Məhkəmə qərarları › İş №2(001)-2205/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2205/2020

13.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2205/2020 13.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdehnə (MMC) qarşı fərdi əmək mübahisələrin həlli tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 01 iyul tarixindən işdən azad edilən tarixədək hər ay aldığı 1500 manat əmək haqqının və digər ödənişlərin cavabdehdən alınaraq İddiaçı1, hər ay aldığı 1800 manat əmək haqqı və digər ödənişlərin İddiaçı2 verilməsi, İddiaçı2 2019-cu ilin may ayının 28-də işdə olduğu zaman idarə etdiyi, şəxsi mülkiyyətində olan və öz əmək funksiyasını yerinə yetirmək üçün cavabdehin razılığı ilə iş yerinə gətirdiyi avtomobilinə və səhhətinə vurulmuş maddi zərər kimi 8000 manat pulun cavabdehdən İddiaçı2 xeyrinə ödənilməsi, hər iki iddiaçının əmək müqavilələrinə xitam verilməsi barədə əmrlərin ləğv edilərək onların işə bərpa edilmələri, İddiaçı1 2018-ci ilin iyun ayından 2019-cu ilin iyun ayınadək əmək haqqından tutmaların, eləcə də istifadə etmədiyi məzuniyyətin pul şəklində əvəzi kimi cəmi 1960 manatın cavabdehdən onun xeyrinə tutulması, İddiaçı2 2015-ci ilin iyun ayından 2019-cu ilin iyun ayınadək əmək haqqından tutmaların, eləcə də istifadə etmədiyi məzuniyyətin pul şəklində əvəzi kimi cəmi 9520 manatın cavabdehdən onun xeyrinə tutulması, hər iki iddiaçı əsassız və qanunsuz olaraq işdən azad edildikləri üçün onlara məcburi işburaxma müddəti üçün 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar-mart ayları da daxil olmaqla hər iki iddiaçının aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı zamanı iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçılar işə qəbul edilərkən əmək müqaviləsi bağlansa da, onlara bu müqavilə verilməmiş, habelə işdən azad edilmələri barədə əmr və ya əmək kitabçaları da təqdim edilməmişdir. O, iddiaçıların hüquqlarının müdafiəsi ilə bağlı olaraq xx xxxxxx 2019-cu il tarixdə MMC-nin Bakı şəhəri Z.Bünyadov prospekti 13 ünvanında yerləşən baş ofisinə rəsmi sorğu ilə müraciət edərək adları çəkilən şəxslərin işə qəbul işdən azad olma, əmək müqaviləsi üzrə funksiyaları və sair barədə sualların cavablandırılaraq aidiyyatı sənədlərin ona təqdim edilməsini xahiş etmiş, cavabdeh sözügedən sorğuya xx.xx.2020-ci il tarixli məktubla cavab verərək İddiaçı1 xx.xx.2018 xx.xx.2019-cu tarixində satış üzrə nümayəndə vəzifəsini icra etməsini, 616/k nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini, İddiaçı2 isə xx.xx.2018 -xx.xx.2019cu il tarixində satış üzrə bölmə rəhbəri vəzifəsini icra etməsini, 604/k nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cı maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə onunla əmək müqaviləsinə xitam verilməsini göstərmişdir. Cavabdeh sözgedən sorğuda tələb edilən əmək müqavilələrini, habelə işdən azad etmə əmrlərini heç bir əsaslandırma olmadan təqdim etməmişdir. Sorğuya cavabdan aydın olur ki, İddiaçı1 xx.xx.2019-cu tarixinə kimi, İddiaçı2 isə xx.xx.2019-cu il tarixinə kimi cavabdehin rəsmi işçiləri olmuşlar. İddiaçı1 aylıq əmək haqqı 1500 manat, İddiaçı2 aylıq əmək haqqısı isə 1800 manat olmuşdur. Lakin cavabdeh hər iki iddiaçıya xx.xx.2019-cu il tarixindən işdən azad edilənə kimi əmək haqqı və digər ödənişləri əsassız və qanunsuz olaraq verməmişdir. Bundan başqa, İddiaçı2 2019-cu ilin may ayının 28-də işdə olduğu zaman idarə etdiyi - şəxsi mülkiyyətində olan və öz əmək funksiyasını yerinə yetirmək üçün cavabdehin - işəgötürənin razılığı ilə iş yerinə gətirdiyi avtomobillə qəza törətmiş, nəticədə ciddi bədən xəsarətləri almış və şəxsi avtomobili tam yararsız hala düşmüşdür. Həmin hadisə ilə bağlı İddiaçı2 8.000 manat ziyan dəymişdir. Sözügedən hadisə iş zamanı olsa da, cavabdeh qanuni tədbirlər görməmiş və işçiyə dəyən maddi ziyanı ödəməmişdir. İddiçılara bu vaxtadək əsassız və qanunsuz olaraq ödəmədiyi əmək haqqı və digər ödənişlərin verilməsi üçün cavabdehə xx xxxxxx 2020-ci ildə rəsmi ərizə ilə müraciət edilmiş, lakin müraciət bu vaxtadək cavabsız qalmışdır. Bundan başqa, cavabdehin hər iki iddiaçını işdən azad etməsində qanuni əsaslar olmamış, habelə işdən azad etmənin qaydaları pozulmuşdur. Nəticədə iddiaçılara maddi və mənəvi zərər dəymişdir. Belə ki, İddiaçı2 cavabdehin yuxanda qeyd edilən əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilsə də, o, öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə təşəbbüs göstərməmiş, yəni öz xahişi ilə işdən azad edilmə barədə ərizə verməmişdir. Bu halda onun sözügedən əsasla işdən azad edilməsi qanunsuz olmaqla bərabər həm də cavabdeh tərəfindən işdən azad etmənin Əmək Məcəlləsinin 69-cu maddəsinin və 5-ci bəndlərində göstərilən qaydalarının pozulmasıdır. Nəticədə iddiaçıya maddi və mənəvi zərər dəymişdir. İddiaçı1 1 il ərzində (2018 –ci ilin iyun ayından 2019-cu ilin iyun ayınadək) cavabdeh hər ay 80 manat pul tutub ki, işdən azad olunanda geri qaytarılacaq. Bundan başqa İddiaçı1 işlədiyi 1 il ərzində məzuniyyətə də çıxmayıb və məzuniyyət pulu - 1000 manata yaxın ona verilməyib. Cəm olaraq İddiaçı1 1960 manat məzuniyyət və əvvəlcədən saxlanılmış vəsait cavabdeh tərəfindən ona verilməmişdir. Cavabdeh İddiaçı2 4 il ərzində (2015-ci ilin iyun ayından 2019-cu ilin iyun ayınadək) əvvəlki 2 ilə hər ay 80 manat, sonrakı 2 ilə isə hər ay 150 manat pul tutub ki, işdən azad olunanda geri qaytarılacaq. Bundan başqa İddiaçı2 işlədiyi 4 il ərzində məzuniyyətə də çıxmayıb və məzuniyyət pulu - 4000 manata yaxın ona verilməyib. Cəm olaraq İddiaçı2 5520+4000=9520 manat məzuniyyət və əvvəlcədən saxlanılmış vəsait cavabdeh tərəfindən ona verilməyib. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, iddiaçılardan İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı1 Cavabdeh MMC-də satış üzrə nümayəndə vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Auditorlar Palatasının icazəsi əsasında fəaliyyət göstərən sərbəst auditor tərəfindən İddiaçı1 xx.xx.2019-cu il tarixə olan mal qalığının auditi aparılmış və xx.xx.2019-cu il tarixli 54/1 nömrəli rəylə 43008,34 manat çatışmazlığının olduğu müəyyən edilmişdir. İddiaçı1 əməlinə hüquqi qiymət verilməsi və onun cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmişdir. Müraciət baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Göründüyü kimi, İddiaçı1 Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi tamamilə qanuni və əsslı olmuşdur. İddiaçılardan İddiaçı2 işdən azad edilməsi ilə bağlı ərizə vermədiyi ilə bağlı iddia ərizəsində yazılanlar da tamamilə absurddur və həqiqəti əks etdirmir. Belə ki, İddiaçı2 xx.xx.2019-cu il tarixində işdən azad edilməsi ilə bağlı ərizə ilə Cavabdeh MMC-nin prezidenti Ceyhun Abbasova müraciət etmişdir. İddiaçı2 ərizəsinin surətini məhkəməyə təqdim olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - xx xxxx 2018-ci il tarixli №18/3815 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Cavabdeh MMC-də satış üzrə nümayəndə kimi işləməsi üçün tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanmış, müqavilədə İddiaçı1 aylıq əmək haqqı 180 manat, iş ili üzrə məzuniyyət hüququ isə 21 gün kimi göstərilmişdir. - xx xxxxx 2018-ci il tarixli №18/2985 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı2 Cavabdeh MMC-də satış üzrə bölmə rəhbəri kimi işləməsi üçün tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanmış, müqavilədə İddiaçı1 aylıq əmək haqqı 200 manat, iş ili üzrə məzuniyyət hüququ isə 30 gün kimi göstərilmişdir. - xx xxxx 2019-cu il tarixi, 54/1 nömrəli auditor rəyində göstərilmişdir ki, İddiaçı1 xx xxxx 2019-cu il tarixə 43008,34 manat çatışmazlığı müəyyən olunur. - İddiaçı1 Cavabdeh MMC-nin Audit şöbəsinə verdiyi izahatdan görünür ki, o, yaranmış 43008,34 manat fərqin 11845,92 manat hissəsinin öz əskiyi, 31162,42 manatın isə qardaşı İddiaçı2 şəxsi əskiyi olduğunu qeyd etmişdir. - Cavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixli 604/K saylı əmrindən çıxarışdan görünür ki, X1 Satış üzrə bölmə rəhbəri vəzifəsində çalışan İddiaçı2 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) xitam verilmiş, istifadə etmədiyi 36 gün əsas məzuniyyətinin pul əvəzinin ödənilməsi əmr edimişdir. - Cavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixli 616/K saylı əmrindən çıxarışdan görünür ki, X1 Satış üzrə nümayəndə vəzifəsində çalışan İddiaçı1 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndi rəhbər tutularaq 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əsas kimi kənar audit rəyi göstərilmişdir. İstifadə etmədiyi 20 gün əsas məzuniyyətinin pul əvəzinin ödənilməsi əmr edimişdir. - Azərbaycan Respublikası “xxxxx” MMC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli arayışda İddiaçı2 məxsus “VAZ 2107” markalı, C605KT97 qeydiyyat nişanlı avtomobilə qəza nəticəsində 3201 manat ziyan dəydiyi göstərilmişdir. - xx xxxx 2019-cu il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, İddiaçı2 xx xxx 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 60 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə, eləcə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin: - 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir; - 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərinin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçı2 nümayəndəsi izahatında İddiaçı2 işdən azad edilməsi üçün ərizə ilə cavabdehə müraciət etmədiyini bildirmiş, buna qarşılıq olaraq cavabdehin nümayəndəsi İddiaçı2 xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə MMC-nin prezidenti Ceyhun Abbasova müraciət edərək əmək müqaviləsinin öz təşəbbüsü ilə ləğvini xahiş etdiyini bildirmiş və sübut kimi həmin ərizənin surətini məhkəməyə təqdim etmişdir. Ərizə nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, ərizə lazımi qaydada təsdiq olunmamış kserosurət olmaqla tərtib olunduğu tarix göstərilməmişdir. Məhkəmə Cavabdeh MMC-nin nümayəndəsindən həmin ərizənin əslini və ya təsdiq olunmuş surətini məhkəməyə təqdim etməsini tələb etmiş, növbəti dəfə məhkəməyə təqdim olunan ərizə də lazımi qaydada təsdiq olunmamaqla bərabər, ərizədə tərtibat tarixi kimi “xx.xx.2019” yazısı öz əksini tapmışdır. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunan, İddiaçı2 tərəfindən tərtib edilmiş kimi göstərilən eyni ərizənin 2 nüsxəsi arasında aşkar ziddiyyət mövcuddur və bu ziddiyyət ərizənin İddiaçı2 tərəfindən tərtib olunmadığı şübhələrini yaradır. Belə olan halda ziddiyyətin həlli, yəni ərizənin həqiqətən İddiaçı2 tərəfindən tərtib olunmasını sübutetmə yükü Cavabdeh MMC-nin üzərinə düşür ki, cavabdeh tərəfindən belə bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 72-ci maddəsinin “f” bəndinə əsasən, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Cavabdeh MMC-nin nümayəndəsi izahatında, eləcə də MMC tərəfindən məhkəməyə ünvanlandırılmış iddia ərizərinə etiraz ərizəsində İddiaçı1 Azərbaycan Respublikası Auditorlar Palatasının icazəsi əsasında fəaliyyət göstərən sərbəst auditor tərəfindən xx.xx.2019-cu il tarixə olan mal qalığının auditi aparıldığını və xx.xx.2019-cu il tarixli 54/1 nömrəli rəylə 43008,34 manat çatışmazlığının olduğunu, İddiaçı1 əməlinə hüquqi qiymət verilməsi və onun cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edildiyini, müraciətin baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildiyini göstərmiş, auditin rəyi məhkəməyə təqdim olunsa da, İddiaçı1 barəsində cinayət məsuliyyətinə cəlb edilmə barədə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, T.İddiaçı1 əməllərində Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində göstərilən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi faktı sübuta yetirilməmiş olur. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. Bundan başqa, iddianın xx xxxx 2019-cu il tarixdən iddiaçıların işdən azad edildikləri tarixədək əmək haqqlarının ödənilməməsinə cavabdeh tərəfdən münasibət bildirilməmiş, əmək haqqların ödənilməsinə dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Lakin, iddia tələbində İddiaçı1 əmək haqqının aylıq 1500, İddiaçı2 isə 1800 manat olduğu qeyd edilsə də, iddiaçılar tərəfindən bunu təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, xx xxxx 2019-cu ildən iddiaçıların işdən azad edildikləri tarixədək onlara ödənilməmiş əmək haqqı hesablanıb ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. İddia tələbində iddiaçıların əmək məzuniyyətinin pulla əvəzi konkret məbləğlə ifadə olunsa da, habelə, İddiaçı2 4 il məzuniyyət hüququndan istifadə etmədiyi göstərilsə də, məhkəmə tərəfindən sübut kimi qiymət verilmiş əmək müqavilələrinin bağlanma tarixi nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddiaçıların 2018-2019-cu il illəri üzrə istifadə edilməmiş əmək məzuniyyətinin pulla əvəzi yenidən hesablanmalı və cavabdehdən tutularaq onlara ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki halda cavabdehin qanunsuz olaraq iddiaçılarla olan əmək münasibətlərinə xitam verməsi halı müəyyən edildiyindən iddiaçılara məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir və bu müddət onların işdən azad edildikləri tarixdən iddia tələbində göstərilən 2020-ci ilin mart ayınadək olan dövr üçün müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh MMC-nin əmri ləğv edilməli və iddiaçılara 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək məcburi iş buraxma müddəti üçün əmək haqqı Cavabdeh MMC tərəfindən ödənilməlidir. Məhkəmə iddianın İddiaçı2 şəxsi avtomobili ilə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ona dəymiş zərərin əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində, eləcə də, hər-hansı qarşılıqlı yazılı razılaşmada İddiaçı2 Cavabdeh MMC-də vəzifə öhdəlilərini məhz özünə məxsus avtomobillə yerinə yetirməsi qeyd edilməmişdir. İddia tələbi həmin hissədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-ci maddəsi ilə hüquqi cəhətdən əsaslandırılsa da, məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 195-ci maddəsində işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətindən bəhs edilir. İddiaçı2 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan isə görünür ki, İddiaçı2 atomobili ilə yolun əks hərəkət zolağına çıxaraq manevr qaydalarını pozmuş, nəticədə yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə hesab edir ki, bu faktda Cavabdeh MMC tərəfindən işəgötürən olaraq əməyin mühafizə qaydalarına əməl edilməməsi halı mövcud deyil. Buna görə də, iddia həmin hissədə rədd edilməlidir. Cavabdeh tərəfindən iddiaçıların əmək haqqlarından tutmaların aparılması üzrə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tutmaların məbləği iddiaçılar tərəfindən konkret olaraq göstərilmiş, lakin həmin məbləğlər hansı əsasla müəyyən olunduğuna dair məhkəməyə heç bir sübut əlavə edilməmişdir. Buna görə də, iddia həmin hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 və İddiaçı2 ilə əmək münasibətlərinə xitam verilməsinə dair Cavabdeh MMC-nin müvafiq olaraq 12 dekabr və xx xxxxxx 2019-cu il tarixli əmrləri ləğv edilməli, iddiaçılar işə bərpa edilməlidirlər, 2019-cu ilin 01 iyul tarixindən xx xxxxxx 2019-cu il tarixədək ödənilməmiş əmək haqqı, habelə xx xxxx 2018-ci il tarixdən 2018-2019-cu iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətinin pulla əvəzi, bundan başqa, xx xxxxxx 2019-cu il tarixdən 2020-ci ilin mart ayınadək məcburi işburaxmaya görə əmək haqqının məbləği hesablanmaqla Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməlidir. 2019-cu ilin 01 iyul tarixindən xx xxxxxx 2019-cu il tarixədək ödənilməmiş əmək haqqı, habelə xx xxxxx 2018-ci il tarixdən 2018-2019-cu iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətinin pulla əvəzi, bundan başqa, xx xxxxxx 2019cu il tarixdən 2020-ci ilin mart ayınadək məcburi işburaxmaya görə əmək haqqının məbləği hesablanmaqla Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı1 ilə əmək münasibətlərinə xitam verilməsinə dair Cavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 616/K saylı əmri ləğv edilsin, İddiaçı1 işə bərpa edilsin. 2019-cu ilin 01 iyul tarixindən xx xxxxxx 2019-cu il tarixədək ödənilməmiş əmək haqqı, habelə xx xxxx 2018-ci il tarixdən 2018-2019-cu iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətinin pulla əvəzi, bundan başqa, xx xxxxxx 2019-cu il tarixdən 2020-ci ilin mart ayınadək məcburi işburaxmaya görə əmək haqqının məbləği hesablanmaqla Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilsin. İddiaçı2 ilə əmək münasibətlərinə xitam verilməsinə dair Cavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 604/K saylı əmri ləğv edilsin, İddiaçı2 işə bərpa edilsin. 2019-cu ilin 01 iyul tarixindən xx xxxxxx 2019-cu il tarixədək ödənilməmiş əmək haqqı, habelə xx xxxxx 2018-ci il tarixdən 2018-2019-cu iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətinin pulla əvəzi, bundan başqa, xx xxxxxx 2019-cu il tarixdən 2020-ci ilin mart ayınadək məcburi işburaxmaya görə əmək haqqının məbləği hesablanmaqla Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilsin. İddia digər hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar