Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2336/2024 25.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, cavabdeh Firmanın direktoru X3 ilə anası X4 vasitəsilə tanış olmuşdur. Bir müddət sonra ailəvi dostluq münasibətləri yaranmışdır. Elə cavabdeh firmanın təsisçisi də Minayə xanım olmuşdur. Onlar heç kimlə işləri olmadıqları, özlərinin dürüst zəhmətkeş insan olduqlarına onları inandırmışlar. Anasına və ona iş təklif etmiş, onlara öz şirkətində iş verəcəyinə, özünə ortaq edəcəyinə inandırmışdır. Sonra maddi yardıma ehtiyacı olduğunu bildirmiş, anasından 6000 manat pul almışdır ki, guya şirkətə avadanlıq alır. Müəyyən müddət sonra o, ona və anasına təklif etmişdir ki, 6 ay işləyəndən sonra onlar bankdan kredit götürə bilərlər və 20.000 manat pul götürməyi, özünün də həmin məbləğdə pulu şirkətə investisiya edəcəyini bildirmişdir. Onlar onun iş adamı olmadığını, qeyd edilən MMC-nin kağız üzərində olduğunu bildikdə verdikləri 6000 manatı geri tələb etmişlər. Bundan sonra anası polisə müraciət etmişdir, cinayət işi başlanandan sonra onun etdiyi dələduzluq sübuta yetirilmiş və o, 2019-cu ilin avqustunda qeyd edilən pulu ödəməli olmuşdur. Həmin zaman da o, anasının yanında olmamışdır. 2019-cu ildən sonra onların onunla heç bir münasibəti olmamışdır. 2022-ci ildə işə düzəlmək üçün bir şirkətə müraciət etmiş, müsbət cavab almışdır, onun əmək müqaviləsi bildirişini elektron sistemə daxil etməyə çalışarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə əmək müqaviləsinə xitam olunduğunu bildirmişlər. Bir səhv olduğunu, "xxxx" LTD MMC adlı şirkəti tanımadığını bildirmişdir. Sonradan isə araşdırma apardıqdan sonra həmin firmanın da İlahə İlyasovaya aidiyyatını öyrənmişdir. Onu işə götürəndə onlara məxsus MMC-nin adı "xxxx" MMC idi, onlar ya həmin firmanın adını dəyişmiş, ya da yeni firma qeydiyyatdan keçirmişlər. Bu insanı sonuncu dəfə 2019-cu ilin aprel ayında görmüş olsa da, 2020-ci ildə guya onunla təkrarən xəbəri olmadan əmək müqaviləsi bağlamış və sonradan pozuntu ilə işdən çıxarmışdır. Onların arasında hər hansı əmək müqaviləsi bağlanmamışdır, hər hansı müqavilə imzalanmamışdır. Qeyd edilən halı aşkar etdikdən sonra portalda qeydiyyatdan keçərək öyrənmişdir ki, cavabdeh Şirkət tərəfindən müxtəlif tarixlərdə bir neçə dəfə guya onunla əmək müqaviləsi bağlanmış kimi elektron sistemə bildiriş daxil edilmişdir ki, onun mübahisələndirdiyi xx.xx.2020-ci il tarixə daxil edilmiş olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsi olmuşdur. İşin qəribə tərəfi də elə odur ki, elə həmin tarixdə də əmək müqaviləsinə pozuntu ilə xitam verilmişdir. Maraqlısı budur ki, bir gün belə tamam olmadan o, hansı pozuntunu edə bilərdi. 2019-cu ilin aprel ayından nə İlahə İlyasovanı görməməsinə, nə də Şirkətləri ilə hər hansı şəkildə əlaqəsi olmamasına baxmayaraq 2020-ci il tarixdə müəmmalı şəkildə cavabdeh şirkətdə özünün razılığı olmadan işə götürülmüşdür. Digər müqavilələr də realda bağlanmamış olsa da, onun hüquqlarını pozan, gələcək iş həyatında ləkə kimi qalacaq xx.xx.2020-ci il tarixli əmək müqaviləsi olduğundan məhz həmin müqaviləni mübahisələndirir. O, hesab edir ki, həmin müqavilə etibarsız hesab edilməli və əqdin etibarsızlığının nəticələri tətbiq edilməlidir. Cavabdeh şirkətin rəhbəri olan İlahə İlyasova dələduzluq etməkdə təqsirləndirilir, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qanunvericiliyin tələblərinə görə o, məcbur olub öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidmətinə cavabdehlə bağlanmış saxta əmək müqaviləsinin xitam verilməsi ilə bağlı müraciət etsə də, hər hansı nəticə əldə edilməmiş, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından o, qanunvericiliyin tələblərinə görə ilk öncə 16 saylı Mediasiya Təşkilatına cavabdehlə bağlanmış saxta əmək müqaviləsinin xitam verilməsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin pozulması ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən silinməsi ilə bağlı müraciət etmişdir. Nəticədə “İlkin Mediasiya sessiyasından sonra prosesi davam etdirə bilməməsi” barədə xx.xx.2023-ci il tarixli arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli ona izah edilmişdir. Mediasiya prosesi başa çatdıqdan sonra anası sürücüsündən İlahə İlyasovanın nömrəsini öyrənərək əlaqə saxlamış və o, hər dəfəsində müxtəlif bəhanələrlə qeyd edilən problemi həll edəcəyini, əmək müqaviləsinin xitamının əsasının dəyişdiriləcəyini bildirmişdir. Bu müddət ərzində gözləsə də hər hansı faydası olmamışdır. Əmək müqaviləsi bildirişi elektron qaydada qeydə alındığından və üzərindən 3 (üç) ildən çox vaxt keçməsinə baxmayaraq ƏMAS-da qeydiyyat ləğv edilmədiyindən hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də o, hesab edir ki, əmək müqaviləsi etibarsız hesab edilməli və müqavilənin etibarsızlığının nəticələri tətbiq edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi, etibarsızlığın nəticələrinin tətbiq edilərək işə qəbul edilməsi və işdən azad edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli bildirişlərin elektron sistemdən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/16-00996 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17:30-18:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsi əsasında Cavabdeh MMC-də işə qəbul edilmiş və həmin tarixdə də Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 28.12.022ci il tarixli, ********** nömrəli məktubdan görünür ki, Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə X5 Xidmətinin Bakı şəhər idarəsində baxılmış və müraciətlə əlaqədar bildirilmişdir ki, ətraflı məlumat verməsi məqsədilə ünvanına xx.xx.2022-ci il tarixli **********2 saylı məktub göndərilmiş, lakin o, Bakı şəhər idarəsinə gəlməmiş və əmək haqqı bank hesabından çıxarışı da təqdim etməmişdir. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciətin araşdırılması ilə bağlı ona aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün tərəflərindən Cavabdeh MMC-nin 4 ünvanına: ünvan 2kı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, ev 2, məhəllə 3123, mənzil 51 (SS816570545AZ), Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov, ev 22,156 (SS816580137AZ), AZ1102, ünvan 3 ünvanlarına xx.xx.2022-ci il tarixli **********8 saylı məktublar göndərilmiş, göndərilən məktubun “poçt göndərişlərinin izlənməsi alt sistemi”ndəki məlumatlara əsasən Bakı şəhəri, Elşən Süleymanov küçəsi, 2561/67, mənzil 117 ünvanına göndərilən məktubun (SS816580123AZ) ünvana çatdırıldığı, lakin onu qəbul etməkdən imtina edildiyi məlum olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə yoxlamalar dayandırıldığından müraciətinin yerində araşdırılması mümkün olmamışdır. Müraciətində qeyd etdiyi məsələlərlə əlaqədar məhkəməyə müraciət etmək hüququ olduğu ona izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X3 barəsində 18 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. X1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin istintaqın davam etdirilməsi üçün sonuncu cinayətin Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş verdiyini nəzərə alaraq ərazi aidiyyəti üzrə 07 mart 2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin İŞ-nə göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və çinayət işinin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraata xitam verilmiş və X3 cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 25 iyun 2024cü il tarixli məktubdan görünür ki, İddiaçı adına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumat məhkəməyə təqdim edilmişdir. Həmin məlumatlardan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında 08 dekabr 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, elə həmin tarixdə əmək müqaviləsinə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ç” maddəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. (Konstitusiyanın 35-ci maddəsi). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. (3.5-ci maddə) Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. (maddə 3.5-1) İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. (70-ci maddə) Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. (71.2-ci maddə) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. (12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndi) İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. (Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci bəndi) Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndi) “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 8.1-ci maddəsində göstərilmişdir ki, bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır. Beləliklə, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı məlumatı olmadan Cavabdeh MMC tərəfindən əmək müqaviləsi tərtib edilməklə 08 dekabr 2020-ci il tarixdə formal olaraq o, həmin şirkətə işə qəbul edilmiş, onun iradə ifadəsi olmadan onunla müddətli əmək müqaviləsi bağlanmış, bununla bağlı əmək müqaviləsinin bağlanılması barədə əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmışdır. Eyni tarixdə sözügedən əmək müqaviləsinə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə xitam verilmiş, bununla bağlı əmək müqaviləsinin ləğv edilməsi barədə bildiriş müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qəbul edilmiş əmr hüquqi nəticə etibarı ilə əmək müqaviləsi bildirişinin elektron sistemdən silinməsi məqsədilə edilsə də, mübahisələndirilən əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin pozulması əsası ilə ləğv edilməsi iddiaçının əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan məlumat alandan sonra iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilsə də, cavabdeh tərəfindən hər dəfəsində müxtəlif bəhanələrlə qeyd edilən problemin həll ediləcəyi, əmək müqaviləsinin xitamının əsasının dəyişdiriləcəyi bildirilsə də, müsbət nəticə əldə edilməmişdir. Məhkəmə belə hesab edir ki, nəzərə alaraq ki, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “Ç” maddəsi ilə xitam verilməsi iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumat hesab edilir, iddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq imkanından məhrum edildiyindən, onun əmək hüququ kobud surətdə pozulmuşdur. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, işin faktiki hallarını qiymətləndirərək, belə qənaətə gəlir ki, 08 dekabr 2020-ci il tarixli müqavilənin bağlanmasına iddiaçının iradə ifadəsi olmadığından, həmin müqavilə formal olaraq cavabdeh tərəfindən tərtib edildiyindən və əmək müqaviləsinin bağlanılması barədə əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alındığından, bununla yanaşı eyni tarixdə həmin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin pozulması əsası ilə ləğv edilməsi iddiaçının əmək hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbləri əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilməli, İddiaçı Cavabdeh MMC-yə işə qəbul edilməsi və işdən azad edilməsi ilə bağlı xx.xx.2020ci il tarixli bildirişlərin elektron sistemdən silinməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbləri təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilsiin. İddiaçı Cavabdeh MMC-yə işə qəbul edilməsi və işdən azad edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli bildirişlərin elektron sistemdən silinməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilsin. Cavabdeh MMC-dən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-2336/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2336/2024
25.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver