Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2275/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd etməklə, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 1975-ci il tarixdə Ermənistan SSR Tumanyan rayonunda anadan olmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydləri kitabında akt qeydi aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçiyə verilmiş doğum haqqında şəhadətnamə əsasında pasport və şəxsiyyət vəsiqəsi alınmışdır. Ərizəçi məlum hadisələrlə bağlı qaçqın düşmüşdür. Ona məxsus doğum haqqında şəhadətnamə itmiş və tapılması mümkün olmamışdır. Qeyd olunmalıdır ki, doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizəçi ərizə ilə Bakı şəhəri Binəqədi rayon Qeydiyat Şöbəsinə müraciət etmiş, lakin itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün olmamışdır. Doğum haqqında şəhadətnamənin olmaması ərizəçinin hüquqlarının həyata keçirilməsində maneçiliklər yaranır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistanın Tumanyan rayonunda doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, həmin məktubla Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsinin mümkün olmaması bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, ərizəçinin qardaşıdır. Bacısı Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistanın Tumanyan rayonunda doğulmuş, atası milliyyəti azərbaycanlı olan Süleymanov Xanlar Vəkil oğlu, anası isə milliyyəti azərbaycanlı olan X1r. Doğum qeydi Ermənistanda icra edildiyindən, hal-hazırda bərpa edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə görə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, doğumun qeyd edilmə faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Doğumun qeyd edilmə faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi Ərizəçi doğum tarixinin xx.xx.1975-ci il, doğum yerinin Ermənistanın Tumanyan rayonu, ata qrafasında - milliyyəti azərbaycanlı olan Süleymanov Xanlar Vəkil oğlu, ana qrafasında - milliyyəti azərbaycanlı olan X3 qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2275/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2275/2023
25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver