Məhkəmə qərarları › İş №2(001)-2194/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2194/2025

29.07.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2194/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə qarşı mülki iş üzrə Açar sözlər: (şəxsin ölmüş elan edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MUƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1986-cı il təvəllüdlü Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs2 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Xədicə və xx.xx.2912-ci il təvəllüdlü Muhamməd adılı uşaqları doğulmuşdur. Təxminən 2012-ci ildə həyat yoldaşı Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş və bir həftədən sonra ona Suriyadan zəng edərək edərək hərbi birləşmələrə qoşulduğunu bildirmişdir. O, Suriyaya getmə istəmdiyini bildirmiş, həyat yoldaşı isə ona uşaqları ilə birlikdə gəlib Türkiyədə yaşamalarını, onun da gəlib onlarla görüşəcəyini dedikdən sonra o da uşaqları ilə birlikdə həmin ilin avqust ayında Türkiyəyə getmişdir. Türkiyənin Hatay vilayətindən onu uşaqları ilə birlikdə Suriyaya apardılar. Təxminən 4 ay Surlyanın Xaritan vilayətində yaşadılar. Orada ona məlum olmuşdur ki, həyat yoldaşı döyüşlərdə iştirak edir. 2013-cü ilin yanvar ayında onunla birlikdə döyüşlərdə iştirak edn şəxslər bildirdilər ki, həyat yoldaşı həlak olub. 2014-cü ilin sonunda Türkiyəyə keçə bilib. 2014-cü ilin noyabr ayında uşaqları ilə Azərbaycana gəlib. Onu qayıtdıqdan sonra DTX-da dindirmiçdilər. Məhkəmənin qətnaməsi ilə nikahı pozulub. Daha sonra qeyd etmişdir ki, uşaqları böyüyüb, maddi cəhətdən onlara baxmaqda çətinlik çəkir. Bununla bağlı o, tək ana kimi sosial yardım alınması üçün Sosial fonda müraciət etdikdə ona bildirilmişdir ki, həyat yoldaşı vəfat etmiş şəxs kimi qeyd olunmayıb. Qeyd edilənlərə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, həyat yoldaşının ölməsi ona məlum olduqdan sonra dövlətin köməkliyi sayəsində övladları ilə Azərbaycana qaytarılıb. Daha sonra qeyd etdi ki, həyat yoldaşının ölməsinin ona bildirdikləri üçün onun axtarışı ilə əlaqədar hər hansı bir orqana müraciət etməyib. Qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.

Mülki işin materialları:

5. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 və Məmmədli Muhammədin atası Maraqlı şəxs2, anası Ərizəçidır.

6. Azərbaycan Rüspublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 sonuncu dəfə xx.xx.2012-ci ildə dövlət sərhəddindən çıxmışdır.

7. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Maraqlı şəxs2 02.12.2.12-ci il tarixdə Azərbaycanı tərk etmiş və bu günədək qayıtmamışdır. Onun Suruya- İraq münaqişə bölgəsində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibinə qatılması və orada gedən döyüşlərdə həlak olmasına dair dəqiqləşdirilməsi mümkün olmayan məlumatlar daxil olsa da, həmin məlumatları rəsmi qaydada təsdiq etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

8. 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.

9. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

10. 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır.

11. 315.2-ci maddəsinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.

12. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

15. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

16. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

18. Belə ki, müəyyən edilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2012ci ildə Azərbaycan Respublikasının sərhədlərini tərk edərək Suriya dövlətinə gedərək orada döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.

19. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1986-cı ildə tarixdə Şabran şəhərində doğulmuş Maraqlı şəxs2 yaşayış yerində (Şabran şəhəri, Füzuli küçəsi, ev 73) onun harada olması barədə beş ildən artıq müddətdə məlumatın olmaması, döyüş gedən ərazidə olması ərizənin əsaslı olmasını tam sübuta yetirir. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək xx.xx.1986-cı ildə tarixdə Şabran şəhərində doğulmuş Maraqlı şəxs2 ölmüş elan edilməlidir.

20. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün Maraqlı şəxs2 ölüm günü hesab edilməlidir.

21. Məhkəmə hesab edir ki, məhkəməyə ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi barədə” ərizəsi təmin edilsin. xx.xx.1986-cı ildə tarixdə Şabran şəhərində doğulmuş, Şabran şəhəri, Füzuli küçəsi, ev 73-də qeydiyyatda olmuş Maraqlı şəxs2 ölmüş elan edilsin. xx.xx.1986-cı ildə tarixdə Şabran şəhərində doğulmuş Maraqlı şəxs2 ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar