Məhkəmə qərarları › İş №2(001)-2077/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2077/2021

21.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2077/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 11D, Giriş C, 31 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası X9 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilən qeydiyyat vəsiqəsinə əsasən həmin mənzil onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir və bu barədə reyestr kitabında müvafiq qaydada qeydiyyat da aparılmışdır. Hal-hazırda Cavabdeh ona məxsus mənzildə qeydiyyatdadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən oğlu X5 ilə Cavabdeh arasında bağlanmış nikaha xitam verilmişdir. Hal-hazırda cavabdehin onun mənzilində qeydiyyatda olması ona çətinliklər yaradır. Mənzilin bütün kommunal xərcləri onun tərəfindən ödənilir, cavabdehin yerinə artıq olaraq kommunal xidmət xərcləri ödəmək onun üçün böyük maddi çətinliklər yaradır. Mübahisəli mənzilə istifadə hüququ barədə cavabdehlə arasında notariat qaydasında yazılı razılaşma mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X7 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, mübahisəli mənzil oğlu tərəfindən iddiaçıya bağışlanmış, cavabdeh də notarial qaydada razılıq ərizəsi verməklə buna etiraz etməmişdir. Hazırda iddiaçının oğlu ilə cavabdeh arasındakı nikah pozulmuş, cavabdeh həmin mənzildə yaşamır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, X5 öz mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanını X1 hədiyyə etmişdir. ünvan 3 ünvanladığı xx xxxxx 2021-ci il tarixli sorğuya cavab məktubuna əlavə olunmuş Cavabdeh notarial qaydada verilmiş ərizəsindən görünür ki, o, əri X3 məxsus olan ünvan 4 ünvanında yerləşən 31 saylı mənzilin İddiaçı bağışlanmasına etiraz etmir. Azərbaycan Respublikasının X9 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 11D saylı evin 31 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx xxxxxx 2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X9 Xidmətinin məhkəməyə ünvanladığı xx xxxxxx 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 11D ünvanında yerləşən 31 nömrəli mənzil “xxxx” MTK-nın xx xxxxxxx 2016-cı il tarixli 6 nömrəli protokolundan çıxarışına və “xxxx” MTK-nın 213 nömrəli xx xxxxxxx 2016-cı il tarixli maliyyə arayışına əsasən xx xxxxxx 2016-cı il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 20 saylı X6 4Ə/73 reyestr nömrəli xx xxxxxx 2020-ci il tarixli bağışlanma müqaviləsinə əsasən xx xxxxxx 2020-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)- 1053/2019 saylı qətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə Cavabdeh arasında Abşeron rayonu qeydiyyat şöbəsində 257 sayla qeyd edilmiş xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. AZ-İ seriyalı, 339073 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə Cavabdeh arasında olan nikah xx xxxxxx 2019-cu il tarixdə, Binəqədi rayon qeydiyyat şöbəsində ləğv edilmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş çıxarışdan görünür ki, xx xxxxxx 2016-cı il tarixdə “ASAN 1-2” tərəfindən verilmiş AZE seriyalı, 16826291 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Cavabdeh rəsmi qeydə alındığı ünvan Bakı şəhəri, ünvan 1-dir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, iddiaçının oğlu X5 ilə cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Mübahisəli mənzil xx xxxxxx 2016-cı il tarixdə X2 adına qeydiyyatdan keçmiş, daha sonra isə xx xxxxxx 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən X5 tərəfindən İddiaçı bağışlanmış, Cavabdeh isə notarial qaydada razılıq verərək etiraz etməmişdir. Mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə xx xxxxxx 2020-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehin mübahisəli mənzildə yaşamamasını, habelə onunla arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşmanın mövcud olmamasını əsas gətirərək cavabdehin mübahisəli mənzilə istifadə hüququnun itirilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; -29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; -152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; -228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüquqi təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən normaları rəhbər tutub hesab edir ki, mübahisəli mənzil cavabdehin razılığı ilə bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verildiyindən və mənzilin bağışlanması müqaviləsində cavabdehin istifadə hüququnun saxlanılması ilə bağlı hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, bundan sonra iddiaçı (mülkiyyətçi) ilə cavabdeh arasında istifadə hüququnun tanınmasına dair notarial qaydada təsdiqlənmiş razılaşma bağlanmadığından, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 11D, Giriş C, 31 saylı mənzilə istifadə hüququ itirilməlidir. Belə ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması, sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Təsvir edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 4, 31 saylı mənzilə istifadə hüququ itirilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 4, 31 saylı mənzilə istifadə hüququ itirilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar