Məhkəmə qərarları › İş №2(001)-2001/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2001/2021

22.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2001/2021 22.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 36 saylı mənzildən qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AN-İ №0862404 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 36 saylı mənzili alıcı İddiaçı mülkiyyətinə verilmişdir. Həmin müqaviləyə əsasən sözügedən mənzilə görə Cavabdeh1 oğluna 84000 manat pul ödəmişdir. Mənzilin keçmiş mülkiyyətçisi söz vermişdir ki, 1 ay ərzində mənzildə qeydiyyatda olan və yaşayan cavabdehlər mənzili boşaldacaqlar. Lakin sözügedən müqavilənin bağlanmasından 7 aydan artıq müddətin keçməsinə baxmayaraq, cavabdehlər həmin mənzili boşaltsalar da, qeydiyyatdan çıxmamışlar. Hazırda cavabdehlər ünvan 2 ünvanında yerləşən 36 saylı mənzildə qeydiyyatdadırlar. Nəticədə cavabdehlərin ona məxsus evdə formal olaraq qeydiyyatda qalmaları mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur və ona sərbəst şəkildə əmlakından istifadə etməyinə maneələr yaradır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir(Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Plenum qərında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya müvafiq tələblə Daxili İşlər Nazirliyinə müraciət etmək, imtina edildikdə isə Bakı İnzibati Məhkəməsinə müvafiq tələblə iddia ərizəsi vermək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya qeydiyyatdan çıxarılma ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmək, imtina edildikdə isə müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi vermək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar