Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2109/2022 28.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdehnə qarşı mənzil tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı mənzil tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, 07.01.2022-ci il tarixdə İddiaçı Cavabdehnə qarşı mənzil tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.01.2022-ci il il tarixli, 2(001)-1243/2022 saylı qərardadı ilə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin qərardad rüsumun qaytarılması hissəsində 24.01.2022-ci il tarixdə icra edilmiş və hal-hazırda icra sənədi e19761/2022-5-34 nömrə ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 icraatındadır. 23.02.2022-ci il tarixdə İddiaçı tərəfindən yenidən Cavabdehnə qarşı mənzil tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, lakin iddia ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.01.2022-ci il il tarixli, 2(001)- 1243/2022 saylı qərardadı ilə qaytarılmış dövlət rüsumun ödənilməsinə dair qəbzin surəti əlavə edilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda qeyd olunmalıdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.01.2022-ci il il tarixli, 2(001)-1243/2022 saylı qərardadı onunla əsaslandırılmışdır ki, “ ... hazırkı iddia tələbi Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində yerləşən 21 mərtəbəli yaşayış evində yerləşən 139 saylı mənzilin iddiaçıya verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin maddənin mənasına görə müəyyən kateqoriya mülki-hüquq münasibətləri üçün qanunda ərazi aidiyyətinin ümumi qaydalarından fərqli qaydada müəyyən edilib. Qanun bu halda mülki işin yalnız bu maddədə göstərilən məhkəmələrə aidiyyətini nəzərdə tutur və bu aidiyyət növü müstəsna aidiyyət adlanır. Müstəsna aidiyyətin xüsusiyyəti ondan ibrətdir ki, işin hansı məhkəməyə verilməsi iddiaçının iradəsindən asılı deyildir. Sadalanan işlərə göstərilən məhkəmələrdə baxılması həmin tələblər üzrə yerində müayinə aparılması, sübutların toplanması, şahidlərin izahatlarının alınması kimi prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasını şərtləndirir. Bununla da, hazırkı iş üzrə mübahisəli daşınmaz əmlakın Bakı şəhərinin Nərimanov rayonunda yerləşməsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iddia tələbinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılması üçün hər hansı hüquqi əsas mövcud deyil. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.11.2021-ci il tarixli, 2(005)-5628/2021 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı Cavabdeh-a qarşı mənzil tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməli olması əsas ilə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının qərardad rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə şikayət vermək hüququnun olmasına baxmayaraq, iddiaçı həmin qərardadı mübahisələndirməmiş və 07.01.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Hər hansı məhkəmə tərəfindən iddia ərizəsinin artıq bir dəfə qaytarılması digər məhkəmənin üzərinə həmin iddia ərizəsini qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilməsi öhdəliyini qoymur”. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz üzrə ödənilmiş dövlət rüsumu məhkəmə qərardadı əsasında qaytarıldığından və iddiaçı yenidən eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəmədiyindən, eyni zamanda iddiaçı müstəsna aidiyyət qaydalarına görə müraciət etməli olduğu məhkəməyə müraciət etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 152.1.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı mənzil tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2109/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2109/2022
28.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver