Məhkəmə qərarları › İş №2(001)-2358/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2358/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2358/2020 19.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsində yerləşən və onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə torpaq sahəsi alaraq fərdi yaşayış evi tikmək istəmiş və həmin vaxt bununla bağlı Cavabdeh Xocəsən qəsəbəsində özünə məxsus olan həyətdə boş torpaq sahəsi satmasını öyrənmiş və cavabdehlə görüşmüşlər. Cavabdehin həyətdə satmaq istədiyi boş torpaq sahəsinə baxıb bəyənmiş, həmin torpaq sahəsinin 6.500 manata satılması barədə razılığa gəlmişlər. xx.xx.2015-ci il tarixdə aralarında şifahi razılaşma əsasında şahidlərin iştirakı ilə cavabdehə 1 sot torpaq sahəsinin ona satılması ilə bağlı 6.500 manat pul vermiş və bu barədə aralarında qəbz yazaraq imza olunmuşdur. Həmin vaxt cavabdeh 1 sot boş torpaq sahəsini ayıraraq ona təhvil vermişdir. O, həmin torpaq sahəsinə dəmir qapı qoydurmuşdur, bundan sonra isə torpaq sahəsində iki otaqlı fərdi yaşayış evi tikmişdir. Cavabdeh torpaq sahəsi ilə bağlı sənədləri qaydasına salaraq ona verəcəyi barədə vəd vermişdir. Tikilmiş fərdi yaşayış evinə elektrik xətti çəkilmişdir və onun adına sayğac quraşdırılmışdır. Lakin ev tikildikdən sonra cavabdeh və yaxınları onun torpaq sahəsinə və tikdiyi fərdi yaşayış evinə daxil olmasına imkan verməmişlər, bir qrup şəklində onlara hücum çəkərək döymüşlər. Bununla bağlı polisə şikayət etmiş və araşdırma aparılır. Qeyd edilən fərdi yaşayış evinin tikilməsinə, hasarın çəkilməsinə onun tərəfindən xeyli vəsait sərf edilmişdir. Onun maddi vəziyyəti həddindən artıq aşağıdır, uzun müddət zəhmət hesabına topladığı vəsaitlə torpaq sahəsi almışdır və fərdi yaşayış evi tikərək daimi yaşamaq istəmişdir. Onun hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmuş, o, məqsədli şəkildə fərdi yaşayış evinə buraxılmır və cavabdeh ondan aldığı pulu mənimsəmək, tikilmiş tikilini isə ələ keçirmək məqsədi güdür. Fərdi yaşayış evinin mülkiyyət vəsiqəsi olmasa da, yaşayış sahəsi onun tərəfindən inşa edilmişdir və həmin fərdi yaşayış evinə aid kommunal xərc onun tərəfindən ödənilmişdir. Qeyd edilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı öz tələbinin əsası kimi məhkəməyə torpaq sahəsinin alqı-satqısı ilə bağlı əlyazma qəbz və Məişət istehlakçılarında sağyacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokol təqdim etmişdir. İş materiallarına əlavə edilmiş torpaq sahəsinin alqı-satqısı ilə bağlı əlyazma qəbzdə göstərilir ki, “Mən Cavabdeh atamdan qalan mülkdən 1 sot X1 və əvəzində 6500 manat pul aldım. Aramızda olan alış veriş anam X2 razılığı ilə həyata keçirilmişdir. xx.xx.2015. Cavabdeh: imza...” İş materiallarına əlavə edilmiş Məişət istehlakçılarında sağyacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, X3 adına Azərişıq ASC-dən **********70271 abunə kodu ayrılmışdır. Protokolda abunə kodunun aid olduğu ünvan qeyd edilməmişdir. İşin hallarının tam və hərtərəfli araşdırılması məqsədilə Binəqədi RPİ-dən İddiaçı və X5 şikayət ərizələri əsasında toplanmış 1464/19 saylı Rədd materialı sorğu edilərək götürülüb öyrənilmişdir. Rədd materialında olan İddiaçı Binəqədi RPİ-in 40-cı PB-in rəisinə yazdığı ərizədə o göstərmişdir ki, “keçmiş həyat yoldaşım X8 mənim xəbərim olmadan Kənan adlı şəxslə əlbir olub mənə məxsus Xocasən qəsəbəsində yerləşən 2 otaqlı evimi dələduzluq edərək Sarvan adlı şəxsə satmışlar. Keçmiş həyat yoldaşım Fərhadla Kənanı məsuliyyətə cəlb edib evimin mənə qaytarılmasına köməklik etməyinizi xahiş edirəm.” Rədd materialında olan İddiaçı xx.xx.2019-cu il tarixli izahatından görünür ki, o, 2012-ci ildə Fərhad adlı şəxslə ailə qurmuş, rəsmi nikahları olmamışdır. 3 ilə yaxındır ki, faktiki olaraq ayrılmışlar. 2 il əvvəl yoldaşı Fərhadla birlikdə Kənan adlı şəxsdən 6500 manat ödəməklə 1 sotun içərisində yarımçıq tikili almışdır. Sonradan həmin torpaq sahəsinə hasar çəkmiş, giriş qapısı qoymuş, işıq çəkmişdir. Bundan sonra Kənan həmin evi onu xəbəri olmadan tanımadığı başqa şəxslərə satmış, həmin şəxslər ona hücum edərək evdən çıxarmışlar. Rədd materialında olan Binəqədi Rayon Xocasən Bələdiyyəsi tərəfindən soruya verilmiş cavabdan görünür ki, vətəndaşlar İddiaçı və Cavabdeh adına Xocasən Bələdiyyəsi tərəfindən onların mülkiyyətin, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə haqqında bələdiyyədə olan mövcud elektron bazada məlumat yoxdur. Rədd materialında olan Bakı şəhəri Binəqədi RPİ-in İŞ-in müstəntiqi, polis mayoru X6 xx xxxxxxxx 2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış 1464/19 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərar mübahisələndirilməmişdir. Beləliklə iddiaçı bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsində cavabdehə məxsus torpaq sahəsindən bir sot hissə almış və orada yaşamaq üçün ev tikmişdir. Ev hazır olandan sonra cavabdeh onu torpaq sahəsinə və evə buraxmamışdır. Cavabdeh məhkəmə iclaslarına gəlməsə də, iddiaçıya 6500 manat qarşılığında bir sot torpaq sahəsi satması iş materiallarına əlavə edilmiş əlyazma qəbzdə qeyd edilənlərlə təsdiq olunur. Məhkəmə qeyd edir ki, alqı-satqı zamanı qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə riayət edilmədiyindən iddiaçı alıcının qanunla müəyyən edilmiş hüquqlarından istifadə edə bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Eyni Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Eyni Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunverciliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli 2 saylı qərarında (7-ci bənd) məhkəmələrə izah edilmişdir ki, torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət Aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Qanunvericilik aktlarının sadalanmış tələblərindən də göründüyü kimi torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İşin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Cavabdeh (xx.xx.1984) adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məlum olduğu kimi mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İşdən görünür ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçı qanunla müəyyən edilmiş əsaslarla hüquqlar əldə etməmişdir. Mülki işin materiallarından mübahisəsiz qaydada görünür ki, mübahisəli tikili də xüsusi mülkiyyətdə deyil, tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı həmin tikiliyə köçürülməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Başqa sözlə, onun mübahisəli tikiliyə istifadə hüququ mövcud olmalıdır ki, köçürülmə üçün əsas olsun. Belə olan halda aydın olur ki, hazırki mübahisə öz mahiyyətinə görə hüquq haqqında mübahisə kimi qiymətləndirilə bilinmədiyindən və bu mənada iddiaçı müvafiq subyektiv hüquqa malik olmadığı üçün ünvanı şərti olaraq Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsində yerləşən fərdi yaşayış evi kimi ifadə edilmiş tikiliyə köçürülə bilməz. Məhkəmə Cavabdeh 6500 manat pulun müqabilində mübahisəli torpaq sahəsini satmaqla İddiaçı həmin torpaq sahəsindən istifadə hüququ verməsi barədə razılaşmanın mövcudluğunu, İddiaçı həmin razılaşmaya əsasən 6500 manatı Cavabdeh ödəməsini, eyni zamanda İddiaçı Cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmasını və belə olan halda İddiaçı Cavabdeh öhdəliyin pozulması ilə əlaqədar ona dəymiş maddi zərərin ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı dəymiş maddi zərərin ödənilməsini tələb etmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İddiaçı Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin əlamətləri olması barədə xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işə açıq məhkəmə iclaslarında baxılması nəticəsində Cavabdeh hərəkətlərində sözügedən cinayətin əlamətləri müəyyən edilməmişdir. Bu mənada məhkəmə hesab edir ki, işə baxan zaman Cavabdeh hərəkətlərində cinayətin əlamətləri aşkar edilmədiyindən buna görə xüsusi qərardad çıxarıla bilməz. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Məhkəmə nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürmə” tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İddiaçı izah edilsin ki, dəymiş maddi zərərin ödənilməsini tələb etmək hüququ var. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar