Məhkəmə qərarları › İş №2(001)-2259/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2259/2022

13.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2259/2022 13.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və əşyaları ilə birlikdə ünvan 2 saylı evdən çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və əşyaları ilə birlikdə ünvan 2 saylı evdən çıxarılmasına iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh onun qardaşı R.C.Musayevin arvadı olmuşdur. R.C.Musayev Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş, ailə qurandan sonra cavabdeh onun anasına məxsus ünvan 1 ünvanına köçərək orada yaşamışdır. Onların birgə nikahlarından iki övladları olmuş, sonradan R.C.Musayev ilə Cavabdeh münasibətləri pozulduğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-366/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və azyaşlı uşaqları Cavabdeh yanında saxlanmışdır. xx.xx.2021-ci il tarixdə anası P.Musayeva özünə məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı sıra küçəsində yerləşən 32 nömrəli fərdi yaşayış evini ona bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış çıxarışa əsasən qeyd olunan fərdi yaşayış evinə dair onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 563 nömrəli reyestr kitabının 53151 nömrəli vərəqində qeydiyyata alınmışdır. R.C.Musayev ilə Cavabdeh arasında olan nikahın pozulmasına baxmayaraq cavabdeh ona məxsus olan fərdi yaşayış evində yaşamaqda davam edir. Dəfələrlə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək onun evindən çıxmır, yaşadığı otağın qapısını bağlı saxlayır, nəticədə onun mülkiyyət hüququ pozulur. Belə ki, o, mülkiyyətində olan evdən sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, ona məxsus əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüquqlarını pozur. Ona görə də Cavabdeh uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və əşyaları ilə birlikdə ünvan 2 saylı evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 İddiaçı izahatını təsdiq edərək, əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh ünvan 2 saylı evin mülkiyyətçiləri ilə həmin evdən istifadə hüququnun yaranmasına əsas ola biləcək müqavilə bağlanmadığından cavabdehin və onun uşaqlarının bu evə istifadə hüququ yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2009-cu ildə iddiaçının qardaşı R.C.Musayevlə faktiki nikaha daxil olaraq ərinin anası P.Musayevanın mülkiyyətində olan ünvan 2 saylı evə gəlin köçmüş və bütün əşyalarını bu mənzilə yerləşdirmişdir. R.C.Musayevlə birgə nikahlarından bu ünvanda xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. O, R.C.Musayevlə faktiki nikaha daxil olduğu vaxtdan etibarən P.Musayevanın mülkiyyətində olmuş Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı sıra 32 saylı fərdi yaşayış evində yaşamaqla onunla birgə təsərrüfat aparmışdır. 2012-ci ildə İddiaçı həyat yoldaşından ayrılaraq azyaşlı uşaqları ilə birlikdə onun yaşadığı fərdi yaşayış evinə qayıtmış, başqa yerdə yaşamağa evi olsa da, həmin dövrdən başlayaraq mütəmadi onlarla yaşamış, son bır neçə ildə isə daimi yaşamağa başlamışdır. Daha sonra P.Musayeva mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı sıra 32 saylı evi İddiaçı bağışlamışdır. 2016-cı ildən o, uşaqları ilə birlikdə evin yarımzirzəmisində yaşayır və bütün əşyaları, yataq mebeli dəsti, paltaryuyan maşını, televizoru, özünə və uşaqlarına məxsus geyim əşyaları və sair bu evin yarımzirzəmisində yerləşir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra o, övladları ilə birlikdə müvəqqəti olaraq anasının evində yaşayır. Lakin anasının evində uşaqları ilə birlikdə yaşaması mümkün deyildir. Evin mülkiyyətçiləri ilə evə istifadə hüququnun yaranması üçün müqavilə bağlamasa da, onun və uşaqlarının yaşamağa başqa yerləri yoxdur. Onun R.C.Musayevlə nikahı pozulsa da, R.C.Musayev onunla telefon əlaqəsi saxlayır, ona birlikdə kirayədə yaşamağı təklif edir. O, aylıq əmək haqqı 250 manat olmaqla işləyir. R.C.Musayev təyin olunan alimenti ödəmədiyindən onun kirayədə yaşamaq imkanı yoxdur. Uşaqları da doğulub boyüdükləri evdə yaşamaq istəyirlər. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 2 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzinin xx.xx.2022-ci il tarixli ******* saylı arayışından müəyyən olunur ki, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.1963-cü il təvəllüdlü X7, xx.xx.1989-cu il təvəllüdlü X1, xx.xx.1984-cü il təvəllüdlü X8 və xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-366\2022 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək X8 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmaqla nikahın bağlanması haqqında akt qeydləri kitabında 2952 saylı qeyd edilmiş nikahın pozulması, tərəflərin övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh S.E. Musayeva 2009-cu ildə faktiki nikah münasibətlərinə daxil olduğu C.R.Musayevin anasının mülkiyyətində olan ünvan 2 saylı evə köçmüş, bu evdə yadığı müddət ərzində evin mülkiyyətçiləri ilə evə istifadə hüququnun yaranması üçün notarial qaydada təsdiq olunan razılaşma bağlamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Göründüyü kimi 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, bu hüququn yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlansın və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Cavabdeh mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlamadığından, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun və övladlarının iddiaçının mülkiyyətində olan evə istifadə hüququ yaranmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin himayəsində olan uşaqları ilə birlikdə ünvan 2 saylı evə hər hansı bir hüquqları mövcud olmadığından həmin evin mülkiyyətçisi olan iddiaçının iddia tələbləri əsaslıdır ona görə də tam həcmdə təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və əşyaları ilə birlikdə ünvan 2 saylı evdən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar