Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2207/2021 07.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi X4 Addıxanovnanın iştirakı ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev (keçmiş Məmmədyarov) küçəsi 12 saylı evin 2 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə, azyaşlı uşaqları və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi 12 saylı evin 2 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə, azyaşlı uşaqları və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəs İ.Hacıyev (keçmiş Məmmədyarov) küçəsində yerləşən 12 saylı evin 2 saylı mənzilinin mülkiyyətçisidir. Bu mənzilə dair onun mülkiyyət hüquqları 1999-cu ildən qeydə alınmışdır. Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh onun oğlu İvan Həsənovla xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Onun oğlu evləndikdən sonra o, gənc ailənin bir müddət küçədə qalmaması üçün özünə məxsus evdə gənclərin qeyd-şərtsiz müvəqqəti yaşamasına icazə vermişdir. Həmin vaxt o, gənclərin 2-3 il sonra özlərini mənzillə təmin edib onun evini tərk edəcəklərini fikirləşsə də, müxtəlif bəhanələrlə cavabdeh onun mülkiyyətində olan mənzildə uzun müddət yaşamışdır. O, cavabdehə mülkiyyətində olan mənzildə müvəqqəti yaşamağa icazə vermiş, bu səbəbdən cavabdehlə mənzilə dair hər hansı bir müqavilə bağlamamışdır. Onun oğlunun cavabdehlə nikahı pozulduğundan cavabdeh artıq onun ailə üzvü deyildir. Onun mülkiyyətində yaşamaqda davam edən cavabdeh başqa kişilərlə yeni münasibətlər qurmağa çalışır və kənar şəxslərlə onun mülkiyyətində olan mənzildə görüşür. Bir neçə dəfə onun oğlunun həm cavabdehlə, həm də cavabdehin tanışları ilə kəskin konfliktləri yaşanmışdır. Bundan sonra o, cavabdehin mənzilindən çıxarılmasının zəruriliyi qənaətinə gəlmişdir. Mənzil 1 otaqlıdır və cəmi 19 m2 sahədən ibarətdir. Cavabdeh onun ailə üzvü hesab edilmir. Ona görə də Cavabdeh ona məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev (keçmiş Məmmədyarov) küçəsi 12 saylı evin 2 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə, azyaşlı uşaqları xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X8 və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh eyni zamanda yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X5 qanuni nümayəndəsi Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2006-cı il tarixdə iddiaçının oğlu İ.V.Həsənovla rəsmi nikaha daxil olduqdan sonra Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəs İ.Hacıyev küçəsində yerləşən 12 saylı evin 2 saylı mənzilinə köçərək əşyalarını bu ünvana gətirmiş, birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X8 anadan olmuşdur. Onların nikahı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, övladları onun himayəsində saxlanmışdır. İddiaçı mülkiyyətində olan mənzilə köçdükdən sonra mülkiyyətçi onunla mənzilə istifadə hüququna dair notarial qaydada təsdiq olunan razılaşma bağlamamışdır. Onun və övladlarının hazırda yaşadıqları mənzildən başqa yaşayış yerləri yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM № 002206 seriyalı xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Məmmədyarov küçəsi 12 saylı evin 19 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı 2 saylı mənzili İddiaçı adına 146 saylı reyestr kitabında 24668 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri 1 saylı Asan xidmət mərkəzinin xx.xx.2021-ci il tarixli ******* saylı arayışından müəyyən olunur ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı, xx.xx.1946-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.1984-cü il təvəllüdlü X9 Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Məmmədyarov küçəsi 12 saylı evin 2 saylı mənzilində qeydiyyatdadırlar. 145 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli 104 saylı arayışından müəyyən olunur ki, İddiaçı Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi 12 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır və X9, Cavabdeh, X3, X8, X2 ibarət ailə tərkibi vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-3265/2020 saylı qətnaməsindən müəyyən olunur ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilərək X9 ilə Həsənova (Bobrova) Mariya Valeryevna arasında xx.xx.2006-cı il tarixdə 1876 nömrəli akt qeydi ilə Bakı şəhəri Səadət Sarayında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X5 anaları Həsənova (Bobrova) Mariya Valeryevnanın yanında saxlanılmaları, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment olmaqla cəmi 340 manat alimentin X6 tutularaq Həsənova (Bobrova) Mariya Valeryevnanın xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İ № 372060 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021ci il tarixdə 26 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı Q.P. Həsənovanın oğlu ilə nikaha daxil olduqdan sonra, yəni 2006-cı ildən etibarən iddiaçının mülkiyyətində olan mənzildə yaşasa da, həmin mənzilə istifadə hüququnun yaranması üçün mənzilin mülkiyyətçisi ilə notarial qaydada təsdiq olunan razılaşma bağlamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Göründüyü kimi 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, bu hüququn yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlansın və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Cavabdeh mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlamadığından, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun 2006-cı ildən yaşadığı mənzilə istifadə hüququ yaranmamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev (keçmiş Məmmədyarov) küçəsi 12 saylı evin 2 saylı mənzilinə istifadə hüququ mövcud olmadığından, mövcud olmayan hüququn itirilməsi də qeyri-mümkündür. Ona görə də iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin himayəsində olan yetkinlik yaşına çatmayan iki övladı ilə iddiaçının mülkiyyətində olan mənzildə heç bir hüquqi əsası olmadan yaması müəyyən olunduğundan, məhkəmə İddiaçı Cavabdeh övladları və əşyaları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev (keçmiş Məmmədyarov) küçəsi 12 saylı evin 2 saylı mənzilindən çıxarılmasına dair tələblərini əsaslı hesab edib təmin edir. Belə ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev (keçmiş Məmmədyarov) küçəsi 12 saylı evin 2 saylı mənzilindən yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X8 və əşyaları ilə birlikdə çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2207/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2207/2021
07.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver