Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2267/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı “torpaq sahəsinin və ya onun dəyərinin verilməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri 28 fevral 2023ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarş Xocasan Bələdiyysinin xx.xx.2005-cl ii tarixli 21/24 sayli qərarı ilə iddiaçıya ayırılmış torpaq sahəsinin ona təqdim edilməsi və ya həmin sahənin mövcud bazar qiymətinə uyğun olaraq qiymətləndirərək dəyərini ona ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqan kimi müəyyən edilmişdir. Hazırkı tələblə iddiaçı inzibati orqan olan cavabdehə qarşı onun inzibati aktı nəticəsində ayırılan torpaq sahəsinin və ya onun dəyərinin verilməsi tələbi ilə çıxış edir ki, bu iş üzrə tərəflər arasında yaranan münasibətlər publik münasibətlərdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci, 2.2.4-cü və 2.2.7-ci maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda göstərilən normaların təhlilindən belə nəticəyə gəlinir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, hazırki mübahisə inzibati orqanla fiziki şəxs arasında inzibati hüquq münasibətlərindən irəli gəldiyindən iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: İddiaçı Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı “torpaq sahəsinin və ya onun dəyərinin verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. İddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2267/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2267/2023
28.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver