Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2142/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında Bələdiyyənin inzibati ərazisində olan 6-cı mkr-nun qərb hissəsində 1200 kv.m. torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında 02.11,2006-cı il tarixli, 344 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 297-nömrəli qərarı ilə Binəqədi rayonu 6-cı mkr-nun qərb hissəsində 1200 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə ayrılmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə həmin torpaq sahəsinə dair AJV № 685370 saylı kassa mədaxil ordeninin qəbzi ilə 2329,60 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqı qaydaları”na uyğun olaraq bununla bağlı “Torpaqların alqı-satqısma dair” akt tərtib edilmişdir. Həmin akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin və Binəqədi Bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda Binəqədi rayonu 6-cı mkr-nun Qərb hissəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinin “Situasiya Planı” tərtib edilmişdir. Stuasiya Planına əsasən qeyd edilə torpaq sahəsinin ölçüləri yoldan - giriş tərəfi 19 metr, arxa tərəfindən 40.5 metr, sağ tərəfdən 40 metr, sol tərəfdən isə 47 metr təşkil edir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, BRB/Ə-14 nömrəli arayışından da göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu 6-cı mkr-nun qərb hissəsində 1200 kv.m torpaq sahəsi artıq 14 ildir ki, iddiaçının mülkiyyətindədir. İddiaçıya məxsus olan qeyd edilən torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuş, üzərində qanunsuz tikililər inşa edilməsi üçün torpaq sahəsinə tikinti materialları (daş və qum) boşaldılmışdır. İddiaçı tərəfindən cavabdehə ərazinin boşaldılması üçün dəfələrlə müraciət edilsə də, bu heç bir nəticə verməmişdir. Qeyd olunanlara əsasən iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 297-nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə ayrılmış Binəqədi rayonu 6-cı mkr-nun qərb hissəsində yerləşən 1200 kv.m torparq sahəsinin boşaldılmış tikinti materiallarından (daş və qum) Cavabdeh tərəfindən təmizlənərək əvvəlki vəziyyətə qaytarılması, cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi və həmin torpaq sahəsinə İddiaçı sahiblik və istifadə hüququ tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edi. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul edir və təmin edilməsini məhkəmədən xahiş edir. Belə ki, onun mübahisəli torpaq sahəsinə dair hər hansı sənədi yoxdur, sadəcə boş torpaq sahəsi görmüş və düşünmüşdür ki, Binəqədi Bələdiyyəsi ilə razılaşıb ev tikəcək. Torpaq sahəsinə tikinti materialları boşaltdırdıqdan sonra iddiaçı ona demişdir ki, torpaq sahəsi ona məxsusdur və həmin torpaq sahəsinə dair sənədləri mövcuddur. Ona görə də, torpaq sahəsini boşaltmağa razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 297 nömrəli qərarından görünür ki, Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində 1200 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, vət. İddiaçı tərəfindən abadlaşdıraraq, yararlı vəziyyətə salındığını və onun tərəfindən istifadə edildiyini nəzərə alınaraq onun mülkiyyətinə ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 297 nömrəli qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində 1200 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı verilmiş və qeyd olunan torpaq sahəsi hal-hazırda da İddiaçı mülkiyyətindədir, torpaq sahəsinə görə borc yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, cavabdeh iddia tələbini qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir. Məhkəmə iddia tələbinin “ ... həmin torpaq sahəsinə İddiaçı sahiblik və istifadə hüququnun tanınması” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yəni, maddənin məzmunundan da göründüyü kimi, iddiaçı tərəfindən tanınması xahiş edilən sahiblik və istifadə hüququ mülkiyyət hüququnun komponentlərindəndir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən isə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 297-nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə ayrılmış Binəqədi rayonu 6-cı mikrorayonun Qərb hissəsində yerləşən 1200 kv.m. torpaq sahəsi Cavabdeh hesabına boşaldılaraq cavabdehin qeyri-qanuni sahibliyindən alınmalı və əvvəlki vəziyyətdə İddiaçı istifadəsinə qayarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 297nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə ayrılmış Binəqədi rayonu 6-cı mikrorayonun Qərb hissəsində yerləşən 1200 kv.m. torpaq sahəsi Cavabdeh hesabına tikinti materiallarından boşaldılaraq Cavabdeh qeyri-qanuni sahibliyindən alınsın və əvvəlki vəziyyətdə İddiaçı istifadəsinə qayarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2142/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2142/2021
06.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver