Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2094/2021 06.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ona məxsus 90 m2 (ümumi sahəsi 97 m2) yaşayış sahəsindən ibarət iki otaqlı mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasına, cavabdehə həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ona məxsus 90 m2 (ümumi sahəsi 97 m2) yaşayış sahəsindən ibarət iki otaqlı mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasına, cavabdehin həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə 04.05.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ona məxsus ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının 10-cu yaşayış mərtəbəsində yerləşən ümimi sahəsi 90 m2 (ümumi sahəsi 97 m2)olan 2 otaqlı mənzil sahəsini zəbt etmiş və qanunsuz hərəkətinin əsası kimi həmin mənzilə adına Avro Qrand MMC tərəfindən verilmiş müqavilə əldə etdiyinə istinad edir. Cavabdeh tərəfindən zəbt olunan ünvan 1 ünvanında inşa edilmiş çox mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən sahəsi 90 m2 olan mənzili o, Yayla MTK ilə 30.06.2014-cü il tarixdə bağladığı kooperativ mənzil tikintisi haqqında 013 saylı müqavilə əsasında əldə etmişdir. 01.05.2018-ci il tarixdə mənzil ona təhvil verilmiş, həmin vaxtdan da mənzil onun qanuni sahibliyindədir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11.08.1994-cü il tarixli, 1119 saylı sərəncamı əsasında ünvan 3 ünvanda 5 bloklu 18 mərtəbəli çoxmənzilli yaşayış bina kompleksinin tikintisinə dair Yayla MTK-ya icazə verilmişdir. Qeyd olunan sərəncam əsasında binaların tikintisinə həmin MTK tərəfindən başlanmış, 4 bloku tikilib başa çatdırılmış, 5-ci blok hissəsinin tikintisi isə Avro Qrand MMC ilə bağlanmış 27.05.2015-ci il tarixli müqavilə əsasında sonuncu ilə davam etdirilmişdir. Yayla MTK ilə Avro Qrand MMC arasında 27.05.2015-ci il tarixdə bağlanmış hündür mərtəbəli yaşayış binasının tikintisinə dair müqaviləyə əsasən tikilən binadan 1400 m2 Yayla MTK-ya aid edilmişdir. Adı çəkilən əməkdaşlıq müqaviləsi 27.05.2015-ci il tarixdə bağlanılan zaman ona aid olan müqavilə ilə yanaşı, Yayla MTK ilə başqa şəxslər arasında artıq bağlanmış daha 5 müqavilə mövcud idi. Əməkdaşlıq müqaviləsi bağlanılan ərəfədə də həmin müqavilələr Avro Qrand MMC-yə təqdim edilmiş və Yayla MTK-ya ayrılmış 1400 m2 aid edilməklə, iradsız qəbul edilmişdir. Bu razılaşma gizli deyil, şəxsən onun, tərəflərin, hüquqşünasların iştirakı ilə olmuşdur. Mübahisəli mənzilin ona ayrılması Yayla MTK ilə Avro Qrand MMC arasında 27.05.2015-ci il tarixdə əməkdaşlıq müqaviləsinin bağlanmasından əvvəl baş vermiş, sonuncuya da detalları ilə məlum olmuş və buna irad bildirilməmiş, qəbulundan imtina edilməmiş, məhz həmin sahənin verilməsinə etiraz olmamışdır. Belə ki, Yayla MTK ilə bağladığı 15.03.2004-cü il tarixli müqaviləyə əsasən, sonuncu tərəfindən tikilən 5 bloklu bina kompleksinin 4-cü blokunda sahəsi 117 m2 olan 3 otaqlı mənzil ona verilməli idi. Lakin icraçı tərəfin günahı üzündən həmin mənzil başqasına satıldığından, qarşılıqlı razılaşma əsasında həmin bina kompleksinin davamı olan 5-ci blokdan, sahəsi 90 m2 olan 2 otaqlı mənzilin ona verilməsi barədə 25.06.2014-cü il tarixdə 001(013) saylı qarşılıqlı razılaşma müqaviləsi, daha sonra da razılaşmanın tələbinə uyğun olaraq 30.06.2014-cü il tarixdə aralarında 013 saylı kooperativ mənzil tikintisi haqqında müqavilə imzalanmışdır. Az sahəsi olan məzilə razılaşmasına səbəb də həmin blokun yola yaxın və ayrı tikiləcəyi baxımından olmuşdur. Müqavilə bağlanılan vaxtı da 5-ci blokun özülü qazılmış, inşaasına artıq başlanmışdır. Həmin müqavilənin onunla bağlanıldığı vaxtı Avro Qrand MMC məsələsi olmasa da bütün məsələlərdə onun rəhbəri olan Xanlar Cəfərov və onunla birgə işləyən şəriki və yaxını Elxan Babayevin iştirakı ilə olmuşdur. Müslət Nəcəfovdan şikayət etməməsi ondan xahiş edilmiş, əvəzində onunla şəxsən Elxan Babayevin iştirakı ilə Pravo-az hüquq şirkətinin ofisində müqavilə tərtib edilmişdir. Qeyd edilən ünvanda bina tikintisinə Avro Qrand MMC-yə icazə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 288 saylı sərəncamı 13.07.2016-cı il tarixdə əldə edilmişdir. Məhz bu sərəncamdan sui-istifadə edən sonuncu həmin binanın Yayla MTK-ya aid deyil, ayrı bina kompleksi olduğunu göstərməklə əsasız varlanmaq məqsədindədir. Halbu ki, 2016-cı ilin iyun ayında həmin binada tikinti işləri son iki mərtəbədə davam etməklə, binanın inşaası tamamlanmaq üzrə idi. Müslət Nəcəfovun ölümündən sonra Avro Qrand MMC-nin adından rəhbəri olaraq X13 MTK-ya çatan 1400 m2 yaşayış sahəsini ələ keçirmək üçün arxa tarixlərə ayrı-ayrı şəxslərin adına müqavilələr təsdiqləmişdir ki, bunlardan biri də Cavabdeh adına tərtib edilmiş 14.06.2017-ci il tarixli müqavilədir. Cavabdeh da bunu bilərəkdən, sonuncu ilə birgə hərəkət edir. Həmin müqavilənin özü heç də 2017-ci ildə deyil, sonrakı illərdə tərtib edilmişdir. Belə ki, əməkdaşlıq müqaviləsi əsasında Yayla MTKnı təmsil edən Müslət Nəcəfovun vəfatından sonra Avro Qrand MMC tərəfindən çıxış edən rəhbəri Xanlar Cəfərov ona məxsus adı keçən mənzili ona təhvil verməkdən boyun qaçırdığından, o, məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilmişdir. Qətnamə icra edilərək, mənzil ona 01.05.2018-ci il tarixdə təhvil verilmişdir. Həmin vaxta qədər də mübahisəli mənzillə bağlı ikinci müqavilənin olması deyilməmiş və bu kimi fakt müəyyən edilməmişdir. Cavabdehla bağlı və onun adına müqavilə olduğu məsələsi, bundan bir il sonra meydana çıxmışdır. Cavabdeh R.Ş. Ələkbərovun adına məqsədli tərtib edilmiş müqavilədən irəli gələn mübahisəni Avro Qrand MMC ilə qanuni yolla həll etmək istəmir. Çünki, bu məsələyə bilərəkdən sonuncu ilə əlbirliklə getmişdir. Cavabdehə məsələni sivil qaydada yoluna qoyulması, qanuna riayyət edilməsi ilə bağlı dəfələrlə təklif edilmiş, lakin o, özbaşnalıqda davam etməklə, danışıqların müsbət nəticəsi olmadığından, məsələnin məhkəmə qaydasında həll edilməsi məcburiyyəti yaranmışdır. Mənzil sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin mənzil sahəsi qanuni əsaslarla ona verilmiş, 2018-ci ilin may ayından qanuni sahibliyindədir. Ona görə də, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ona məxsus 90 m2 (ümumi sahəsi 97 m2) yaşayış sahəsindən ibarət iki otaqlı mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasına, cavabdehə həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili X5 İddiaçı izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, Yayla MTK ilə bağladığı 15.03.2004-cü il tarixli kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən MTK inşa edəcəyi binada mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. MTK-nın vəzifəli şəxslərinin törətdikləri cinayət əməli nəticəsində mənzil satılaraq əldə olunan vəsait mənimsənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X6 və X2 məhkum olunmuşlar. Həmin işə baxılarkən təqsirləndirilən şəxslər dəymiş ziyanı ödəmək məqsədi ilə İddiaçı ilə 25.06.2014-cü il tarixdə qarşılıqlı razılaşma və 30.06.2014-cü il tarixdə kooperativ mənzil tikintisi haqqında 013 saylı müqavilə bağlamış, inşa ediləcək binanın 5-ci girişinin 10-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 90 m2 olan mənzili Yayla MTK iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş, ziyan ödənildiyindən təqsirləndirilən şəxslərə yüngül cəza verilmişdir. İddiaçıya dəymiş ziyanın əvəzi olaraq verilən mənzil hal-hazırda Cavabdeh istifadəsində olan mənzildir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 14.06.2017-ci il tarixdə Avro Qrand MMC ilə alqı-satqı müqaviləsi bağlayaraq ünvan 5 ünvanında Avro Qrand MMC tərəfindən inşa edilmiş yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 97,5 m2 olan 60 nömrəli mənzili 97500 manata almış, MMC-yə pulu nağd şəkildə ödəmiş və MMC tərəfindən ona bu maliyyə arayışı verilmişdir. Mənzili əldə etdikdən bir müddət sonra evə köçmək məqsədi ilə təmir işlərinə başlamış, istər mənzili əldə etdiyi müddətdə, istərsə də, təmir müddətdində ona heç kim tərəfindən bu mənzilin kiməsə məxsus olması ilə bağlı müraciət olunmamışdır. Külli miqdarda vəsait qoyaraq təmir etdirdiyi mənzili, 2019-cu ilin sonlarında Binəqədi rayon İcra və probasiya şöbəsinin əməkdaşları onun mənzildə olmamasından istifadə edib qanunsuz olaraq mənzilin kilidini sındırmış və mənzili İddiaçı təhvil vermişlər. Onun mənzilinin yerləşdiyi bina Avro Qrand MMC-yə məxsusdur, mərtəbələr və evin sahələri fərqlidir. Qətnamə yalnış ev üzrə icra edilmişdir. İddiaçının müqaviləsi Yayla MTK ilə bağlanmışdır. O, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(103)-5608\2020 saylı qərardadına əsasən onun apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, qanuni qüvvəsini alan Bakı Apellyasiya Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(103)-5608\2020 saylı qərardadı ilə müəyyən olunmuşdur ki, Avro Qrand MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binası müstəqil sərəncam və layihə əsasında inşa olunan yaşayış binasıdır. Bu binanın Yayla MTK tərəfindən inşa edilmiş 4 bloklu yaşayış binası ilə bağlılığı yoxdur. Bu səbəbdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(103)- 5608\2020 saylı qərardadına əsasən qeyri-mümkün hesab edilmişdir. 14.06.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında Avro Qrand MMC tərəfindən inşa edilmiş yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 97,5 m2 olan 60 nömrəli mənzili Cavabdeh 97500 manata almış, MMC-yə pulu nağd şəkildə ödəmiş və MMC tərəfindən ona bu maliyyə arayışı verilmişdir. Mənzil Avro Qrand MMC tərəfindən Cavabdeh təhvil verilmiş və cavabdeh öz mənzilində təmir işləri aparmışdır. İddiaçıya satılan mənzil cavabdehə satılan mənzillə eyni mənzil olmadığından iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. 3-cü şəxslər Yayla MTK-ya və Avro Qrand MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, 3-cü şəxslər Yayla MTK-nın və Avro Qrand MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə 3-cü şəxslər Yayla MTKnın və Avro Qrand MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (MM –nin 389.1.,390.1.,390.2.-ci mad.) Yayla MTK ilə payçı X7 arasında bağlanmış 15.03.2004-cü il tarixli 173 saylı kooperativ mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən olunur ki, kooperativ tərəfindən Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, 1300-cü məhəllə ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində 3 otaqdan 114,4 m2 ümumi sahədən ibarət 177 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Yayla MTK ilə İddiaçı arasında bağlanmış 25.06.2014-cü il tarixli 001/013 saylı qarşılıqlı razılaşmanın surətindən müəyyən olunur ki, Yayla MTK-ya ayrılmış ünvan 5 ünvanında inşa ediləcək yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində, ümumi sahəsi 90 m2 olan 2 otaqlı mənzili kooperativ payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Razılaşmanın 1.2-ci bəndindən müəyyən olunur ki, müqavilə imzalanan kimi kooperativ tərəfi kooperativə ortaq üzvlüyə qəbul edir və mənzil tikintisi haqqında müqavilə bağlayır. Yayla MTK ilə İddiaçı arasında bağlanmış 30.06.2014-cü il tarixli 013 saylı müqavilənin surətindən müəyyən olunur ki, tərəflər arasında balanan müqavilənin əsasını kooperativə ayrılmış ünvan 7 ünvanında inşa ediləcək yaşayış binasında 2 otaqlı mənzil təklif edilir. Müqavilənin 2.1-ci bəndindən müəyyən olunur ki, payçını kooperativə üzvlüyə daxil etməyi, yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi, inşa ediləcək binanın 5-ci girişinin 10-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 90 m2 olan N saylı mənzilini payçıya təhvil veməyi Yayla MTK öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndindən daha sonra müəyyən olunur ki, tərəflər arasında mövcud 25.06.2014-cü il tarixli 001(003)saylı müqaviləyə əsasən mənzilin ilkin dəyəri 27000 manata razılaşdırılmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq, tam şəkildə ödənilmiş hesab edilir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13.07.2016-cı il tarixli 288 saylı sərəncamından müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi şossesi 9-cu mkr, 3169-cu məhəllə A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13.07.2016-cı il tarixli 18/03-8/2210 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş, Avro Qrand MMC-nin 13.07.2016-cı il tarixli 20 saylı müraciəti nəzərə alınaraq Binəqədi rayonu 9-cu mkr, 3169-cu məhəllə A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. Avro Qrand MMC ilə Cavabdeh arasında bağlanmış 14.06.2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, MMC Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 9-cu mərtəbəsində 60 saylı 2 otaqlı ümumi sahəsi 97,5 m2 olan mənzili R.Ş. Ələkbərova satmışdır. Avro Qrand MMC-nin 14.06.2017-ci il tarixli maliyyə arayışının surətindən müəyyən olunr ki, Cavabdeh tərəfindən Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 9-cu mərtəbəsində 60 saylı 2 otaqlı ümumi sahəsi 97,5 m2 olan mənzilin dəyəri olan 97500 manat tam ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək ünvan 5 ünvanında inşa olunan yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 90 m2 olan 2 otaqlı mənzilin İddiaçı verilməsi vəzifəsi Yayala MTK-ya həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(103)-5608\2020 saylı qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(103)-5608\2020 saylı qərardadı ilə müəyyən olunmuşdur ki, apellyasiya baxışı zamanı mübahisəli binaların yerləşdiyi əraziyə və binalara baxış keçirilərkən baxış keçirilən sahədə 4 bloklu yaşayış binası və ayrıca 1 bloklu yaşayış binasının olduğu və həmin yaşayış binalarının arasında təxminən 20 metr məsafənin olduğu, 1 bloklu yaşayış binasının müstəqil bina olması, 4 bloklu yaşayış binası ilə əlaqəsinin olmadığı, bu iki yaşayış binasının layihə, dizayn və görünüşünə görə tam fərqli olması, 1 bloklu yaşayış binasının müstəqil giriş-çıxışının və özünün yeraltı qarajının olması müşahidə edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Avro Qrand MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binası müstəqil sərəncam və layihə əsasında, fərqli görünüşdə tikilmiş, müstəqil infrastrukturu və özünün ayrıca giriş-çıxışı (o cümlədən yeraltı qarajı) olan müstəqil yaşayış binasıdır. Həmin binanın Yayla MTK tərəfindən inşa edilmiş 4 bloklu yaşayış binası ilə hər hansı bir bağlılığı müəyyən edilməmişdir. Hər iki binanın bir-biri ilə bağlı olmaması və müstəqil layihə əsasında inşa edilməsi həm də Yayla MTK-nın iddiaçıya verilməsini öhdəsinə götürdüyü 2 otaqlı mənzilin sahəsi ilə (90 m2) Avro Qrand MMC tərəfindən inşa edilmiş və Cavabdeh satılmış 2 otaqlı mənzilin sahəsi (97,5 m2) arasında fərqlədə müəyyən olunur. Avro Qrand MMC tərəfindən inşa edilmiş yaşayış binasının, Yayla MTK tərəfindən köhnə layihə əsasında tikilməsi planlaşdırılan yaşayış binası ilə əlaqəsinin olmadığı müəyyən edildiyindən, MMC tərəfindən inşa edilmiş həmin binanın MTK-nın tikmək niyyətində olduğu yarımçıq qalmış beş bloklu yaşayış binasının (4 bloku əvvəlcədən inşa edilmişdir) 5-ci bloku kimi qiymətləndirilməsi mümkün deyildir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.08.2014-cü il tarixli 1(101)-585/2014 saylı hökmündən müəyyən olunur ki, X6 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi təbiq edilməklə təyin olunmuş cəza 2 il müddəti ilə şərti hesab edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.08.2014-cü il tarixli 1(101)-585/2014 saylı hökmündən daha sonra müəyyən olunur ki, X2 Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi təbiq edilməklə təyin olunmuş cəza 2 il müddəti ilə şərti hesab edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.08.2014-cü il tarixli 1(101)-585/2014 saylı hökmü ilə müəyyən edilmişdir ki, Yayla MTK-da sədr vəzifəsində işləyən X6, həmin kooperativin təsisçisi olan və hal-hazırda MTK-da baş mühəndis vəzifəsində çalışan X2 ilə razılaşıb özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək vətəndaş X3 etibarından sui-istifadə edib, ona məxsus olan həmin MTK tərəfindən inşa edilmiş, ünvan 5 ünvanındakı 4 girişli ümumi sahəsi 114,4 m2 olan üç otaqlı mənzili 20.02.2006-ci il tarixdə vətəndaş X1 aldığı pulu verməyi vəd edərək M.V.Paşayevin həyat yoldaşı vətəndaş İddiaçı çatmalı olan 51500 manatı ələ keçirib zərərçəkmiş şəxs N.V. Allahverdiyevaya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə Ekspertizası Mərkəzinin 06.10.2021-ci il tarixli 10\2977 saylı rəyindən müəyyən olunur ki, faktiki vəziyyətdə mövcud olan bina ilə Yayla MTK-nın eskiz layihəsi arasında mövcud olan uyğunsuzluq səbəbindən, eləcə də, eskiz layihəsi faktiki mövcud olan binaya uyğun gələn Avro Qrand MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsində ona satılan mənzilin mərtəbəliliyinin hansı qaydada müəyyən olunması (0 nöqtəsindən yuxarıda yerləşən qeyri-yaşayış sahəsinin mərtəbə olaraq nəzərə alınıbalınmaması) ilə bağlı dəqiq məlumat olmadığına gərə İddiaçı ilə Yayla MTK arasında bağlanmış 013 saylı 30.06.2014-cü il tarixli kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı satılmış ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 10-cu mərtəbəsində yerləşən sahəsi 90 m2 olan 2 otaqlı mənzil ilə Cavabdeh ilə Avro Qrand MMC arasında bağlanmış 14.06.2017-ci il tarixli mənzil alqı-satqısı haqqında müqavilə ilə R.Ş. Ələkbərova satılmış ünvan 8 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 97,5 m2 olan 2 otaqlı 60 saylı mənzilin eyni mənzillər olubolmamasını müəyyən etmək mümkün deyildir. Rəydən daha sonra müəyyən olunur ki, tədqiqata təqdim olunan mənzilin faktiki vəziyyəti üzrə ölçüləri aparılan zaman Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla ünvan 1 ünvanında yerləşən, mübahisə predmeti olan mənzilin ümumi sahəsinin 87,41 m2, arakəsmə və yan divarların altının sahəsi nəzərə alındıqda isə mənzilin sahəsinin 96,41 m2 olduğu müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, baxış zamanı tədqiq olunan mənzil 0 nöqtəsindən yuxarıda yerləşən qeyri-yaşayış mərtəbəsi nəzərə alındıqda 10-cu mərtəbədə, nəzərə alınmadıqda 9-cu mərtəbədə (yaşayışın 9-cu mərtəbəsi) yerləşir. Həmin mənzilin yerləşdiyi mərtəbənin dəqiq yeri, qonşu mənzillərin və yaxud müxtəlif mərtəbələrdə yerləşən mənzillərin mülkiyyət sənədlərinə əsasən müqayisə yolu ilə müəyyən edilə bilər. Ekspert tədqiqatına təqdim olunan eskiz layihələri ilə faktiki vəziyyətdə mövcud olan binanın müqayisəli tədqiqatı aparılan zaman faktiki olaraq mövcud olan çoxmərtəbəli yaşayış binasının Avro Qrand MMC-yə məxsus eskiz layihəsinə uyğun inşa edildiyi müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, ünvan 9 ünvanında inşa edilən yaşayış binasının mübahisəli mənzilində görülmüş təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 10765 manat olması müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsinə əsasən ünvan 5 ünvanında inşa olunan yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 90 m2 olan 2 otaqlı mənzilin İddiaçı verilməsi vəzifəsi Yayla MTK-ya həvalə edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(103)-5608\2020 saylı qərardadına əsasən qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 15.1.-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2.-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İddiaçı Cavabdeh 14.06.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Avro Qrand MMC tərəfindən satılan Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 9-cu mərtəbəsində 60 saylı 2 otaqlı ümumi sahəsi 97,5 m2 olan mənzilin ona Yayla MTK-nın vəzifəli şəxsləri tətərfindən törədilən cinayət əməli nəticəsində vurulan ziyanın əvəzi olaraq verilməsini, bu mənzilə dair onunla müqavilə bağlanmasını iddia etsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Avro Qrand MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binası MMC-yə verilən müstəqil sərəncam və layihə əsasında inşa olunan müstəqil yaşayış binasıdır. Həmin binanın Yayla MTK tərəfindən inşa edilmiş 4 bloklu yaşayış binasına aidiyyəti yoxdur. Bu faktlar qanuni qüvvəsini alan, Bakı Apellyasiya Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(103)-5608\2020 saylı qərardadı ilə də öz təsdiqini tapmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.01.2018ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsinə əsasən İddiaçı təhvil verilməsi vəzifəsi Yayla MTK-ya həvalə edilmiş mənzilin R.Ş.X12 MMC tərəfindən satılan Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 60 saylı 2 otaqlı ümumi sahəsi 97,5 m2 olan mənzil olmadığı müəyyən olunduğundan iddiaçının cavabdehə qarşı “ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ona məxsus 90 m2 (ümumi sahəsi 97 m2) yaşayış sahəsindən ibarət iki otaqlı mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasına, cavabdehin həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunmasına dair” iddia tələblərini irəli sürmək üçün subyektiv hüququ yoxdur, ona görə də iddia tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ona məxsus 90 m2 (ümumi sahəsi 97 m2) yaşayış sahəsindən ibarət iki otaqlı mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasına, cavabdehin həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunmasına dair iddia ərizəsi təmin edilməsin. İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2094/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2094/2021
06.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver