Məhkəmə qərarları › İş №2(001)-213/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-213/2025

01.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-213/2025 01.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri X5 cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri X5 cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evini zəbt edən şəxslər Cavabdeh1 və Cavabdeh2 əsassız zəbt edərək yaşamaq iddiasında olduqları fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayon X3 1616 saylı 28 dekabr 2006-cı il tarixli Qərarı ilə ona 1100 m² torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində inşa etdiyi başa tam çatdırılmamış bir mərtəbəli evdə təmir etmək məqsədi ilə vaxtaşırı ora gedirdi. Bu yaxınlarda yenidən inşa edilmiş və baxarkən orada iki vətəndaşın yaşadığını görmüşdür. Onlardan kimliklərini soruşduqda onlarının birinin Cavabdeh1, digəri isə onun bacısı Cavabdeh2 olduğunu demişlər. Tərəfindən zəbt etdikləri evin ona məxsus olduğunu desə də, cavabdehlər buna məhəl qoymayaraq yaşamaqda davam edəcəklərini bildirmişlər. Cavabdehlər zəbt etdikləri evə işlənmiş köhnə istifadəyə yararlı məişət ev avadanlıqları gətirərək yaşamaqda davam edirlər. Bütün bunların qarşısının alınması məqsədi ilə o, aidiyyatı üzrə X5nə kömək olunması məqsədi ilə müraciət etsə də, 02/A-128/1 saylı cavablarında ona məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd olunan məzmunda izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddianı qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2006-cı il tarixli 2616saylı qərarının surətindən görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsinə olan 1100 m² torpaq sahəsini sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş İddiaçı aqlı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Binəqədi rayonu X3 677362 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 900 manat torpağın dəyəri ödənilmişdir. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Binəqədi rayonu X3 arxiv fondu üzrə 1616 saylı qərarı xx.xx.2006-cı il tarixli deyil, xx.xx.2006-cı il və xx.xx.2006-cı il tarixli olmaqla həmin qərarlarda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı barəsində Binəqədi rayon Binəqədi qəsəbə X2 Bakı filialında saxlanılan Binəqədi rayonu X3 arxiv fondu üzrə 2616 saylı qərarı xx.xx.2006-cı il tarixli qərarı və ona əlavə edilmiş cizgi sənədi Dövlət Arxivinin Bakı filialında mövcudur. Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2006-cı il tarixli 1616 saylı sərəncamının surətindən görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Bakı şəhər sakinləri Saleh Madər oğlunun və X1 razılıq ərizələri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyəti üçün nəzərdə tuutlmuş 1200 m² torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X1 adına ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2006-cı il tarixli 1616 saylı qərarının surətindən görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsinə olan 500 m² torpaq sahəsini sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş X4 aqlı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisinventarlaşdırıcısı Səmədzadə Orxanın mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının göstərdiyi mübahisəli torpaq sahəsi 920.0 kv.m (üzərində yaşayış evi mövcuddur), cavabdehin göstərdiyi mübahisəli torpaq sahəsi isə faktiki olaraq 708.0 kv.m (üzərində tikili yoxdur) təşkil edir. Mübahisəli torpaq sahəsinə iddiaçının və cavabdehin, həmçinin cavabdehlərin nümayəndələri və Bələdiyyə nümayəndəsi ile birgə baxış keçirildi. Göstərilən 920.0 kv.m torpaq sahəsi iki tərəfdən mişar daşı düzülərək, bir tərəfdən mişar daş hasarla ve mişar daşı düzülərək, bir tərəfdən isə mişar daş hasarla sərhədlənib. Sözügedən 708.0 kv.m torpaq sahəsi üç tərəfdən mişar daş düzülərək, bir tərəfdən mişar daş hasarla ve mişar daşı düzülərək sərhədlənib. Cavabdeh tərəfindən göstərilən mübahisəli torpaq sahəsi, iddiaçının göstərdiyi mübahisəli torpaq sahəsinin bir hissəsini təşkil etməklə üzərində tikili yoxdur. İddiaçı göstərdiyi 920.0 kv.m torpaq sahəsinin ona aid olduğunu şifahi olaraq bildirərək cavabdeh tərəfindən zəbt olunaraq torpaq sahəsi üzərindəki yaşayış evinə girərək yaşadıqları bildirildi. Torpaq sahəsinə dair hüquqmüəyyənədici sənədlər təqdim edilməyib. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 920.0 kv.m sahənin 287 0 kv.m hissəsi (fərdi yaşayış evi daxil olmaqla) ve 708.0 kv.m sahənin isə 77.0 kv.m hissəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşir. Yerdə qalan sahə isə Binəqədi rayonu ərazisidir. Qeyd olunan yalnız yaşayış evinin yerləşdiyi sahənin kateqoriyası "yaşayış məntəqələrinin torpaqları", yerdə qalan sahə isə "kənd təsərrüfatı təyinatlı torpaqlar" (Ümumi sahənin çox hissəsi) kateqoriyasına aiddir. Bundan əlavə sahənin bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün İstifadəsində olan "Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Sahə neft kəmərinin mühafizə zolağında yerləşir. Əlavə olaraq bildirilmişdir ki, sahənin bir hissəsi Bakı-Abşeron arasında mübahisəli ərazidə yerləşir. Abşeron rayon Digah Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 qəsəbənin Ə.Vahid küçəsi ünvanda 100 kv.m evdə qeydiyyatsız yaşayır. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı və cavabdehlərin verdikləri izahatlarından müəyyən olunmuşdur ki, cavabdehlər tərəfindən zəbt olunan torpaq sahəsi neft şirkətinə məxsudur. Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən də müəyyən olunur ki, iddiaçının göstərdiyi mübahisəli torpaq sahəsi 920.0 kv.m (üzərində yaşayış evi mövcuddur), cavabdehin göstərdiyi mübahisəli torpaq sahəsi isə faktiki olaraq 708.0 kv.m (üzərində tikili yoxdur) təşkil edir. Cavabdeh tərəfindən göstərilən mübahisəli torpaq sahəsi, iddiaçının göstərdiyi mübahisəli torpaq sahəsinin bir hissəsini təşkil etməklə üzərində tikili yoxdur. İddiaçı göstərdiyi 920.0 kv.m torpaq sahəsinin ona aid olduğunu şifahi olaraq bildirərək cavabdeh tərəfindən zəbt olunaraq torpaq sahəsi üzərindəki yaşayış evinə girərək yaşadıqları bildirilmişdir, lakin torpaq sahəsinə dair hüquqmüəyyənədici sənədlər təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 920.0 kv.m sahənin 287.0 kv.m hissəsi (fərdi yaşayış evi daxil olmaqla) ve 708.0 kv.m sahənin isə 77.0 kv.m hissəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşir. Yerdə qalan sahə isə Binəqədi rayonu ərazisidir. Qeyd olunan yalnız yaşayış evinin yerləşdiyi sahənin kateqoriyası "yaşayış məntəqələrinin torpaqları", yerdə qalan sahə isə "kənd təsərrüfatı təyinatlı torpaqlar" (Ümumi sahənin çox hissəsi) kateqoriyasına aiddir. Bundan əlavə sahənin bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün İstifadəsində olan "Kontrakt sahəsinin” hüdudları daxilində yerləşir. Sahə neft kəmərinin mühafizə zolağında yerləşir. Əlavə olaraq bildirilmişdir ki, sahənin bir hissəsi Bakı-Abşeron arasında mübahisəli ərazidə yerləşir. Göründüyü kimi, iddiaçının cavabdehlərin çıxarılmasını xahiş etdiyi mübahisəli sahənin üzərində hər hansı şəxsin hüququ dövlət qeydiyyatına alınmamış və mübahisəli sahəyə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X6 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmadığından, iddia təmin edilə bilməz. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri X5 cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar