Məhkəmə qərarları › İş №2(001)-2232/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2232/2025

07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2232/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş stajı faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş stajı faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistanın Quqarx rayonunda anadan olmuşdur, ailəlidir və 3 övladı vardır. Əmək fəaliyyətinə xx.xx.1976-cı il tarixdə Ermənistanın Quqarx rayonunun Şaumyan qəsəbəsinin məktəbində texniki kabinetin müdiri vəzifəsində başlamışdır. Həmin məktəbdə xx.xx.1978ci il tarixə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1978-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinə “Azərbaycan dili və Ədəbiyyat müəllimi” ixtisasına qəbul olunduğu üçün işlədiyi məktəbdən ayrılmaq məcburiyyətində qalmışdır. xx.xx.1983-cü il tarixdə Azərbaycan Dövlət Pedoqoji Universitetini bitirdikdən sonra xx.xx.1983-cü il tarixdə Ermənistanın Quqarx rayonunun Şaumyan qəsəbəsində Beynəlmilər məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi işə başlamışdır. Həmin məktəbdə işə başlayan zaman məktəb tərəfindən yeni əmək kitabçası açılmışdır. 1988-ci ilin noyabr ayında mənfur düşmənlərin onları sıxışdırması səbəbindən fəaliyyətini dayandıraraq ailəsi ilə birgə Azərbaycan Respublikasına qaçqın olaraq köçmüşdür. Ermənistanın Quqarx rayonunun Şaumyan qəsəbəsində Beynəlmilər məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi işlədiyini həmin məktəbdə fizika müəllimi işləmiş X5 və bədən tərbiyəsi müəllimi işləmiş X13 təsdiq edə bilərlər. Həmin şəxslərə aid əmək kitabçası məlumatları iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri 248 nömrəli tam orta məktəbin direktoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 218 nömrəli arayışdan görünür ki, o, həqiqətən də, xx.xx.1989-cu il tarixdə 248 nömrəli tam orta məktəbin rus bölməsində Azərbaycan dili müəllimi təyin edilmişdir. xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu 19 nömrəli tam orta məktəbə köçürüldüyü üçün tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.2004cü il tarixədək Nəsimi rayonu 19 saylı tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi işləmişdir. Əmək kitabçasını müvafiq orqana təqdim edərək 2004-cü ildə qanunvericiliyin ona verdiyi imkanlardan istifadə edərək pensiyaya çıxmışdır. xx.xx.2024cü il tarixindən ona təyin edilmiş pensiya dayandırılmışdır. Azrbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 29 dekabr 2024-cü il tarixli məktubu ilə ona cavab olaraq xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajının 17 il 13 gün təşkil etdiyi bildirilmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyi üçün (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Eyni zamanda imtina məktubundan görünür ki, sığorta stajı düzgün hesablanmamışdır. Sığorta stajı: xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək sığotra stajı 2 il 2 ay (Ermənistan məktəbində - texniki kabinetin müdiri), xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək sığorta stajı 4 il 8 ay 22 gün (ADPU Universitet), xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarix üçün 5 il 2 ay (Ermənistan, Beynəlmilər məktəbində müəllim), xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixədək 15 il 2 ay (Azərbaycanda - müəllim). Göstərilən dövrlər üzrə ümumi olaraq 27 il 2 ay 22 gün sığorta stajı yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əməkdaşları həmin əmək kitabçasının tərəfindən təqdim edilmədiyi və belə bir sənədin arxiv sənədlərində olmadığı bildirilmişdir. Azrbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Təyinatı üzrə Mərkəzi Filialının imtina məktubundan görünür ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Ermənistanın Quqarx rayonunun Şaumyan qəsəbəsinin məktəbində texniki kabinetin müdiri və xx.xx.1983-cü il tarixdən 1988-ci ilin noyabr ayına qədər Ermənistanın Quqarx rayonunun Şaumyan qəsəbəsində Beynəlmilər məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsində işləməsi barədə məlumatlar qeydə alınmamışdır. Hal-hazırda əmək pensiyasını bərpa edə bilməyi üçün o, əmək müqaviləsinə dair məlumatları təsdiq edən sənədlərin əldə edilməsi və yaxud bərpa edilməsi qeyri-mümkün olduğuna görə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Odur ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixə qədər Ermənistanın Quqarx rayonunun Şaumyan qəsəbəsində Beynəlmilər məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsində işləməsi barədə hüquqi faktın təsdiq edilməsi zərurəti yaranmışdır. Ərizəçi yuxarıda göstərilənləri nəzərə alaraq, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistanın Quqarx rayonunun Şaumyan qəsəbəsində Beynəlmilər məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları bir daha təsdiq etmiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizəsində texniki səhv nəticəsində işə başlama müddətinin 1983-cü il olaraq qeyd etdiyini, həmin tarixin xx.xx.1980-ci il kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə ərizənin əsassız olduğunu bildirməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış digər maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə digər maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, həmçinin şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 məxsus ПТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Quqarx rayonu Şaumyan qəsəbəsi Beynəlmilər məktəbində fizika müəllimi işləmişdir. İş materiallarında olan X10 məxsus ПТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Quqarx rayonu Şaumyan qəsəbəsi Beynəlmilər məktəbində bədən tərbiyəsi müəllimi işləmişdir. İş materiallarında olan X1 məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Quqarx rayonu Şaumyan qəsəbəsi Beynəlmilər məktəbində əmək müəllimi işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri 248 nömrəli tam orta məktəbin direktoru X.S.Fərəcov tərəfindən X6 verilmiş xx.xx.2025-ci il tarixli 218 nömrəli arayışdan görünür ki, arayış verilir Sevda Məmmədovaya ondan ötrü ki, o, həqiqətən məktəb üzrə xx.xx.1989-cu il tarixli, 442 nömrəli əmrə əsasən xx.xx.1989-cu il tarixdən Bakı şəhəri 248 nömrəli tam orta məktəbə rus bölməsində Azərbaycan dili müəllimi təyin edilmişdir. Məktəb üzrə xx.xx.1993-cü il tarixli, 88 nömrəli əmrə əsasən xx.xx.1993-cü il tarixdən Bakı şəhəri 19 nömrəli tam orta məktəbə köçürüldüyündən vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktor müavini Anar Mirzəyev tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında məktubdan görünür ki, Nazirlik tərəfindən ərizəyə baxılmış və bildirilmişdir ki, ona, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xx.xx.2004-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7-ci maddəsi tətbiq edilməklə pensiyasının ödənişi davam etdirilmişdir. Xidməti yoxlama zamanı onu yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən edilmiş və əmək pensiyasının qanunauyğunluğunun araşdırılması məqsədilə onunla işçi qaydada əlaqə saxlanılaraq Dövlət Sosial Müdafiə Fondunun inzibati Binasına (Qəbul şöbəsinə) gəlməsi və ya yazılı qaydada öz mülahizələrini təqdim etməsi xahiş olunmuşdur. Lakin o, və ya nümayəndəsi qəbula getməmişlər. Bu səbəbdən əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmış və Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixdən (inzibati aktın qəbul edildiyi tarixdən 3 il əvvələ) xx.xx.2024-cü il tarixədək əmək pensiyası üzrə artıq ödəmə aşkar oİunmuşdur. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilmişdir. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla, cəmi sığorta stajı 17 il 13 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olması bildirilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Ərizəçi iş yoldaşları ilə birlikdə xatirə fotoşəkili çəkdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərzəsindən görünür ki, iddia ərizəsinə etiraz edərək, etiraz ərizəsində göstərmişlər ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir. Onlar hesab edirlər ki, icraatda olan 2(001)-2232/2025 saylı mülki iş üzrə ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Ermənistanın Quqarx rayonunun Şaumyan qəsəbəsinin məktəbində texniki kabinetin müdiri və xx.xx.1983-cü il tarixdən 1988-ci ilin noyabr ayınadək Ermənistanın Quqarx rayonunun Şaumyan qəsəbəsində Beynəlmilər məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsində işlədiyini iddia edir. Ərizəçi yaşa görə əmək pensiyasının bərpa olunması üçün cavabdeh filiala müraciət etmiş, lakin tələb olunan ümumi sosial sığorta stajı olmaması səbəbindən müraciətin müsbət həlli mümkün olmamışdır. Bundan sonra Ərizəçi 1983-cü ilin iyul ayından 1988-ci ilə qədər Ermənistan Respublikasının Quqarx rayonunun Şaumyan qəsəbəsində Beynəlmilər məktəbində işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadəİərinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün:1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında də öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar; Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində icraatda olan 2(001)-2232/2025 nömrəli mülki iş üzrə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ərizəçinin uzaq qonşusu olmaqla yanaşı, Ermənistan Respublikası, Quqarx rayonu Şaumyan qəsəbəsi orta məktəbində 1981-1987-ci illər ərzində idman müəllimi işlədiyini bildirərək, ərizəçinin ondan əvvəl həmin məktəbdə işləməsi, Azərbaycan dili və Ədəbiyyat fənnindən dərs deməsi və 1987-ci il tarixədək birlikdə işləmələri faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ərizəçi ilə eyni kənddən olduqlarını bildirməklə yanaşı, Ermənistan Respublikası, Quqarx rayonu Şaumyan qəsəbəsi orta məktəbində 1976-cı ildən əmək və rəsm müəllimi işlədiyini bildirərək, Ərizəçi 1980-ci ildən həmin məktəbdə ədəbiyyat müəllimi işləməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.1-ci və 13.4-cü bəndlərində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyin normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında olan tövsiyyələrini rəhbər tutaraq hesab edir ki, Ərizəçi 1980-1988-ci illər ərzində Ermənistan Respublikası, Quqarx rayonu Şaumyan qəsəbəsi orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi işləməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və onun xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası, Quqarx rayonu Şaumyan qəsəbəsi orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi işləməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərəzəçi Ərizəçi xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası, Quqarx rayonu Şaumyan qəsəbəsi orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi işləməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar