Məhkəmə qərarları › İş №2(001)-2068/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2068/2022

26.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2068/2022 26.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclas katibi X9, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 72 saylı mənzildən çıxarılması və həmin mənzilin iddiaçının faktiki sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, o cümlədən Cavabdeh6 da cavabdeh qismində müəyyən edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 72 saylı mənzildən çıxarılması və həmin mənzilin iddiaçının faktiki sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Qaçqınlar və X8 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Cavabdeh2 məhkəmənin dəftərxanası vasitəsi ilə iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, Laçın rayonunun işğalı ilə əlaqədar o, ailə üzvləri ilə birlikdə 1992-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Sığınacaq üçün yer axtaran zaman Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin bir blokunun qəzalı vəziyyətdə olduğunu və orada yaşayışın olmadığını müəyyən etdikdən sonra həmin ünvanda müvəqqəti məskunlaşmışdılar. Həmin binada 1991-ci ilin aprel ayında qaz partlayışı olmuş və binanın həmin bloku yaşayış üçün yararsız vəziyyətə düşmüş, binanın iki sakini isə partlayış nəticəsində ölmüşdür. Partlayışdan sonra həmin binada yaşayan şəxslər köçürülmüş və onlar evlə təmin edilmişlər. Onlar mübahisəli mənzilə gələn zaman mənzil dağılmış vəziyyətdə olmuş, mənzilin qapı və pəncərələri olmamışdır. Onlar şəxsi vəsaitləri hesabına mənzili təmir etdirmişlər və 1992-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşayırlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməmiş və tərəfindən verilmiş etirazı müdafiə edərək, iddianı əsassız hesab etmişdir. 20 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, Cavabdeh2 mövqeyini müdafiə etmiş və iddianı əsassız hesab etmişdir. Lakin bundan sonra məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2, habelə ümumiyyətlə digər cavabdehlərə və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdehlər məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhər Soveti Deputatlarının İcrayə Komitəsinin Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi idarəsinin 66038 nömrəli, xx.xx.1967-ci il tarixli orderinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin, 72 saylı mənzili yaşamaq üçün X4, X6, X2, X1 və İddiaçı istifadəsinə verilmişdir. X10, X11, X7 və X5 vəfat etmişdilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Laçın rayonu, Mişni kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşamışdılar. Həmin ərazilərin ermənilər tərəfindən işğalından sonra onlar 1992-ci ildə məcburi köçkün kimi Bakı şəhərinə gəlmişlər və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin, 72 saylı mənzilində məskunlaşmışdılar. Həmin vaxtdan da qeyd edilən mənzildə yaşayırlar. Cavabdeh2 ilə Cavabdeh6 birgə nikahından xx.xx.1998-ci il tarixdə Cavabdeh4 və xx.xx.2000-ci il tarixdə Cavabdeh5 doğulmuşdur. Hazırda iddiaçı cavabdehlərin qanunsuz olaraq order əsasında ona məxsus mənzildə yaşadıqlarını, onların həmin mənzilə dair hər hansı hüquqlarının olmadığını iddia edir və onların bu mənzildən çıxarlmasını və mənzilin ona təhvil verilməsini tələb edir. Cavabdeh2 iddianı qəbul etmir, məlum hadisələrlə bağlı ailəsi ilə birlikdə yaşadığı Laçın rayonunu tərk etdikdən sonra Bakı şəhərinə gəldiyini, sığınacaq üçün yer axtaran zaman Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin bir blokunun qəzalı vəziyyətdə olduğunu, orada yaşayışın olmadığını müəyyən etdikdən sonra həmin ünvanda müvəqqəti məskunlaşdığını, həmin binada 1991-ci ilin aprel ayında qaz partlayışı olduğundan binanın həmin blokunun yaşayış üçün yararsız vəziyyətə düşdüyünü, partlayışdan sonra həmin binada yaşayan şəxslər köçürülərək, evlə təmin edildiklərini, mübahisəli mənzilin dağılmış, o cümlədən qapısız və pəncərəsiz vəziyyətdə olduğunu, mənzili şəxsi vəsaitləri hesabına təmir etdirdiklərini və 1992-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşadıqlarını bildirir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evdə (binada) baş vermiş partlayış və yanğın nəticəsində zərər çəkmiş mənzil sahiblərinin, o cümlədən İddiaçı hər hansı başqa mənzillə təmin olunub-olunmaması barədə hər hansı məlumatın aşkar olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Laçın rayonundan məcburi köçkünlər – Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 2 ünvanında müvəqqəti qeydiyatdadırlar və Komitənin faktiki yaşayış siyahısında da adları həmin ünvanda qeyd edilib. Bakı şəhəri İcra hakimiyyəti mənzil-kommunal Təsərrüfatı departamenti Binəqədi Rayon Mənzilkommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 4 ünvanında yerləşən yaşayış binasında 1991-ci il tarixdə baş vermiş partlayış və yanğın nəticəsində zərərçəkmiş mənzil sahiblərinin, o cümlədən X3 hər hansı başqa mənzillə təmin olunması barədə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin arxivində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 01 oktyabr 2009-cu il tarixədək qüvədə olan Mənzil Məcəlləsinin: 48-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır; 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər; 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinin 1-ci maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir; 54-cü maddəsinin 3-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 79-cu maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onunla yaşayan ailə üzvləri, qarşılıqlı razılığa əsasən, istifadələrində olan yaşayış sahəsində başqa vətəndaşlarla (müvəqqəti sakinlərlə) əsas icarədardan icarəyə götürmə müqaviləsi bağlamadan və sahədən istifadə haqqı almadan onların müvəqqəti yaşamasına icazə verə bilərlər. Müvəqqəti sakinlərin bir ay yarımdan artıq müddətə köçməsinə yalnız bu Məcəllənin 40-cı maddəsinin birinci hissəsində müəyyən olunmuş mənzil sahəsi normasına əməl etmək şərtilə yol verilir. Müvəqqəti sakinlər icarədarın və ya onunla yaşayan ailə üzvlərinin tələbi ilə yaşayış sahəsini dərhal boşaltmalıdırlar. Müvəqqəti sakinlər imtina etdikdə başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdırlar. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. “Akimova Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Qanun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə əsasasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin, 72 saylı mənzili Bakı şəhər Soveti Deputatlarının İcrayə Komitəsinin Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi idarəsinin 66038 nömrəli, xx.xx.1967-ci il tarixli orderinə əsasən yaşamaq üçün İddiaçı və bir sıra digər şəxslərin istifadəsinə verilmişdir. Orderdə adları göstərilən digər şəxslər artıq vəfat etmişdir. Bu baxımdan mənzil qeyd edilən sənəd üzrə məhz iddiaçıya məxsusdur və onun mənzilə münasibətdə mülkiyyət hüququnun əldə edilməsi üçün hüquqi gözləntisi var. Cavabdehlər iddiaçının ailə üzvü deyil, bu mənzilə iddiaçının və ya onun ailə üzvlərinin razılığı ilə köçməmişlər, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışlar. Cavabdehlər faktiki olaraq mənzili özbaşına tutmaqla 1992-ci il tarixdən etibarən hər hansı hüquqi əsas olmadan orada yaşayırlar (Cavabdeh4 və Cavabdeh5 müvafiq olaraq 1998-ci və 2000-ci il təvəllüdlüdür və doğum tarixindən sonra hər hansı əsas olmadan yaşayırlar). Bu hal iddiaçıya məlum olduqdan sonra onların mənzildə müvəqqəti olaraq qalmasına etiraz etməməsi onların mənzilə münasibətdə hər hansı hüququnun yaranmasına əsas ola bilməz. Ən yaxşı nəticədə, cavabdehlər müvəqqəti sakin kimi qiymətləndirilə bilər və belə olan halda da onlar iddiaçının tələbi ilə mənzili dərhal boşaltmalıdırlar. İddiaçı da hazırda məhz bunu tələb edir. Bununla belə, iddiaçı - İddiaçı order əsasında ona məxsus olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə sərbəstdir. Həmin mənzildə hazırda cavabdehlər yaşayır, mənzil onların istifadə və sahibliyindədir. Cavabdehlərin bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onlarla iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Cavabdehlərin iddiaçıya məxsus olan mənzildə məskunlaşması və məskunlaşmanın qeyrimüəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının həmin mənzilə olan bütün hüquqlarının pozulmasına səbəb olur. İstifadə və sahiblik hüququnun olmasına baxmayaraq, iddiaçı hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir. Bu əmlak onun iradəsindən asılı olmayaraq istifadə və sahibliyindən çıxmışdır. Məhkəmə qeyd edir ki, cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşamaları iddiaçının order əsasında ona məxsus olan bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla, pozur. Bu səbəbdən iddiaçının həmin əmlaka olan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehlərin onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin, 72 saylı mənzildən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin “mənzilin iddiaçının istifadə və sahibliyinə qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, bu tələb “mənzildən çıxarılma” tələbinə münasibətdə törəmə tələbdir və ilk tələbin təmin edilməsi hüquqi nəticə etibarı ilə iddiaçının həmin mənzilə olan bütün hüquqlarının bərpa edilməsinə səbəb olacaqdır. Belə ki, özbaşına tutduqları bu mənzildən çıxarılan (çıxan) cavabdehlər mənzili məhz iddiaçının istifadə və sahibliyinə qaytarmalıdır. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir və belə qənaətə gəlir ki, cavabdehlər mənzildən çıxarıldıqdan (çıxdıqdan) sonra mənzil iddiaçının istifadə və sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin 72 saylı mənzilindən çıxarılmalı, həmin mənzili İddiaçı istifadə və sahibliyinə qaytarılmalıdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiçı İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin 72 saylı mənzilindən çıxarılsın. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin 72 saylı mənzili İddiaçı istifadə və sahibliyinə qaytarılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar