Məhkəmə qərarları › İş №2(001)-2145/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2145/2021

28.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2145/2021 28.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququ tanınmaqla mənzilə pasport qeydiyyatına alınmasına və mənzilə köçürülməsinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququ tanınmaqla mənzilə pasport qeydiyyatına alınmasına və mənzilə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi aşağıdakılara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.3.-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. İstinad olunan normadan müəyyən olunur ki, iddiaçı subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququna malikdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı mənzilə pasport qeydiyyatına alınması tələbini də digər tələbləri ilə bir icraatda birləşdirmiş, baxmayaraq ki, yaşayış yeri üzrə qeydiyyata almaq vəzifəsi cavabdehə deyil, inzibati orqan olan müvafiq icra hakimiyyəti orqanına aiddir. Azərbaycan Respublikası MPM-nin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Azərbaycan Respublikası MPM-nin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçının maraqlarına görə bir icraatda birləşdirilmiş iddia tələblərinə bir icraatda baxılması tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsinə, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılmasına maneələr yaradacağından iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçıya yaşayış yeri üzrə qeydiyyata alınması üçün inzibati orqanın hərəkətini aidiyyəti üzrə inzibati məhkəmədə mübahisələndirmək, mənzilə istifadə hüququ tanınmaqla mənzilə köçürülməsi tələbi ilə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 149, 151, 152-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququ tanınmaqla mənzilə pasport qeydiyyatına alınmasına və mənzilə köçürülməsinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar