Məhkəmə qərarları › İş №2(001)-2214/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2214/2022

06.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2214/2022 06.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 74 saylı evin, 14 saylı mənzilindən (yeni qaydalarla: AZ 1124, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 392, M8, m2) istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2(001)- 2214/2022 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(001)- 2214/2022 saylı qərardadına əsasən İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2(001)-2214/2022 saylı qərardadı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” hissəsində ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” hissəsində icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı etiraf və qəbul etdiklərini, mənzildə yaşamadıqlarını, mənzillə hər hansı bağlılıqlarının olmadığını bildirmiş və onların Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 74 saylı evin, 14 saylı mənzilindən (yeni qaydalarla: AZ 1124, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 392, M8, m2) istifadə hüquqlarına xitam verilməsini xahiş etmişlər. Məhkəmə, cavabdehlərin bu barədə ərizələrini nəzərə alıb, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehlərin iddianı etiraf etməsi barədə ərizəsini qəbul edib, habelə məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 74 saylı evin, 14 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 392, M8, m2) X2 mülkiyyətində olmuşdur. Həmin mənzil aralarında bağlanmış xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə X3 tərəfindən İddiaçı satılmışdır. Bu müqaviləyə əsasən X3 alıcı İddiaçı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür (Müqavilənin 8-ci bəndi). Bundan sonra iddiaçının bu mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır və hazırda mənzil onun mülkiyyətindədir. Mənzil satılarkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə pasport qeydiyyatında olmuş və bugünədək pasport qeydiyyatından çıxmamışdılar. Cavabdehlərin formal pasport qeydiyyatından başqa, həmin mənzillə hər hansı faktiki və hüquqi bağlılığı yoxdur. İddiaçı da məhz bu halları əsas götürüb və 100 manat məbləğində dövlət rüsumu ödəməklə, cavabdehlərin qeyd edilən mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdehlər iddianı etiraf edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 74 saylı evin, 14 saylı mənzilindən (yeni qaydalarla: AZ 1124, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 392, M8, m2) istifadə hüququna xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatında olması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onların vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onların həmin mənzildə pasport qeydiyyatında olması həmin mənzildən istifadə hüququnun saxlanılması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 74 saylı evin, 14 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 392, M8, m2) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməlidir. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 74 saylı evin, 14 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 392, M8, m2) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar