Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2259/2025 03.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma barədə) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birgə çıxarılmasına və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 1998-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5016/2023 saylı qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuşdur. Lakin nikahın pozulmasından uzun müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçının yaşadığı mənzildən çıxmamış, orada yaşamağa davam etmişdir. Hətta mənzilə dair kommunal ödənişləri belə iddiaçı və onun qardaşı ödəyir. Dəfələrlə cavabdehə mənzildən çıxması barədə xəbərdarlıq edilsə də o buna məhəl qoymaraq mənzildə yaşamağa davam etmişdir. Cavabdeh mənzildən könüllü olaraq çıxmadığına görə iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, hazırkı mübahisəli ev qardaşının evi olub. Qardaşı vəfat etdikdən sonra həmin evdə onun ailəsi və anası yaşayır. Cavabdeh 1998-ci ildən hazırkı vaxta qədər həmin mənzildə yaşayır. Lakin nikahları pozulduğu üçün cavabdehin mənzildən çıxmasını istəyir. Həmçinin mənzilə dair hər hansı bir rəsmi sənədinin olmadığını qeyd etmişdir.
4. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında olan nikah pozulsa da cavabdeh iddiaçıya məxsus evdən çıxmaq istəmir. Bu səbəbdən də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalıblar. Həmçinin hüquqlarını müdafiə etdiyi şəxsin bildirdiyinə görə cavabdehin özünün şəxsi əmlakının olmasını qeyd etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli evdə o, 1998-ci ildən yaşayır və hazırda yaşamağa başqa evi yoxdur. İddiaçının özünün isə ayrıca evi və təsərrüfatı var.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 izahat verərək iddia tələbini qəbul etmədiyini, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmadığını bildirmişdir.
Mülki işin materialları:
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5016/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Nağıyeva (Hüseynova) Dilarə Süleyman qızı arasında xx.xx.1998-ci il tarixdə bağlanmış 205 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir.
8. Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən ünvan 2 ünvanına dair İddiaçı ilə müqavilə bağlanmışdır.
9. "xxxx" ASC tərəfindən verilmiş abonent kartına əsasən ünvan 2 ünvanına dair abonent kodu İddiaçı adınadır.
10. Ölüm haqqında şəhadətnaməyə əsasən, X1 xx.xx.2016-cı ildə vəfat etmişdir.
11. "xxxx" ASC tərəfindən verilmiş abonent kartına əsasən ünvan 3 ünvanına dair abonent kodu İddiaçı adınadır.
Tətbiq edilən hüquq:
12. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı yaşayış evinin ona məxsus olduğunu iddia edərək cavabdehin sahibliyinin qanunsuz olduğundan onun tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını və cavabdehin ona məxsus sahədən çıxarılmasını xahiş edir. Azəbaycan Respublikası Mülki Məcəlləsi
13. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
14. Qeyd olunan maddəyə əsasən tələbin irəli sürülməsi üçün üç dispozisiya şərtinin ödənilməsi tələb olunur: 1. tələb irəli sürən şəxsin mülkiyyətçi olması; 2. əşyanın tələbin yönəldiyi şəxsin sahibliyində olması; 3. sahibliyin qanunsuz olması.
15. İddiaçı mülkiyyətində olduğunu iddia etdiyi yaşayış evinin ona məxsus olması (mülkiyyət hüququnun olması) barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi yaşayış evinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmiş, bununla da istinad olunan normanın ilkin dispozisiya şərti (tələb irəli sürən şəxsin mülkiyyətçi olması) yaranmamışdır.
16. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Əmlak hüquqularının siyahısı Mülki Məcəllənin:
17. 158.1-ci maddəsi ilə müəyyən edilmiş və mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqlarına aid edilmişdir: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar.
18. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
19. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164.2).
20. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
21. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
22. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli yaşayış evinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil.
23. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli ev özbaşına tikilidir, hər hansı bir hüquqi statusu yoxdur. İddiaçı 1998-ci ildən həmin evə gəlin köçərək hal-hazıra kimi orada yaşayır, özünə məxsus bütün əmlakları da oradadır. Eləcə də müəyyən edilmişdir ki, cavabdeh həmin evdə yaşamır. Mülki Məcəllənin:
24. 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
25. 139.1-ci madəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
26. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir.
27. Beləliklə, müəyyən edildi ki, mübahisəli yaşayış evinin (torpaq sahəsinin) iş üzrə İddiaçı mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
28. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir.
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. 217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova