Məhkəmə qərarları › İş №2(001)-20/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-20/2024

15.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-20/2024 15.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Biləcəri şossesidə yerləşən 14 nömrəli yem mağazasının ərazisinin yerləşdiyi torpaq sahəsinə müdaxilənin cavabdeh "xxxx" MMC tərəfindən aradan qaldırılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-20/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" MMC əsl Cavabdeh ilə əvəz edilmişdir.

3. Daha sonra iddiaçı tələbini dəqiqləşdirməklə, məhkəmədən İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Biləcəri şossesində yerləşən sahəsi 98 kv.m olan 14 nömrəli yem mağazasının ərazisinə 0,5 metrin 14 metrə olan 7 kv.m hissəsinə müdaxiləyə görə 14000 manat məbləğində kompensasiyanın Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, bir tərəfdən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi Departamenti, direktor müavini X2 şəxsində, digər tərəfdən o-İddiaçı arasında xx.xx.2004-cü il tarixində, müəssisənin (obyektin) alqı-satqısına dair 324 №-li müqavilə bağlanmış və müqavilənin predmetini "Alıcı"nın Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Respublika Auksion Mərkəzi tərəfindən 18 iyun 2004-cü il tarixdə keçirilən auksionda 25/01 №-li protokola əsasən satın aldığı 14 saylı yem mağazası təşkil etmişdir. Həmin yem mağazası Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Biləcəri şossesində yerləşməklə ümumi sahəsi 98.7 kvadrat metr olmaqla, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən ona satılmış və bu barədə 000605№-li, 26 oktyabr 2006-cı il tarixli mülkiyyət üzərində sahiblik hüququnu təsdiq edən Şəhadətnamə verilmişdir. Qeyd edir ki, mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Biləcəri şossesində yerləşən həmin yem mağazasının yerində ailəsinin dolanışıq-güzaranını yaxşılaşdırmaq məqsədilə "Aptek" tikmək istəsə də, həmin yem mağazasının yerində başqa şəxslər tərəfindən inşa edilmiş, "ASPAYD su sistemlərinin satışı adı altında fəaliyyət göstərən mağazasının mövcudluğunu müəyyən etmişdir. Bununla əlaqədar, mülkiyyətinə müdaxilənin olub-olmaması ilə əlaqədar müstəqil ekspertiza kimi fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Biləcəri şossesində yerləşən mağazanın yerləşdiyi torpaq sahəsinin zəbt olunub-olunmaması barədə mütəxəssis rəyi verilməsini xahiş etmişdir. Qaldırılan məsələ onun iştirakı ilə təqdim etdiyi sənədə əsasən yerində araşdırılmış və naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə ilə qeydə alınaraq kameral şəraitdə "Google Yer" proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirilmiş və məlum olmuşdur ki, ona məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Biləcəri şossesində yerləşən sahəsi 98 kv.metr olan 14 nömrəli yem mağazasının ərazisinə 0,5 metrin 14 metrə olan 7 kv.metrlik hissəsinə müdaxilə olunmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. İddiaçının nümayəndəsi, vəkil məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili izahatında bildirmişdir ki, iddiaçıya mülkiyyət üzərində sahiblik hüququnu təsdiq edən Şəhadətnamə verilmişdir. Şəhadətnamə hazırda da qüvvədədir və cavabdeh iddiaçının ərazisində öz mağazasını tikmişdir. Cavabdehin mağazasının pilləkəninin aşağı hissəsi iddiaçının sahəsidir. İddiaçıya dəymiş ziyana görə, yəni tikilinin sökülməsinə görə kompensasiya almışdır. Lakin məhkəmə qətnaməsində torpağa və ya əmlaka görə kompensasiaynın verilməsi müəyyən olunmamışdır. İddiaçının mağazasının yerləşdiyi torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Bu hal ekspert rəyində də öz təsdiqini tapmışdır. Cavabdehdən 7 kv.metr sahəsi üçün hər kv.metrinə görə 2000 manat olmaqla cəmi 14000 manat pul vəsaitinin tutulmasını xahiş edir. İddiaçının ərazisi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Buna görə də, iddiaçıya kompensasiya verilmişdir. Bundan başqa iddiaçının dörd uşağı var. Uşaqların hamısı qan xəstəliyindən əziyyət çəkir.

7. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixində elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, etirazını və iddia müddətinin buraxılması barədə ərizəsinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, ehtimal edir ki, iddiaçı Azəryolservisdən kompensasiya almışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin məktubunda iddiaçının kompensasiya alması öz təsdiqini tapmışdır. İddiaçı ikinci dəfə cavabdehdən pul tələb edir. Qeyd edir ki, cavabdeh torpaq sahəsini yol genişlənəndən sonra hərrac yolu ilə dövlətdən almışdır. İddiaçının nümayəndəsi, vəkil özü də etiraf etmişdir ki, mağaza Bakı şəhər icra hakimiyyəti tərəfindən sökülmüşdür. Torpaq sahəsinin koordinatlarında yalnışlıq olduğundan cavabdeh texniki pasportu yenidən almışdır. Bundan başqa iş üzrə təkrar ekspertiza təyin olunmalıdır. Belə ki, ilkin ekspert rəyində mütəxəssis rəyi yoxdur. Hesab edir ki, mütləq mütəxəssisin rəy verməsi zəruridir. İddiaçının ərazisi, yəni 7 kv.metr ərazi yolun səkiyə düşən hissəsinə düşür. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yoxdur. İddiaçının iddia etdiyi yer ümumi istifadə də olunan yerdir. İddiaçının yem mağazası Cavabdeh tərəfindən deyil, 2013-cü ildə yolun genişlənməsi ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi məhkəmə qərarlarında öz əksini tapmışdır. Cavabdeh boş torpaq sahəsini hərrac vasitəsilə almışdır. Cavabdeh vicdanlı alıcıdır. Mülkiyyət hüququndan söhbət gedə bilməz, belə ki, iddiaçının əmlakı artıq sökülmüşdür.

9. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etirazında göstərir: İddiacı İddiaçı iddia ərizəsində Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Biləcəri şossesində yerləşən 14 nömrəli yem mağazanın ərazisinin yerləşdiyi ümumi sahəsi 98.7 kv.metr olan torpaq sahəsinin iddiaçıya məxsus olması, həmin mağazanın yerində dolanışıq üçün “Aptek” tikmək istədikdə həmin yem maqazındakı olan əraziyə başqa şəxslər tərəfindən müdaxilə olunaraq inşa edilmiş “ASPAYD su sistemilərini satışı” mövcudluğunu aşkar etmiş, iddiaçıya məxsus yem mağazasının ərazisinin 7 kv.metrlik hissəsinə müdaxilə edilməsini göstərmişdir. Məhkəmə prosesi zamanı cavabdeh əsl cavabdehlə yəni mübahisəli topraq sahəsinin mülkiyyətçisi Cavabdeh ilə əvəzlənmişdir. Buna görə də məhkəmə prosesinə qoşulan cavabdeh kimi iddia tələbinə qarşı etirazımı məhkəməyə təqdim etməli oluram. İddiaçının cavabdehə qarşı qaldırmış olduğu iddia tələbi əsassız və qanunsuzdur. Bu illər ərzində iddiaçı orda başqa şəxslər tərəfindən tikili aparmasını görməmiş, bu illər ərzində iddiaçının mülkiyyətində olan yem mağazası dolanışıq-güzaranı yaxşılaşdırmaq üçün “Aptek” tikməyinə uzun müddət bu qədər gözləməsi araşdırılmalı hallardan biridir. İddiaçı ona məxsus yem mağazasının ərazisinə 7 kv metrə müdaxilə olunması və həmin müdaxilə olunan ərazisində tikilinin olmasının nə ilə müəyyən etməsi də əsassız hesab edirəm. Belə ki, yem mağazasının yerləşdiyi torpaq sahəsinə baxış keçirtmədən GPS aləti vasitəsilə qeydə alınaraq kameral şəraitdə “Google Yer” proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirməkə iddiaçının yem mağazasının ərazisinin 7 kv metr hissəsini zəbt olunması mümkün deyildir. Belə ki, "xxxx" MMC-nin mütəxəssisi Ayaz Şıxəliyev yem mağazasına olan müdaxiləni hansı əsaslarla müəyyən etməsi məlum deyildir, çünki mütəxəssis rəyində iddiaçı tərəfindən mübahisəli yem mağazasına dair özəlləşdirmə sənədlərin verilməsi qeyd etmişdir. Rəydə hansı özəlləşdirmə sənədlərinin olması qeyd edilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərə nəzər salsaq orada yalnız iddiaçının adına Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2006-cı il tarixli şəhadətnamənin olmasıdır. Həmin 14 saylı yem dükanın texniki pasportunun iddiaçının adında deyil, sifarişçi DƏK “İstehsalat və Təsərrüfat” İdarəsinin sifarişi əsasında16 iyul 1999-cu ildə təsdiq edilmiş həmin 14 saylı yem dükanın mülkiyyətçisinin DƏK “İstehsalat və Təsərrüfat” İdarəsi olması qeyd edilmişdir. İddiaçıya məxsus 14 saylı yem dükanı texniki pasportu iddiaçıya məxsus deyildir. Görünür texniki pasportda qeyd olunanlar göstəriciləri hal-hazırda mübahisəlı olduğundan ƏMYDK-nin DƏDRX tərəfindən iddiaçının adına yeni texniki pasport verilməmiş və imtina edilmişdir. Həmin ərazidə 14 saylı yem mağazası olmamış, olmayan yem mağazanın ərazisinə müdaxilə oluna bilməz. Buna görə də mütəxəssis rəyi reallığı əks etdirmir, orada olmayan mağazanın hansı koordinatlaırına və ya mağazanın 7 kv.metr hissəsinə müdaxilə olunması və zəbt edilməsi yol verilməzdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ona məxssus yem mağazasının cavabdeh tərəfindən deyil, 2013-cü il tarixində həmin ərazidə yolun genişlənməsi ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini və yolun genişlənməsi ilə bağlı iddiaçıya kompensasiya ödənilməsi nəzərdə tutulan məhkəmə qəraralarında bu hallar öz əskini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-2137/17 saylı, 08 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" ASC-nin və üçünçü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellasiya Məhkəməsinin İİK-nın xx.xx.2017-ci il tarixli, 2- 1(103)-1851/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.Bakı Apellyasiya Məhkməsinin İİK-nın xx.xx.2017-ci il tarixli, 2-1(103)-1851/2017 nömrəli qərarına əsasən 148050 manat məbləğində kompensasiyanın və 3000 manat məbləğində mənəvi zərərin əvəzinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "xxxx" ASC üzərinə qoyulması, cavabdeh "xxxx" ASC-nin və üçünçü şəxs Maliyyə Nazirliyinin apellyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Sözügedən qətnamə icraya yönəlmiş və iddiaçıya qətnamə ilə nəzərdə tutulmuş kompensasiya ödənilmişdir. Belə olan halda iddiaçının iddia ərizəsində göstərdiyi hallar həqiqəti əks etdirmir, zəbt olunmuş yerində aptek tikinitisi ilə bağlı onun hüquqlarının pozulması deyil, yuxarıda qeyd etdiyi məhkəmə qərarında ona məxsus yem mağazasının məhkəmədə iddia qaldırdığı dövrdən 4 il əvvəl, yəni 2013-cü il tarixində sökülməsini iddiaçı özü də etiraf etmişdir. Azərbaycan Respublaiksı MPm-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəsini almış son məhkəmə qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-2137/17 saylı, 08 noyabr 2017- c il tarixli qərarı olmuşdur. Göründüyü kimi iddiaçıya məxsus yem mağazası cavabdehə məxsus tikiliyə heç bir aidiyyatı yoxdur və burada heç bir qanunsuz müdaxilədən və zəbt olunmadan söhbət gedə bilməz. Bundan başqa iddiaçı yem maqazasının ona məxsus olmasını, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli mülkiyyət üzrəində sahiblik hüququnu təsdiqləyən 000605 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, M.Rəsulzadə qəsəbəsi, Biləcəri şossesində yerləşən 14 saylı yem mağazası onun mülkiyyətində olmasını nəzərdə tutulan şəhadətnamənin olmasını qeyd edir. İddiaçının qeyd etdiyi kimi 2013-cü il tarixində sökülmüş yem mağazası artıq onun mülkiyyətində deyildir, burda hansı mülkiyyətdən söhbət gedir. Azərbaycan Respubalikası Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İddiaçı məhkəməyə iddia tələbi irəli sürərkən artıq iddia müddətinin buraxmasını özü də iddiaçı iddia ərizəsində birbaşa etiraf etmişdir. Ona məxsus yem mağazası Cavabdeh tərəfindən deyil, 2013-cü ildə yolun genişlənməsi ilə bağlı Binəqədi rayon İcra Hakmiyyəti tərəfindən sökülməsi məhkəmə qərarlarında öz əskini tapmışdır. Göründüyü kimi iddiaçının mülkiyyətində olmayan yem mağazaya görə məndən pul tələb etməsi də əsassızdır. Mülkiyyətində olmayan əmlaka görə hansı əsaslarla məndən pul tələb etməsi özü qanunvericiliyinin tələblərinə ziddir. Qeyd etdiyim kimi iddiaçının mülkiyyətində olmayan yem mağazasının 7 kv.metrlik ərazisinin cavabdeh tərəfindən zəbt edilməsi və müdaxilənin aradan qaldırılması hansı əsaslarla məndən tələb etməsi qanuna zidd hesab edirəm. Əvvəlcədən iddiaçıya məxsus olmuş yem mağazası məndən əvvəl yolun genişlənməsi zamanı Binıqədi rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi, həmin mağazanın söküntüsü zamanı iddiaçıya məhəkəmə qərarı ilə kompensasiya ödənilməsi mövcud olduğu halda burada tərəfimdən zəbt olunmadan söhbət gedə bilməz, iddiaçıya məxsus əmlak tərəfimdən heç bir müdaxilə olunmadığı halda məndən pul tələb etməsi də əsassızdır. Mənim mülkiyyətimi təsdiq edən Çıxarış da mövcuddur. Qanunu əsaslarla hərrac yolu ilə həmin boş ərazi olmuş torpaq sahəsini almışam. Qeyd etməliyəm ki, mübahisəli əmlak söküldüyü və buna görə də iddiaçının artıq kompensasiya alması və ona məxsus olmayan torpaq sahəsinə görə məndən pul tələb etməsi də əsassız və qanunsuz hesab edirəm. Qeyd etdiyim kimi mən iddiaçının iddia ərizəsində qeyd etdiyi mağazanın ərazisini zəbt etməmişəm, çünki həmin ərazidə mağaza mövcud olmayıb və halhazırda iddiaçının mülkiyyətində olmayan yem mağazası 2013-cü il tarixdə sökülməsi və buna görə də kompensasiya alması işin mübahisəsiz halıdır. Yuxarıda göstərdiyim əsaslarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən Cavabdeh qarşı iddianın təmin edilməməsi barədə qətnamə cıxarmağınızı Sizdən xahiş edirəm.

10. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərir: İddiaçı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə” dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edilmişdir. İddiacı İddiaçı iddia ərizəsində Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Biləcəri şossesində yerləşən 14 nömrəli yem mağazanın ərazisinin yerləşdiyi ümumi sahəsi 98.7 kv.metr olan torpaq sahəsinin iddiaçıya məxsus olması, həmin mağazanın yerində dolanışıq üçün “Aptek” tikmək istədikdə həmin yem maqazındakı olan əraziyə başqa şəxslər tərəfindən müdaxilə olunaraq inşa edilmiş “ASPAYD su sistemilərini satışı” mövcudluğunu aşkar etmiş, iddiaçıya məxsus yem mağazasının ərazisinin 7 kv.metrlik hissəsinə müdaxilə edilməsini göstərmişdir. Qeyd etməliyəm ki, iddiaçının mənə qarşı olan iddia tələbi əsassız hesab edirəm. İddiaçı iddia ərizəsində əvvəllər mülkiyyətində olmuş həmin yem mağazasının yerində dolanışıq üçün “Aptek” tikmək istədikdə həmin yem maqazındakı olan əraziyə başqa şəxslər tərəfindən müdaxilə olunmasını aşkar etməsini qeyd etmişdir. Halbuki, iddiaçıya məxsus yem dükanı cavabdeh tərəfindən deyil, həmin ərazidə yolun genişlənməsi ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi və yolun genişlənməsi ilə bağlı iddiaçıya kompensasiya ödənilməsi nəzərdə tutulan məhkəmə qəraralarında öz əskini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-2137/17 saylı, 08 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" ASC-nin və üçünçü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellasiya Məhkəməsinin İİK-nın xx.xx.2017-ci il tarixli, 2-1(103)-1851/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkməsinin İİK-nın xx.xx.2017-ci il tarixli, 2-1(103)- 1851/2017 nömrəli qərarına əsasən 148050 manat məbləğində kompensasiyanın və 3000 manat məbləğində mənəvi zərərin əvəzinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "xxxx" ASC üzərinə qoyulması, cavabdeh "xxxx" ASC-nin və üçünçü şəxs Maliyyə Nazirliyinin apellyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Sözügedən qətnamə icraya yönəlmiş və iddiaçıya qətnamə ilə nəzərdə tutulmuş kompensasiya ödənilmişdir. Belə olan halda iddiaçının iddia ərizəsində göstərdiyi hallar həqiqəti əks etdirmir, zəbt olunmuş yerində aptek tikinitisi ilə bağlı onun hüquqlarının pozulması deyil, yuxarıda qeyd etdiyim məhkəmə qərarlarında ona məxsus yem mağazasının məhkəmədə iddia qaldırdığı dövrdən 4 il əvvəl, yəni 2013-cü il tarixində sökülməsini iddiaçı özü də etiraf etmişdir. Qanuni qüvvəsini almış son məhkəmə qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-2137/17 saylı, 08 noyabr 2017-ci il tarixli qərarı olmuşdur. Göründüyü kimi iddiaçıya məxsus yem mağazası cavabdehə məxsus tikiliyə heç bir aidiyyatı yoxdur və burada heç bir qanunsuz müdaxilədə və zəbt olunmadan söhbət gedə bilməz. Bundan başqa iddiaçı yem maqazasının ona məxsus olmasını, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli mülkiyyət üzrəində sahiblik hüququnu təsdiqləyən 000605 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, M.Rəsulzadə qəsəbəsi Biləcəri şossesində yerləşən 14 saylı yem mağazası onun mülkiyyətində olmasını nəzərdə tutulan şəhadətnamənin olmasını qeyd edir. İddiaçı məhkəməyə sökülmüş yem mağazasına görə dəymiş maddi ziyanın tələb olunması barədə iddia tələbi irəli sürərkən həmin mağazanın 2013-cü il tarixində sökülməsini etiraf etməklə burada mənə qarşı iddia tələbi irəli sürülməsi artıq iddia müddətinin buraxmasını özü də birbaşa etiraf etmişdir. Ona məxsus yem mağazası Cavabdeh tərəfindən deyil, 2013-cü ildə yolun genişlənməsi ilə bağlı Binəqədi rayon İcra Hakmiyyəti tərəfindən sökülməsi məhkəmə qərarlarında öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun tələbindən aydın olur ki, İddiaçı məhkəməyə müraciət etmək üçün artıq iddia müddətini buraxmışdır, yəni 11 il keçmişdir. Yuxatrıda göstərilənlərə və AR MM-nin 373.1, 373.2, 375.2-ci, maddələrinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarının tələblərini rəhbər tutaraq İddiaçı mənə qarşı qaldırdığı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə” dair iddia ərizəsində iddia müddətinin buraxdığından iddia müddəti tətbiq edilməsini xahiş etmişdir.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

12. Hüquq və X3 Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Biləcəri şossesində yerləşən, sahəsi 98 kv.m olan 14 nömrəli yem mağazasının ərazisinə 0,5 metrin 14 metrə olan 7 kv.m hissəsinə müdaxilə edilmişdir.

13. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2006cı il tarixli, 000605 qeydiyat nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzasə qəsəbəsi, Biləcəri şossesində yerləşən 14 saylı yem mağazasını qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır.

14. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilən 16 iyul 1999-cu il tarixli 001814 saylı texniki pasporta əsasən 14 saylı yem mağazasının ümumi sahəsi 98,7 kv.m-dir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, 199 E ünvanında əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1874 nömrəli vərəqində xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır.

16. Cavabdeh ilə "xxxx" MMC-nin direktoru X1 arasında xx.xx.2019-cu il tarixində icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən icarəyə verən onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 328 kv.m olan qeyri-yaşayış binasını icarəçiyə öz ticarət fəaliyyətini həyata keçirmək məqsədləri üçün icarəyə verir.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Biləcəri şossesində yerləşən 14 nömrəli yem mağazasının yerləşdiyi torpaq sahəsi (0,5 metr x 14 metr) ilə "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin 7 kv.m hissəsi üst-üstə düşür. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır.

18. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanan xx.xx.2024-cü il tarixli 5-10/2-885/2024 saylı məktubdan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-19810-1381/2017 saylı qərarına əsasən 262000 manat kompensasiyanın, habelə 3000 manat mənəvi zərərə görə kompensasiyanın İddiaçı ödənilməsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1815/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-1381/2017 saylı qərarın qismən dəyişdirilərək 148050 manat kompensasiyanın və 3000 manat mənəvi zərərə görə kompensasiyanın İddiaçı ödənilməsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2137/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Qeyd olunanlara əsasən tərəflərindən vətəndaş İddiaçı kompensasiyanın ödənilməsi barədə öhdəlik qoyulmamışdır.

19. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 aprel 2017-ci il tarixli, 2-1(81)-1381/2017 saylı qərarından görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyiə və Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı cavabdehdən 674.400 manat pulun alınaraq, iddiaçıya verilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" ASC-dən dövlət büdcəsi vəsaiti hesabına 262.000 manat kompensasiya, habelə mənəvi zərərə görə 3000 manat tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-2137/17 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-1814/2017 saylı qərarı ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 aprel 2017-ci il tarixli, 2-1(81)-1381/2017 saylı qərarı yoxlanılan hissədə dəyişdirilməklə, 14050manat məbləğində kompensasiyanın və 3000 manat məbləğdə mənəvi zərərin əvəzinin İddiaçı ödənilməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması qərara alınmışdır və həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-2137/17 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-20/2024 saylı, 03 iyul 2024-cü il tarixli yerində müayinə protokoluna əsasən müəyyən edilənlər: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 199E ünvanında yerləşən obyektin ümumi sahəsi 328 kv.metr təşkil edir. Obyekt hazırda “ASPAYD su sistemiləri MMC-nin istifadəsindədir. İddiaçının iddia etdiyi sahə cavabddehin obyektinin pilləkan hissəsinin aşağı hissəsində yerləşir.

22. Yerində müayinə zamanı cavabdeh izahatında bildirmişdir ki, obyekti sıfırdan tikmiş, boş torpaq sahəsini 2017-ci ildə hərrac yolu ilə almışdır. İddiaçının sahəsinə müdaxilə etməmişdir. Onun obyektinin eni və uzunluğu 21x21 metr təşkil edir. Mülkiyyətində 11 sot ərazi var, lakin təzə tikilinin çıxarışı yoxdur. Torpağa dair bütün sənədləri var, yaxın vaxtlarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə müraciət edərək çıxarış alacaq. Səkidən üzü yol tərəfə 70 santimetr yer iddiaçınındır. Belə ki, onun ərazisinin uzunluğu 27 metr təşkil edir. Koordinatda yalnışlıq olduğu yenidən texniki pasport almışdır.

23. Yerində müayinə zamanı cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Ekspertiza keçirilən zaman iddiaçının ərazsinin pilləkanın aşağı hissəsinə düşdüyünü bildirmişdir. Ekspert həmin hissənin ümumi hissəyə düşdüyünü bildirmişdir.

24. Yerində müayinə zamanı iddiaçının vəkili izahatında bildirmişdir ki, iddiaçının mağazasının yerləşdiyi torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Bu hal ekspert rəyində də öz təsdiqini tapmışdır. Bildirir ki, həmin ərazidə yol genişlənməmişdir, iddiaçının əmlakı dağılmışdır. Məhkəməyə müraciət etməmişdən əvvəl mütəxəssis rəyi ilə iddiaçının 7 kv.metr hissəsinə müdaxilə etdiyi müəyyən edilmişdir. Şəhadətnamə hazırda da qüvvədədir və cavabdeh iddiaçının ərazisində öz mağazasını tikmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

25. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Biləcəri şossesində yerləşən 14 saylı yem mağazası Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2006-cı il tarixli, 000605 qeydiyyat nömrəli şəhadətnamə əsasında İddiaçı məxsus olmuşdur.

26. 2013-cü ildə Bakı şəhəri Rəsulzadə qəsəbəsi Biləcəri döngəsi ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi məqsədilə "xxxx" ASC (2017-ci ildə "xxxx" ASC) tərəfindən iddiaçının buna dair razılığı olmadan mülkiyyətində olan qeyri-yaşayış sahəsi sökülür.

27. Mübahisənin məhkəmə qaydasında həlli Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-2137/17 saylı qərarı ilə yekunlaşır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-1814/2017 saylı qərarı ilə 148050 manat məbləğində kompensasiyanın və 3000 manat məbləğdə mənəvi zərərin əvəzinin İddiaçı ödənilməsi öhdəliyi "xxxx" ASC-nin üzərinə qoyulur.

28. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaçıya kompensasiyanın Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən ödənildiyini bildirsə də, Bakı şəhəri İcra Hakimiyyəti həmin mübahisə üzrə kompensasiyanın ödənilməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulduğunu bildirmişdir.

29. Hazırda iddiaçı xx.xx.2006-cı il tarixli, 000605 qeydiyyat nömrəli şəhadətnamənin öz hüquqi qüvvəsini saxladığını əsas gətirməklə, Cavabdehnna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 199E ünvanında yerləşən ümumi sahəsi 328 kv.metr olan obyektin sahəsinin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Biləcəri şossesində yerləşən sahəsi 98 kv.m olan 14 nömrəli yem mağazasının ərazisinə 0,5 metrin 14 metrə olan 7 kv.m hissəsinə müdaxilə etdiyini və bunun müqabilindən sonuncudan 14000 manat məbləğində kompensasiyanın tutularaq ona ödənilməli olduğunu iddia edir.

30. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, 199 E ünvanında əmlak kompleksi kimi müəssisə (sahəsi 328 kv.m) xüsusi isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* saylı çıxarışa görə xx.xx.2017-ci il ildən mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur.

31. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə İddiaçı məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Biləcəri şossesində yerləşən 14 nömrəli yem mağazasının yerləşdiyi torpaq sahəsi (0,5 metr x 14 metr) ilə "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin 7 kv.m hissəsi üst-üstə düşdüyü müəyyən edilmişdir.

32. "xxxx" MMC isə Cavabdeh məxsus obyektin icarəçisidir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

33. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmaması araşdırılmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Bundan başqa iddia tələbinin qanuni əsasının tapılması işə baxan məhkəmə üçün ona görə vacibdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. İşin müəyyən edilmiş halları baxımından məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən daşınmaz əmlakla bağlı tələb irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Mülki Məcəllənin normalarına istinad etsə də, nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin artıq hüquqi qüvvəsi yoxdur.

36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 207.1-ci maddəsinə əsasən torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər.

37. İddiaçının özünə məxsus olduğunu iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzasə qəsəbəsi, Biləcəri şossesində yerləşən 14 saylı yem mağazası artıq 2013-cü ildən sökülmüş və hazırda mövcud deyildir. Yerli müayinə zamanı da, bu fakt öz təsdiqini tapmışdır. Tikintinin yerləşdiyi torpaq sahəsi isə hazırda dövlət mülkiyyəti olmaqla, üzərində xüsusi mülkiyyət müəyyən edilməmişdir. Belə ki, hər iki tərəf torpaq sahəsinə mülkiyyət hüquqlarının olmadığını bildirmişlər. Sökülən əmlak müqabilində 2017-ci ildən iddiaçıya dəyən zərərin əvəzi kimi 148050 manat məbləğində kompensasiyanın və 3000 manat məbləğdə mənəvi zərərin ödənilməsi öhdəliyi "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. İddiaçının nümayəndəsi də, məhkəmə iclasında kompensasiyanın ödənilməsini təsdiq etmişdir.

38. Odur ki, iddiaçının mövcud olmayan tikintiyə məxsus artıq hüquqi qüvvəsini itirmiş daşınmaz əmlaka dair şəhadətnaməyə istinad etməklə, habelə həmin tikilinin yerləşmiş olduğu torpaq sahəsinə dair hər hansı hüququ olmadan mülkiyyət hüququnun müdafiəsi kimi cavabdehdən kompensasiya tələb etməsini məhkəmə əsaslı hesab etmir. Tətbiq edilən prosessual normalar:

39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

41. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

42. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

44. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

45. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır;

46. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər;

47. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

48. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

49. Beləliklə məhkəmə hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

50. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

51. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) kompensasiyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar