Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2266/2023 13.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə Cavabdeh1 nümayəndəsi X8, İlk iddia üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil (eyni zamanda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 nümayəndəsi və vəkili qismində), İlk iddia üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və X9 qarşı işə bərpa və pul tələbinə dair iddia ərizəsi; qarşılıqlı iddia üzrə iddiaçı X6 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və X9 qarşı işə bərpa və pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2004-cü ildən müxtəlif qurum və vəzifələrdə hüquqşünas kimi fəaliyyət göstərmişdir. 2020-ci ilin mart ayında Cavabdeh2 ASC (o zaman — MMC) şirkətində işləyən və onun hüquqşünas olduğunu bilən bir tanışı ona şirkət rəhbərliyinin bəzi beynəlxalq müqavilələr üzrə hüquqi məsləhət almaq istədiyini bildirdi. Belə ki, şirkətin sahibi X2 Respublikasında apardığı bizneslərlə əlaqədar bir müqaviləyə dair hüquqi rəy istəmişdi. İddiaçı da razılaşdı, ingilisdilli müqaviləyə dair öz rəylərini verdi və buna görə ona nağd 800 manat pul ödənildi. Daha sonra, Gürcüstandakı layihələrin genişlənməsi ilə əlaqədar yeni-yeni müqavilələr də rəy üçün verildi, bir neçə dəfə Elbrus Nəbiyevlə şəxsən də görüşdü, onun həm də Cavabdeh1 MTK-nın sahiblərindən olduğunu bildi. O cümlədən Cavabdeh1 MTK-nın Bakıda tikintiləri ilə bağlı müqavilələr hazırlamışdır. Bu proseslər təxminən 6 aya qədər çəkdi. Bu müddət ərzində 5- 6 dəfə Elbrus Nəbiyevlə Cavabdeh2 MMC və Cavabdeh1 MTK-da şəxsən görüşmüş, 10- 12 müqaviləni tərtib edib və ya rəy vermişdir. Göstərdiyi xidmətlərin əvəzinin ödənilməsi ilə bağlı müraciət edəndə yalnız bir dəfə daha 1000 manat ödənilmişdir. Göstərdiyi xidmətlərin həcminin daha çox olduğunu nəzərə alaraq qalan hissəsinin kompensasiya olunacağı da vəd edilmişdi. 2020-ci ilin sentyabrında Elbrus Nəbiyev iddiaçının işindən xeyli razı olduğunu bildirərək, ona işləmək üçün Cavabdeh2 ASC şirkətinə keçməyi təklif etdi. İddiaçı bu zaman artıq iki ilə yaxın idi ki, "xxxx" MMC-də Baş hüquqşünas vəzifəsində işləyirdi və yeni iş yerinin Xırdalanda olması onu tam da qane etmirdi. X15 şöbə müdiri təyin ediləcəyini və daha çox onun xarici biznesləri ilə məşğul olacağını bildirdi. Bəzi tərəddüdlərdən sonra iddiaçı təklifi qəbul etdi. Yeni iş yerində ilkin olaraq əmək haqqı 2500 manat nəzərdə tutulmuşdu. Şirkətdə bir müddət işləyəndən sonra iddiaçı şirkətdə vergilərdən və sosial ödənişlərdən yayınmaq üçün əmək haqqının çox az hissəsini rəsmi, qalan hissəsini isə qeyri-rəsmi ödənildiyini öyrəndi. Hər iki hissə bank kartları vasitəsilə ödənilirdi (bank çıxarışları var). Bu müddət ərzində gecikmələrlə də olsa aylıq əmək haqqı tam ödənilimişdir. 2021-ci ilin fevral ayında Cavabdeh1 MTK-da keçirilən bir iclasda Cavabdeh1 MTK-nın kadrlar şöbəsinin müdiri 1 həftə sonra işdən çıxacağını bildirdi. Bu zaman Elbrus Nəbiyev bildirdi ki, onun işləri iddiaçıya təhvil veriləcək. İddiaçı heç bir zaman kadrlar ilə işləmək təcrübəsinin olmadığını bildirdikdə, Elbrus Nəbiyev bunu iddiaçıya etimad etməsi ilə əsaslandırdı. İddiaçı həmin an işdən çıxmağının mümkünsüz olduğunu nəzərə alaraq buna razı oldu. İddiaçı 20 mart 2021-ci il tarixdən təxminən həmin ilin iyul ayınadək Cavabdeh1 MTK-da kadrlar şöbəsinə rəhbərlik etmişdir. İlk ayı rəsmən Cavabdeh2 MMC-də qalsa da, mart ayının sonunda ona Cavabdeh2 MMC-dən bildirildi ki, iddiaçıya maaş verməyəcəklər. Buna görə də, 1 apreldən Cavabdeh1 MTK-ya rəsmi qeydə alındı. Bu zaman iddiaçıya bildirildi ki, bundan sonra əmək haqqı 3000 manat təşkil edəcəkdir. Amma burda ödəniş sistemi daha da qəlizləşdi. Belə ki, əvvəllər maaşını 2 mənbədən alırdısa, bundan sonra əmək haqqını 4 yerdən almalı idi: rəsmi - 450 manat (bank kartına), qeyri-rəsmi (şirkətin kassasından - nağd) - 1050, daha 1000 manat şirkətin Maliyyə müdiri şəxsən nağd ödəyirdi, 500 manatı isə iddiaçıya Elbrus Nəbiyevin şəxsi xarici bizneslərini aparmağa davam etdiyi üçün Cavabdeh2 MMC debet kartına ödəməyi davam edirdi. Lakin bu, heç də əmək haqqının faktiki artımı demək deyildi. Belə ki, daha çox iş saatı rejiminə keçmişdi: Cavabdeh1 MTK-da iş rejimi daha da çətin idi: son 16 ay ərzində iddiaçı həftənin 5 günündən əlavə bütün şənbələri və bayramları da işdə olmuş, adi iş günlərində də bir çox hallarda saat 8-dən tez çıxa bilmirdi. Belə ki, kadrlarda iş pandemiyanın qızğın vaxtına düşdüyündən işçilər növbəli iş rejimi ilə işə gəlsələr də, iddiaçı hər gün işdə olmuşdur. Çünki daha öncə də qeyd etdiyi kimi, kadrlardan başqa hüquqi işlər də üzərində idi. Həmçinin də Cavabdeh2 MMC-nin hüquqi işlərinin bir qismi yenə də iddiaçının öhdəsində idi. 2021-ci ilin iyun ayının sonunda Cavabdeh1 MTK-nın Müşahidə Şurasının sədr müavini (rəsmi vəzifə deyil, Elbrus Nəbiyevin kürəkənidir) Turxan Salmanov iddiaçını yanına dəvət edərək, kadrlar üzrə yeni şöbə müdirini təqdim etdi və işləri ona təhvil verməyini tələb etdi. Əslində bu iddiaçını qane edirdi. Belə ki, bundan sonra yenidən daha yaxşı bildiyi hüquq işinə qayıda biləcəkdir. Yeganə xahişi ondan ibarət idi ki, əmək kitabçasında 3 aydan sonra yenidən işdən çıxma kimi görünməsin deyə rəsmən köhnə vəzifəsində qalsın. Təxminən bir ilə yaxın (2022-ci ilin iyun ayınadək) iddiaçı rəsmən Cavabdeh1 MTK-nın kadrlar üzrə şöbə müdiri olsa da, faktiki hüquqşünası olmuş (yeni müdir başqa şirkətə - "xxxx" QSC rəsmiləşdirilmiş, Cavabdeh1 MTK-nın ofisində tək iddiaçı bildiyi 10-a yaxın şirkət fəaliyyət göstərir və işçilər tez-tez bu və ya digər məqsədlə şirkətdən-şirkətə keçirilirlər), əmək haqqını da əvvəlki kimi almışdır. Amma 2021-in noyabrından debet kartının vaxtı bitdiyindən Cavabdeh2 ASC 500 manatı kassadan nağd ödəmişdir. Bunu hər ay almaq çətin olduğundan (şirkət Xırdalanda yerləşir), həm də Cavabdeh2 ASC bu maaşı gecikdirdiyindən, 2-3 ayın əmək haqqını bir dəfəyə gedib alırdı və son olaraq həmin ödəniş aprel ayı üçün ödənilib. 2022-ci ilin may ayının sonunda Cavabdeh1 MTK yeni bir hüquqşünas işə götürdüyündən kadrlar üzər şöbə müdiri tərəfindən iddiaçıya bildirildi ki, iddiaçı işdən çıxsın və yenidən Cavabdeh2 ASC-yə qayıdsın. İddiaçı da ərizəni yazıb işləri təhvil verib getdi Cavabdeh2 ASC-yə. Orada iddiaçını direktor müavini Elşən adlı şəxs qəbul etdi və o iddiaçıya bildirdi ki, onu işə götürməyəcək və Cavabdeh1 MTK-da iddiaçıya deyilənlər onu qətiyyən maraqlandırmır. Çünki hiylə nəticəsində iddiaçı artıq Cavabdeh1 MTK-dan çıxmış və əmək kitabçası əlində idi. Rəsmi olaraq iddiaçı artıq işsiz idim. Bütün bunları Elbrus Nəbiyevlə görüşərək bildirdikdə o iddiaçıya bildirdi ki, bu bir anlaşılmazlıqdır və yenidən Cavabdeh1 MTK-ya qayıtsın. Bura qayıtdıqdan sonra iddiaçını hüquqşünas kimi rəsmiləşdirdilər. Bu zaman üçün “yeni hüquqşünas” cəmi 1 aydan sonra şirkəti tərk etmiş, belə ki, bildiyi qədərilə, Cavabdeh1 MTK onu da aldatmışdır. İddiaçı işsiz qalmamaq üçün buna razılaşdı, lakin Cavabdeh1 MTK-da onu yenə də aldatdılar - vaxtilə onu menecer vəzifəsinə dəvət etsələr də, sıravi hüquqşünas kimi rəsmiləşdirilməsi iddiaçının işgüzar nüfuzuma vurulan zərbədir və əvəzi ödənilməlidir. Eyni zamanda iddiaçı ilə müqaviləni cəmi 2 aylıq rəsmiləşdrdilər və avqustun əvvəli iddiaçıya bildirildi ki, əmək müqaviləsinə xitam veriləcəkdir (Cavabdeh1 MTK-da işçilərdən bütün ərizələr, o cümlədən işdən çıxma ərizəsi əvvəlcədən alınır, işçilərə heç bir sənədin, o cümlədən əmək müqaviləsinin surəti verilmir). Bir aya yaxındır ki, iddiaçının əmək müqaviləsinə xitam verilsə də, ona heç bir yekun ödəniş edilməyib. Eyni zamanda yazılı ərizə ilə müraciət etsə də, ona şifahi məlumat verilmişdi ki, Cavabdeh2 ASC və Cavabdeh1 MTK-da işlədiyi dövrlər üçün toplanmış (70 günə yaxın) və istifadə edilməmiş məzuniyyətin əvəzi faktiki əmək haqqı əsasında ödənilməyəcəkdir. Eyni zamanda Cavabdeh2 ASC-dən aldığı aylıq 500 manatı son dəfə yalnız mart və aprel ayları üçün almış (kassa məxaricin surəti var). Cavabdeh2 ASC, Cavabdeh1 MTK və onların sahibi Elbrus Nəbiyevin iddiaçını ardıcıl aldatması nəticəsində onunla əmək müqaviləsinə əsassız xitam verilməsinə nail olunmuş, menecer vəzifəsi vəd edilsə də, daha sonra sıravi işçi kimi rəsmiləşdirmiş, 2 aylıq müddətli əmək müqaviləsi bağlanmış və yekunda əmək haqqı və digər ödənişlərin ödənilməsindən boyun qaçırılmışdır. Qeyd olunanlara əsasən ilk iddia üzrə iddiaçı cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 MTK-dan Mediasiya sessiyası üçün 55 manat dövlət rüsumunun tutularaq ona ödəilməsi; Cavabdeh1 MTK-nın iddiaçını Hüquq şöbəsinin müdiri qismində işə bərpa etməsi və onunla eyni məbləğdə əmək haqqı göstərilməklə müddətsİz əmək müqaviləsinin bağlanılması; cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 MTK-nın iddiaçıya son haqqhesabın və istifadə edilməmiş 70 gün məzuniyyətə görə kompensasiyanın tam ödənilməsi - cəmi 7000 manat; Cavabdeh2 ASC-nin may-iyul ayları üçün ayda 500 manatlıq haqqı ödənilməsi - cəmi 1500 manat; Cavabdeh1 MTK-nın və cavabden X6 iddiaçı ilə sıravi hüquqşünas kimi müqavilə bağladığı, xitam verdiyi (stajında fasilə yarandığı) üçün iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 36000 manat məbləğində kompensasiyanın ödənilməsi; Cavabdeh1 MTK tərəfindən 20 fevral 2021-ci ildən 06 avqust 2022-ci ilədək müddət ərzində bütün iş vaxtından çox, şənbə, bazar və bayram günlərində işlər üçün 15000 manat məbləğində kompensasiyanın ödənilməsi; qətnamə tam icra olunanadək hər gecikdirilmiş gün üçün Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən gecikdirilən məbləğin 1 faizi məbləğində cərimənin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin həcmini artırmış və yuxarıda qeyd olunanlarla bərabər Cavabdeh1 MTK-nın onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsi barədə 06 avqust 2022-ci il tarixli 527/K əmrinin ləğv edilməsini; Cavabdeh1 MTK-nın onunla “hüquqşünas” vəzifəsinə işə qəbul edilməsi barədə 06 iyun 2022-ci il tarixli 391/K-l nömrəli əmrin vəzifəsinin qeyd edildiyi hissəsində ləğv edilərək, “şöbə müdiri” kimi yenidən rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilk iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh2 MMCnin direktoru Nümayəndə ərizə ilə müraciət edərək onu şöbə müdiri vəzifəsinə işə qəbul etməsini xahiş etmişdir. Eyni tarixdə Cavabdeh2 MMC-nin direktoru Nümayəndə İddiaçı şöbə müdiri vəzifəsinə təyin edilməsi barədə əmr imzalamışdır. Beləliklə, 08 oktyabr 2020ci il tarixdə Cavabdeh2 MMC ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin şərtlərinə, əsasən, işçi şöbə müdiri vəzifəsinə təyin edilirmiş, həmin kontrakt 3 aylıq sınaq müddəti ilə bağlanmış, işçi 08 oktyabr 2020-ci il tarixdən işə başlamalı və əmək haqqının hər ay üçün 600 manat ödənilməsi nəzərdə tutulmuşdur. Daha sonra İddiaçı əmək haqqı 800 manatadək yüksəlmiş və əmək haqqı hər ay bank kartı vasitəsilə onun hesabına köçürülmüşdür. İddiaçı iddia ərizəsində göstərdiyi sıravi hüquqşünas kimi işə götürülməsi, əmək haqqını bir neçə kart vasitəsilə alınması, əlavə olaraq əmək haqqının əldən alması qəti şəkildə həqiqətə uyğun deyil. Onun fəaliyyət göstərdiyi hər ay üçün əmək haqqı ödənilmişdir. Daha sonra, xx.xx.2021-ci il tarixdə İddiaçı Cavabdeh2 ASC-yə ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 ASC-nin İnsan Resursları Departamentinin Hüquq şöbəsində şöbə müdiri vəzifəsindən xx.xx.2021-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsinə dair Cavabdeh2 ASC-nin direktoru Nümayəndə tərəfindən 093/K saylı əmr imzalanmışdır. Beləliklə, göründüyü kimi İddiaçı öz istəyi ilə işdən azad edilmişdir. Onun iddia ərizəsində irəli sürdüyü iddiaların heç biri əsaslı deyil. İlk iddia üzrə cavabdeh X13 ilk iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində bildirmişdir ki, Elbrus Nəbiyev Cavabdeh1 MTK, həmçinin Cavabdeh2 ASC-nin təsisçilərindən biridir. İddiaçı qeyd etmişdir ki, guya onu Cavabdeh2 ASC-də şöbə müdiri Elbrus Nəbiyev təyin etmiş, daha sonra isə onu Cavabdeh1 MTK-nın kadrlar şöbəsinin müdiri təyin etmişdir. Hətta İddiaçı qeyd etmişdir ki, o Elbrus Nəbiyevin şəxsi xarici bizneslərinə rəhbərliyi həyata keçirmişdir. Lakin, həqiqətdə isə Elbrus Nəbiyevin Cavabdeh1 MTK, həmçinin, Cavabdeh2 ASC ilə heç bir işgüzar fəaliyyəti mövcud deyildir. İddiaçı iddia tələbində onunla sıravi hüquqşünas kimi müqavilə bağladığı və xitam veriyi (stajında fasilə yarandığı) üçün onun işgüzar nüfuzuna vurulmuş zərərə görə 36000 manat məbləğində kompensasiya ödəməyini tələb etmişdir. Lakin onun Cavabdeh1 MTK və Cavabdeh2 ASC ilə heç bir hüquqi bağlılığı olmadığı üçün onunla dediyi kimi heç bir müqvilə bağlaya bilməz. Elbrus Nəbiyev sadəcə olaraq İddiaçı ilə bir neçə dəfə görüşüb işgüzar məsələlər haqqında məsləhətləşmişdir. İlk iddia üzrə Cavabdeh1 ilk iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MTKnin sədri X3 ərizə ilə müraciət edərək onu Cavabdeh1 MTK-ya Kadrlar uzrə şöbə müdiri vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə Cavabdeh1 MTK-nın sədri X1 Rüfət Çingiz oğlunun şöbə müdiri vəzifəsinə təyin edilməsi barədə əmr imzalamışdır. Beləliklə, xx.xx.2021-ci il tarixində Cavabdeh1 MTK ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin şərtlərinə, əsasən, işçi şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh1 QSC-yə ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh1 QSC-nin sədri X3 ərizə ilə müraciət edərək onu Cavabdeh1 QSC-yə hüquqşünas vəzifəsinə işə qəbul etməsini xahiş etmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixində İddiaçı Cavabdeh1 QSCyə ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı 01 aprel 2021-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək Cavabdeh1 MTK-da kadrlar üzrə şöbə müdiri vəzifəsində işləmiş və aylıq əmək haqqı 500 manat olmuşdur. Son haqq-hesab ödəniş məbləği ona ödənilmişdir. İddiaçın 06 iyun 2022ci il tarixindən 06 avqust 2022-ci il tarixinədək Cavabdeh1 QSC-də hüquqşünas vəzifəsində işləmişdir. Aylıq əmək haqqı iyun ayı üzrə 418,25 manat, aylıq əmək haqqı iyul ayı üzrə 500 manat, aylıq əmək haqqı avqust ayı üzrə 110,51 manat olmuşdur. İşçinin əmək haqqı bank kartı vasitəsilə onun hesabına köçürülmüşdür. İddiaçı iddia ərizəsində göstərdiyi əmək haqqının bir hissəsini əldən alması həqiqətə uyğun deyil. Onun fəaliyyət göstərdiyi hər ay üçün əmək haqqı ödənilmişdir. Beləliklə, göründüyü kimi İddiaçı öz istəyi ilə işdən azad edilmişdir. Onun iddia ərizəsində irəli sürdüyü iddialar tamamilə əsassızdır. İlk iddia üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə ilə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296cı maddəsinin 2-ci hissəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində göstərilmişdir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin maddənin 5-ci bəndinə əsasən İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İddiaçı heç bir işçi hüququnun pozuntusu olmadığı, 31 mart 2021-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad olunduğu vaxtdan 2 ilə yaxın (31 mart 2021-ci il - 23 fevral 2023-cü il) müdət keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Beləlikə İddiaçı 23 fevral 2023-cü il tarixdə yuxarıda göstərilən tələblər üzrə məhkəməyə müraciət etmiş və bu səbəbdən əmək mübahisəsi üçün nəzərdə tutulmuş müddətlər keçmişdir. İlk iddia üzrə Cavabdeh1 də iddia müddətinin tətbiqi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə öz ərizəsinə əsasən işdən azad olunduğu vaxtdan 7 aya yaxın müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, halbuki bunu 1 ay ərzində etməli idi. Qarşılıqlı iddia üzrə iddiaçı X6 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X14 irəli sürdüyü iddia ilə onun işgüzar nüfuzuna xələl gətirmişdir. İddiaçı, ehtimal etdiyi Konstitusiyanın müəyyən etdiyi qaydada pozulmuş hüququnu müdafiə etmək məqsədilə əvvəlcə Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC, mediasiaya və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciətlər etməsi və bununla da istər-stəməz Elbrus Nəbiyev barəsində olan həmin məlumatlar şikətlərin işçilərin və məhkəmənin əməkdaşları arasında və məhkəmə müstəvisində (açıq məhkəmə iclaslarında) yayılmasına nəticələnir. Həmçinin, Cavabdeh2 ASC, Cavabdeh1 MTK və onların işçiləri digər şirkətlərə Elbrus Nəbiyev haqqımda iddiada yazılanlara əsasən məlumat verərlərsə, gələcəkdə onunla çalışmaq istəyən şirkətlərdə onun haqqında mənfi rəy formalaşacaq. Bu da Elbrus Nəbiyevin gələcəkdə həmin şirkətlərlə ola biləcək işgüzar nüfuzumu zədələyir. İztirab, sarsıntı, stres yaradan məlumatların şəxsiyyətə ehtiramın ifadəsi olan ləyaqətə münasibətdə yayılması vacib deyil, yəni ləyaqət hissinə qarşı yönəldilmiş belə məlumatlar yayılmadıqda da məsuliyyətlə müşayət olunan hüquqi nəticəyə gətirib çıxarır, çünki hər bir halda bu bir hüquq pozuntusudur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, cavabdehlərdən tələb etdiyi pul vəsaitləri rəsmi ödənişlərlə bağlı deyil. Rəsmi ödənilməli əmək haqqı və digər ödənişləri o, vaxtlı-vaxtında almış, lakin həmin məbləğlər almalı olduğu qeyri-rəsmi ödənişlərin cüzi hissəsidir. Qeyri-rəsmi ödənişlərin bir hissəsini bank hesablarında olan əməliyyatlardan müəyyən etmək olar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətində sürücü vəzifəsində işləyən şəxs onun hesabına hər ay 502,51 manat məbləğində pul köçürürdü. Lakin şirkət yenə də həmin ödənişlərin onlar tərəfindən edilməsini qəbul etmir. Həmin şəxs tərəfindən başqa kimlərin hesabına pul köçürülməsi araşdırılsa cavabdeh tərəfindən yalan danışıldığı aşkar olacaq. İşlədiyi şirkətlərlə əmək münasibətlərinin qanunvericiliyin tələblərinə zidd təşkil olunmasından məlumatlı idi, lakin işlədiyi dövrdə bu onu narahat etmirdi. Belə ki, ödənişlərini vaxtlı-vaxtında alırdı. Əmək müfəttişliyinə müraciət etməyib. Belə ki, həmin qurumun fəaliyyətinin nəticə verəcəyinə inanmır. Qarşılıqlı iddia ərizəsinə gədlikdə - iddia əsassızdır. Belə ki, şəxsə qarşı məhkəmədə iddianın irəli sürülməsi onun şərəf və ləyaqətinin alçaldılması kimi qəbul edilə bilməz. Bu məntiqlə yanaşılarsa ümumiyyətlə heç kim heç kimə qarşı iddia qaldırmaz. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi X16 ilk iddiaya etirazın məzmununa uyğun izahat verdi, ilk iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi, qarşılıqlı iddia ərizəsinin həllini isə məhkəmənin mülahizəsinə buraxdı. Eyni zamanda o, məhkəməyə bildirdi ki, Cavabdeh1 tərəfindən İddiaçı bütün ödənişlər vaxtlı-vaxtında edilib, yalnız 50,20 manat məzuniyyət pulu iddiaçı işdən ayrılandan sonra müvafiq hesab məlumatları təqdim edilmədiyinə görə ödənilməmişdir. Qeyri-rəsmi ödənişlərin mövcudluğu və həmin ödənişlərə uyğun son haqq-hesabın verilməli olmasına dair dəlillərin isə heç bir hüquqi əsası mövcud deyil. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil (eyni zamanda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 nümayəndəsi və vəkili qismində) ilk iddiaya etiraz və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, hər hansı şəxs tərəfindən İddiaçı hesabına pulun köçürülməsi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin üzərinə hər hansı öhdəlik qoymur, həmin şəxsin Cəmiyyətdə işləməsi ehtimal edilsə belə. İddiaçı ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında olan əmək münasibətlərinə xx.xx.2021-ci il tarixdə son qoyulub və keçən müddət ərzində İddiaçı tərəfindən şirkətə qarşı hər hansı tələb irəli sürülməmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 ilk iddiaya etirazın məzmununa uyğun izahat verdi, ilk iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi, qarşılıqlı iddia ərizəsinin həllini isə məhkəmənin mülahizəsinə buraxdı. İş üzrə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi qismən – Cavabdeh1 tərəfindən ödənilməmiş məzuniyyət pulu hissəsində təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun adına ərizə ilə müraciət edərək, həmin tarixdən şöbə müdiri vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış və 628K saylı əmr imzalanmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin direktorunun adına ərizə ilə müraciət edərək öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə 093K saylı əmr imzalanmış və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh1 sədrinin adına ərizə ilə müraciət edərək, Kadrlar üzrə şöbə müdiri vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış və 030K saylı əmr imzalanmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin direktorunun adına ərizə ilə müraciət edərək işdən azad edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə 375/K saylı əmr imzalanmış və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin direktorunun adına ərizə ilə müraciət edərək, Hüquqşünas vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış və 391/K-1 saylı əmr imzalanmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh1 sədrinin adına ərizə ilə müraciət edərək, həmin tarixdən işdən azad edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə 527/K saylı əmr imzalanmış və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı həm Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən, həm Cavabdeh1ndən (*Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən) öz xahişi ilə işdən azad edilmiş və ona rəsmi əmək haqqı və rəsmi əmək haqqına uyğun son haqq-hesab vaxtlı-vaxtında ödənilmişdir (*Cavabdeh1 tərəfindən ödənilməmiş 50,20 manat məzuniyyət pulu çıxmaq şərtilə - həmin məbləğin ödənilməməsini iddiaçı deyil, cavabdeh qeyd edir və buna dair müvafiq arayış iş materiallarında mövcuddur). Hal-hazırda İddiaçı tələb etdiyi pul məbləğləri məhz iddia etdiyi kimi, aldığı əmək haqqının qeyri-rəsmi hissələri ilə bağlıdır. O, hesab edir ki, ona son haqq-hesab ödənilərkən aldığı rəsmi əmək haqqı deyil, qeyri-rəsmi ödənişlər əsas götürülməli idi. Eyni zamanda İddiaçı hesab edir ki, onun sıravi hüquqşünas kimi işə qəbul edilməsi ilə onun işgüzar nüfuzuna zərər vurulmuşdur. Məhkəmə hər iki əsas üzrə iddia ərizəsini əsaslı hesab etmir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, qanunvericilikdə əmək münasibətləri çərçivəsində işçiyə hər hansı qeyri-rəsmi ödənişlərin edilməsi, əmək haqqının qeyri-rəsmi ödənilməsi və son haqqhesab verilərkən qeyri-rəsmi əmək haqqının nəzərə alınması nəzərdə tutulmayıb. İşgüzar nüfuzuna zərər vurulması ilə bağlı isə qeyd olunmalıdır ki, İddiaçı həmin vəzifəyə öz xahişinə əsasən işə qəbul edilmiş və müvafiq ərizə ilk iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Qeyd olunmalıdır ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş və əmək kitabçası iddiaçıya təhvil verilmişdir. Hazırkı iddia tələbi ilə isə məhkəməyə iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olması nəzərə alınsa belə, ilk iddia üzrə iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, ... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. ... işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”. İş materiallarından göründüyü kimi, ilk iddia üzrə İddiaçı sözügedən iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, mübahisə tərəfi olan cavabdehlər isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, "iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir". İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı xx.xx.2022-ci il tarixdə 527/K saylı əmri mübahisələndirmək və işə bərpa edilməsini tələb etmək hüququnu artıq itirib, lakin son haqq-hesabın ödənilməmiş hissəsinə dair tələbləri Cavabdeh1nə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində irəli sürüb. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin bununla yanaşı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Hazırkı iş çərçivəsində iş materiallarında olan sənədlərlə ilk iddia üzrə İddiaçı Cavabdeh1 tərəfindən yalnız ödənilməli olan 50,20 manat məbləğində məzuniyyət pulunun ödənilməməsi öz təsdiqini tapır. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “Mənəvi zərərin əvəzinin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. İş materiallarından qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində mənəvi sarsıntı keçirməsi müəyyən edilmir. Belə ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi qanunazidd hərəkət kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə son olaraq qeyd etməyi zəruri hesab edir ki, İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Lakin bütün bunlarla yanaşı qanunvericilik işçidən işəgötürən tərəfindən hüquqları pozulduğu təqdirdə aidiyyəti qurumlara və məhkəməyə vaxtında müraciət edilməsini tələb edir. İlk iddia üzrə İddiaçı isə məhkəmədə göstərdiyi kimi, işlədiyi şirkətlərlə əmək münasibətlərinin qanunvericiliyin tələblərinə zidd təşkil olunmasından məlumatlı idi, hüquqşünas olmasına baxmayaraq, belə vəziyyət onu narahat etmirdi və o, bütün ərizələrə şəxsən imza edərək və faktiki olaraq bütün şərtlərlə razılaşaraq, məhkəməyə yalnız sonuncu iş yerindən ərizəsinə əsasən işdən çıxandan və ilk iddia üzrə cavabdehlər tərəfindən onunla əmək münasibətlərinin davam etdirilməyəcəyini gördükdən sonra müraciət etmək qərarına gəlmiş (əmr - xx.xx.2022-ci il, iddia ərizəsi məhkəməyə daxil olub - xx.xx.2023-cü il), müvafiq əmək müfəttişliyinə isə ümumiyyətlə müraciət etməmiş, hər hansı mərhələdə tərəfindən yazılmış ərizələrin iradəsinə zidd və ya qabaqcadan imzadılması barədə aidiyyəti qurumlara məlumat verməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh1ndən 50,20 manat məbləğində pul tutularaq ilk iddia üzrə İddiaçı ödənilməli, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və X9 qarşı işə bərpa və pul tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh1ndən 50,20 (əlli manat iyirmi qəpik) manat məbləğində pul tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı X6 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. İlk iddia üzrə ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1ndən dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2266/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2266/2023
13.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver