Məhkəmə qərarları › İş №2(001)-2089/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2089/2021

23.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2089/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı Ədalət qızı, onun nümayəndəsi X12 və nümayəndəsi,Vəkil1 iştirakları ilə, İddiaçı Ədalət qızının Cavabdeh və məhkəmənin təşəbbüsü ilə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı “mənzilin yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ədalət qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik 28 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ədalət qızı iddia tələbini onunla əsaslandırmışdır ki, onun istifadəsində olan, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 28 ünvanında yerləşən mənzil X3na və özündən başqa dörd nəfərdən: arvadı (anası) X4, qızı (bacısı) X5, qızı (o) Rəşidova (Əsgərova) Mehriban Ələddin qızından və oğlu (qardaşı) Əsgərov (Muxtarov) Qabil Ələddin oğlundan ibarət ailə üzvlərinə o zamankı Bakı şəhəri Soveti İcraiyyə Komitəsi tərəfindən 12.08.1969-cu il tarixli, 016305 saylı order əsasında ayrılıb verilmişdir. X2 31.10.1998-ci ildə vəfat etmiş, atası X13 ilə ailə qurmuş, onların birgə nikahlarından xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh anadan olmuşdur. X3 24.08.2001-ci ildə vəfat etmişdir. Hazırda o, özü də daxil olmaqla ailə üzvlərinə verilmiş və istifadəsində olan qeyd olunan mənzili özəlləşdirə bilməsi üçün cavabdehin mənzildə qeydiyyatda olması məhdudiyyətlər yaradır. Halbuki, cavabdeh mənzildən istifadə etmir və faktiki olaraq on ildən artıqdır ki, Türkiyə Respublikasında (Sincan vilayətində) ailəsi ilə yaşayır. Belə ki, cavabdeh Türkiyə Respublikasının vətəndaşı olan Hayat Bekir adlı şəxslə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların X21 adlı 30.07.2012-ci il təvəllüdlü övladları vardır. O, göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçı tərəf iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Lakin əvvəlki məhkəmə iclaslarında cavabdeh tərəf iddianı tamamilə qəbul etməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, tərəflərin izahatları, tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilən işin mübahisələndirilən və mübahisələndirilməyən halları aşağıdakı qaydada olmuşdur. 1 ) İddiaçı Ədalət qızı, onun nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmiş X12 və Cavabdeh X6 övladlarıdırlar. İddiaçı və onun nümayəndəsi öz arasında doğma, cavabdehə münasibətdə ögey bacı-qardaşdırlar. 2 ) Mübahisə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 12 avqust 1969-cu il tarixli, 016305 saylı orderi əsasında X7 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik 28 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlıdır. X11 iddiaçı və onun nümayəndəsi X8 X2 ilə 1985-ci ildə nikahlarına xitam verdikdən sonra cavabdehin anası X13 ilə nikaha daxil olmuşdur. İddiaçının atası və anası, cavabdehin atası və anası vəfat etmişdir. 3 ) 1963-cü il tarixli orderin əsasında icarədar X7 35 kv.m yaşayış sahəsi verilmişdir. Həmin yaşayış sahəsi əlavə zəbt olunan ərazisinin hesabına artırılmış və X11 ilə X10 arasında nikahları pozulduqdan sonra şərti olaraq bölünmüş və hazırki vəziyyətdə mövcud olan yaşayış sahəsində X11, onun arvadı X13 və onların nikahlarından olan, hazırda cavabdeh qismində cəlb olunan Cavabdeh yaşamışdır. Digər hissədə isə X6 birinci nikahdan olan və müvafiq orderdə adları qeyd edilən şəxslər, eyni zamanda hazırki iddia üzrə iddiaçı və iddiaçının nümayəndəsi X12 yaşamışdır. Bir müddət sonra, yəni 2000-ci ildə X12 X2 vəfat etdikdən sonra şərti olaraq ayrılmış yaşayış sahəsini digər şəxsə satmışdır. 4 ) Müvafiq orderdə adları qeyd olunan şəxslərdən icarədarın qızı və oğlu İddiaçı Ədalət qızı və X1, digərləri, o cümlədən icarədar vəfat etmişdir. 5 ) Cavabdeh təqribən 10 ilə yaxın müddətdir ki, Turkiyə Respublikasında daimi əsaslarla yaşayır. 6 ) İddiaçı və onun nümayəndəsi X12 da mübahisəli yaşayış sahəsini daimi əsaslarla tərk edərək fərqli ünvanlarda yaşayırlar. Yuxarıda qeyd edildiyi kimi şərti bölünmüş yaşayış sahəsi satıldıqdan sonra iddiaçı və onun nümayəndəsi X12 müvafiq orderin əhatə etdiyi yaşayış sahəsində yaşamamışlar. 7 ) Məhkəmə mübahisəli yaşayış sahəsində yerində müayinə aparmış və müəyyən etmişdir ki, hal-hazırda həmin yaşayış sahəsində uzun müddətdir ki, heç kim yaşamır və faktiki olaraq ərazi yaşamağa yararsızdır. 8 ) İddiaçı və onun nümayəndəsi cavabdehin anasının vəfatına qədər bu barədə mübahisə etməmiş və cavabdehin anası X13 vəfat etdikdən sonra cavabdehlə danışıqlar aparmış və yaşayış sahəsinin özəlləşdirilərək satılmasını təklif etmişlər. Tərəflər arasında nə o vaxt, nə də məhkəmə prosesi zamanı danışıqların nəticəsi olmuşdur. Hətta sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, barışıq sazişi hazırlanmış, lakin cavabdeh barışıq sazişi ilə razılaşmayaraq, ona 10000 manat pul vəsaiti ödənilməsi müqabilində mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməyəcəyini bildirmişdir. Lakin iddiaçı tərəfin təklifi ondan ibarət olmuşdur ki, mənzil özəlləşdirilməli, təmir olunmalı və nəhayət satıldıqdan sonra əldə olunan vəsait 3 hissəyə bölünməlidir. 9 ) İddiaçı tərəf iddiasını onunla əsaslandırmışdır ki, onların müvafiq orderdə adları vardır və istifadə hüququ mövcuddur, cavabdehin isə istifadə hüququnun mövcud olmuş olmasını qəbul edirlər, lakin bu hüquq artıq itirilmişdir. Belə ki, keçmiş Mənzil Məcəlləsinə görə yaşayış sahəsinin istifadə hüququ 6 ay saxlanılır, cavabdeh isə 10 ildir ki, daimi əsaslarla Türkiyə Respublikasında yaşayır. 10 ) Məhkəmə iclaslarında nümayəndə və vəkil tərəfindən təmsil olunan cavabdeh iddianı qəbul etməmiş və mübahisəli yaşayış sahəsinin bölünməsi barədə məhkəmə qətnaməsinin olmasını, həmin yaşayış sahəsinin cavabdehin anası tərəfindən cavabdehə vəsiyyət olunmasını, iddiaçının həmin yaşayış sahəsi ilə bağlı olmamasını bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili etirazını əsaslandırdığı hallara dair mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, həmin yaşayış sahəsinin statusu özəlləşdirilməmiş olaraq qalmış və vəsiyyətnamənin həmin yaşayış sahəsinə aidiyyətini sübut edə bilməmişdir. O cümlədən mənzilin bölgüsü ilə bağlı məhkəmə qətnaməsini deyil, iddia ərizəsini təqdim etməklə kifayətlənmişdir. Beləliklə məhkəmə müəyyən edilmiş halların əsasında ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, mübahisənin mahiyyətindən görünür ki, iddia 2000-ci ilədək mövcud olmuş, orderli yaşayış sahəsinə istifadə hüququnun itirilməsi olduğundan hazırki iddia tələbinin qanuni əsasını keçmiş Mənzil Məcəlləsinin 60-cı maddəsi təşkil edir. İddiaçı tərəf də istifadə hüququna xitam verilməsi tələbi irəli sürmüş olsa da, faktiki olaraq həmin hüquqi əsasa istinad edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Yuxarıda sadalanan Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi hüquqi mövqedən yanaşaraq məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadəyə dair münasibətlər 2000-ci ilədək yarandığından, mübahisəyə 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir. Eyni zamanda məhkəmə mübahisə predmeti olan mənzilin hüquqi statusunun müəyyənləşdirilməsinin zəruriliyini də vurğulayır. Bu baxımdan məhkəmə mübahisəli yaşayış sahəsinin xüsusi mülkiyyətdə olmamasını və orderli yaşayış sahəsi olmasını nəzərə alaraq, eyni qənaətə gəlir ki, mübahisəyə 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməlidir. Odur ki, keçmiş Mənzil məcəlləsinin orderli yaşayış sahələri ilə bağlı münasibətləri tənzimləyən normalarına diqqət yetirək. 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi qanunvericilik yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia qaldırmaq hüququnu kirayədara (icarədara) və həmin sahədə daimi yaşayan şəxslərə vermişdir. İşin müəyyən edilmiş halı isə ondan ibarət olmuşdur ki, iddiaçı nə icarədardır, nə də ki həmin yaşayış sahəsinin daimi istifadəçisidir. Belə ki, iddiaçı orderdə icarədarın ailə üzvü kimi qeyd edilmiş şəxsdir və o ilk icarədar əvəzinə icarədar hesab edilməmişdir (Keçmiş Mənzil Məcəlləsi-maddə 85). Eyni zamanda iddiaçı Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, ev 20-də qeydiyyatda olmaqla, mübahisəli yaşayış sahəsində uzun müddətdir ki yaşamır. Bundan başqa həmin yaşayış sahəsində xeyli vaxtdır, ən azından cavabdehin anasının vəfatından sonra ümumiyyətlə heç kim yaşamamışdır. İşin mübahisəsiz halından biri də ondan ibarət olmuşdur ki, faktiki olaraq mövcud olan (şərti bölgüdən sonra qalan yaşayış sahəsi) yaşayış sahəsində iddiaçının atası ilə ikinci nikahdan olan arvadı və cavabdeh yaşamışdır. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddiaçının istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur və bu əsasla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ədalət qızının Cavabdeh və məhkəmənin təşəbbüsü ilə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı “mənzilin yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar