Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2155/2021 12.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “icarə haqqının və mənəvi zərərin ödənilməsi, əşyaların geri qaytarılması” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 18 900 manat icarə haqqının, 572,84 manat məbləğində müxtəlif kommunal və vergi ödəmələrinin əvəzinin, gecikdirilmiş vaxt üçün hesablanmış 973,64 manat pul məbləğinin və 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 20 476,48 manat məbləğində pulun, mənəvi zərərə görə 20 000 manat məbləğində pulun tutularaq ona ödənilməsi və ona məxsus ümumi dəyəri 10 000 manat məbləğində müxtəlif mebel və aksesuarların (2 ədəd ciralgan, 1 ədəd vitrin oturacağı, 1 ədə maneken, 2 ədəd kamera, 1 ədəd DVR aparatı, 1 ədəd vitrin manekeni, üzərində mağazanın logosu olan çoxsaylı paketlər, çoxsaylı vizit kartları) cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə arasında xx.xx.2014cü il tarixdə icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 12 saylı evin 1/2 saylı mənzilini cavabdehə icarəyə vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək icarə müqaviləsinə xitam verilməsini və cavabdehin mənzildən çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(009)-845/2019 saylı qətnaməsi ilə iddiası təmin olunaraq icarə müqaviləsinə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6446/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti də AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-7148/2019 saylı qərarı ilə təmin edilməmişdir. Bundan sonra Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-845/2019 saylı qətnaməsi icraya yönəldilmiş, cavabdeh xx.xx.2020-ci il tarixdə mənzildən çıxarılmış, bu barədə həmin tarixdə akt tərtib olunaraq imzalanmışdır. Cavabdeh mənzildən çıxarılsa da, bugünədək ödəməli olduğu icarə haqqının məbləğini ödəməmişdir. Belə ki, cavabdehlə aralarında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün 900 (doqquz yüz) manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh 2018-ci ilin iyun ayından etibarən icarə haqlarını ödəmədiyi üçün məhkəməyə müraciət edərək cavabdehin mənzildən çıxarılmasını xahiş etmişdir. 2018-ci ilin iyun ayından qətnamənin icra olunduğu xx.xx.2020-ci il tarixədək 21 (iyirmi bir) ay müddət ərzində cavabdeh ona məxsus mənzildən istifadə etsə də, heç bir icarə haqqı ödəməmişdir. İcarə haqqının ödənilməsi ilə bağlı cavabdehdə heç bir sübut yoxdur. Beləliklə, 21 (iyirmi bir) ay ərzində cavabdehin icarə haqqı üzrə ödənilməmiş 18 900 (on səkkiz min doqquz yüz) manat məbləğində borcu qalmışdır. Bundan başqa, cavabdehin ona borclu olması, yəni icarə haqqını ödəməməsi cavabdehin ona qarşı qaldırdığı iddiası üzrə məhkəmə qətnamələrindən də aydın olur. Belə ki, cavabdeh ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, guya 2018-ci ilin iyun ayından 2019-cu ilin yanvar ayı daxil olmaqla icarə haqqının əvəzi olaraq 20 000 (iyirmi min) manat məbləğində pul ödəyib və həmin pulun ondan tutularaq ödənilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1436/2019 saylı qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-11727/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Beləliklə, sözügedən qətnamələrlə də cavabdehin ona borclu qaldığı sübut olunur. Cavabdehin uzun müddətdir ki, öhdəliklərini icra etməməsi hüquqlarının pozulması ilə yanaşı, mənəvi zərərə də məruz qalmasına səbəb olmuşdur. Həmçinin, cavabdeh ona qarşı əsassız iddia qaldırmaqla da onun mənəvi sarsıntı keçirməyinə də səbəb olmuş və cavabdehin hərəkətləri nəticəsində mənfi psixi reaksiyaya məruz qalmışam. Eyni zamanda, cavabdehin ona qarşı əsassız iddiası onun üçün əlavə vaxt itkisinə də səbəb olmuşdur. Hesab edir ki, qeyd olunanlar cavabdehin ona vurduğu mənəvi zərərin əvəzinin ağlabatan və ədalətli şəkildə ödənilməsi üçün əsasdır. Hesab edir ki, cavabdehin ona vurduğu mənəvi zərərin əvəzi 20 000,00 (iyirmi min) manat məbləğində qiymətləndirilməli və bu məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa, cavabdehin ödəməli olduğu 572,84 manat məbləğində müxtəlif kommunal (telefon üçün abunə haqqı, internet, işıq) və vergi ödəmələri də onun tərəfindən ödənilmiş və həmin məbləğin əvəzi bu günədək ona qaytarılmamışdır. Ödəmələrlə bağlı qəbzlər hazırki iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdeh ona olan borcunu uzun müddətdir ödəmədiyi üçün həm əmlakından gəlir əldə edə bilməmiş, həm də əldə edə biləcəyi gəliri digər sahələrə yönəldərək daha çox gəlir əldə etmək imkanından məhrum olmuşdur. Belə ki, təkcə əmanət müqaviləsi əsasında pulunu banka yerləşdirməklə illik əlavə gəlir əldə edə bilərdi. Lakin cavabdehin öhdəliklərini vaxtında icra etməməsi onun bu hüquqlardan məhrum olmağına səbəb olmuşdur. Buna görə də cavabdeh gecikdirilmiş vaxt üçün borc məbləğinə əlavə illik beş faiz ödəməlidir. Beləliklə, borclu gecikdirilmiş vaxt üçün ödəməli olduğu 18 900 manat məbləğində icarə haqqının və 572,84 manat məbləğində müxtəlif kommunal (telefon üçün abunə haqqı, internet, isıq) və vergi ödəmələrinin əvəzinin, cəmi 19 472,84 manat borcun beş faizi 973,64 manatı məbləğində əlavə ödəniş etməlidir. Əlavə olaraq, cavabdeh mənzildən çıxarkən içərisində ona məxsus olan ümumi dəyəri 10 000 manat məbləğində müxtəlif mebel və aksesuarları (2 ədəd ciralgan. 1 ədəd vitrin oturacağı, 1 ədəd maneken, 2 ədəd kamera, 1 ədəd DVR aparatı, 1 ədəd vitrin manekeni, üzərində mağazanın logosu olan çoxsaylı paketlər, çoxsaylı vizit kartları) da özü ilə aparmışdır. O, həmin əşyalar üçün əvvəlki icarəçi X1 10 000 manat ödəyərək, əşyaları ondan almışdır. Bu barədə xx.xx.2014-cü il tarixdə aralarında akt tərtib olunmuşdur ki, həmin aktın surəti hazırki iddia ərizəsinə əlavə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə adı çəkilən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Onun (cavabdehin) əvvəlki məhkəmə iclasında iştirak edən vəkili X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tamamilə əsassız və qanunsuz hesab edilməklə rədd edilməlidir. İddianın qeyd edilmiş dəlilləri işin həqiqi halları və aşağıda istinad edilmiş subutlar və qanunvericiliyin tələbləri ilə tam təkzib olunur. Birincisi, iddiaçı iddia ərizəsində iddia etdiyi tələblərdən icarə müqaviləsi üzrə icarə haqqını cavabdehin ona ödəmədiyini və bununla da müqavilənin 4.1-ci maddənin tələblərini pozduğuna istinad etsə də, artıq onun cavabdehə qarşı qaldırdığı bu tələbin təmin edilməməsinə dair qanuni qüvvəsini almış və icra edilmiş məhkəmə qətnamə və qərarının mövcud olmasını məhkəmədən gizlədərək məhkəməyə bu haqda yanlış məlumat verir. Belə ki, həqiqətən də iddiaçı ilə cavabdeh arasında 2019-cu ildə “icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının cavabdehdən tutulması və mənzildən çıxarılmasına” dair məhkəmə mübahisəsi olmuş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2019- cu il tarixli, 2(009)-1436/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı qaldırdığı iddiası qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü ildə bağlanmış icarə müqaviləsinə xitam verilməsi, iddiaçıya məxsus Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 12 saylı evin V2 saylı mənzildən çıxarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində iddia təmin edilmiş, həmin qətnamə ilə icarə haqqının cavabdehdən tutulması hissəsində iddia təmin edilməmişdir. İstinad edilmiş qətnamədən iddiaçı apellyasiya şikayəti verməmiş, həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-6446/2019 saylı qətnaməsi ilə, apellyasiya instansiya məhkəməsinin qeyd edilmiş qətnamədən verdiyi kassasiya şikayəti isə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli,2(102)- 7148/19 saylı qərarı ilə təmin edilməmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli,2(009)-1436/2019 saylı qətnaməsi xx.xx.2020-ci il tarixdə icra edilərək mübahisə edilən mənzil iddiaçıya təhvil verilmişdir. Göründüyü kimi artıq bir dəfə məhkəmə mübahisəsinin predmeti olmuş və bu haqda qəbul edilmiş qanuni qüvvəsini almış məhkəmə qətnamə və qərarı mövcud olduğu hallar üzrə iddiaçı eyni tələb üzrə cavabdehə qarşı qaldırdığı iddia həmin hissədə AR MPM-nin 82.3cü maddənin tələblərinə zidd hesab edilməlidir. Digər tərəfdən məhkəməyə təqdim edilmiş iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış icarə müqaviləsi bir il müddətinə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə görə hər ay üçün nəzərdə tutulmuş icarə haqqı 900 manat müəyyən edilmiş (cavabdehin faktiki ödədiyi icarə haqqının məbləği hər ay 6000 manat olmuşdur) və müqavilənin 4.3-cü bəndinə görə ödənilmə hər ayın 5-dən gec olmayaraq ödənilməlidir. İddiaçı isə hər ay cavabdehdən aldığı icarə haqqının tələbi ilə bağlı qanunla nəzərdə tutulmuş 3 il müddətini ötürdükdən sonra müraciət etmişdir. Bu hal isə AR MM-nin 373.2-ci maddənin tələblərinə zidd hesab edilməlidir. İddiaçının 572.84 manat müxtəlif kommunal və vergi ödəmələrinin əvəzinin, gəcikdirilmiş vaxt üçün hesablanmış 973.64 manat pul məbləğinin tələbinə gəldikdə isə hesab edirəm ki, iddia həmin hissədə də əsassız hesab edilməlidir. Belə ki, iddiaçı AR MPM-nin 77.1-ci maddənin tələblərinə zidd olaraq bu faktı təstiq edən hər hansı bir subut və sənəd təqdim etməmişdir. Əslində isə 2019-cu ilin əvəllərinədək istifadə etdiyi mağazada sudan kartla istifadə olunmuş, internet ümümiyyətlə olmamış, işıqdan istifadəyə görə bir ay ödəniş edilmədiyi halda növbəti ay nəzarətçilər tərəfindən dərhal işıq kəsilərək işıqdan istifadəyə məhdudiyyətlər yaradılırdı. O ki qaldı iddiaçının cavabdehdən 10.000.00 manat olan dəyərində olan mebel və aksesuarların, 2 ədəd çıralğan, 1 ədəd vitrin oturacağı, 1 ədəd maniken, 2 ədəd kamera, 1 ədəd DVP aparatı, 1 ədəd vitrin manikeni, üzərində mağazanın logosu olan çoxsaylı paket və vizit kartları tələbinə, iddiaçı bu faktı da təstiq edən hər hansı bir dəlili məhkəməyə təqdim etmir. İddianın bu hissədə də əsassızlığı tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin şərtləri ilə təsdiq olunur. Belə ki, müqavilənin 1.1-ci bəndinə görə icarədar cavabdehin icarəsinə özünə məxsus Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 12 saylı evin 1/2 hissəsinin sahəsi 37,0 kv.m olan 2 otağını cavabdehin istifadəsinə verdiyi əks olunur. Həmin müqavilədə icarədar tərəfindən ümümiyyətlə icarəyə verdiyi əmlakı içində olan əşyalarla, o cümlədən hazırda tələb edilən əşyaları verməsi göstərilməmiş və iddiaçı bu halı da təstiq edən hər hası bir subuta istinad etmir. Əslində cavabdeh iddiaçıdan icarəyə götürdüyü sahədən özünə məxsus avadanlıqları yerləşdirməklə istifadə etmiş və həmin yeri boşaldarkən özünə məxsus avadanlıqları da götürmüşdür. Bu səbəbdən də iddiaçı bu haqda icra aktı tərtib edərkən etirazını bildirməmişdir. Nəhayət iddiaçının cavabdehdən tələb etdiyi mənəvi zərərə görə 20 000 manat pulun alınaraq ona verilməsi tələbi də AR MM-nin 21.1 və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında ”AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı qərarın tələblərinə də zidd hesab edilməlidir. Həmin qərarın 10-cu və 11-ci bəndlərində göstərilir ki, plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə. nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. İddiaçı isə iddia ərizəsində müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməməsi səbəbi ilə ona qeyd edilmiş halları təstiq edən mənəvi zərər vurulması əks etdirən subutları məhkəməyə təqdim etməmişdir. Əslində isə müqavilə icarə haqqı 900 manat göstərməklə hər ay vergidən yayınmaq məqsədi ilə cavabdehdən 6000 manat icarə haqqı aldığı və 2018-ci ildə, əgər 2019-cu il üçün bir illik icarə haqqı qabaqcadan bir dəfəyə ödəməyə razı olmasa, aylıq icarə haqqını qaldıracağını bildirərək cavabdehdən həmin pulu alıb, daha sonra isə cavabdehə qarşı Səbail rayon məhkəməsində icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının tələbi və evdən çıxarılması tələbləri qoyan iddiaçının qanuna zid hərəkətləri nəticəsində cavabdeh keçirdiyi güclü sarsıntılar və mənəvi iztirab nəticəsində onkoloji xəstəliyinə tutulmuş və həmin xəstəlikdən 2 dəfə əməliyyat olan cavabdeh olmuşdur. Odur ki, iddiaçının cavabdehə qarşı qaldırdığı heç bir hüquqi əsası olmayan iddia tələbləri qanunsuz və əsassız hesab edilməklə rədd edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarına görə, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014cü il tarixdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 12 saylı evin 1/2 saylı mənzilə dair Bakı şəhəri 1 saylı Notariat Kontorunda təsdiq edilməklə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 1.2-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədər 1 il təşkil etmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün 900 manat məbləğində müəyyən olunmuş, 4.3-cü bəndində isə ödəmənin hər ayın 5-dən gec olmayaraq həyata keçirilməli olduğu nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən müqavilə müddəti başa çatdıqda icarəyə verənin tələbi ilə icarəçi 3 gün ərzində müqavilə predmentini təhvil verməyə borcludur. İş materiallarından aydın olur ki, İddiaçı Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi, (2018-ci ilin iyun ayından etibarən) 8 ay ödənilməmiş 7200 manat məbləğində icarə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi, ona məxsus olan Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 12 saylı evin 1/2 saylı mənzildən cavabdehin çıxarılması” tələbinə dair iddiasına Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 2(009)- 845/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, cavabdehin mənzildən çıxarılması və ödənilmiş 30 manat dövlət rüsumununun 20 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(103)-6446/2019 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7148/2019 saylı qərarına əsasən). Həmin iş üzrə çıxarılmış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixində qurtarmış, lakin müddət qurtardıqdan sonra müqaviləyə xitam vermək və ya onu dəyişdirmək barədə tərəflərin hər hansı ərizəsi olmadığından müqavilə onda nəzərdə tutulmuş eyni şərtlərlə davam etdirilmişdir. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müəyyən olunmuş icarə haqqını 2018-ci ilin iyun ayından etibarən ödəməkdən imtina etmişdir. İş materiallarından həmçinin aydın olur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-845/2019 nömrəli qətnaməsi icraya yönəldilmiş, qətnamə xx.xx.2020-ci il tarixdə icra edilərək Cavabdeh özünə məxsus olan bütün mallar, avadanlıqlar və mebel əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılmış, mənzilin açarları İddiaçı təhvil verilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin surəti iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 2(009)-1436/2019 saylı qətnaməsindən aydın olur ki, həmin qətnaməyə əsasən Cavabdeh İddiaçı qarşı “icarəyə verənin ondan icarə haqqı əvəzinə aldığı 20000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması” barədə iddiası təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-11727/2019 saylı qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iddiasında İddiaçı Cavabdeh 2018-ci ilin iyun ayından icarə predmeti olan mənzildən çıxarıldığı xx.xx.2020-ci il tarixədək icarə haqqı ödəmədiyini iddia etməklə müvafiq iddia tələblərini irəli sürməkdədir. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-845/2019 nömrəli qətnaməsinin məzmunundan həmin qətnamənin aid olduğu mülki işdə İddiaçı 2018-ci ilin iyun ayından etibarən 8 ay üçün ödənilməmiş icarə haqqının Cavabdeh tutulmasını tələb etdiyi və həmin hissəyə məhkəmə tərəfindən qiymət verildiyi müəyyən edildiyindən həmin hissəsində mülki işin icraatına xitam verilmişdir. Bu o deməkdir ki, indiki halda iddiaçının 2019-cu ilin fevralından cavabdehin icarə predmeti olan mənzildən çıxarıldığı xx.xx.2020-ci il tarixədək olan icarə haqqının cavabdehdən tutulması tələbinin əsaslı olub-olmadığı araşdırılmalıdır. Mülki işin materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdehin arasında icarə müqaviləsindən irəli gələn hüquq münasibətlərinin əmələ gəldiyi, iddiaçının məhz həmin münasibətlər çərçivəsində mülkiyyətçisi olduğu Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 12 saylı evin 1/2 saylı mənzili cavabdehin icarəsinə vermiş olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Bu mənada məhkəmə hesab edir ki, həmin hüquq münasibətləri çərçivəsində icarəsinə qəbul etdiyi əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödəmiş olduğunu sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşmüşdür və məhz o, icarə münasibətləri çərçivəsində faktiki sahibliyinə verilmiş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini sübuta yetirməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bununla belə cavabdeh, faktiki istifadəsində olmuş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən oların həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı 2019-cu ilin fevralından cavabdehlə arasında olan icarə müqaviləsinə xitam verildiyi xx.xx.2019-cu il tarixədək (Ali Məhkəməsinin eyni tarixli qərarının çıxarılması ilə) olan müddət üçün icarə haqqının cavabdehdən tutulması tələbini irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı icarə predmeti olan mənzilin cavabdeh tərəfindən qaytarıldığı (onun mənzildən çıxarıldığı) xx.xx.2020-ci il tarixədək olan müddətə görə də icarə haqqı məbləğində kompensasiya tələb etməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin “icarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi” başlıqlı 705-ci maddəsinə görə, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Cavabdehdən icarə haqqı kimi tutulmalı olan pul vəsaitinin məbləği ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Belə ki, yuxarıda göstərildiyi kimi, tərəflər arasındakı xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin müddətinin cari ilin yanvar ayının 10-undan növbəti ilin yanvar ayının 10unadək olduğu, aylıq icarə haqqının isə 900 manat məbləğində müəyyən olunduğu nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, 2019-cu ilin fevral ayının 10-undan cavabdehin icarə predmeti olan mənzildən çıxarıldığı 2020-ci ilin fevral ayının 10-unadək olan 1 illlik müddət üçün cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ 10800 manat olmuşdur. Həmin gündən cavabdehin mənzildən çıxarıldığı xx.xx.2020-ci il tarixədək ötən 14 günə görə isə icarə haqqının məbləği 420 manat təşkil edir (1 ayın 30 gün olduğu nəzərə alınmaqla). Beləliklə ödənilməmiş icarə haqqının əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 11220 (on bir min iki yüz iyirmi) (10800 + 420) manat təşkil edir. Bununla belə məhkəmə “572,84 manat məbləğində müxtəlif kommunal və vergi ödəmələrinin əvəzinin cavabdehdən tutulması” hissəsində iddianı əsaslı hesab etmir; belə ki, iddiaçı həmin hissədə iddiasının söykəndiyi tutarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Telefon və internet xidmətləri üçün nəzərdə tutulan abunə haqqına görə ödəniş qəbzlərinə gəldikdə isə, həmin qəbzlərdə göstərilən nömrənin (*** *** ** **) icarə predmeti əmlaka (həmin ünvana) aid olması müəyyən edilməmişdir. Məhkəmə “gecikdirilmiş vaxt üçün hesablanmış 973,64 manat pul məbləğinin cavabdehdən tutulması” hissəsində də iddianı əsassız hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır”. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “iddiaçıya məxsus ümumi dəyəri 10 000 manat məbləğində müxtəlif mebel və aksesuarların (2 ədəd ciralgan, 1 ədəd vitrin oturacağı, 1 ədə maneken, 2 ədəd kamera, 1 ədəd DVR aparatı, 1 ədəd vitrin manekeni, üzərində mağazanın logosu olan çoxsaylı paketlər, çoxsaylı vizit kartları) cavabdehdən alınaraq ona qaytarılması” hissəsində də əsassızdır. Belə ki, Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi müxtəlif mebel və aksesuarların (2 ədəd ciralgan, 1 ədəd vitrin oturacağı, 1 ədə maneken, 2 ədəd kamera, 1 ədəd DVR aparatı, 1 ədəd vitrin manekeni, üzərində mağazanın logosu olan çoxsaylı paketlər, çoxsaylı vizit kartları) özünə məxsusluğunu və cavabdehdə olduğunu sübut etməsidir. Lakin iddiaçı hissədə iddia tələbini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə iddianın həmin hissəsi cavabdeh tərəfindən etiraf edilməmişdir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə alır ki, tərəflər arasındakı icarə müqaviləsində də iddia edilən əşyaların icarə predmeti ilə birlikdə cavabdehin sahiblik və istifadəsinə verilmiş olduğu nəzərdə tutulmamış, habelə Səbail rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli aktında borclunun (cavabdehin) məhz özünə məxsus əşyalar ilə mübahisəli mənzildən çıxarıldığı göstərilmişdir. Məhkəmə, iddiaçının mənəvi ziyan tələbini də əsaslı hesab etmir. Belə ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş və onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 nömrəli Qərarında da izah edilmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. İddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilib-edilməməsinə birbaşa təsir etdiyindən məhkəmə ilk növbədə cavabdehin iddia müddətinin ötürülməsinə dair arqumentinə qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.2-ci maddəyə əsasən isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin (nümayəndəsinin) etirazı (arqumenti) əsaslı deyildir. Çünki hazırkı işdə iddiaçının 2019-cu ilin fevralından cavabdehin icarə predmeti olan mənzildən çıxarıldığı xx.xx.2020-ci il tarixədək olan icarə haqqının cavabdehdən tutulması tələbi üzrə araşdırılma aparılmış (yuxarıda göstərildiyi kimi, 2018-ci ilin iyun ayından etibarən 8 ay üçün ödənilməmiş icarə haqqının Cavabdeh tutulması tələbinə aid hissədə mülki işin icraatına xitam verilmişdir), iddiaçı isə müvafiq iddia ərizəsi ilə məhkəmə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 24 manatı iddiaçıya aid edilməli, 06 manatı isə Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 11220 (on bir min iki yüz iyirmi) manat məbləğində pul vəsaiti və 06 (altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2155/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2155/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver