Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2341/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsini qeyd etməklə, onun 01 sentyabr 1979-cu il tarixdən 01 sentyabr 1992-ci il tarixədək Şuşa şəhəri 4 saylı orta məktəbdə müəllimə işləməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1957-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Şuşa rayonu işğal olunana qədər Şuşa şəhərində öz evində yaşamışdır. Ərizəçi 01 sentyabr 1979-cu ildən 01 sentyabr 1992-ci ilin may ayına kimi Şuşa şəhəri 4 saylı orta məktəbdə coğrafiya müəlliməsi kimi çalışmışdır. 1992-ci ildə Şuşa şəhəri erməni quldurları tərəfindən işğal edilərkən ərizəçinin bütün əmlakı, əmək fəaliyyəti ilə bağlı bütün sənədləri (əmək kitabçası) evində qalaraq məhv olmuşdur. Həmin vaxtlar ərizəçi ilə birlikdə 4 saylı orta məktəbdə müəllimə işləmiş X3 və X4 akt tərtib edərək həqiqətən ərizəçinin 1979- 1992-ci illərdə Şuşa şəhəri 4 saylı orta məktəbdə müəllimə işləməyini təsdiq etmişlər. 01.12.2021-ci il tarixdə ərizəçiyə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı məlum olmuşdur ki, 1979-cu ildən 1992-ci il tarixədək əmək fəaliyyəti illəri ərizəçinin əmək kitabçasının surətində qeyd olunmadığı üçün 02.12.2018-ci il tarixindən 30.09.2019-cu il tarixinədək 425,72 manat artıq ödəmə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ərizəçi onun 01 sentyabr 1979-cu il tarixdən 01 sentyabr 1992-ci il tarixədək Şuşa şəhəri 4 saylı orta məktəbdə müəllimə işləməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, o, Şuşa şəhərində doğulmuş və 01.09.1979-cu il tarixdən Şuşa şəhərinin 4 saylı orta məktəbində müəllimə işləməyə başlamışdır. Şuşa şəhəri işğal olunandan sonra, 01.09.1992-ci il tarixdən onun iş yeri Bakı şəhərində fəaliyyət göstərən 2 saylı orta məktəbə dəyişdirilmiş və bu barədə qeyd onun əmək kitabçasına edilmişdir. İlkin olaraq ona pensiya hesablanarkən həmin illər nəzərə alınmış, lakin o, sonradan pensiyasının yenidən hesablanması barədə müraciət edəndən sonra, ona həmin illərin artıq nəzərə alınmayacağı bildirildi və hətta ona 425 manat artıq ödəmə hesablandı. Eyni zamanda ona bildirilmişdir ki, arxivdə müvafiq sənədlər olmadığına görə, o, 01 sentyabr 1979-cu il tarixdən 01 sentyabr 1992-ci il tarixədək Şuşa şəhəri 4 saylı orta məktəbdə müəllimə işləməsi faktının məhkəmə yolu ilə müəyyən edilməsini xahiş edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, “ ... məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. ... Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir”. İş materiallarında olan X2 (25.09.1992-ci il tarixdə doldurulduğu qeyd edilən) əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, həmin əmək kitabçası 01.09.1992-ci il tarixdə edilmiş aşağıdakı məzmunlu qeydlə başlayır: “ ... Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Şuşa şəhər 4 saylı orta məktəbdən Bakı şəhərində fəaliyyət göstərən Şuşa şəhər 2 saylı orta məktəbə dəyişilərək ixtisası üzrə müəllimə təyin edilsin”. 16.12.1997-ci il tarixdə əmək kitabçasında aşağıdakı məzmunlu qeyd edilmişdir: “ ... Şuşa şəhər 4 saylı ora məktəbinin müəllimi kimi onun pedaqoji stajı 01.09.1979-cu ildən 01.09.1992-ci ilə kimi 13 il hesablansın”. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 16.02.2022-ci il tarixli, 4/315 saylı cavab məktubunda göstərilmişdir ki, “ ... keçmiş Dağlıq Qarabağ və ətraf rayonların (o cümlədən Şuşa şəhəri) Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtılə işğal edilməsi və uzun müddət işğal altında qalması səbəbindən sorğuda qeyd edilən inzibati ərazi vahidi çərçivəsində dövlət mühafizəsində olan arxiv sənədləri barədə hər hansı məlumat yoxdur”. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Təyinatı üzrə Mərkəzi Filialının 27.01.2022-ci il tarixli, **********6 saylı məktubunda göstərilmişdir ki, “ ... 01.12.2021-ci il tarixli müraciətinizə əsasən yaşa görə əmək pensiyanızın yenidən hesablanması zamanı məlum olmuşdur ki, 1979-cu il tarixindən 1992-ci il tarixinədək əmək fəaliyyəti illəriniz əmək kitabçanızın surətində qeyd olunmadığı halda sığorta stajınıza daxil edildiyindən əmək pensiyanızın artıq ödənildiyi aşkarlanmışdır. Nəticədə sizə 02.12.2018-ci il tarixindən 30.09.2019-cu il tarixinədək 425,72 manat artıq ödəmə müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 28.12.2021 -ci il tarixli **********3 nömrəli qərarı ilə sizə təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və 01.12.2021-ci il tarixli ərizənizə əsasən yaşa görə əmək pensiyanızın məbləği təqdim etdiyiniz sənədlər əsasında ... yenidən hesablanmışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində məhkəməyə bildirdi ki, o, 01.09.1979-cu ildən Şuşa şəhərinin 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və ərizəçi də həmin tarixdən eyni məktəbdə coğrafiya müəllimi kimi işləməyə başlamışdır. Onlar Şuşa şəhərinin 4 saylı orta məktəbində 1992-ci ilədək işləmiş, şəhər işğal olunandan sonra isə fəaliyyətlərini Bakı şəhərində yerləşən məktəbdə davam etdirmişlər. Qeyd olunanlar ona məxsus əmək kitabçasında mövcud olan qeydlərlə də təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirdi ki, o, 01.09.1974-cü ildən Şuşa şəhərinin 4 saylı orta məktəbində ibtidai sinif müəlliməsi kimi əmək fəaliyyətinə başlamış, ərizəçi isə həmin məktəbə 01.09.1979-cu il tarixdə coğrafiya müəllimi olaraq gəlmişdir. Onlar Şuşa şəhərinin 4 saylı orta məktəbində 1992-ci ilədək işləmiş, şəhər işğal olunandan sonra isə fəaliyyətlərini Bakı şəhərində yerləşən məktəbdə davam etdirmişlər. Qeyd olunanlar ona məxsus əmək kitabçasında mövcud olan qeydlərlə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə müvafiq olaraq, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 01 sentyabr 1979-cu il tarixdən 01 sentyabr 1992-ci il tarixədək Şuşa şəhərinin 4 saylı orta məktəbində müəllimə işləməsi faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 01 sentyabr 1979-cu il tarixdən 01 sentyabr 1992-ci il tarixədək Şuşa şəhərinin 4 saylı orta məktəbində müəllimə işləməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2341/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2341/2022
26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver