Məhkəmə qərarları › İş №2(001)-1997/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1997/2023

22.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1997/2023 22.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, İsmayılova Jalə İlham qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti icraata cəlb edilməklə) “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə iddia tələbini dəqiqləşdirməklə məhkəmədən Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, x/323-22 nömrəli əmrini ləğv etməklə işə bərpa olunması və xx.xx.2022-ci il tarixindən etibarən məcburi buraxılmaya görə itirdiyi əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlamış, cavabdehin xx.xx.2020-ci il tarixli D1065-20 nömrəli əmrinə əsasən X4nin anbar xidməti işçisi vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə heç bir əmək intizamını pozmamış, işi ilə bağlı müdriyyətdən heç bir xəbərdarlıq və töhmət almamış, həmişə işinin öhdəsindən layiqincə gəlmişdir. Lakin, işlədiyi Lənkəran şəhərində yerləşən mağazada xadimənin ona qarşı etik davranış normalarını pozması nəticəsində xx.xx.2022-ci il tarixdə ondan bu barədə izahat alınmışdır. Həmin izahatdan bir neçə gün sonra aidiyyəti əməkdaş (kadrlar üzrə) MMC-nin baş ofisinə dəvət etmişdir. Baş ofisdə olduğu zaman isə həmin əməkdaş xx.xx.2022-ci il tarixli izahatına, habelə digər işçilərdən "sonradan alacağı" izahatlara əsasən onun işə götürən tərəfindən "maddə" ilə işdən çıxarılacağına dair "xəbərdar" edərək, ona öz xahişi ilə əmək müqaviləsinə son verilərək işdən azad olmağını təklif etmişdir. O isə belə bir ərizə ilə müraciət etməkdən imtina etmiş və bu səbəbdən də ona Lənkərana (evǝ) geri qayıtmağı və barədə hər hansı bir yekun qərar qəbul edilənədək evdə qalmağı bildirilmişdir. Bu tarixdən sonra, yəni sentyabr ayı ərzində onu bir daha işə (növbəyə) heç kim çağırmamışdır. Hazırki işinin onun üçün yeganə qazanc (dolanacaq) yeri olduğu üçün, dəfələrlə işlədiyi mağazaya getmiş və orada müdürdən işə çağırılmamağının (növbəyə yazılmamağının) səbəblərini soruşduqda, ona "sərəncam"da olduğu və barəsində işəgötürən şəxs tərəfindən hər hansı bir yekun qərar verilənədək gözləməli olduğu bildirmişdir. Dəfələrlə müdürünə "mən hərbi və ya xüsusi rütbəli deyiləm, necə yəni sərəncamdayam, axı əmək qanunvericiliyində belə bir şey yoxdur, ya onu işə növbəyə çağırın, ya da əmək müfəttişliyinə şikayət edəcəyəm" desə də, bunun heç bir nəticəsi olmamış və onu işə növbəyə yazmamışlar. Bu şəkildə davam edərsə işə növbəyə çağırılmayacağını və növbəyə yazılmayacağını, habelə ayın sonunda heç bir məvacib almayacağını və yeganə qazanc yerinin hazırki iş yeri olduğunu düşündüyü üçün, ödənişli məzuniyyət hüququndan istifadə etmək qərarına gəlmişdir. 07- 08 sentyabr tarixlərində, həm 2021-ci ilin, həm də 2022-ci ilin ödənişli məzuniyyətlərinə (tam müddət şəklində) çığmaq üçün mağaza müdürünə müraciət etdikdə (ərizəni yazıb təqdim edərkən) mağaza rəhbəri ona işə götürən tərəfindən 10 (on) gündən artıq heç kimə məzuniyyət verilmədiyini bildirərək, ərizəni dəyişməyi tövsiyə etdi. Bu səbəbdən də səhvən ərizəmdə məzuniyyət müddətini 10 gün qeyd etmişdir. Lakin, həmin ərizəni yazdığı gündən 1 (bir) gün sonra səhər saatlarında dərhal mağazaya yaxınlaşıb ilkin ərizənin geri qaytarılmasını tələb etmiş və ərizəində qeyd olunmuş 10 gün müddətini həm 2021-ci ilin, həm də 2022-ci ilin tam məzuniyyətinə buraxılmağı sözləri ilə əvəz edərək məzuniyyət ərizəsini yeniləmişdir. Lakin, mağaza müdürü təkidlə neçə günlük məzuniyyətə çıxmaq istədiyini məzuniyyət ərizəsindədə qeyd etməyini tələb etmişdir. O isə ona işəgötürən tərəfindən ona əmək müqaviləsinin təqdim edilmədiyini və bu səbəbdən də ödənişli məzuniyyətinin hər təqvim ilinə görə 21 gün, yoxsa işin xarakterindən asılı olaraq İşəgötürən tərəfindən 21 gün deyil daha çox olub-olmadığını bilmədiyim üçün ərizəsində tam məzuniyyət qeyd etdiyini bildirsə də, müdür buna əsəbləşdi və hətta ona yumruq da ataraq ərizəsində məzuniyyətinin son gününün tarixini qeyd etməyini və ərizəsini "Baku Electronic" sin ərizə blankına uyğun yazmağını tələb etdi. Lakin, o, yenə də ödənişli məzuniyyət hüququnun neçə gündən ibarət olduğunu bilmədiyi, eləcə də müdürünün ona yumruqla vurduğu səbəbi ilə əsəbləşdiyi və bunun dava-dalaşla nəticələnə biləcəyini düşündüyü üçün ərizəsini yeniləməmiş və mağazadan uzaqlaşmışdır. Növbəti gün yenidən məzuniyyətinin verilib-verilməməsini bilmək üçün mağazaya getmiş, müdür ondan məzuniyyətinin başlama müddətinin bir neçə gün sonraya yazmağını və məzuniyyət ərizəsinii yeniləməyini xahiş etdi. O da məzunniyyət ərizəsini yenilədikdə həmin saatda müdür mağazanı tərk etdiyi üçün, məzuniyyət ərizəsinii müdür əvəzedicisinə təqdim edərək evə qayıtmışdır. Sonradan müdür onunla rabitə əlaqəsi yaradaraq məzuniyyət barədə əmrinin 10 gün müddətinə verildiyini və məzuniyyətinin qalan hissəsi üçün yenidən ərizə ilə müraciət etməyini bildirdi. Lakin, heç kim onu məzuniyyət əmri ilə tanış etmədi. Daha sonra müdürdən işə növbəyə yazılıb-yazılmayacağını soruşduqda, ona barəsində işəgötürən tərəfindən yekun qərar verilənədək işə növbəyə yazılmayacağını və bu sərəncamda olmağı məsələsinin həllini gözləməyini bildirdi. Beləliklə də, nə işə çağırılmamış, nə də ödənişli məzuniyyəti tam şəkildə ona verilmişdir. O da, əmək müfəttişliyinə bu barədə şikayət etmişdir. Bundan sonra işəgötürən tərəfindən ona 20-28 sentyabr 2022-ci il tarixlərində hər hansı bir üzürlü səbəb olmadan və ya qabaqcadan müəssisəyə heç bir məlumat vermədən işdə olmamağı səbəblərinin təsdiq olunması barədə sənədlərin 3 (üç) iş günü ərzində aidiyyəti şəxslərə təqdim olunmasına dair məktub göndərildi. Həmin məktuba cavab olaraq mağazaya dəfələrlə getdiyi, müdür tərəfindən növbəyə yazılmadığı, sərəncamda olduğu və barəsində yekun qərar qəbul edilənədək işə gəlməməyi dediklərini rəsmi məktubla bildirmişdir. Daha sonra ayrı-ayrı vaxtlarda işəgötürənin baş ofisinə dəvət edilmiş, həmin dəvətlərdə iştirak zamanı ona öz xoşluğu ilə işdən çıxmağı üçün ərizə yazılmağı tövsiyyə olundu, əks təqdirdə "maddə" ilə işdən çıxarılacağı və nəticədə heç kimin onu işə götürməyəcəyi bildirildi. Bütün bu proses 2022ci ilin avqust, sentyabr, oktyabr və noyabr aylarında davam etdi. Yeganə qazanc yeri olan iş yerindən 2022-ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə əmək haqqları və ödənişli məzuniyyət haqqları ona ödənilmədi (sadəcə 10 günlük məzunniyyətin pulu ödənilmişdir). Daha sonra xx.xx.2022-ci il tarixdə baş ofisə dəvət olunmuş, ora getdikdə isə barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, əmək müqaviləmə xitam verilməsinə dair əmr verildiyini bildirdilər və əmək kitabçasını ona təqdim edərkən, kitabçada xx.xx.2022-ci ildə işdən çıxarılmağını görmüşdür. Lakin, əmək kitabçası ona xx.xx.2022-ci ildə ona təqdim olunmuş və işəgötürənin barəsində verdiyi xx.xx.2022-ci il tarixli, x/323-22 nömrəli əmri ilə tanış edilməmişdir. Hesab edir ki, əmək müqaviləsinə xitam verilməsinə dair işə götürən "xxxx" MMC-nin barəsində qeyri-qanuni olaraq verilmiş və qanuni əsaslarla onunla tanış edilməmiş xx.xx.2022-ci il tarixli, x/323-22 nömrəli əmri məhkəmə tərəfindən ləğv edilərək işə bərpa olunmalı, əmək müqaviləmə qeyri-qanuni əsaslarla xitam verildiyi üçün məcburi buraxılmaya görə əmək haqqı ona ödənilməlidir. Beləliklə də, işəgötürən tərəfindən qeyri-qanuni olaraq əmək müqaviləsinə xitam verilmiş, eləcə də bu müddət ərzində əmək hüquqları (işləmək, əmək haqqı, ödənişli əsaslarla məzuniyyət), habelə Azərbaycan Respublikası Əmək Məcələsinin tələbləri kobud şəkildə pozulmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, işə çıxmadığı müddətdə dəfələrlə mağazanın özünə getmişdir. Onu özünə xəbər ediləcəyi deyilməklə geri qaytarmışlar. Ona işə çıxması ilə bağlı dəqiq məlumat vermədiklərindən, düşünmüşdür ki, həmin ərəfədə məzuniyyətlərindən istifadə edə bilər. Baş ofisdə ona maddə ilə işdən çıxarılacağı deyilsə də, bunun səbəbləri deyilməmişdir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, Cavabdeh MMC ilə xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlamış və həmin tarixdə X4nin anbar xidməti işçisi vəzifəsinə qəbul edilmişdir. Aylıq əmək haqqı ilk əvvəl 279 manat, daha sonra 346 manata qədər artmışdır. Cavabdehlə aralarında mübahisə məzuniyyət üstündə başlamışdır. Belə ki, 2021-ci il və 2022-ci il tarixlərində məzuniyyət haqqını istəsə də, mağaza rəhbəri 10 gündən artıq heç kimə məzuniyyət verilmədiyini bildirmişdir. Ona görə də, ərizəsinin dəyişdirilməsini tələb etmişlər. Bir müddət keçəndən sonra bir daha məzuniyyətə çıxa biləcəyini bildirdilər. Rəhbərliyin bu təklifi ilə razılaşmamış, çünki öz məzuniyyət haqqından tam olaraq istifadə etmək niyyətində olmuşdur. Özü daha sonra ikinci dəfə də ərizə göndərmiş, lakin filial müdiri ərizəni baş ofisə göndərmədiyindən 3 gün işə gəlmədiyinə görə onu işdən çıxartdılar. Bu barədə ünvanına bildiriş gəlmişdir. 2020-ci ildə məzuniyyətə çıxmamışdır. Ümumiyyətlə işdən çıxmağı barədə əmr ona təqdim edilməyib.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlandığı vaxtdan işlədiyi 2 il müddət ərzində heç bir mübahisə olmayıb. Sadəcə xadimə ilə arasında yaşanan narazıçılıq olub. Onun üstündə baş ofisdən iddiaçıya öz xoşu ilə ərizə yazması təklif edilmişdir. İddiaçı ilk dəfə 10 günlük məzuniyyətə çıxıb. İşə qayıtmaq istədiyi vaxt ona deyilib ki, hazırda növbəli iş sistemidir, ona məlumat verildiyi tarixdə işə çıxarş xx.xx.2022ci il tarixindən sonra bütün bunlar yaşanıb. Lakin iddiaçı işdən 2 ay sonra noyabr ayının 14-ü azad olunub.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, o, ailəni yaxından tanıyır. İddiaçının anası üçüncü qrup əlildir. İddiaçı məzuniyyətə çıxmaq istəyib. İddiaçını aldadaraq 10 gün müddətinə məzuniyyətə çıxması ilə bağlı ərizə yazdırıblar. Həmin ərizə barədə Cavabdeh MMC-nin baş ofisinə xəbər verilməyib. İddiaçı iki dəfə 10 gün müddətinə və 21 gün müddətinə ərizə yazıb. Hazırda işə düzəlməkdən vacib iddiaçının əmək kitabçasında işdən çıxarılma ilə bağlı düzəlişin olunmasıdır.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İşçi məzuniyyətə çıxmaq üçün özü müraciət edib. Şəxsə işə çıxmaması və bununla bağlı rəhbərliyə məlumat verməsi üçün müraciət olunub. İşçi xx.xx.2022-ci il tarixində işdə olmayıb. İşdə olmaması ilə bağlı rəhbərliyə ünvanlanan cavab məktubu da, yoxdur. Bundan başqa cavabdeh 1-14 noyabr tarixlərində işdə olmayıb və səbəbləri barədə məlumat verməyib.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. İddiaçı məxsus ******* saylı Əmək Kitabçasının surətindən görünür ki, o xx.xx.2020-ci il tarixindən, №D1065-20 saylı əmrlə "xxxx" MMC-də X4nin anbar xidməti işçisi vəzifəsinə işə qəbul edilmişdir.

10. Əmək müqaviləsi bildirişinə dair sosial arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli, xxxxxxx001000 nömrəli əmək müqaviləsi üzrə anbar xidməti işçisi vəzifəsində rəsmi əmək haqqı 270 manat olmuşdur.

11. xx.xx.2022-ci il tarixli, №x/323-22 saylı əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda)” İddiaçı əmək müqaviləsinə xitam verilib. Bu barədə isə əmək kitabçasında xx.xx.2022-ci il tarixində qeyd edilmişdir. "xxxx" MMC-nin direktoru tərəfindən verilən xx.xx.2022-ci il tarixli, X/323-22 saylı əmrdən görünür ki, “HR Attandance proqramındakı qeydlər və xx.xx.2022-ci il tarixli, 300 saylı işçinin ünvanına göndərilən məktub əsas gətirilməklə, aşağıdakı əmr edilmişdir: - “X4” bölməsində “Anbar xidməti işçisi” vəzifəsində işləyən X2 ilə bağlanılmış xxxxxxx001000 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70 nömrəli maddəsinin “ç”-işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2022-ci il tarixdən xitam verilsin. - İşçinin xx.xx.2020 tarixdən xx.xx.2022 tarixinə qədər istifadə edilməmiş 12 məzuniyyət gününün son haqq hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilsin. - İşçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilsin.

12. İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoru Saeid Nakhjavaniyə yazılan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, 2021 və 2022-ci il üçün ödənişli məzuniyyət verilməsini xahiş etmişdir. Ərizəsində məzuniyyətinin başlanma tarixi xx.xx.2022-ci il, bitmə tarixi xx.xx.2022-ci il il, işə başlama tarixi isə xx.xx.2022-ci il olaraq qeyd edilmişdir.

13. İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoru Saeid Nakhjavaniyə yazılan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, 2021 və 2022-ci il üçün xx.xx.2022ci ildən tam ödənişli məzuniyyət verilməsini xahiş etmişdir.

14. İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoru Saeid Nakhjavaniyə yazılan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, 2021 və 2022-ci il üçün xx.xx.2022ci ildən tam ödənişli məzuniyyət verilməsini xahiş etmişdir.

15. İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoru Saeid Nakhjavaniyə yazılan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, 2021 və 2022-ci il üçün xx.xx.2022ci ildən tam ödənişli məzuniyyət verilməsini xahiş etmişdir.

16. "xxxx" MMC-nin direktorunun əməyin mühafizəsi üzrə müavini tərəfindən verilən xx.xx.2022-ci il tarixli, M458/6-22 saylı əmrdən görünür ki, Cavabdeh MMC-nin X4nin anbar xidməti işçisi İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il ili üçün 11 təqvim günü müddətinə (əmək məzuniyyətinin bir hissəsi) məzuniyyət verilməsi, məzuniyyətin başlama tarixinin xx.xx.2022-ci və bitmə tarixinin xx.xx.2022-ci il olması, işə başlama tarixinin isə xx.xx.2022-ci il olması əmr edilmişdir. Məzuniyyətin verilmə əsası kimi işçinin məzuniyyət ərizəsi göstərilmişdir.

17. İddiaçı tərəfindən Cavabdeh MMC-nin Pərakəndə Satış Departamentinin rəhbəri T.M.Ürüçoğluna yazılan xx.xx.2022-ci il tarixli izahtın surətindən görünür ki, ondan işlədiyi mağazada xadimə ilə arasında yaşanan hadisəyə görə izahatı alınmışdır.

18. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli, 300 saylı məktubdan görünür ki, sonuncuya aşağıdakı məzmunda müraciət edilmişdir: “xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixinədək hər hansı bir üzürlü səbəbdən işlə gəlməyəcəyi barədə qabacadan müəssisənin aidiyyəti şəxslərinə heç bir yazılı və ya şifahi məlumat vermədən, bütün iş günləri işə gəlməmişsiniz. Sizdən, bu məktubun sizin ünvana çatdığı tarixdən 3 iş günü müddətində işə gəlməməyinin hər hansı bir üzülü səbəbdən olduğunu təsdiq edə biləcək müvafiq sənədi müəssisənin aidiyyəti şəxslərinə təqdim etməniz tələb olunur”

19. İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoru Saeid Nakhjavaniyə xx.xx.2022ci il tarixli, 300 saylı müraciətə cavab olaraq yazılan məktubda göstərilir: “20-28 sentyabr 2022-ci il tarixlərində hər hansı bir üzürlü səbəb olmadan və ya qabaqcadan müəssisəyə heç bir məlumat vermədən işdə olmamağımın səbəblərinin təsdiq olunması barədə sənədlərin 3 (üç) iş günü ərzində aidiyyəti şəxslərə təqdim olunmasına dair sənədə tərəfimdən baxılmışdır.Lakin, qeyd etdiyiniz "hər hansı bir üzürlü səbəb olmadan və ya qabaqcadan müəssisəyə heç bir məlumat vermədən işdə olmamağım" ifadələrindən məlum olur ki, barəmdə sizə təqdim olunan məlumatlar tamamı ilə yalnışdır. Belə ki, işlədiyim mağazada xadiməçinin mənə qarşı etik davranış normalarını pozması nəticəsində xx.xx.2022-ci il tarixdə məndən bu barədə izahat alınmışdır. Həmin izahatdan bir neçə gün sonra məni aidiyyəti əməkdaş (kadrlar üzrə) MMC-nin baş ofisinə dəvət etmişdir. Baş ofisdə olduğum zaman isə həmin əməkdaş xx.xx.2022-ci il tarixli izahatıma, habelə digər işçilərdən "sonradan alacağı" izahatlara əsasən mənim işə götürən tərəfindən "maddə" ilə işdən çıxarılacağıma dair "xəbərdar" edərək mənə öz xahişimlə əmək müqaviləmə son verilərək işdən azad olmağımı təklif etmişdir. Mən isə belə bir ərizə ilə müraciət etməkdən imtina etmişəm və bu səbəbdən də mənə Lənkərana (evə) geri qayıtmağım və barəmdə hər hansı bir yekun qərar qəbul edilənədək evdə olmağım bildirilmişdir. Bu tarixdən sonra, yəni sentyabr ayı ərzində məni bir daha işə (növbǝyǝ) heç kim çağırmamışdır. Hazırki işimin mənim üçün yeganə qazanc (dolanacaq) yeri olduğu üçün, dəfələrlə işlədiyim mağazaya getmiş və orada müdürdən işə çağırılmamağımın (növbəyə yazılmamağımın) səbəblərini soruşduqda, o, barəmdə işəgötürən şəxs tərəfindən hər hansı bir qərar verilənədək gözləməli olduğumu bildirmişdir. Sonradan, bu şəkildə davam edərsə işə çağırılmayacağımı və növbəyə yazılmayacağımı, habelə ayın sonunda heç bir məvacib almayacağımı düşündüyüm üçün, ödənişli məzuniyyət hüququmdan istifadə etmək qərarına gəldim. 07-08 sentyabr tarixlərində, həm 2021-ci ilin, həm də 2022-ci ilin ödənişli məzuniyyətlərimə (tam müddət şəklində) çığmaq üçün müraciət etdikdə (ərizəni yazıb təqdim edərkən) mağaza rəhbəri mənə işə götürən tərəfindən 10 (on) gündən artıq heç kimə məzuniyyət verilmədiyini bildirərək ərizəmi dəyişməyi tövsiyə etdi. Bu səbəbdəndə mən səhvən ərizəmdə məzuniyyət müddətimi 10 gün qeyd etdim. Lakin, həmin ərizəni yazdığım gündən 1 (bir) gün sonra səhər saatlarında dərhal mağazaya yaxınlaşıb ilkin ərizəmin geri qaytarılmasını tələb etdim və ərizəmdə qeyd olunmuş 10 gün müddətini tam məzuniyyət sözləri ilə əvəz edərək məzuniyyət ərizəmi yenilədim (son ərizəmdə 2021-ci ilin və 2022-ci ilin tam ödənişli məzuniyyətimə buraxılmağımı xahiş etmişəm). Bu isə öz növbəsində həm 2021-ci il üçün, həm də 2022-ci il üçün minimum 21(iyirmi bir) gün olmaqla, ümumilikdə 42(qırx iki) gün edir. Belə olan halda ǝyǝr mənə ödənişli məzuniyyətim verilmişdirsə deməli mən, 08 sentyabr tarixdə növbəti 42 gün məzuniyyətdə olmalıyam. Bütün bunlardan başqa öz müraciətimə aşağıdakıları əlavə etmək istərdim: Mənə tam məzuniyyətimin verilməməsi və yaxud da əksinə olaraq yalnız 10 gün məzuniyyətin verilməsi əsassızdır; 10 gün məzunniyyət verilibsə mənə, o halda bu barədə əmrlə tanış edilməliydim. Lakin, məzuniyyətimlə bağlı verilmiş əmrlə ümumiyyətlə tanış edilməmişəm; Bütün bu baş verənlərlə bağlı mağaza rəhbərliyinə, zəruri hallarda isə regional rəhbərə və ya baş ofisə (qaynar xəttə) dəfələrlə müraciət etsəm də, nə məzuniyyətimlə, nə də ki işimlə (növbəyə çağırılmağımla) bağlı mənə heç bir dolğun məlumat verilməmişdir. Nəticədə qeyd olunan qanun pozuntularını və yeganə qazanc yerimin hazırki iş yeri olmasına baxmayaraq işəgötürən tərəfindən işə çağırılmamağımı nəzərə alaraq, bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 şikayət ərizəsi ilə müraciət etmişəm. Hazırda şikayətim icraatdadır. İşə götürən tərəfindən həm məzuniyyətimə, həm də işə çağırılmağıma dair hərəkətsizliyin edilməsi ilə əlaqədar olaraq, habelə yeganə qazanc yerimin hazırki iş yerinin olmasının nəzərə alınmaması və qeyri-qanuni olaraq işə çağırılmadığım (növbəyə yazılmdığım) günlər ilə bağlı hər hansı bir rəsmi və qanunamüvafiq qərar veriləcəyi təqdirdə mən öz işimə davam etməyə hazıram” Həmin cavab məktubu xx.xx.2022-ci il tarixində sürətli poçt xidməti ilə"xxxx" MMC-yə ünvanlanmışdır.

20. “Votsap” sosial şəbəkəsindən olan yazışmalara dair çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində olan yazışmasında məzuniyyət hüququndan istifadə etmək niyyətində olduğunu, əslində 10 günlük yox, 2021-2022-ci il ərzində istifadə etmədiyi məzuniyyətindən tam yararlanmaq niyyətində olduğunu bildirir, 2022-ci ilin sentyabr və oktyar aylarında isə yazışmalar davam edir.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçıa ünvanlanan xx.xx.2022-ci il tarixli **********0 saylı məktubdan görünür ki, sonuncunun xx.xx.2022-ci il tarixli, **********6 saylı müraciətinə X3 Xidmətinin Bakı şəhər İdarəsində baxıldığı və buna görə də 7 iş günü ərzində Aəzrbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə gəlməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

22. İddiaçı xx.xx.2020-ci il tarixli, xxxxxxx001000 nömrəli əmək müqaviləsi üzrə "xxxx" MMC-də anbar xidməti işçisi vəzifəsində işə qəbul edilmiş, rəsmi əmək haqqı 270 manat olmuşdur. xx.xx.2022-ci il tarixində iddiaçıdan iş yerində xadimə ilə arasında yaşanan hadisəyə görə izahat alınmış, bu hadisədən sonra tərəflər arasında münasibətlərdə gərginlik yaranmışdır.

23. İddiaçı iddia edir ki, işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli izahatı və daha sonra digər işçilərdən alacağı izahatlar ilə işindən maddə ilə çıxarılacağı ilə hədələnmiş və ona öz istəyi ilə işdən çıxmaq barədə ərizə yazması tövsiyyə edilmişdir. Təkliflə razılaşmadığından və iş yerinin rəhbərliyi tərəfindən ona münasibətdə edilə biləcək əsassız və qanunsuz davranışlardan yayınmaq üçün 2021-2022-ci illər üçün istifadə etmədiyi məzuniyyətindən yararlanmaq üçün, ödənişli əsaslarla məzuniyyətə çıxmağı qərara almışdır. Bu əsasla xx.xx.2022-ci il tarixli ərizə ilə işəgötürənə müraciət etmişdir. Ərizəsində isə 2021-2022-ci illər üçün istifadə edilməmiş məzuniyyətinin verilməsini xahiş etmişdir. Tərəflər arasında məzuniyyət müddəti ilə bağlı yaranan narazılıqlar nəticəsində yığılmış məzuniyyət günlərindən birdəfəlik istifadə edə bilmədiyindən iddiaçı xx.xx.2022-ci il tarixli ilk müraciətində ona xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 10 gün müddətində məzuniyyət verilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixində isə xx.xx.2022-ci il tarixli ərizəsində düzəliş etmiş və xx.xx.2022-ci ildən 2021-2022-ci illər üçün tam məzuniyyət verilməsini xahiş etmişdir.

24. İddiaçı əslində xx.xx.2022-ci il tarixli ərizəsi üzrə məzuniyyətindən xx.xx.2022-ci il tarixində qayıtmalı olsa da, ona növbəli iş rejimi olması səbəbindən işə çıxacağı tarix barədə məlumat veriləcəyi deyilmişdir. Bu hal tərəflərin telefon yazışmalarla öz təsdiqini tapır. İddiaçı isə yenidən növbəti əmək məzuniyyəti üçün xx.xx.2022-ci il tarixində və xx.xx.2022-ci il tarixində məzuniyyət ərizəsi yazmış və məzuniyyətinin xx.xx.2022-ci il tarixindən hesablanmaqla, tam olaraq verilməsini xahiş etmişdir.

25. Cavabdeh isə iddiaya münasibətdə iddia edir ki, iddiaçı məzuniyyəti bitdikdən sonra xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək işə çıxmamış, səbəbləri barədə rəhbərliyə məlumat verməmişdir. Bu səbəbdən ondan xx.xx.2022-ci il tarixli, 300 saylı məktubla həmin tarixlərdə iş günü müddətində işdə olmamasının üzürlü səbəblərini təsdiq edən sənədi təqdim etməsi tələb edilmiş, iddiaçı isə xx.xx.2022-ci il tarixində həmin müraciəti cavablandırmışdır. Məktubunun göndərilməsi barədə iş materiallarında sənəd olsa da, işəgötürən tərəfindən məktubun qəbul edilməsi barədə iş materiallarında sübut yoxdur.

26. Müraciətinə cavab almadığını iddia edən işəgötürən xx.xx.2022-ci il tarixli, №x/323-22 saylı əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verməklə, əmək kitabçasında xx.xx.2022-ci il tarixində qeyd aparmışdır. "xxxx" MMC-nin direktoru tərəfindən verilən xx.xx.2022-ci il tarixli, X/323- 22 saylı əmrdən görünür ki, “HR Attandance proqramındakı qeydlər və xx.xx.2022-ci il tarixli, 300 saylı işçinin ünvanına göndərilən məktub əsas kimi göstərilmişdir.

27. Hazırda iddiaçı həmin əmrin ləğv edilməsini, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsini və işə bərpa edilməsini xahiş edir. Məhkəmə araşdırması dövründə iddiaçının istifadə etmədiyi məzuniyyət günləri üçün haqqın əvəzi cavabdeh tərəfindən ödənildiyindən, iddiaçı həmin hissədə tələbini azaltmışdır.

28. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:a) müəssisə ləğv edildikdə;b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. -71.2-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin “ç” hissəsində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. -72-ci maddəsinin: a) bəndinə əsasən işçi tərəfindən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. -186-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. -187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. -187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. -300.1-ci maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

30. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-də X4nin anbar xidmət işçisi olaraq işə düzəlmişdir. İddiaçı 2020, 2021 və 2022-ci illər üçün istifadə edilməmiş məzuniyyət haqqında yararlanmaq üçün ərizə ilə işlədiyi müəssisəyə müraciət etmişdir. MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2022-ci ildən başlamaqla 11 təqvim günü məzuniyyət verilmişdir və məzuniyyətin bitmə vaxtı xx.xx.2022-ci il müəyyən edilmişdir. İşçi iddia edir ki, bu hüququndan ona görə istifadə etmək istəmişdir ki, xx.xx.2022-ci il tarixdə iş yerinə baş verən mübahisə zamanı ondan izahat alınmış və öz ərizəsi ilə işdən çıxması tələb edilmişdir. O isə rəhbərlik tərəfindən onsuz da işdən çıxarılacağını ehtimal etdiyindən, 3 il ərzində istifadə edilməmiş məzuniyyət haqqından yararlanmaq istəmişdir. Bu barədə ərizə ilə müraciət etsə də, ona birdəfəlik 3 il üçün məzuniyyət verilməsinin mümkün olmadığı bildirilmişdir. Nəticədə prosedur olaraq hissə-hissə olmaqla məzuniyyətə çıxa bilməsinin mümkünlüyü ilə razılaşmışdır. Bunun davamı olaraq məzuniyyətə çıxmış və növbəti məzuniyyətlə bağlı verdiyi ərizələrinin aqibəti ilə mütəmadi olaraq maraqlanmışdır. Təqdim edilən telefon yazışmalarından onun işə çıxması vaxtı işlədiyi müəssisənin rəhbər işçiləri tərəfindən təxirə salınması görünür. xx.xx.2022-ci il tarixdə işəgötürən işçiyə məktub ünvanlamış və 20-28 sentyabr tarixlərində işə çıxmamasının səbəblərini soruşmuşdur. İşçi isə həmin məktuba cavab verdiyini bildirir və cavab məktubunu göndərdiyini poçt zərfi ilə təsdiq edir. Lakin işəgötürən həmin məktubu almadığını bildirir. Bundan sonra işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci tarixli əmr qəbul edilir və əmrin verilməsi üçün əsas isə işçinin 20-28 sentyabr tarixlərində işə çıxmaması olmuşdur.

31. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, Əmək münasibətlərində işçi işəgötürənə münasibətdə zəif tərəf olaraq qəbul edilir və bunun üçün əmək qanunvericiliyi işçinin hüquqlarını təminat altına almaq üçün daha yaxşı təşkilatlanmış işəgötürənin üzərinə sərt vəzifələr qoymuşdur. Buna misal olaraq əmək münasibətlərində ən ciddi intizam tənbəhi olan ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilərkən xüsusi əsaslandırmanın zəruriliyini göstərmək olar(bax ƏM 71.2).

32. İşin hallarından da göründüyü kimi mübahisənin başlanmasından bir neçə gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə mağaza rəhbəri işçilər arasında olan xırda mübahisə ilə bağlı iddiaçıdan izahat almışdır. Bu baxımdan yanaşdıqda işçinin 8 gün işə çıxmamasına işəgötürənin etinasız yanaşması, nəhayət 8 gündən sonra bu barədə məlumatın sorğulanması məqsədilə poçt vasitəsilə məktub göndərməsi inandırıcı deyildir. Hansı ki, iddiaçı tərəfindən təqdim edilən telefon yazışmalarından aydın olur ki, həmin müddət ərzində iddiaçı israrla digər məzuniyyət günləri barədə məlumat əldə etmək istəmiş, işə nə vaxt çıxacağı barədə Dəyanət və Kamran adlı şəxslərlə yazışmışdır. Həmin yazışmaların bir hissəsində qeyd edilmişdir ki, “xx.xx.2020-ci ildə-Salam Kamran müəllim, bu gün ünvanıma məktub gəlib. Deyilir ki, işə gəlməməyinizlə bağlı məlumat verin amma mənə Dəyanət müəllim demişdi ki, mənə bildirəcəklər mən də sənə işə nə vaxt gəlməli olduğuvu deyəcəm. Məm mütəmadi əlaqə saxlayırdım, bayram istirahəti bitdikdən sonra ondan soruşmuşam və mağazaya dəfələrlə gedibgəlmişəm, yenə eyni sözləri mənə deyib.”

33. Göründüyü kimi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını pozduğu müəyyən edilmir. Belə ki, işçi işlədiyi mağazanın rəhbər şəxslərinin məsələ barədə xəbərdar olmalarına güvənərək işə çıxmamış və mütamadi olaraq işə çıxmalı olduğu vaxt barədə məlumat almağa cəhd etmişdir. Halbuki Mülki Məcəllənin 560.3.4-cü maddəsinin tələbi baxımından digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.

34. Bundan əlavə işəgötürənin ən sərt intizam tənbehi tətbiq etməmişdən əvvəl işçini çağırıb izahat almaq yerinə poçt vasitəsilə məktub göndərməsi də hüquqdan suiistifadə edildiyi qənaətini gücləndirir.

35. Eyni zamanda Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbi baxımından da mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələbinə zidd qəbul edilmişdir. Belə ki, işəgötürən işçinin icra intizamını pozduğunu ən geci 2022-ci ilin oktyabrın 10-na qədər aşkar etməsinə baxmayaraq, bundan 1 aydan sonra işçinin barəsində intizam tənbehi tətbiq etmişdir. Belə ki, işəgötürən tərəfindən iddiaçıya ünvanlanan 28 sentyabr 2022-ci il tarixli məktub, xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmışdır, belə ki, bu hal iddiaçının təqdim etdiyi yazışmalara əsasən də müəyyən edilir. Həmin məktubda işçidən 3 iş günü ərzində məlumat verilməsi tələb olunduğundan və həmin müddət ərzində cavab əldə etmədiyindən ən geci 10-11 oktyabr tarixdə işçinin icra intizamını pozduğunu aşkar etmişdir. Halbuki xx.xx.2022-ci il tarixli əmrin verilməsinə əsas məhz qeyd edilən həmin pozuntu olmuşdur. Tətbiq edilən prosessual normalar:

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

38. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

39. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

40. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2022-ci il tarixli, X/323-22 saylı əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdehndə tutduğu əvvəlki vəzifəsinə bərpa edilməlidir.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İddia təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2022-ci il tarixli, X/323-22 saylı əmri ləğv edilsin. Məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdehndə tutduğu əvvəlki vəzifəsinə bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar