Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1973/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “doğum akt qeydinin bərpa edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: doğumun qeyd edilmə, akt qeydi faktı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti 1.Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum faktını təsdiq edən doğum haqqında şəhadətnamənin (doğum akt qeydinin) bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi Ermənistan SSR, Allahverdi rayonunda doğulması barədə akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. 3.Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1972-ci il tarixdə Ermənistan SSR, Allahverdi rayonunda doğulmuş, məlum hadisələrlə əlaqədar yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Bundan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qaçqın kimi qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi verilmişdir. Məlum olmayan səbəblərdən doğum haqqında şəhadətnamənin əslini itmişdir. Bununla əlaqədar, yeni doğum haqqında şəhadətnamənin verilməsi məqsədi ilə 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona akt qeydinin bərpası ilə məhkəməyə müraciət etməli olduğuna dair xx.xx.2025-ci il tarixli məktub verilmişdir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.
İİ.Ərizəçi və maraqlı şəxsin mövqeyi:
Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, özü şəxsiyyət vəsiqəsini aldıqdan sonra ailə quraraq ölkə hüdudlarından kənara köçmüşdür. Ehtimal edir ki, doğum haqqında şəhadətnamənin əslini anası pensiya təminatı ilə bağlı müraciət edən zaman itirmişdir. Hazırda Türkiyə vətəndaşı ilə ikinci dəfə nikaha daxil olmaq istədiyindən və bununla bağlı doğum haqqında şəhadətnamənin əsli tələb edildiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
İİİ. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 1 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1972 il tarixdə Ermənistan SSR, Allahverdi rayonunda doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistan SSR, Allahverdi rayonunda doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır, ata qrafasında X4, ana qrafasında X2 qeyd olunmuşdur. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində məhkəməyə bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Həqiqətən də, xx.xx.1972-ci il tarixdə Ermənistan SSR, Allahverdi rayonunda doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır, ataları X4, anaları X1r.
İV.Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 16-cı bəndinə əsasən doğum, ... qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa edilir. Göründüyü kimi, ərizəçi doğumun qeyd edilmə faktını təsdiq edən sənədi başqa yolla əldə edə bilmir. Lakin Ərizəçi xx.xx.1972-ci ildə Ermənistan SSR, Allahverdi rayonunda doğulması, atasının X4, anasının X2 olması, ərizəçinin doğum aktı qeydində olan məlumatlar və ərizəçinin şəxsiyyət vəsiqəsində olan məlumatlar, şahid ifadəsi ilə müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin qənaətinə görə ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğulduğu yer və tarix barədə məlumatlar əks olunduğuna görə doğumunun qeydə alınma faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan SSR, Allahverdi”, doğum tarixi qrafasında “xx.xx.1972”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X4”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X2”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilməlidir. Məhkəməyə ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. V.Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. xx.xx.1972-ci il tarixdə Ermənistan SSR, Allahverdi rayonunda doğulmuş Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan SSR, Allahverdi rayonu”, doğum tarixi qrafasında “xx.xx.1972”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X4”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X2”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilsin. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydə alınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elnarə Vəliyeva