Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2321/2023 03.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “doğum faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamədə müvafiq qeydlərin aparılması” tələbi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “doğum faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamədə müvafiq qeydlərin aparılması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, ərizə aidiyyət qaydalarına uyğun olaraq verilməmişdir. Belə ki, ərizəçilər ərizədə hazırda Oğuz rayonunun Zərrab kəndində yaşadıqlarını qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bundan əlavə, ərizə mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, ərizədə Ərizəçi2 ünvanı qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, ərizənin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə geri qaytarılmalı və ərizəçilərə izah edilməlidir ki, onlar ərizələrini mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməklə, ərazi aidiyyəti üzrə yaşadıqları rayon məhkəməsinə müraciət edə bilərlər. Eyni zamanda hesab edirəm ki, ərizə geri qaytarıldığından Ərizəçi1 tərəfindən 28 fevral 2023-cü il tarixdə 14219 nömrəli qəbz əsasında məhkəmənin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “doğum faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamədə müvafiq qeydlərin aparılması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah edilir ki, onlar ərizələrini mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməklə, ərazi aidiyyəti üzrə Oğuz Rayon Məhkəməsinə müraciət edə bilərlər. Ərizəçi1 tərəfindən 28 fevral 2023-cü il tarixdə 14219 nömrəli qəbz əsasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2321/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2321/2023
03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver