Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2006/2023 04.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 20/180 ünvanında yerləşən 54 saylı mənzildə iddiaçı, qardaşı Cavabdeh1 və onun övladları X6 və X8 birgə yaşayırlar. İddiaçının qardaşı və onun övladları 2021-ci ilin aprel ayından iddiaçı ilə birgə yaşayırlar. Həmin şəxslər mənzilə köçərkən bunun müvəqqəti xarakterli olması və mənzildən qeyri-təyinatı üzrə hər hansı istifadəyə yol verməyəcəklərinə dair notarial qaydada təsdiqlənmiş ərizə ilə öhdəlik götürmüşlər. Bu iddianı qaldırmaqda iddiaçının məqsədi isə qardaşı Rüfər Əsədullayev və onun qızı Nərgiz Əsədullayevanın mənzildən çıxarılması ilə bağlıdır. Belə ki, aralarında uzun müddətdir davam edən mübahisələr mövcuddur, bu mübahisələr hətta bir neçə dəfə ciddi münaqişələrə gətirib çıxarmış, hətta son dəfə iddiaçı bu barədə polis orqanlarına müraciət etmək məcburiyyətində qalmış, bu vəziyyətdə bir mənzildə birlikdə yaşamaq qəti mümkün deyil. xx.xx.2023-cü il tarixdə iddiaçı “iddianın əsasının və iddia tələbinin həcminin artırılmasına dair” ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilin yeganə mülkiyyətçisi iddiaçının atası X11 idi. İddiaçı və qardaşı Cavabdeh1 həmin mənzildə qeydiyyatda idilər və bir müddət birlikdə yaşayıblar. Cavabdeh1 2000-ci ildə Buzovna qəsəbəsi, Seryogin küçəsi, ev 2A, mənzil 26 ünvanında yerləşən yaşayış sahəsini aldı. 2000-2002-ci illər ərzində ara- sıra həm aldığı yaşayış sahəsində, həm də ünvan 1 ünvanında gəlib qalırdı. 2002-ci ilin əvvəlindən etibarən isə həmin mənzili birdəfəlik tərk edərək həyat yoldaşı və ailəsi ilə birgə Buzovna qəsəbəsi, Seryogin küçəsi, ev 2A, mənzil 26 ünvanında yerləşən yaşayış sahəsində daimi yaşamağa köçdü. Onun qızı X8 və oğlu X6 da həmin mənzildə yaşadıqları müddətdə dünyaya gəlmişlər. Uzun müddət ərzində Cavabdeh1 və onun ailəsi iddiaçının atası ilə yaşadığı mənzilə ümumiyyətlə qonaq kimi də gəlməmişlər. Onların özlərinə məxsus daimi yaşayış evləri olmuş və orada uzun müddət birlikdə yaşamışlar. xx.xx.2016-cı il tarixdə isə iddiaçının atası Qəzənfər Əsədullayev sağ ikən sözügedən mənzili bağışlama müqaviləsi əsasında iddiaçıya hədiyyə etdi. xx.xx.2016-cı il tarixli notarial qaydada verilmiş ərizədən də göründüyü kimi, Cavabdeh1 mənzilin bağışlanmasına etiraz etmədiyini bildirmişdi. Bundan sonra iddiaçı yaşadığı və ona hədiyyə edilən mənzilə dair 2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarış almışdır. Beləliklə, göründüyü kimi, 2016-cı ildən etibarən iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin yeganə mülkiyyətçisi, o cümlədən sahibi və istifadəçisidir. 2017-ci ildə iddiaçının atası rəhmətə getmiş və iddiaçı mənzildə tək yaşamağa davam etmişdir. 2021ci ildə Cavabdeh1 iddiaçıdan xahiş etdi ki, öz həyat yoldaşı ilə ayrıldığı üçün övladları ilə birlikdə yeni ev tapana qədər onun mənzilində müvəqqəti qalsın. Cavabdeh notarial qaydada ərizə verdikdən sonra övladları ilə birlikdə müvəqqəti olaraq iddiaçının mənzilində qalmağa başladı. Belə ki, cavabdehin notarial qaydada verdiyi xx.xx.2021-ci il tarixli ərizədə qeyd olunur ki, “mən Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə bacım X2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 20/180, 54 saylı mənzilə övladları X8, X6 (digər şəxslər istisna olmaqla) ilə birlikdə təmənnasız, müvəqqəti olaraq yaşamaq üçün köçürük. Həmin mənzili qüvvədə olan qanunvericiliklə yol verilən və ya qadağan olunan hər hansı bir başqa (kommersiya, reklam xarakterli fəaliyyət növləri daxil olmaqla) məqsədlərlə istifadə etməyəcəm”. Göründüyü kimi, Cavabdeh1 20 il müddət ərzində mübahisəli mənzildə yaşamamış, mənzildən istifadə etməmiş və istifadə etmək hüququnu itirmişdir. Cavabdeh yalnız 2021-ci il tarixdə sözügedən ərizəni notariusda verdikdən sonra iddiaçının mənzilində müvəqqəti qalmağa başladı. Əgər əvvəldən həmin mənzildə yaşasaydı, bu məzmunda ərizəni verməyin anlamı olmazdı. Odur ki, bu ərizə bir daha onu sübut edir ki, cavabdeh və onun övladları sözügedən mənzildə yaşamamışlar, yalnız başqa yaşayış yeri tapana kimi iddiaçıya məxsus mənzildə müvəqqəti qalmışlar. Hazırda iddiaçı mülkiyyətçi olaraq öz mənzilindən istədiyi kimi istifadə edə, mənzilə sahiblik edə bilmir. Belə ki, cavabdehlər iddiaçının mülkiyyətçi hüquqlarını məhdudlaşdırır, ona qarşı aqressiv münasibət göstərərək, münaqişələr yaradır, iddiaçını təhqir edirlər. Hazırda cavabdehlərlə bir evdə yaşamaqları mümkünsüz hala çevrilib. İddiaçı hətta 102 polis xidmətinə də müraciət edərək cavabdehlər tərəfindən hədələndiyini, təhqir olunduğunu da bildirmişdir. Belə olan halda, cavabdehlərin onun mənzilindən çıxarılması zərurəti yaranmışdır. Mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasının qarşısı alınmalıdır. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh1 iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun mənzildən çıxanlması; cavabdeh X4 iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun yaranmaması (mövcud olmaması) faktının müəyyən etməklə, onun mənzildən çıxanlması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 iştirak etmiş, həmin iclasda tərəflərin izahatları və şahid ifadələri dinlənmiş, cavabdeh tərəfin dəvət etdiyi şahidlərdən biri ifadəsi dinlənilmədən getdiyi səbəbindən məhkəmə baxış iclası cavabdehin nümayəndəsi və vəkilinin şifahi vəsatətinə əsasən təxirə salınmış, lakin hazırkı məhkəmə iclasına cavabdeh tərəf ümumiyyətlə gəlməmiş, ifadəsi dinlənilməyən şahid isə məhkəməyə təqdim edilməmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək səhhətində yaranmış problemlərə görə məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə baxış iclasını təxirə salınmasını xahiş etmiş, lakin nə özünün, nə də ki, hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəblərinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə müvafiq olaraq, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirmişdir ki, mülkiyyət hüququ ilə ona məxsus olan mənzildə onlar 1973-cü ilin sonlarından anası, atası və üç uşaq olaraq yaşamışlar. Daha sonra böyük qardaşı evlənərək həmin evdən çıxıb. 2000-ci ilə qədər anası, atası, iddiaçı və qardaşı Rüfət həmin evdə yaşamışlar. 2000-ci ilin ortalarında qardaşı Rüfət atasının pulu ilə Buzovna qəsəbəsi, Azadlıq küçəsi, 2A ünvanında iki otaqlı ev almışdır. Anaları həmin ərəfələr artıq xəstə idi. Anaları 2000-ci ilin sonu rəhmətə getdi. Qardaşı həmin ərəfədə ailənin qarşı çıxdığı bir xanımla faktiki nikah münasibətlərinə girmiş, 2002-ci ilin yanvar ayında bir qızı dünyaya gəlmişdir. Qardaşı ailəsi ilə birlikdə 2007-ci ilə qədər Buzovnada yaşamış, sonradan xəbər tutdular ki, Rüfət həmin mənzili öz adına deyil, həyat yoldaşının adına alıbmış. Sonradan, səhv etmirsə, Rüfətin həyat yoldaşı həmin mənzili qardaşını aldadaraq anasının adına keçirərək satmışdır. 2007-ci ildən sonra 8-ci mikrorayon ərazisində kirayə ev tutub orada yaşamağa başlamışlar. Təxminən 1 il həmin mənzildə kirayə qaldıqdan sonra, X28 küçəsi, ev 2, mənzil 40 ünvanında yerləşən yeni kirayə mənzilə köçmüşlər. 2007-ci ilin sonlarından iddiaçının evinə gələnə qədər 15 il davamlı olaraq həmin mənzildə kirayə qalmışlar. 2021ci ilin aprel ayının ortalarından isə iddiaçının evində yaşayırlar. Rüfət və uşaqları iddiaçının evinə gəlməzdən hardasa 4-5 ay əvvəl həyat yoldaşı onu və uşaqlarını tərk edib getmişdi. Qızı gəldi dedi ki, bizi evdən çıxarırlar, ev tapana kimi müvəqqəti səninlə qalaq. İddiaçı da razılaşdı. Rüfət onun evinə köçənə qədər uzun müddət kirayə qaldığı mənzilin önündəki çörək zavodunda sürücü vəzifəsində çalışıb. Yəni həmin müddətdə maddi imkanı yaxşı olmayıb, lakin sonradan Qobustan rayonunda dostu iri çörək zavodu açmış və Rüfəti də həmin sexə direktor vəzifəsində qoymuşdur. Rüfətin və uşaqlarının iddiaçının mənzilinə köçməsi məqsədli olub. Yəni onun hal-hazırda özünə yaşayış evə almağa maddi imkanı çatır. Rüfət və uşaqları iddiaçının evinə köçdükdən sonra 1-2 ay münasibətləri normal oldu, lakin sonradan qızı Nərgizə görə böyük problemlər yaşandı. Nərgiz iddiaçıya qarşı əxlaqsız sözlər deyir, atasını ona qarşı öyrədir, atası da zəng edib ağzına gələni iddiaçıya deyir. İddiaçıya qarşı nalayiq hərəkətlər edən zaman bütün bu halları videoya çəkir. Nərgiz iddiaçıya qarşı bilərək edir bu hərəkətləri, xəstə adamdır, şəkəri qalxır. Dəfələrlə gecə saat 1-də evdən baş götürüb çıxmışdır. Evində natəmizlik baş götürüb gedir. Bunları deməkdə məqsədi evdə dəhşətli münaqişələrin olmasından məhkəməni məlumatlandırmaqdır. Əgər iddiaçının şəxsi qərəzliyi olsa idi qardaşının oğlunun da mənzildən çıxarılmasını tələb edərdi. Lakin onun oğlandan heç bir narazılığı yoxdur, iki il ərizində bir dəfə belə olsun ona qarşı artıq hərəkət etməyib. Sözügedən mənzil iddiaçıya atasından bağışlanma yolu ilə keçib, iddiaçı həmin mənzilin tam mülkiyyətçisidir. Həmin mənzildə heç bir şəxsin payı yoxdur, qeydiyyatda belə tək özüdür. Mənzil iddiaçıya bağışlanan zaman qardaşı Rüfət notariusa gələrək mənzilin bağışlanmasına razılıq vermişdir. Bu müddət ərzində həmin mənzilə dair heç bir iddiası olmayıb. İddiaçının mülkiyyət hüququ cavabdehlər tərəfindən kobud şəkildə pozulur. Qardaşı Rüfət artıq 20 ildən çoxdur ki, iddiaçının mənzilində yaşamayaraq həmin mənzildən istifadə hüququnu da itirib. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirmişdir ki, iddiaçı işin faktiki hallarını ifadə etdi. O isə öz növbəsində əsaslandırma ilə bağlı fikrini bildirəcək. İddiaçı 2016-cı ildən həmin evin mülkiyyətçisidir və buna dair çıxarış da əldə edib. Çıxarışın olması iddiaçının həmin evə dair hüquqlarının dövlət tərəfindən tanınmasının sübutudur. Mülkiyyət hüququ ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində də kifayət qədər qanunvericilik aktları təsbit edilib. Azərbaycan Respublikasının Konstitusiyasının 13cü maddəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. İddiaçı öz evindən istədiyi formada istifadə və sahiblik edə bilmir. Mənzilə dair istifadə hüququnun yaranması ilə bağlı Konstitusiya Məhkəməsinin müxtəlif tarixli Plenum qərarları var. 2000ci ilədək istifadə hüququnun yaranması üçün mənzilə köçüb yaşamaq faktı kifayət idi, bunu hardasa rəsmiləşdirməyə ehtiyac yox idi. Lakin yeni Mülki Məcəllə qüvvəyə mindikdən sonra Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməyə başladı. Bu zaman istifadə hüququnun yaranma əsaslarından biri kimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması göstərilmişdir. Hazırkı vəziyyətdə cavabdehin istifadə hüququnun yaranmasına heç bir əsas yoxdur. İddiaçı notarial qaydada rəsmi ərizə aldıqdan sonra cavabdehləri müvəqqəti yaşamaq üçün öz evinə buraxıb, bu da onların əvvəldən həmin evdə yaşamadıqlarına dair bir sübutdur. Çünki həmin evdə yaşadıqları halda belə bir ərizənin verilməsi ağlabatan deyil. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirmişdir ki, o, həmin mənzildə anadan olmuş, böyümüşdür. 2001-ci ildə ailə həyatı qurmuşdur. Həyat yoldaşının anasının evi var idi və həmin evi müvəqqəti yaşamaqları üçün verdilər onlara. Həmin vaxt cavabdeh 8-ci mikrorayon ərazisində çörək sexində sürücü vəzifəsində çalışmışdır. Çörək sexində də iş saatı səhər 5-də başladığı üçün real olaraq Buzovnadan gəlib çatmağı mümkün deyildi. Onlar Buzovnadakı evdə 2005-ci ilin axırına qədər qaldılar, lakin o, ata evində də gedib qalırdı. O, məcburiyyətdən işi ilə əlaqədar 8-ci mikrorayonda kirayə ev tutdu ki, həyat yoldaşı və uşaqları qalsın. O, kirayə ev tutub ailəsini həmin evə köçürən zaman, atası ona bildirdi ki, həyat yoldaşını və uşaqlarını da götürsün birdəfəlik onların evinə köçsün, lakin bacısı icazə vermirdi. Hətta bacısı ona dedi ki, yaşaya bilirsənsə gəl yaşa. İddiaçı atasına evdən ona da pay verməsinə icazə vermirdi. O, atasına təklif etdi ki, evi keçirsinlər bacısının adına, bacısı onu onsuz çöldə qoymaz. Atasını insult vurandan sonra iddiaçının cavabdehə qarşı hərəkətləri dəyişdi, hətta xəstə atasına baş çəkməyə gələndə belə onun üzünə qapı açmırdı. İddiaçı onu 2-3 il aldatdı ki, bağı yaxşı qiymətə satacaq, onun da payını verəcək. Hər dəfə vəziyyətin nə yerdə olduğunu soruşanda cavab verirdi ki, bağı satın almaq istəyən şəxs rəfiqəsidir, Amerikada yaşayır, bağı yüksək qiymətə alacaq. Lakin məsələ olduğu kimi qalırdı. Cavabdehin artıq qalacaq yerim olmadığı üçün dostları bu işə qarışdı. İddiaçı razılıq verərək bildirdi ki, bu məsələni həll edib 3-4 aya bağı satıb qardaşının pulunu verəcək. Onda da dostları dedi ki, 3-4 ay bu məsələ həll olunana kimi icazə ver Rüfət gəlib bu evdə qalsın. Bu söhbətdən sonra 1-2 gün keçmişdi bacısı cavabdehə zəng edib dedi ki, “sən mənə notarial formada ərizə verə bilərsənmi ki, siz burda qaldığınız müddətdə həyat yoldaşın bu evə gəlməyəcək”. İddiaçı gedib notariusda ərizəni yazdırıb hazır qoymuşdu, cavabdeh də dəqiq oxumadan ərizəni imzalamışdır. Cavabdeh və uşaqları 3 ay bacısının evində normal yaşadılar. 3 aydan sonra iddiaçı onları evdən məcburi çıxarmaq üçün hədəf kimi qızını seçdi. Cavabdeh iddiaçı tərəfindən onlara edilən hərəkətləri ifadə etməyə belə xəcalət çəkir. Cavabdeh məhkəmə iclasında verilən suallara cavab olaraq qeyd etmişdir ki, atasından qalan bağı iddiaçı ondan xəbərsiz öz adına rəsmiləşdirib. Buzovnadakı evdə o yaşamayıb, yoldaşı yaşayıb. 2001-ci ildən 2005-ci ilin axırına qədər həftədə bir dəfə gedib-gəlirdi. Buzovnadakı evin nə vaxt satılıdığından xəbəri yoxdur. Yoldaşı və uşaqları həmin evdə qalırdı, o da gedib arada qalırdı. Müddəti dəqiq bilmir. Uşaqları doğulanda atasının evində də qalırdı, uşaqarı yaşayan evdə də. Atası insult xəstəsi olan gündən bacısının onlara olan münasibəti dəyişdi, 2017-ci ilin may ayından atası xəstə idi. Gəlibgedirdi lakin bacısı elə atmosfer yaratdı ki, çox qalmırdı. Atası xəstə olan zaman balaları ilə dəfələrlə gəlmiş, lakin bacısı onları qapıdan içəri qoymayıb. O, razılığı ilə bağlı özü şəxsən 2016-cı ildə yazılı ərizə vermiş və iddiaçının evin mülkiyyətçisi olduğunu bilirdi. 2016-cı ildən 2021-ci ilə kimi onun evə dair heç bir iddiasının olmamasının səbəbi bacısının onun payının veriləcəyi ilə bağlı aldadması ilə bağlıdır. Hal-hazırda çörək sexinə nəzarət edir və aylıq 700-800 manat gəliri olur. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirmişdir ki, cavabdeh mübahisəli mənzildə doğulub, böyüyüb və indiyənə kimi də həmin mənzildə yaşayıb. Cavabdeh ailə qurduqdan sonra həyat yoldaşı və bacısı arasında mübahisələr yarandığı üçün məcbur qalıb qonşu binadan kirayə mənzil tutub. Həyat yoldaşı həmin mənzildə qalıb, həftədə 3-4 dəfə cavabdeh ata evində qalıb. Ara-sıra da gedib həftədə 2-3 dəfə həyat yoldaşının yanında qalırdı. Lakin atasının sağlığında iddiaçı atasından qorxduğu üçün cavabdehə hər hansı maneə törədə bilmirdi, atası rəhmətə getdikdən sonra iddiaçının cavabdehə münasibəti tamamilə dəyişmişdi. Cavabdeh də məhz məcbur qalaraq notarial qaydada təsdiq olunmuş ərizəni iddiaçıya vermişdir. Cavabdehin dostları vəziyyətin bu yerdə olduğunu görüb iddiaçı ilə söhbət apararaq bildirmişlər ki, Rüfətin maddi durumu yaxşı deyil, kirayələrdə qalıb onu evində qalmasına şərait yaratsın. Bu günə qədər də iddiaçı Rüfətin payını verəcəyinə söz vermiş, lakin əməl etməmişdir. Cavabdehin atası rəhmətə getdikdən sonra iddiaçı cavabdehi həmin mənzilə buraxmayıb, yəni cavabdeh könüllü olaraq həmin mənzili tərk etməyib. Cavabdeh 1988-ci ildən həmin mənzildə qeydiyyatdadır və doğulduğu gündən həmin mənzildə yaşayır. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, iddia tələbini qəbul etmədiyini məhkəməyə bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, 7E-1567 saylı ərizədən görünür ki, Cavabdeh1 həmin tarixdə Bakı şəhəri 27 saylı notariat kontoruna müraciət edərək bildirmişdir ki, ünvan 2 ünvanındakı mənzilin bağışlanmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 4Ə-110 saylı Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X3 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 81,02 kv.m., yaşayış sahəsi 63,32 kv.m. olan 4 otaqlı mənzili bütünlüklə qızı İddiaçı bağışlamışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 xx.xx.2016-cı il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 8İ-1903 saylı ərizədən görünür ki, Cavabdeh1 həmin tarixdə Bakı şəhəri 27 saylı notariat ofisinə müraciət edərək aşağıdakıları bildirmişdir: “ ... mən, Cavabdeh1 Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə bacım İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, Azadlıq prospekti, ev 20/180, 54 saylı mənzilə ancaq övladları X8, X6 (digər şəxslər istisna olmaqla) ilə birlikdə təmənnasız, müvəqqəti olaraq yaşamaq üçün köçürük. Həmin mənzili qüvvədə olan qanunvericiliklə yol verilən və ya qadağan olunan hər hansı bir başqa (kommersiya, reklam xarakterli fəaliyyət növləri daxil olmaqla) məqsədlərlə istifadə etməyəcəm”. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, Azadlıq prospekti, ev 20/180, 54 saylı mənzildə İddiaçı başqa qeydiyyatda başqa şəxs yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.1988-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 20, mənzil 54-də, xx.xx.2003-cü il tarixdən hazırkı vaxtadək ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 1 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 235 saylı arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, Azadlıq prospekti, ev 20/180, 54 saylı mənzildə 2002-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi yaşamayıb. İş materiallarında olan Vəkilova Naidə Paşa qızı və X9 xx.xx.2023-cü il tarixli, 8İ- 3121 saylı ərizələrindən görünür ki, onlar həmin tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, Azadlıq prospekti, ev 20/180, 54 saylı mənzildə 2002-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi yaşamamasını bildirmişlər. Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 1 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 235 saylı arayışının məzmunundan görünüdüyü kimi, arayış həmin ərizəyə əsasən verilmişdir. Ona görə də məhkəmə qeyd olunan arayışa tənqidi yanaşır və mötəbər sübut kimi qəbul etmir. Bununla yanaşı məhkəmə X17, X13 və X20 tərəfindən məhkəməyə ünvanlanmış teleqramları mötəbər sübut kimi qəbul etmir. Belə ki, şəxsin şəxsiyyəti müəyyən edilmədən, ona hüquq və vəzifələri izah edilmədən, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edilmədən, vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında iltizam alınmadan şəxsin göstərdiklərinin şahid ifadəsi kimi qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. İş materiallarında olan 26 №-li BŞX Doğum şöbəsinin Dəyişmə vərəqəsindən görünür ki, xx.xx.2002-ci il tarixdə qız övladını (*ƏsədullazadəNərgiz Rüfət qızı) dünyaya gətirərkən Buzovna qəsəbəsi, Azadlıq küçəsi, ev 2A, mənzil 26 ünvanında yaşamışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, Günay Məmmədova həmin tarixdə 20 saylı uşaq poliklinikasına ərizə ilə müraciət edərək bildirmişdir ki, əvvəl Buzovna qəsəbəsində, indi isə 8-ci mikrorayon, ev 34, mənzil 41 ünvanında kirayədə yaşadığından xx.xx.2002-ci il təvəllüdlü Nərgiz Əsədullayevanın qeydiyyata götürülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vəkilova Naidə Paşa qızı ifadəsində göstərdi ki, o, iddiaçının qonşusudur. ünvan 6 ünvanında yaşayır. Rüfəti də uşaqlıqdan tanıyır. Amma anası rəhmətə gedəndən sonra neçə ildir görmür. Əvvəllər görməyib, hardasa bir il olar ki, görür. Həmin mənzildə Mətanətin yaşadığını bilir. İddiaçının evinə gedib-gələn zaman başqa şəxsin əşyalarını həmin mənzildə görməyib. Mətanət çox sakit, mərifətli qonşudur. Sadəcə bu yaxınlarda yenə həyətdə oturan zaman evlərindən səsküyün gəldiyini eşitdi. Mətanətin atası ilə yoldaşı yaxın dost idilər, münasibətləri çox yaxşı idi. Evlərinə gedib-gəlirdi. Anaları rəhmətə gedəndən sonra Rüfəti onların blokunda görməyib. Həyətdə skamyada oturur və gəlib-gedənləri görür, amma Rüfəti görməyib. Son 1 ildir görür. Qeydiyyat ünvanı fərqli olsa da, həmin ünvanda yaşadığını bütün qonşular, iddiaçı özü də təsdiq edə bilər. Cavabdeh mübahisəli ünvanda yaşamayıb. Rüfətin atası xəstə olanda da o, onların evinə gedirdi, lakin Rüfəti həmin evdə görməyib. Demək olar ki, anası rəhmətə getdikdən sonra Rüfəti həmin ünvanda çox az görüb. Rüfətin anası rəhmətə getdikdən sonra Rüfətin evdə yaşamasını görməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, cavabdeh onun evində uzun illər kirayə yaşayıb. Rüfətin kirayə qaldığı mənzil Binəqədi rayonu, X28 küçəsi, mənzil 40 ünvanında yerləşirdi. Rüfət onun mənzilində 2007 ci ildən 15 il müddətində daimi qalıb. Özü Əhmədli ərazisində qalır. Salon işçisidir. Gündəlik həmin binada olurdu. Evin pulunu şəxsən gəlib götürürdü. Pulu ona ya Rüfətin qızı verirdi, ya da ki, həyat yoldaşı. Rüfətin yoldaşı həmin mənzildə daimi yaşayırdı. Lakin son 5 ayda yoldaşı yaşamayıb. Ümumiyyətlə ailələrini uzun müddətdir tanıyır. 15 il olar. Ataları hələ sağ idi. Evlərinə həftədə 1-2 dəfə gəlirdi. Gələndə evlərində Rüfəti heç vaxt görməyib. Rüfət 2021-ci ildə mənzilini təhvil verib. Rüfətin onun mənzilində 15 il kirayədə qalmasını hər hansı sənədlər təsdiq edə bilmir, rəsmi kirayə müqaviləsi əvvəl olub, amma itirib. Rüfətin həmin mənzildə kirayə qaldığını bütün qonşular təqdiq edə bilər. Əhmədlidə yaşasa da, həmin ünvanda işləyir, salon işçisidir, daimi iş yeri yoxdur, evlərə gedir. Buna görə Rüfətin həmin ünvanda hər gün olmasından məlumatlıdır. Rüfətə hər gün nəzarət etmirdim. Rüfətin həyat yoldaşı zəng edib onu çağırırdı, gedib saçını kəsirdim və s., bu zaman məlumatlı olurdu. Maşınını da hər gün binanın qabağında saxlayırdı. Rüfəti qara cip sürəndə görüb. Amma nömrəsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, Rüfətin bibisi qızıdır. Rüfət hardasa 20 ildir ki, həmin ünvanda yaşamayıb. Rüfət 2000-ci ildə bir qadın ilə münasibət qurdu, dayısı bu münasibətə qarşı idi. Rüfət onun dayısının pulu ilə qadının adına Buzovnada 2 otaqlı mənzil aldı. 5 il orada ailəsi ilə birlikdə yaşadıqdan sonra, işlədiyi yerə yaxın ünvanda 8-ci mikrorayonda kirayə mənzil tutdu. Rüfət nə atası nə də anası xəstə olanda, rəhmətə gedəndə Mətanətin nə maddi nə də mənəvi dəstəyi olmayıb. Rüfət uşaqları ilə 2021-ci ildə müvəqqəti olaraq gəlib Mətanətin evinə yerləşib. O, hətta həmin zaman da Mətnətə dedi ki, bax bu Rüfətin planı ola bilər. Evinə yerləşməsinə icazə vermə. X32 inandı, dedi ki, qardaşıdır, onu dar gündə tək qoya bilməz. İndi də münaqişlərə səngimir. Rüfət və qızı Mətanətə bir qadına deyilməyəcək sözləri deyir. Hətta buna dair videogörüntülər belə var. Mətanətin atası rəhmətə gedənə qədər o, atası ilə tək qalırdı. Rüfətin 2002-ci ildə qızı dünyaya gəldikdən sonra bildirdi ki, mənim qızım olub, onu tək qoya bilmərəm. Həmin vaxtdan Rüfət evi öz iradəsi ilə tərk edib arvadı və uşağı ilə Buzovnadakı evdə yaşamağa başladı. Özü Bilgəhdə yaşayır. Bütün dediklərini iddiaçının dilindən eşidib. Eyni zamanda onun bədəninin göyərtilərindən evdə olub-bitəndən məlumatlı olub. Mətanəti Rüfətin qızı döyüb. Mübahisəli mənzilə daim gedib-gəlib, dayısı rəhmətə getdikdən sonra hətta gəlib həftələrlə qalmışdır. Dayısı xəstə olanda da gəlibgedib. Dayısının hansı xəstəxanada yatdığını xatırlamır. Evdə isə küncdə ortada olan yataq otağında qalırdı. Rüfət anası rəhmətə getdikdən sonra həmin evdə 1 gün olsa belə yaşamayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, Rüfət onun uşaqlıq dostudur. Bir yerdə böyümüşlər. Rüfət ona bir gün zəng edərək, məsələni danışdı, o da bu məsələ ilə bağlı Mətanət xanımla şəxsən görüşdü, xahiş etdi ki, Rüfətin vəziyyəti yaxşı deyil, icazə versin ki, Rüfət uşaqları ilə həmin mənzildə qalsın. Rüfətin özünün həmin mənzilə gedib-gəlişində onsuz bir problem olmayıb. Əsas məsələ uşaqlarının həmin mənzildə yaşaması idi. Mətanət xanım da Rüfətin həyat yoldaşı istisna olmaqla Rüfət və uşaqlarının həmin mənzildə yaşamasına razılaşdı. Hətta yekun olaraq Mətanət xanım dedi ki, ya evi, ya da bağı satacaq Rüfətə iki otaqlı mənzil alacaq. Ailə mehriban olub həmişə, sadəcə Rüfətin xanımı ilə bacısının münasibətləri yaxşı deyil. Onun özünün də Rüfət ailə həyatı quran zaman münasibətləri bir az soyumuşdu. Rüfət mütəmadi olaraq atasının evində yaşayıb. Rüfətin həyat yoldaşını ailəsi qəbul etmirdi. Bu səbəbdən ailəsini atasıgilin evinə yaxın binada kirayə tutub saxlayırdı. Onun ilə söhbət əsnasında Mətanət xanım Rüfətin həyat yoldaşı istisna olmaqla Rüfət və uşaqlarının həmin mənzildə yaşamasına razılıq verdiyini bildirmişdi. Pul söhbətindən məlumatlı deyil, Rüfət və uşaqlarının iddiaçının evində qalmasına görə iddiaçı ilə görüşmüşdü. Rüfət ilə eyni məhəllədə yaşayırlar, Rüfət 2-ci bina sonuncu blokda qalır. Ordan məlumatlıdır, eyni zamanda özü də deyib harda yaşamağı barədə. Həmin ev Rüfətin atasının evidir, təbii ki, gedib-gəlib eyni zamanda yaşayıb. Onu güdəsi deyiləm. Maşını həmişə blokun yanında olur. Rüfətin atasıgildə qalması heç vaxt problem olmadığına görə, bu barədə xüsusi danışıları olmayıb. Bilir ki, Rüfətin atasının evinə gedib-gəlməyində problem olmayıb. O, Mətanət xanım ilə görüşən zaman da bunu özü ona bildirmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Rüfətin bibisi qızıdır. Uşaqlıqdan bunların evində daim o olmuşdur. Rüfəti o böyüdüb. Dayısı son zamanlar xəstə olanda gedib uzun müddət qaldı. Mətanət ona hətta təklif etdi ki, daimi onlarda qalsın. O da dedi ki, bəs mən sizdə qalım, bəs Rüfət? Dayısı Rüfətin oğlunu bir gün görməsə halı pis olurdu, Mətanət özü də Rüfətin oğlu Məhəmmədi çox istəyib. Rüfət dayısı xəstə olanda atasını qucağında saxlayırdı, altını belə təmizləyirdi. Dayısı Rüfəti görəndə kefi açılırdı. Rüfət ailə qurduqdan sonra atasının evində mütəmadi yaşıyıb. Arada gedib yoldaşının yanında 3-4 gün qalırdı, sonra qayıdıb gəlirdi. Rüfət ailə qurmazdan əvvəl də həmin mənzildə yaşayıb. Sadəcə nikahdan sonra Mətanət Rüfətin həyat yoldaşını evə buraxmırdı. Hətta böyük qardaşının arvadı ilə belə Mətanət yola getmirdi. Özü 1 ay, 1 ay yarım aralıqdan bir gedib gəlirdi onlara. Dayısı xəstə olanda mütəmadi qalıb. Rüfət də həmin vaxt onlarla qalırdı. İlkin olaraq 1-2 gün aralıqla gəlib qalırdı. Amma dayısı rəhmətə getdikdən sonra uzun müddət, 40 mərasimi çıxana kimi qalıb. Sonra Mətanət onu qovdu. Cavabdehin həmin evdə gecələdiyini, əşyalarının orda olmasını görüb. Kondisioner olan otaqda qalırdı. Ataları öldükdən sonra Mətanətin davranışına görə həmin evə gedib-gəlməyib. Həmin vaxt Rüfətin orada qaldığını gözü ilə görməsə də, bunu təxmini bilir, həm də Rüfətlə əlaqə yaradan zaman bunu ona deyirdi. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 1 80-ci illərdən iddiaçının və cavabdehin atası X1 məxsus olmuş, tərəflər həmin mənzidə böyümüşlər. 2001-ci ildə Cavabdeh1 ailə quraraq başqa ünvana köçmüş, lakin özünün sözlərinə görə, atasının evi ilə əlaqəsi kəsilməmiş, mütəmadi olaraq gəlib ata evində qalmışdır. Arvadı və uşaqları mübahisəli mənzildə yaşamamışlar. 2016-cı ildə Cavabdeh1 mübahisəli mənzilin bağışlanmasına dair razılığını vermiş və mənzil atası tərəfindən bacısına bağışlanmışdır. Cavabdehin sözlərinə görə, atası 2017-ci ildə xəstələnəndən sonra bacısı onu və uşaqlarını atasına dəyməyə belə evə buraxmamış, qapını onlara açmamışdır. Həmçinin işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, 2021-ci ildə Cavabdeh1 uşaqları ilə birlikdə bacısının evinə müvəqqəti köçmüş və məhz müvəqqəti köçməsi barədə notariat qaydasında ərizə imzalamışdır. İş materiallarından göründüyü kimi, Cavabdeh1 hüquqları prizmasından mübahisəli mənzilin statusu iki dövrü əhatə edir: mənzilin atasına və bacısına məxsus olduğu dövrlər. İşin halları nəzərə alınarsa, cavabdeh X5 atasına məxsus olan mənzilə istifadə hüququnu itirmiş, bacısının mülkiyyətində olan mənzilə isə istifadə hüququnu əldə etməmişdir. Belə ki, 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə isə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata kecirilir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir “ ... yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq, mənzil 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alındığı üçün həmin yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmş əsaslara və qaydalara uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə müvafiq olaraq, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumları” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mükiyyətçisinin özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qohumluq əlaqələri nəzərə alınarsa, cavabdehlərdən heç biri iddiaçının özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər dairəsinə aid deyillər. İddia ərizəsinin Cavabdeh2 “istifadə hüququnun mövcdud olmaması” hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “ ... Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. ... şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi ... onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. ... Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir”. İşin hallarından göründüyü kimi, Cavabdeh2 iddiaçıya məxsus mənzilə münasibətdə istifadə hüququnun yaranmasından söhbət gedə bilməz və belə olan halda iddia ərizəsi ona münasibətdə mənzildən çıxarılma hissəsində əsaslı hesab edilməlidir. Yaranmayan hüququn isə mövcud olmamasının əlavə olaraq məhkəmə qətnaməsi ilə təsdiqlənməsini məhkəmə hazırkı işin kontekstində qanunvericiliyin ruhuna zidd hesab edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli; Cavabdeh1 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka istifadə hüququ itirilmiş hesab edilməli; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan çıxarılsınlar. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2006/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2006/2023
04.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver