsinin məzmununa uyğun izahat verib, ilk iddianın təmin edilməsini və qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edib və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi və ilk iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələb isə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Cavabdeh onun iş yoldaşıdır. O, Zarinanın Bankdan kredit götürməsinə zamin durmuşdur. Zarina həmin kreditin qaynatasının ipoteka müqaviləsi üzrə borcunun ödənilməsi üçün götürdüyünü ona bildirmişdir. Zarina 20000 manat məbləğində kredit götürmüşdür. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Zarinanın atası ilə onun atası əmiuşağıdırlar. O, Zarina ilə İlkinin talaq, yəni boşanmasında iştirak etmişdir. Həmin vaxt Səbuhi hər şeyini nəvələrinə verəcəyini və 20.000 manatı qaytaracağını bildirmişdir. İlkinin dayısı da orda idi, o da həmin pulun qaytarılmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Zarina ilə ailəvi tanışdırlar. Ağsaqallar Zarina ilə İlkini barışdırmaq üçün bir yerə yığışmışlar, lakin onları barışdırmaq mümkün olmamışdır. Həmin vaxt orada 21.000 manat məbləğində pulun qaytarılması söhbəti olmuşdur. Onlar qarşı tərəfə evi verməyəcəkləri halda, 21.000 manatın qaytarılmalı olduğunu bildirmişlər və qarşı tərəfdə razılaşmışdır. Mülki işin materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1-də yerləşən 56 kv.m olan 78 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və həmin mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1910 nömrəli reyestr kitabının 176196 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 05 aprel 2025-ci il tarixli məlumatın verilməsi barədə məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1b, 96 saylı mənzil Bakı şəhəri 16 saylı DNK-nın 4Ə/3-350 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 12 oktyabr 2010-cu il tarixli 303/232 nömrəli İpoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov küçəsi, 2-ci döngə, 0,12 ha torpaq sahəsində yerləşən 8 nömrəli fərdi yaşayış evini 303/255 nömrəli 12 oktyabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayan "xxxx" ASC-yə ipotekaya vermişdir. 01 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışlardan və "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında 20000 manat məbləğində kredit verilməsinə dair 01 noyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və Cavabdeh borcu Banka tam qaytarmış və ona hesablanmış faizlər ödənilmişdir. Onun həmin kredit xətti müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə Bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyil. 05 noyabr 2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" İKB ASC 8 saylı filialının hesabına 20.330 (iyirmi min üç yüz otuz) manat məbləğində ödəniş edilmişdir. 09 dekabr 2019-cu il tarixli ********** nömrəli ödəmə tapşırığından görünür ki, İddiaçı tərəfindən 31,36 məbləğindən girovdan azadolma məbləği "xxxx" ASC-yə ödənilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış 11 dekabr 2019-cu il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 303/255 saylı kredit müqaviləsini təmin etmək məqsədi ilə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 78 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Hazırda kredit müqaviləsi üzrə xidmət "xxxx" ASC tərəfindən həyata keçirilir. İddiaçı Banka olan kredit borcunu tam ödədiyindən, yuxarıda qeyd edilən daşınmaz əmlakın ipotekadan azad edilməsi və bu barədə Banka rəsmi məlumat verilməsi xahiş edilmişdir. 13 fevral 2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh 05 yanvar 2012-ci il tarixindən bu günədək BP Exploration (Caspian Sea) Ltd. Şirkətində işləyir. Hal-hazırda İnsanlar və Korporativ mədəniyyət departamenti, Ödənişlər və yerli sorğuların icrası üzrə mütəxəssis vəzifəsini tutur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli 2(001)- 381/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X7 arasında xx.xx.2014-cü il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində 413 nömrəli qeyd ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçı Cavabdeh himayəsində saxlanılması və xx.xx.2024-cü il tarixdən başlayaraq, X3 tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,68 misli həddində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. 16 sentyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ilk iddia üzrə İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 15 fevral 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ilk iddiaçının oğlu X7 ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və ailə qurduqdan sonra İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1-də yerləşən 56 kv.m olan 78 saylı mənzildə yaşamışlar və hal-hazırda da orada yaşayırlar. X7 ilə Cavabdeh arasında rəsmi nikah məhkəmə qaydasında pozulmuşdur. Hal-hazırda İddiaçı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzildən çıxarılması və onun həmin mənzilə köçürülərək, həmin mənzilin ona təhvil verilməsini xahiş etmiş, Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciə edərək, mübahisəli mənzilin ipotekada olduğunu və onun həmin mənzilə görə 22000 manat məbləğində pul ödədiyini, 20.000 manat məbləğini Bankdan kredit götürdüyünü və həmin məbləğə görə 7929 manat məbləğində faiz borcu ödədiyini bildirərək, həmin məbləğlərin İddiaçı onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə ilk öncə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “X.Məmmədovu şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması mülki Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Pleniumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mübahisəli mənzil ilk iddia üzrə iddiaçının mülkiyyətində olduğundan və mülkiyyətçi ilə ilk iddia üzrə cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən, ilk iddia tələbi əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı isə hesab edir ki, həmin iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə sübutetmə yükü üzərinə düşən qarşılıqlı iddia üzrə iddiaçı, iddiasının faktiki əsası kimi istinad etdiyi halları – yəni, ünvan 1-də yerləşən 56 kv.m olan 78 saylı mənzilə görə 22000 manat ödədiyini bildirsə də, biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə olan halda isə, onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmənin qənaətinə görə, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş Bankdan 20.000 manat məbləğində kredit götürməsinə dair sənədlər isə özü-özlüyündə fərqli qənaətə gəlmək üçün yetərli deyildir. Belə ki, həmin məbləği qarşılıqlı iddia üzrə cavabdehə verməsi və ya qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan mənzilin ipotekadan azad edilməsi ilə əlaqədar ödəmiş olduğu sübuta yetirilmir. İş üzrə dindirilmiş şahidlərin izahatlarına gəldikdə isə, həmin şahidlərin qeyd edilən məbləğin verilməsinin bilavasitə şahidi olmadıqları müəyyən edilmişdir. Bu mənada şahidlərin izahatları “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi flash diskə yazılmış səs yazısına gəldikdə isə, həmin səs yazısının ilk iddiaçı ilə onun (oğlu X7 və Cavabdeh birgə nikahından doğulan) nəvəsi arasında baş tutan telefon danışığına aid olduğu müəyyən edilmişdir. Səs yazısında azyaşlının səsi aydın olsa da, ilk iddiaçının səsinin aydın eşidilmədiyi və səsin kifayət qədər uzaqdan gəldiyi müəyyən edilmişdir. Bu xüsusat həmin səs yazısının üçüncü şəxs tərəfindən kənardan qeydə alınmış olduğu qənaətinə gəlməyə əsas verir. İlk iddiaçının nümayəndəsi (vəkili) də bu xüsusata əsaslanaraq səs yazısının təmsil etdiyi şəxsə məlumat vermədən gizli şəkildə və kənardan qeydə alındığını vurğulamış və səs yazısının prosessual qanunvericiliyin tələblərinə müvafiq sübut olmadığından qəbul edilməməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, həmin səs yazısı sübut qismində nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 56 kv.m olan 1 otaqlı, 78 saylı mənzildən çıxarılmalı, İddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 56 kv.m olan 1 otaqlı, 78 saylı mənzilə köçürülməli və həmin mənzil ona təhvil verilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əsassız varlanma və maddi zərər” tələbinə qarşılıqlı iddiası təmin edilməməli, ilk və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk və qarşılıqlı iddia üzrə iddiaçıların özünə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İlk iddia təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 56 kv.m olan 1 otaqlı, 78 saylı mənzildən çıxarılsın. İddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 56 kv.m olan 1 otaqlı, 78 saylı mənzilə köçürülsün və həmin mənzil ona təhvil verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əsassız varlanma və maddi zərər” tələbinə qarşılıqlı iddiası təmin edilməsin İlk və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1972/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1972/2025
30.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver