Məhkəmə qərarları › İş №2(001)-2206/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2206/2020

05.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2206/2020 05.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi imzalanmış və iddiaçı həmin məktəbdə ingilis dili müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə vəzifəyə təyin edilmiş, xx.xx.2019-cu il tarixdən tədris prosesi başlamışdır. xx.xx.2019-cu il tarixdə müqavilə imzalanmasına baxmayaraq iddiaçıya cavabdeh tərəfindən müqavilənin ona aid surəti rəsmi təqdim edilməmiş və bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, qeyd edilən Məcəllənin 44-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. İddiaçı tərəfindən dəfələrlə müqavilənin ona aid nüsxəsinin təqdim edilməsi istənilsə də cavabdeh tərəfindən bu icra edilməmişdir. Sonradan cavabdehə xx.xx.2019-cu il tarixdə müqavilənin surətinin təqdim edilməsinə dair sorğu edilsə də müqavilə bu günə qədər onlara rəsmi təqdim edilməmişdir. Buna baxmayaraq tədris prosesi başlanması ilə iddiaçı tərəfindən əmək funksiyaları normal formada həyata keçirilməyə başlanmışdır. Əmək müqaviləsinin 3-cü bəndinə əsasən iddiaçı sinif kollektivini formalaşdırmaq və inkişaf etdirmək, şagirdlərlə şagirdlər, şagirdlərlə müəllimlər arasında münasibətləri humanistləşdirmək, şagirdlərdə əxlaqı və mənəvi dəyərləri formalaşdırmaq kimi öhdəliklərə malik olmuşdur. Lakin, sonradan gözlənilmədən xx.xx.2019-cu il tarixdə məktəbin əməkdaşı iddiaçıya qeyri-rəsmi şifahi formada işdən çıxarılmasını və bu göstərişin məktəbin rəhbərliyi tərəfindən verildiyi bildirmişdir. İddiaçı səbəb soruşduqda ona səbəb kimi tədris prosesində nöqsanlara yol verməsi şifahi bildirilmiş və eyni zamanda Ermənistan barədə şagirdlərdən təqdimat hazırlamasını istəməsi qeyd edilmişdir. Bu vəziyyət iddiaçıya aydın olmamış, belə ki, bu günə qədər işlə bağlı ona hər hansı yazılı xəbərdarlıq edilməmiş və ya intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Tədris prosesi çərçivəsində iddiaçı tərəfindən fərqli dövlətlər haqqında ingilis dilində təqdimatların hazırlanması şagirdlərdən istənilmiş və eyni zamanda bununla bərabər Ermənistan haqqında da məlumat xarakterli təqdimatın hazırlanması şagirdlərdən bəzilərinə tapşırılmışdır. İddiaçının xarici ölkə vətəndaşı olması, fərqli mədəniyətə, dünya görüşünə, düşüncə tərzinə malik olması cavabdeh tərəfindən nəzərə alınmamış və cavabdeh tərəfindən tədris prosesi çərçivəsində hər hansı mövzularla bağlı tədrisin aparılmasına dair məhdudiyyətlər, qadağalar olması və ya bununla bağlı məktəbdaxili hər hansı yazılı tədris siyasəti, qaydası və s. iddiaçıya təqdim edilməmiş və ya bununla bağlı hər hansı yazılı təlimat, xəbərdarlıq verilməmişdir. Cavabdehin rəsmi internet səhifəsində (http://dunvaschool.az/) də məktəbə qəbulla bağlı hər hansı milli və ya etnik məhdudiyyət müəyyən edilməmiş, tədris prosesi çərçivəsində məhdudiyyətlərin olması barədə xəbərdarlıq qeyd edilməmiş və məktəb beynəlxalq məktəb kimi təqdim edilmişdir. İddiaçı Azərbaycan-Ermənistan arasında mövcud müharibə barədə məlumatlıdır, lakin, bu məsələdə hər hansı mövqeyə malik deyil və tamamilə neytral fikirə malikdir və bu tapşırığın şagirdlərə verilməsi ilə hər hansı erməni təbliğatı aparmaq məqsədi güdməmiş yalnız və yalnız Azərbaycan Respublikası ilə qonşu sərhədlərə malik olan dövlətlər barədə şagirlərdə məlumat yaratmaq və bu təqdimatı ingilis dilində etməklə onların dil biliklərin artırılması olmuşdur. Məlumat xarakterli təqdimatlar eyni zamanda digər qonşu dövlətlər barədə də hazırlanmışdır. Lakin, bütün bunlara baxmayaraq iddiaçıya rəsmi səbəb bildirilməmiş və işdən çıxarılmaya dair əmr ona rəsmi təqdim edilməmiş və dərhal onun Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə cavabdeh tərəfindən yazılı məktub göndərilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi qanunun tələbləri əmrin verilməsi zamanı gözlənilməmişdir. Müvəqqəti yaşamaya dair icazə ləğv olunacağı üçün iddiaçı Azərbaycan Respublikasının sərhədlərini tərk etmişdir. Həmçinin iddiaçıya yekun haqq-hesab olaraq əmək müqaviləsinə əsasən istifadə edilməmiş 45 gün məzuniyyət günlərinə görə hər hansı kompensasiya da ödənilməmişdir. Sonradan cavabdehə xx.xx.2019-cu il tarixdə yazılı sorğu verilməklə iddiaçının işdən çıxarılmasına dair əmrin surətinin təqdim edilməsi xahiş edilmişdir. Qeyd edilən əmrin surəti rəsmi olaraq xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə onlara təqdim edilmişdir. Əmrlə tanışlıq zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. Belə ki, əmrdə işçinin işdən çıxarılmasına səbəb olmuş əsas səbəb kimi erməni təbliğatı aparması, iddiaçı ilə güya xx.xx.2019-cu il tarixdə bağlanmış 336 nömrəli əmək müqaviləsinin ləğv edilməsi qeyd edilmişdir. Lakin, əmrdə buna dair ətraflı izah verilməmiş və ya konkret faktlara istinad edilməmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin madənin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir və həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Hazırki vəziyyətdə belə bir sual yaranır ki, iddiaçı Ermənistanla bağlı təqdimatın hazırlanmasını şagirdlərdən istəməsinin məktəbin mənafelərinə əmrdə qeyd edilyi kimi ziyan vura biləcəyini bilməli idimi və ya bilə bilərdimi və ya cavabdehə hansı formada real ziyan dəymişdir? İrlandiya vətəndaşı olan iddiaçı Azərbaycan Respublikasında 3 ay müddətində yaşamışdır. İddiaçı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, həmçinin şəhidlərimiz, qaçqın və məcburi köçkünlərimiz barədə detallı məlumata malik olmamış və eyni zamanda bu barədə ona məktəb tərəfindən xarici müəllimlər üçün keçirilməli olan adaptasiya prosesi və xüsusi təlimatlandırma həyata keçirilməmişdir. Buna görə də iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi eləcə də əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyənləşdirilməsi məqsədi ilə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Onun sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli məktubu ilə İddiaçı adına Əmək və X5 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” altsistemində Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsinin bağlanması tarixinin xx.xx.2019-cu il, xitamının xx.xx.2019-cu il, xitamın sistemə işlənmə tarixinin isə xx.xx.2020-ci il tarixi kimi qeyd olunması məlum olmuşdur. Cavabdehin özünün məhkəməyə təqdim etdiyi sübutlardan müəyyən olunur ki, tərəflər arasında əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə deyil, xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Bundan başqa cavabdeh iddiaçı barəsində bir gündə müxtəlif əsaslarla iki müxtəlif nömrəli əmr vermişdir. Bir əmrdə iddiaçı ilə bağlanan əmək müqaviləsinə işəgötürənin, digərində isə işçinin təşəbbüsü ilə xitam verilməsi qeyd olunmuşdur. Mübahisələndirilən əmr yuxarıda göstərilən səbəblərdən əsassız və qanunsuz verildiyindən məhkəmə tərəfindən ləğv edilməli və iddiaçı işə bərpa edilərək iddiaçıya dəymiş maddi və mənəvi ziyan ödənilmədir. Ona görə də Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində ingilis dili müəllimi işləmiş İddiaçı ilə imzalanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli № 232 nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə, xx.xx.2019-cu il tarixdən etibarən işə bərpa edildiyi tarixədək iddiaçıya ödənilməli olan əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) hesablanaraq cavabdeh tərəfindən ödənilməsinə, iddiaçıya vurulmuş mənəvi ziyana görə 5000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2020-ci il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh MMC-nin vəkili və nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdehnə ingilis dili müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı ingili dili fənninin tədrisi zamanı sinifdə erməni təbliğatı aparmaqla məşğul olmuş, müxtəlif siniflərdə erməni mədəniyyətinin təbliği ilə əlaqədar prezentasiyalar keçirmiş və şagirdlərə bu barədə daha ətraflı məlumat əldə etmələrini tapşırmışdır. Onun bu hərəkəti və verdiyi ev tapşırığı şagirdlərdə və valideynlərdə ciddi narazılığa səbəb olmuş, valideynlər məktəbə gələrək müəllimdən şikayət etmiş və uşaqlarını müəllimin dərslərinə buraxmayacaqlarını, müəllimin tezliklə dərsdən kənarlaşdırılmasını tələb etmişlər. İddiaçı söhbət üçün dəvət edilmiş, lakin o, direktor və valideynlərlə görüşə gəlməkdən aşkar surətdə imtina etmişdir. İddiaçı bundan sonra məktəbdə müəllim kimi işləməsi mümkün hesab edilməmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Daha sonra Cavabdeh xx.xx.2019-cu il tarixli 232 saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və yaxud Məcəllənin 72-ci bəndində sadalanan hallar) xx.xx.2019-cu il tarixdən işdən azad edilmişdir. İddiaçı izahat verməkdən, tərtib olunan sənədlərlə tanış olmaqdan imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanladığı o/39514 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə Cavabdeh MMC ilə İrlandiya vətəndaşı İddiaçı arasında bağlanmış əmək müqaviləsinin ləğv olunduğu üçün əcnəbi şəxsin iş və yaşama icazələrinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən qanunun tələblərinə işəgötürən tərəfindən əməl edildiyindən iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 13-cü maddəsinə əsasən qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar. Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş əmək hüquqlarının məhdudlaşdırılması qadağandır. Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş xxxxxxxxxxxxxxxxxxxxxxxxxnin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdehnə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ingilis dili müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh işçiləri tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə insan resurslarına əmək müqaviləsi bağlaması ilə əlaqədar dəvət olunmuş, o, əmək müqaviləsinin mətni ilə tanış olmuş daha sonra gəlib imza atacağını bildirmiş və dəfələrlə insan resurslarına dəvət olunmasına baxmayaraq bəhanələr gətirərək imza etməkdən boyun qaçırmışdır. X6 valideyni Günel Mehdizadənin tarixi qeyd olunmayan elektron müraciətdən müəyyən olunur ki, 6A sinfində təhsil alan Mehdi Mehdizadənin dediyinə görə Mr. Websterin tədris etdiyi Public Speaking dərsində həssas siyasi mövzular müzakirə olunmuş, sinfin mənfi reaksiyasına baxmayaraq qeyd olunan mövzulara təkrarən toxunulmuş və sonrakı dərslərdə mövzu ilə bağlı ev tapşırığı verilmiş və şagirdlərə qəti şəkildə tolerantlıq çərçivəsindən kənara çıxmamaq tapşırılmışdır. Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşan vətəndaşları olaraq Mehdi Mehdizadənin valideynləri kimi hazırkı məsələlərin tamamilə yolverilməz olduğunu düşünüb müəllimin davranışının siyasi təşviqat olduğu hesab edilir. Ona görə də məktəb rəhbərliyinin bu məsələ ilə bağlı ədalətli qərar verəcəyinə inanaraq istənilən dəstəyə hazır olmaları bildirilir. X10 valideyni X9 Həsənovaya ünvanladığı tarixi qeyd olunmayan elektron müraciətindən müəyyən olunur ki, o, övladının ingilis dili müəllimi ilə bağlı müəyyən narazılığının olduğunu, müəllimin uşaqlara münasibətinin qənaətbəxş deyil və eyni zamanda övladının test nəticəsindən razı deyildir. Ümumiyyətlə müəllim şagirdlərə kifayət qədər bilik verməmiş, ona görə də müəllimlə bağlı lazımi tədbirlərin görülməsi xahiş olunur. X1 valideyni X2 xanıma ünvanladığı tarixi qeyd olunmayan elektron müraciətindən müəyyən olunur ki, o, ingilis dili müəllimi İddiaçı kerdiyi dərsin keyfiyyəti ilərazı olmadığını, onun dərs keçmə metodunun övladının ingilis dili səviyyəsinin aşağı düşməsinə səbəb olmuş, ümumilikdə bütün sinfin dinləmə, qramatika və s. bacarıqlarında çox cüzi irəliləmə müşahidə olunur. Dərs ərzində mövzudan kənar xeyli mövzuya toxunaraq nəticədə bu hal dərs vaxtının boşa sərf olunmasına səbəb olur. Narazı olduğu nğvbəti məqam onun davranışıdır. Onun davranışları hörmət çərçivəsindən kənar və müəllimə yaraşmayan üslubdadır. Məktəb rəhbərliyinə dəfələrlə həmin müəllimlə bağlı narazılıq etməsinə baxmayaraq müəllimin işində peşəkar olduğu bildirilərək şikayətinə baxılmamışdır. Lakin sonda övladının nəticələrinin əvvəlki vəziyyətdə olmadığını görmüşdür. Ən əsas dəlil övladının imtahan nəticəsidir. Müəllimin övladına dərs keşməsini istəmir. İB şagirdinin valideyni Diana xanımın Rəna xanıma ünvanladığı tarixi qeyd olunmayan elektron müraciətdən müəyyən olunur ki, o, övladlarının psixologiyasına və milli qüruruna toxunan Mr. İddiaçı barəsində ölçü götürülməsini, müəllimin uzaqlaşdırılmasını xahiş edir. Cavabdeh Pedoqoji Şurasının xx.xx.2019-cu il tarixli 12 saylı iclasının protokolundan çıxarışdan müəyyən olunur ki, məktəbin ingilis dili müəllimi İddiaçı tədris zamanı ciddi xətalara yol vermişdir. O, İB bölməsində ingili dili fənninin tədrisi zamanı sinifdə erməni təbliğatı aparmaqla məşğul olmuş, müxtəlif siniflərdə erməni mədəniyyətinin təbliği ilə əlaqədar prezentasiyalar keçirmiş və şagirdlərə bu barədə daha ətraflı məlumat əldə etmələrini tapşırmışdır. Onun bu hərəkəti və verdiyi ev tapşırığı şagirdlərdə və valideynlərdə ciddi narazılığa səbəb olmuş, valideynlər məktəbə gələrək müəllimdən şikayət etmiş və uşaqlarını onun dərslərinə buraxmayacaqlarını, müəllimin tezliklə dərsdən kənarlaşdırılmasını tələb etmişlər. İddiaçı söhbət üçün dəvət edilmiş, lakin o, direktor və valideynlərlə görüşə gəlməkdən aşkar surətdə imtina etmişdir. İddiaçı bundan sonra məktəbdə müəllim kimi işləməsi mümkün hesab edilməmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. İclasda iştirak edən digər şura üzvləri direktorun fikri ilə razılaşdıqlarını bildirmiş və İddiaçı işdən azad edilməsini məqbul saymışlar. Dünya Məktəbinin ingilis dili müəllimi İddiaçı əmək intizamına, əmək funksiyasına və müəllimin etik davranış qaydalarına riayət etməməsinə görə iclas yekdilliklə əmək müqaviləsinə xitam verilməsini zəruri hesab etmiş və bununla bağlı Əmək Məcəlləsinə uyğun əmr verilməsini qərara almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli 232 saylı əmrinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixli 336 nömrəli əmək müqaviləsinə uyğun olaraq Cavabdeh İB bölməsində ingilis dili fənnini tədris etmək üçün işə qəbul edilmişdir. İddiaçı işlədiyi az müddətdə özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, habelə əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verərək məktəbin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Belə ki, o, birbaşa tədris zamanı azərbaycanlılarla müharibə vəziyyətində olan ermənilərin təbliğatını aparmaqla məşğul olmuş, müxtəlif siniflərdə erməni mədəniyyətinin təbliği ilə əlaqədar prezentasiyalar keçirmiş, şagirdlərdən də ev tapşırığı olaraq bu barədə daha ətraflı məlumat əldə etmələrini tapşırmışdır. Bu hal məktəbdə kütləvi narazılığa səbəb olmuşdur. Bu məsələ dərhal məktəbin pedaqoji şurasında baxılmışdır. İddiaçı dəfələrlə daxili intizam qaydalarını kobud şəkildə pozmuş, pedaqoji kollektivin üzvləri ilə yola getməmiş, onlarla daima konflikt yaratmışdır. Dəfələrlə ona iş zamanı tədrisdən kənar danışıqlara və hərəkətlərə yol verməməsi barədə xəbərdarlıq edilsə də heç bir nəticə çıxarmayaraq əksinə şagirdlər arasında ermənilərin təbliğatını aparmaqla onları qəhrəmanlaşdırmağa çalışmışdır. Qeyd olunanlara əsasən İB bölməsinin müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və yaxud Məcəllənin 72-ci bəndində sadalanan hallar) xx.xx.2019-cu il tarixdən işdən azad edilmişdir. Cavabdeh işçiləri tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli aktından müəyyən olunur ki, ingilis dili müəllimi İddiaçı xx.xx.2019-cu il tarixdə intizam tənbehinin verilməsi və əmək müqaviləsinin xitamı ilə əlaqədar əmrlərlə tanış olması üçün insan resurslarına dəvət olunmuş, o, intizam tənbehinin verilməsi barədə xx.xx.2019-cu il tarixli 232 saylı və əmək müqaviləsinin xitamı ilə əlaqədar xx.xx.2019-cu il tarixli 233 nömrəli əmrlərlə tanış olmuş, lakin əmrin surətini götürməkdən və imzalamaqdan imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanladığı o/39514 saylı xx.xx.2019-cu il tarixli məktubdan müəyyən olunur ki, Cavabdeh MMC ilə İrlandiya vətəndaşı İddiaçı arasında bağlanmış əmək müqaviləsi ləğv olunduğu üçün əcnəbi şəxsin iş və yaşama icazələrinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı adına Əmək və X5 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” altsistemində Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsinin bağlanması tarixi xx.xx.2019-cu il, xitamı xx.xx.2019-cu il, xitamın sistemə işlənmə tarixi xx.xx.2020-ci il tarixi kimi qeyd olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli 233 saylı əmrinin surətindən müəyyən olunur ki, İB bölməsinin ingilis dili müəllimi İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2019cu il tarixdən xitam verilmiş, əmrin verilməsinə əsas işçinin ərizəsi olmuşdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi İddiaçı ilə Rəna arasında 22-23-24-25-26-27-28-xx.xx.2019-cu il tarixlərdə aparılmış whatsapp yazışmalarından müəyyən olunur ki, Rəna İddiaçı bazar ertəsi məktəbə gəlməməsini, bu barədə təsisçinin ona zəng edərək dediyini, baş verənlərə görə çox üzr istədiyini bildirmişdir. Danışıqlardan daha sonra müəyyən olunur ki, İddiaçı nə baş verdiyini bilmək, müzakirə etmək üçün ona zəng etməsini, belə davranışa layiq olmadığını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdehnə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ingilis dili müəllimi vəzifəsinə işə qəbul olunmuş, daha sonra işəgötürənin xx.xx.2019-cu il tarixli 232 saylı əmrinə əsasən, xx.xx.2019-cu il tarixli 336 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və yaxud Məcəllənin 72-ci bəndində sadalanan hallar) xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. İşəgötürən mübahisələndirilən əmrini işçinin “işlədiyi az müddətdə özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verərək məktəbin qanuni mənafeyinə ciddi xələl gətirməsi, birbaşa tədris zamanı azərbaycanlılarla müharibə vəziyyətində olan ermənilərin təbliğatını aparmaqla məşğul olması, müxtəlif siniflərdə erməni mədəniyyətinin təbliği ilə əlaqədar prezentasiyalar keçirməsi, şagirdlərdən də ev tapşırığı olaraq bu barədə daha ətraflı məlumat əldə etmələrini tapşırması, bu halın məktəbdə kütləvi narazılığa səbəb olması, dəfələrlə daxili intizam qaydalarını kobud şəkildə pozması, pedaqoji kollektivin üzvləri ilə yola getməməsi, onlarla daima konflikt yaratması, dəfələrlə ona iş zamanı tədrisdən kənar danışıqlara və hərəkətlərə yol verməməsi barədə xəbərdarlıq edilsə də heç bir nəticə çıxarmayaraq əksinə şagirdlər arasında ermənilərin təbliğatını aparmaqla onları qəhrəmanlaşdırmağa çalışması” ilə əsaslandırsa da, əmrdə qeyd olunan halların həqiqətən baş verməsini sübuta yetirə bilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərtib etdiyi əmrdə cavabdeh iddiaçı ilə xx.xx.2019-cu il tarixdə 336 nömrəli əmək müqaviləsinin bağlanmasını və bu müqavilənin ləğv edilməsini (24 gündən sonra) qeyd etsə də, həmin müqavilənin əslini və ya surətini məhkəməyə təqdim edə bilməmiş, tərtib etdiyi xx.xx.2019-cu il tarixli aktında işçinin əmək müqaviləsini imzalamaqdan imtina etməsini qeyd etsə də, işləmək üçün Azərbaycan Respublikasına gələrək onunla əmək münasibətlərinə daxil olan xarici vətəndaşın hansı səbəbdən əmək müqaviləsini imzalamaqdan imtina etməsinə dair mövqeyini əsaslandıran sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunan tərəflər arasında imzalanan əmək müqaviləsində isə ermənilər barədə mövzuların tədris planına salınmaması barədə qadağanedici və ya xəbərdaredici heç bir bənd mövcud deyildir. Bundan başqa əmək müqaviləsinə xitam verilməsi barədə əmrini “ermənilərin təbliğatı” ilə əsaslandıran işəgötürən özünün iddia etdiyi kimi 24 gün (istirahət günləri də nəzərə alınsa belə) ərzində müəllimin şagirdlərə keçdiyi “ermənilərin təbliğatı” ilə bağlı dərslərin, prezentasiyaların mətnləri, verdiyi tapşırıqlar barədə hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Baxmayaraq ki, bu halların dəfələrlə baş veməsini əmrində qeyd edən cavabdehin həmin sübutları toplamaq üçün də kifayət qədər vaxtı olmalı idi. Məhkəmə cavabdehin, şagirdlərin valideynlərinin elektron müraciətləri ilə bağlı sübutlarına hüquqi qiymət verərək qeyd edir ki, bu 3 nəfər valideynin müraciətlərin nə vaxt tərtib olunması, qeyd olunan şagirdlərin həqiqətən həmin məktəbdə təhsil almaları barədə sübutlar məhkəməyə təqdim olunmadığından, həmin müraciətlərdə işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə nəticələnə biləcək hər hansı bir fakt öz əksini tapmadığından bu müraciətlər əmrin əsaslı olması qənaətinə gəlmək üçün mötəbər sübut növü kimi qəbul edilə bilməz. Daha sonra cavabdeh əmrdə qeyd etdiyi “işçinin dəfələrlə daxili intizam qaydalarını kobud şəkildə pozması, pedaqoji kollektivin üzvləri ilə yola getməməsi, onlarla daima konflikt yaratması, dəfələrlə ona iş zamanı tədrisdən kənar danışıqlara və hərəkətlərə yol verməməsi barədə xəbərdarlıq edilsə də heç bir nəticə çıxarmayaraq əksinə şagirdlər arasında ermənilərin təbliğatını aparmaqla onları qəhrəmanlaşdırmağa çalışmasına” dair halların baş verməsini təsdiq edən sübutlarını da məhkəməyə təqdim edə bilməmişdir. Daha sonra cavabdeh məhkəməyə təqdim etdiyi sənədlərində işçinin dəvət olunsa da, iş yerinə gəlmədiyini qeyd etsə də, məhkəməyə təqdim olunan yazışmalardan müəyyən olunur ki, işəgötürənin Rəna adlı işçisi tərəfindən iddiaçıya işə gəlməməsi bildirilmişdir. Baxmayaraq ki, iddiaçı həmin yazışmalarda nə baş verdiyini bilmək, müzakirə etmək istəyinin olmasını aydın ifadə etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verilməsinə dair eyni taixdə müxtəlif əsaslarla (ƏM-nin 70 mad. “ç” bəndi və ƏM-nin 68 mad. 2-ci his. “a” bəndi) iki əmr vermiş (xx.xx.2019-cu il tarixli 232 və 233 saylı), mübahisələndirilən xx.xx.2019-cu il tarixli 232 saylı əmri Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə xx.xx.2020-ci il tarixdə daxil etmiş, özünün tərtib etdiyi xx.xx.2019-cu il tarixli aktında isə xx.xx.2019-cu il tarixli 232 saylı əmrin intizam tənbehinin verilməsi barədə, xx.xx.2019-cu il tarixli 233 nömrəli əmrin isə əmək müqaviləsinin xitamı ilə əlaqədar olmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 336 nömrəli əmək müqaviləsinin bağlanması öz təsdiqini tapmadığından, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırmadığından, iddiaçının işdən çıxarılma barədə verilmiş əmrə qədər barəsində hər hansı bir intizam tənbehi təbiq olunmadığından, işçi barəsində eyni gündə müxtəlif əsaslarla iki əmr veildiyindən iddiaçının xx.xx.2019-cu il tarixli 232 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsinə, işə bərpa olunmaqla xx.xx.2019-cu il tarixdən etibarən işə bərpa edildiyi günədək əmək haqqının (taarif maaşı və bütün əlavələr daxil olmaqla) ödənilməsinə dair iddia tələbləri əsaslıdır. Ona görə də məhkəmə bu tələbləri təmin edir. Məhkəmə iddiaçının cavabdehə qarşı mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçı keçirə biləcəyi mənəvi istirab və sarsıntıların nədə ifadə olumasını, bu halların baş verməsini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli 232 saylı əmri ləğv edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən etibarən məcburi iş buraxmaya görə əmək haqqı (taarif maaşı və bütün əlavələr daxil olmaqla) ödənilməklə Cavabdeh İB bölməsinin ingilis dili müəllimi vəzifəsinə bərpa olunsun. Cavabdeh MMC-dən dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar