Məhkəmə qərarları › İş №2(001)-2121/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2121/2024

09.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2121/2024 09.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MTK ilə xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş və 2021-ci ilədək faktiki olaraq həmin müəssisədə işçi kimi fəaliyyət göstərmişdir. Lakin sonradan iddiaçının işlədiyi müəssisə fəaliyyətini dayandırıb və müəssisə bağlanıb. Hazırda iddiaçı yeni işə düzəlmək istəyir. Lakin əmək müqaviləsinə xitam verilmədiyi üçün heç bir müəssisə ilə əmək müqaviləsi bağlaya bilmir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdeh "Star"xxxx" MTK-ya müraciət etmişdir. Lakin bildirilmişdir ki, Cavabdeh MTK-nın sədri X5 vəfat etmişdir. Həmin müəssisənin təsisçisi X1 isə CM-nin 178.3.2-ci yarımbəndi ilə azadlıqdan məhrum edilmişdir. İddiaçı yaranmış problemlə əlaqədar ƏƏSMN yanında X4 Xidmətinə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixində verilmiş məktubda cavab olaraq bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Həmin məktubda, həmçinin məhkəməyə müraciət edilməsi hüququ da qeyd edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi tələbi ilə bağlı Bakı şəhəri 14 saylı Mediasiya Təşkilatında keçirilən ilkin mediasiya sessiyasına gəlmiş, lakin Mediasiya Təşkilatı tərəfindən göndərilən bildiriş və smslərə baxmayaraq Cavabdeh MTK sessiyada iştirak etməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, əvvəllər işdən çıxmaq istəsə də MTK-nın sədri Valeh Qasımov onu işdən çıxmağa qoymamışdır, daha sonra o vəfat etmişdir. MTKnın təsisçisi barədə isə ağır cinayətlər məhkəməsində cinayət işi gedir. Hətta o həmin iş üzrə şahid qismində dindirilmişdir. Onun özünün barəsində hər hansı cinayət işi yoxdur. MTK fəaliyyətini 2021-ci il tarixdən dayandırmışdır. Hazırda MTK-da səlahiyyətli şəxs olmadığından işdən çıxmaq barədə ərizə ilə müraciət edə bilmir. Sonuncu məhkəmə iclasında isə iddiaçı əlavə olaraq bildirmişdir ki, 2021-ci ilə qədər onsuz işçilərin çoxu işdən çıxmışdır, işdə yalnız o, V.Qasımov, M.Məhərrəmov və bir neçə fəhlə qalmışdır. O vaxtı işdən çıxmaq istəyən vaxt V.Qasımov onu aldadaraq qışa qədər işlərin qaydaya düşəcəyinə inandırmışdır. M.Məhərrəmov 2021-ci ildən tutulmuşdur, barəsində bildiyinə görə hələ hökm çıxarılmamışdır, MTK-nın möhürü isə yəqinki məhkəmədədir. Eyni zamanda kadr üzrə müfəttiş kimi yazılsa da , o faktiki olaraq katibə kimi işləmişdir. Təsisçinin barəsində olan cinayət işi evin bir neçə nəfərə satılması ilə bağlı olmuşdur.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MTK-da xx.xx.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında kadrlar üzrə müfəttiş, əmək haqqı məbləği 260 manat olmaqla işə qəbul edilmişdir. Elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlardan da müəyyən edilmişdir ki, İddiaçı işəgötürən Cavabdeh MTK-da kadr üzrə mütəxəssis vəzifəsində çalışır və aylıq əmək haqqı 300 manatdır. Cavabdeh MTK-nın yoxlanılan vergi məlumatlarından( VÖEN: **********) müəyyən edilir ki, VÖEN-in statusu aktivdir, hüquqi şəxsin rəhbəri X3r.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, adınıza olan aktiv əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ile daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından ve bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış Əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə İşəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74.1-1.1-ci maddəsinə əsasən fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə və 74.1-1.2-ci maddəsinə əsasən fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildiyi təqdirdə əmək müqaviləsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana işçinin müraciəti əsasında xitam verilir.Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəüqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. İddiaçı ilə “Cavabdeh MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən işçi İddiaçı Cavabdeh MTK-da müddətsiz əmək müqaviləsi üzrə kadrlar üzrə müfəttiş vəzifəsinə işə qəbul edilmişdir. İşəgötürənin səlahiyyətlərini yerinə yetirən X5 vəfat etmişdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsini həyata keçirmək üçün MTK-da səlahiyyətli şəxs olmadığından işçi bu barədə ərizə ilə işəgötürənə müraciət edə bilmir. Hal-hazırda işçi ilə bağlanmış əmək müqaviləsi bildirişi aktivdir. Tətbiq edilən maddi hüquq normaları:

8. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

9. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.(maddə 49.1)

10. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.(maddə 49.5)

11. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.(maddə 69.1)

12. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.(maddə 69.2)

13. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.(maddə 69.5)

14. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır.(maddə 74.1-1.2)

15. Bu Məcəllənin 49-cu maddəsinin 5-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsi bildirişi qüvvədən düşmüş hesab edildikdən sonra əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparılır.(maddə 87.8) Tətbiq edilən prosessual hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

17. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

18. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

19. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

20. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

21. İşin halları ilə müəyyən edildiyi kimi iddiaçı cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsini istəyir, lakin işəgötürənin səlahiyyətlərini həyata keçirmək üçün iş yerində səlahiyyətli şəxs yoxdur. Hansı ki, Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır.

22. Bu aspektdən yanaşdıqda Əmək qanunvericiliyinin yuxarıda göstərilən 69-cu maddəsinin məzmunundan da aydın olduğu kimi işçinin əmək müqaviləsinə xitam verilməsi barədə yazılı ərizəsi işəgötürənə məlumat(xəbərdarlıq) vermək mahiyyəti daşıyır və işəgötürənin hər hansı təsdiqi ilə şərtləndirilmir. İşəgötürənin bununla bağlı hərəkəti yalnız əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil edilməsindən ibarətdir. Hazırki mübahisədə isə işəgötürən üzərinə düşən vəzifəni faktiki olaraq yerinə yetirmir.

23. Odur ki, işçinin iradəsi əmək müqaviləsinə xitam verilməsi barədə işçinin ərizəsi kimi, işəgötürənin hərəkətsizliyi əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etməkdən imtina kimi qiymətləndirilməli və tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi hüquqi nəticəsini yaratmalıdır.

24. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2014-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir. Nəticə:

25. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2014cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməlidir.

26. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2014-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar